* eşsiz – burada: tayı-bərabəri olmayan, əvəzsiz
147
QARA DASTAN
Kimsə bilməz Tanrıdağın yaşını
Duman almış Altayların başını.
Uçurtmuşlar başdan dövlət quşunu
Qismətinə üz çevirmiş zaman hey,
Qoca türkün düşdüyü dərd yaman hey…
Dörd bir yana dağılmış Türk soyları
Sönmüş ocaq, köçüb getmiş bayları.
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey,
Qoca türkün düşdüyü gün yaman hey…
Xarab olmuş Buxarası, Başkəndi,
Matəm olmuş Səmərqəndi, Daşkəndi.
Kəndi söylər, tökər gözdən yaş kəndi…
Nə ozan var, nə yazan, nə Şaman hey,
Qoca türkün düşdüyü dərd yaman hey…
Qazan, Başqurd batmış, Krım sürülmüş,
Mənim çəkikgözlü yavrum sürülmüş.
Qonum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey?
Qoca türkün düşdüyü hal yaman hey…
Türk elləri bir-birinə yadlanır,
Qazax, Qırğız, Türkmən, Özbək adlanır.
Azəri Türk yanır, içdən odlanır,
Ana yurdun içdən halı duman hey,
Qoca türkün düşdüyü dərd yaman hey…
Azərbaycan dərd içində boğulmuş
Sevənləri diyar-diyar qovulmuş.
Ağla, şair, ağla, yurdun dağılmış
Nerdə qopuz, nerdə qırıq kaman hey?
Nerdə böyük Vətən, nerdə Turan hey?..
|