2. Didaktik qabiliyyətlər-müəllimin zəruri məlumatları şagirdlərə çatdıra bilmək, öyrədə bilmək, materialı uşaqların səviyyələrinə uyğunlaşdırmaqla onlara çatdırmaq, material və ya problemi aydın və ya anlaşıqlı şəkildə şagirdlərə təqdim etmək, fənnə qarşı maraq oyatmaq, şagirdlərdə fəal müstəqil fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir. Buraya konkret olaraq müəllimin izah edə bilmək qabiliyyətini, ekspressiv-nitq (natiqlik) qabiliyyətini, nəzəri qabiliyyətləri (akademik qabiliyyət) aid etmək olar.
Müəllimin izah edə bilmək qabiliyyəti. Bu cür qabiliyyətə malik olan müəllimin fikri şagirdlər üçün aydın olur. Onlar çətin, anlaşılmaz materialı şagirdlər üçün anlaşıqlı edə bilərlər. Təlim materialının məzmununu şagirdlərin səviyyəsinə uyğun, aydın və anlaşıqlı, sadə şəkildə izah edə, çatdıra bilirlər. Nəticədə onlar şagirdlərdə tədris etdikləri fənnə qarşı maraq oyadır, onların fikrinin fəal müstəqil işləməsinə şərait yaradırlar. Belə müəllimlər zəruri hallarda çətini asan etməyi, mürəkkəbi sadələşdirməyi, anlaşıqsızı anlaşıqlı etməyi bacarırlar. Bu cür qabiliyyətə malik olan müəllim şagirdlərin hazırlıq, inkişaf səviyyələrini, nəyi bildiklərini və nəyi bilmədiklərini, nəyi artıq unuda bildiklərini nəzərə alır, şagirdlərin qarşılaşa biləcəkləri çətinlikləri görür və onların qarşısını almağa çalışır. Qeyd edilən qabiliyyətə malik olan müəllim özünü şagirdin yerinə hiss edə bilir, onun mövqeyində dayanır və özünə aydın olan fikirlərin şagird üçün aydın ola bilməməsi hallarının mümkünlüyünü başa düşür. Ona görə də öz izahatının xarakter və formasını xüsusi şəkildə düşünür.
Ekspressiv-nitq (natiqlik) qabiliyyətləri. Pedaqoji fəaliyyətin müvəffəqiyyətli icrasında nitq qabiliyyətləri də həlledici rol oynayır. Nitq qabiliyyətləri lazımi səviyyədə inkişaf etməyən müəllim nəzərdə tutulan təlim materialını şagirdlərə çatdırmaqda çətinlik çəkir. Bu cür qabiliyyətlərə malik olan müəllim öz fikir və hisslərini nitqin, eləcə də mimika və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə, nitqin köməyilə şagirdlərin fikir və diqqətini maksimum dərəcədə fəallaşdıra bilir. Müəllimin peşəsi üçün bu ən zəruri qabiliyyətlərdən biri hesab olunur. Bu cür qabiliyyətə malik olan müəllimlər dolaşıq, mürəkkəb danışıq tərzindən qaçır, öz fikirlərini şagirdlərin başa düşəcəyi sadə, aydın dildə ifadə edirlər. Müəllimin nitqi canlı, obrazlı, ifadəli, emosional, aydın, stilistik, qrammatik və fonetik cəhətdən qüsursuz olmalıdır.