Konstruktiv funksiyanı bir növ konstruktiv –planlaşdırma funksiyası da adlandırmaq mümkündür. Bu funksiya məktəbdə tədris prosesini mərhələlər üzrə planlaşdırmağı və təşkil etməyi nəzərdə tutur. Başqa sözlə, konstruktiv funksiya bir növ müəllimin təlim-tərbiyə prosesini məqsədyönəlmiş şəkildə layihələşdirməsindən ibarətdir. Burada üç cür layihələşdirmə fəaliyyəti nəzərə çarpır:
a) konstruktiv-məzmunlu (burada həm təlim materialının, həm də tərbiyəvi işdə istifadə olunan materialın məzmunu və quruluşunun müəyyənləşdirilməsi tələb olunur);
b) konstruktiv-əməli (təlim və tərbiyə prosesinin müxtəlif anlarında müəllim və şagirdin yerinə yetirdikləri işlərin strukturunun planlaşdırılması);
v) konstruktiv - maddi (fənnin tədrisi və tərbiyəvi işləri aparmaq üçün maddi bazanın layihələşdirilməsi və təşkili).
Bütün yuxarıda qeyd etdiyimiz funksiyaları, xüsusilə kommunikativ və konstruktiv funksiyaları, müəllim özünün təşkilatçılıq funksiyasını yerinə yetirmədən lazımi səviyyədə həyata keçə bilməz. Təşkilatçılıq funksiyası çoxcəhətlidir. Onlardan aşağıdakıları xüsusilə qeyd etmək lazım gəlir: a) şagird kollektivini təşkil etmək; b) müxtəlif formalı tədris və tərbiyə işlərini təşkil etmək; v) pedaqoji prosesin həyata keçirilməsi üçün maddi bazanı təşkil etmək.
Təşkilatçılıq funksiyasını müvəffəqiyyətlə yerinə yetirmək üçün müəllimin bir sıra zəruri pedaqoji bacarıqlara malik olması lazım gəlir.
Buraya birinci növbədə sinif kollektivini təşkil etmək və onun fəaliyyətini tədris olunan fənnin mənimsənilməsinə, ictimai-faydalı işlərin yerinə yetirilməsinə yönəltmək bacarığını aid etmək olar. Bununla yanaşı, həmin funksiyanı həyata keçirə bilmək üçün müəllim dərsin planına müvafiq olaraq özünün və şagirdlərin fəaliyyətini təşkil etməyi, dərsdə və dərsdənkənar tədbirləri yerinə yetirərkən onların diqqətlərini təşkil etməyi, təlimin texniki vasitələrindən səmərəli şəkildə istifadə etməyi, şagirdlərin tədris və kommunikativ fəaliyyətini hesaba almağı, ona nəzarət etməyi və təshihini bacarmalıdır.