Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


II.3.4. Fəaliyyətin mənimsənilməsi



Yüklə 1,29 Mb.
səhifə23/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   297
psix

II.3.4. Fəaliyyətin mənimsənilməsi


İnsan həyatı boyu müxtəlif fəaliyyət növlərini, iş və hərəkətləri icra etməli olur. Lakin bu iş və hərəkətlərin icrası həmişə eyni şəkildə asanlıqla getmir. İnsan artıq icra tərzlərinə yiyələndiyi iş və hərəkətləri çətinlik çəkmədən, sərbəst, səhvsiz olaraq yerinə yetirir, onun icrasına artıq vaxt sərf etmir. Bu onu göstərir ki, insan həmin fəaliyyəti mənimsəmişdir. Məsələn, şagird latın və ya kiril qrafiki ilə sərbəst şəkildə yazmağı və oxumağı bacarırsa onun həmin fəaliyyəti mənimsədiyini söyləyirik. Əksinə, şagird latın və ya kiril qrafiki ilə yazılmış mətni oxuya bilmirsə, bu zaman çoxlu səhvlərə yol verirsə deməli o, bu işi mənimsə­məmişdir.


Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda mü­vafiq vərdişlərbacarıqlar yaranır və onun həmin fəaliyyəti məvəffəqiyyətlə yerinə yetirməsini təmin edir.
Vərdişlər və onların mahiyyəti. Əvvəl qeyd etdiklərimizdən aydın olduğu kimi, fəaliyyət insanın şüurlu məqsədləri ilə tənzim olunan fəallığıdır. Bu o deməkdir ki, insan fəaliyyəti üçün şüurluluq əsas, fərqləndirici amildir. İnsan hər hansı bir fəaliyyətin icrasına ilk dəfə başlayarkən işin müəyyən cəhətlərini əvvəlcə müfəssəl şəkildə və şüurlu tənzim etməli olur. Həmin işin dəfələrlə icrası, təkrarı nəticəsində get-gedə həmin işi şüurun daha az iştirakı ilə yerinə yetirməyə başlayır, başqa sözlə həmin işin icrası bir növ avtomatlaşır. Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və tənzim olunmasının bu cür qismən avtomatlaşmış ünsürləri vərdiş adlanır. Fəaliyyətin mənimsənilməsi, vərdişlərin yaranması zamanı yerinə yetirilən iş və hərəkətlər şüurlu iş və hərəkətlər olaraq qalır, yalnız onların icra tərzləri avtomatlaşmış olur.
Aparılmış tədqiqatlar göstərmişdir ki, vərdişin yaran­ması nəticəsində hərəkətlərin getdikcə avtomatlaşması həmin hərəkətlərin daxil olduğu işin şüurlu tənzim olunmasının daha çox genişlənməsinə səbəb ola bilir.
Vərdişlər yaranarkən qismən avtomatlaşmadan asılı olaraq, işin struktu­runda bir sıra dəyişikliklər özünü göstərir. Bunlara aşağıdakıları aid etmək olar:
1.Vərdiş yaranarkən birinci növbədə hərəkətlərin icra üsulları dəyişir. Hələ vərdiş yaranmamışdan qabaq ayrı-ayrılıqda icra etdiyimiz bir sıra hərəkətlər vahid, mürəkkəb bir hərəkətdə birləşir. Biz həmin hərəkətləri ardıcıl olaraq fasiləsiz şəkildə, sürətlə yerinə yetirə bilirik. Məsələn, hər hansı bir musiqi parçasını çalmağı ilk dəfə öyrənən adam əvvəlcə müvafiq notları ayrı-ayrılıqda icra edir. Vərdiş yarandıqdan sonra həmin musiqi parçasını rəvan və sürətlə ifa edir.
2. Vərdiş yaranarkən artıq, lazımsız hərəkətlər aradan çıxır. Məsələn, xarici dili yenicə öyrənməyə başlayan adam danışarkən tez-tez dayanır, fikirləşir, artıq sözlər işlədir, ana dilinin strukturundan uzaqlaşa bilmir. Lakin vərdiş yarandıq­dan sonra bu kimi artıq hərəkətlərə yol verilmir.
3. İş üzərində sensor nəzarət üsulları dəyişir, görmə nəzarəti hərəki nəzarətlə əvəz olunur. Məsələn, kompyüterdə işləməyə təzəcə başlayan adam daima gözü ilə əlini nə -
yin üzərinə aparacağını, nəyə toxunacağını izləyir. Lakin bu sahədə vərdişə yiyələnmiş təcrübəli adam nəyi edəcəyini gözü ilə axtarmadan sanki barmaqları lazımi nöqtəyə yö­nəlir. Musiqi vərdişlərinə, müəyyən cihaz­­larda, maşınlarda işləmək vərdişlərinə yiyələnmiş adamlarda da görmə nəzarə­tinin hərəki nəzarətlə əvəz olunması özünü aydın şəkildə göstərir.
4. Vərdiş yarandıqda işin mərkəzi tənzimetmə üsulları dəyişilir. Nəticə­də insanın diqqəti iş üsullarını qavramaqdan azad olur və ən çox şəraitin və işin nəticəsinin üzərinə keçirilir. Məsələn, enməyə başlayan təyyarəçi təyyarəni mövcud şəraitdə yerə oturtmaq tipindən irəli gələn bütün standart priyomlar seriyasına daxilən hazır olur. Ona görə də mövcud priyomdan sonrakına keçmək üçün təyyarəçi xüsusi planlaşdırma aparmır. Bu zaman o, yalnız təyyarəni hansı üsulla yerə endirməyi planlaşdırır. İstifadə edilməli olan bütöv priyomlar silsiləsinin və ya seriyasının şüur tərəfindən qabaqcadan bu cür xəbər verilməsi psixologiyada antisipasisiya adlanır.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin