3
II. Azərbaycanın Cənub xanlıqları
XVIII ərin ortalarında ardı-arası kəsilməyən müharibələr, feodal çəkişmələri, iqtisadi əlaqələrin
zəifliyi, natural təsərrüfatın üstünlüyü ölkəmizdə mərkəzləşdirilmiş dövlət yaratmağa imkan vermirdi.
İran ərazisində mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən vilayət hakimləri olan feodallar
müstəqilləşməyə başladılar. Azərbaycan ərazisində yaradılmış vilayətlərin feodalları da yaranmış əlverişli
şəraitdən istifadə etməyə, bu əyalətləri İrandan ayırıb müstəqil olmağa can atırdılar. Nadir şahın ölümü ilə
taxt-tac uğrunda mübarizənin qızışdığı, mərkəzi hakimiyyətin zəiflədiyi bir dövrdə Azərbaycan ərazisində
müstəqil feodal dövlətləri -xanlıqlar yaranmağa başladı.
XVIII əsrin ortalarında Azərbaycanda yaranmış feodal dövlətlərindən biri
Urmiya xanlığı idi. Bu xanlıq Xoy, Marağa xanlıqları, Kürdüstan və Osmanlı imperiyası ilə sərhəd idi.
Xanlığın mərkəzi Urmiya şəhəri olmuşdur.
Xanlığın əsasını Əfşar tayfasından olan Fətəli xan Əfşar (1747-1763) qoymuşdur. Fətəli xan
mərkəzi hakimiyyət uğrunda mübarizənin qızışmasından istifadə edərək yeni ərazilər ələ keçirmək
siyasəti yeridirdi. Təbrizə olan üsyanlar nəticəsində şəhər hakimi Məhəmməd xan əfşar öldürüldü.
Bundan istifadə edən Fətəli xan Əfşar Tərbizi tutdu və paytaxtı buraya köçürdü. Beləliklə, Fətəli xan
Əfşar Azərbaycan torpaqlarının tutulması üçün fəaliyyətə başladı. Fətəli xan xarici hücumlardan
qorunmaq və torpaq zəbt etmək məqsədi ilə Nadir şahın sərkərdələrindən olan əfqanlı Azad xanı öz
tərəfinə çəkmişdi. Vəziyyətin çətinləşdiyini görən Xoy xanı Şahbax xan Fətəli xanla ittifaqa girməyə
məcbur olmuşdu. Bundan sonra qoşun yeridərək Fətəli xan Qarabağ, Marağa və Sərab xanlıqlarını da
tutmuşdu.
XVIII əsrin ortalarında Fətəli xan Əfşar Kərim xan Zənd və Məhəmməd Həsən xan Qacarla
mübarizəyə başladı. O, Bu məqsədlə ayrı-ayrı hökmdarlara müraciət edib, onları ittifaqa çağırdı. Lakin
rədd cavabı aldıqdan sonra, 1751-ci ilin sonunda müttəfıqi Azad xanı İrəvan xanlığı üzərinə göndərdi.
İrəvan xanı Mir Mehdi xan müttəfıqləri ilə Azad xanın qoşununu geri oturtdu.
XVIII əsrin 50-ci illərində taxt-tac uğrunda mübrizənin mərkəzi Xorasandan
cənuba keçmişdi. Tayfaya Kərim xan başçılıq edirdi. O, İranın cənub torpaqlarını tutduqdan sonra 1752-
ci ilin sonunda Azərbaycana hücum etdi. Lakin Fətəli xan Əfşarın qoşunu Miyana ətrafında onu məğlub
etdi. Kərim xan cənuba - fars vilayətinə qaçdı. Fətəli xan onu təqib edərək Qəmsə adlanan yerdə baş
vermiş döyüşdə qardaşı İskəndər xanı Əsir tutaraq edam etdirdi. Azərbaycanda baş verən hadisələr Fətəli
xana Kərim xanı axıra qədər təqib etməyə imkan vermədi. O, geriyə Urmiyaya qayıtdı. Bu illərdə Fətəli
xanın idarə etdiyi ərazinin sərhədləri İranın cənubuna qədər uzanırdı. 1753-cü ilin sonu 1754-cü ilin
əvvəllərində mərkəzi və cənubi İran Fətəli xanın hakimiyyəti altında idi. Lakin Kərim xan əvvəl Şirazı,
sonra isə İsvahanı ələ keçirdi. Fətəli xanın mərkəzi hakimiyyət uğrunda mübarizəsi zəifləmişdi. Bundan
istifadə edən Qacarlar fəallaşdı. Məhəmmədhəsən xan Qacar 1755-ci ildə Zəndlər üzərində qələbə çaldı
və 1756-cı ildə İsvahana daxil oldu. Kərim xan Şiraza qaçdı. Məhəmmədhəsən xan Rəşti, Ərdəbili,
Lənkəranı, Təbrizi və Urmiyanı tutdu. 1759-cu ildə Məhəmmədhəsən xan Qacarın ölümündən sonra
Fətəli xan Təbrizə qayıdaraq hakimiyyətini möhkəmləndirməyə başladı. 1759-cu ildə Fətəli xan Qarabağa
hücum etdi və Şuşanı aldı. Şəhərin alınması üçün ciddi təhlükə yarandığını görən Qarabağ xanı Pənahəli
xan Fətəli xandan asılılığı qəbul etdi və oğlu İbrahimxəlil ağanı onun yanına göndərdi. Tezliklə Fətəli xan
İrəvan, Şəki və Ərəşi də Urmiya xanlığına tabe etdirdi. Kərim xan 1760-cı ildə Azərbaycanın cənubuna
hücum edərək Təbrizi mühasirəyə aldı. Təbrizi dörd ay mühasirədə saxlasa da tuta bilmədi. 1761-ci ildə
Kərim xan yenidən hücuma keçdi, lakin Qaraçəmən yaxınlığında məğlub oldu. Təbriz xanı Nəcəfqulu
xan və Fətəli xan Əfşar arxayınlaşdılar. Bundan istifadə edən Kərim xan yeni qüvvə ilə hücum edərək
Təbrizi aldı. Fətəli xan Urmiya qalasına çəkildi. 1763-cü ildə 9 aylıq mühasirədən sonra Kərim xan
Urmiya qalasını aldı. Fətəli xan əsir düşdü və Şiraza aparılaraq edam edildi. İsvahanda üsyanlar baş
verdiyini görən Kərim xan geri qayıtmağa məcbur oldu. Urmiya xanlığının idarəsi Rüstəm bəy Əfşara
tapşırılmışdı.
Dostları ilə paylaş: