Qavrayış. Yeni materialı qavramağa qarşı ustanovkanın yaradılması priyomları. Şagirdlərin müşahidə aparmalarının təşkili.
Hafizə. Əvvəl mənimsənilmiş biliklərin fəallaşdırılması priyomları. Şagirdlərdə hafizənin bütün tiplərinin nəzərə alınması və onların inkişafının təmin olunması. Öyrənmənin səmərəli yollarından istifadə edilməsi.
Təfəkkür. Şagirdlərin problem situasiya ilə qaşılaşdırılması. Yeni anlayışların formalaşdırılması yolları. Fikri proseslərin dərsin ayrı-ayrı mərhələlərində təşkili. Dərsdə şagirdlərin əqli keyfiyyətlərinin (təfəkkürün müstəqilliyi, tənqidiliyi, əqlin dərinliyi, çevikliyi və s.) təzahürü və müəllimin həmin keyfiyyətləri formalaşdırmaq üçün istifadə etdiyi yollar.
9. Dərsdə şagirdlərin şəxsiyyətlərinin ayrı-ayrı cəhətlərinin təzahürünün xarakteristikası. Şagirdlərin öz yoldaşlarının cavablarına və müəllimin verdiyi qiymətə münasibətləri. Müəllimin öz hərəkətləri ilə şagirdlərdə yeni davranış motivi yaradıb yaratmaması. Təlim prosesində əqli, iradi və s. xassələrin necə formalaşması. Şagirdlərin davranışında qüsurların olub-olmaması. Onların səbəbi.
10. Müəllimin xarakteristikası. Materialı bilməsi. Metodiki ustalığı. Pedaqoji mərifəti. Pedaqoji ünsiyyətinin xüsusiyyətləri. Nitqi (tələffüzü, tempi, nitq mədəniyyəti, nitqinin obrazlılığı, emosionallığı).
Ümumi nəticə. Müəllim dərsdə şagirdlərin psixi fəaliyyətini idarə etməyi nə dərəcədə müvəffəqiyyətlə həyata keçirdi.
Pedaqoji kollektiv. Gənclərin təhsili və tərbiyəsi müəllim kollektivinin birgə yaradıcı əməyi deməkdir. Müəllim kollektivinin yaxşı düşünülmüş və möhkəmlənmiş iş sistemi onların əxlaqi fəaliyyətinin müvəffəqiyyəti üçün əvəzolunmaz şərtdir.
Müəllim kollektivinin işindəki məqsədyönlülüyü və mütəşəkkillik məktəb işinin nəticəsi üçün məsuliyyətlilik doğurur. Vahid pedaqoji baxışın olması müəllim kollektivi üçün ən mühüm keyfiyyətdir.
Pedaqoji kollektiv özünün fəaliyyətinin məzmunu ilə müəyyənləşən müəyyən təşkilati struktura malikdir. Bu struktur kollektiv üzvlərinin qarşılıqlı asılılıq, qarşılıqlı nəzarət münasibətlərini müəyyənləşdirir. Bu struktur dairəsində pedaqoji şura, fənn metodik birləşmələri, sinif rəhbərləri və məktəb rəhbərləri fəaliyyət göstərir.
Pedaqoji kollektivdə müvafiq əmək bölgüsü və kooperasiya mövcuddur. Pedaqoji əmək eyni sinifdə işləyən müxtəlif fənn müəllimləri arasında; müxtəlif siniflərdə eyni fənni aparan müəllimlər arasında; eyni sinifdə işləyən müəllimlər və sinfin rəhbəri arasında; müxtəlif dərnəklərə, bölmələrə, cəmiyyətlərə, şagird klublarına rəhbərlik edən müəllimlər arasında; məktəbdə aparılan tərbiyəvi işin müəyyən sahəsi və ya istiqamətinə cavabdeh olan müəllimlər arasında və s. bölünür.
Pedaqoji kollektivin işinin müvəffəqiyyəti müəllimlərin əmək kooperasiyasının düzgün təşkilindən asılıdır. Bu isə müəllimlərdən birgə əməkdaşlıq vərdişlərinə yiyələnməyi tələb edir. Həmin vərdişlərə müəllim pedaqoji kollektivdə yiyələnir.