Fenol maddələri. Hal-hazırda bitki mənşəli məhsulların tərkibində 3 mindən artıq fenol maddələrinin varlığı müəyyən edilmişdir [63, 87, 114, 143, 149]. Fenol maddələri insanlarda qan dövranı prosesinin tənzimlənməsində, yaddaşın daha da möhkəmlənməsində, yorğunluğun aradan götürülməsində mühüm əhəmiyyət kəsb edirlər [96]. Fenol maddələri antioksidant və antimikrob xassəyə malikdirlər. Xurma meyvəsi fenol maddələri ilə çox zəngindir [42, 104, 133]. Elə ona görə də bu meyvənin əmələ gəlməsindən tam yetişməsinə qədər olan dövrdə heç bir mikrobioloji xəstəliyə rast gəlinmir. Son zamanların tədqiqatlarından məlum olmuşdur ki, tərkibində fenol maddələri ilə zəngin olan bitki mənşəli məhsullar uzun müddət öz keyfiyyətlərini saxlayırlar [6, 11, 13, 93]. Fenol maddələri bitkilərdə, o cümlədən xurmada və ondan alınmış məhsullarda monomer, oliqomer və polimer formalarında olur. Fenol maddələri xurmanın yetişmə dərəcəsindən asılı olaraq müxtəlif biokimyəvi çevrilmələrə uğrayırlar [17]. Xurmanın, o cümlədən ondan istehsal olunan şirənin, pürenin, bəhməzin və qeyrilərinin dadlı, ətirli, keyfiyyətli, ekstraktiv maddələrlə zəngin olması fenol maddələrindən çox asılıdır [60]. Bitkilərdə, o cümlədən xurma meyvəsində təsadüf olunan monomer fenol maddələri 7 yarımqrupa bölünürlər [164]:
-
C6-sıra sadə fenollar.
-
C6–C1-sıra fenol turşuları, spirtləri və aldehidləri.
-
C6–C2-sıra fenol spirtləri və fenol-sirkə turşusu.
-
C6–C3-sıra oksidarçın turşuları, kumarinlər və s.
-
C6–C3–C6-sıra flavanoidlər.
-
C6–C4-sıra naftoxinonlar.
-
C6–C3–C6-sıra liqnanlar.
Monomer fenol maddələri xurma meyvəsinin və ondan hazırlanmış məhsulların tərkibində həm sərbəst, həm də birləşmiş şəkildə olurlar. Sadə fenollardan birləşmiş şəkildə xurmanın və ondan hazırlanmış məhsulların tərkibində pirokatexinə, hidroxinona, pirohallola, florqlisinə daha çox təsadüf olunur. C6–C1-monomer fenol maddələrindən xurmanın tərkibində p-oksibenzoy turşusuna, hallol, pirokatexin, siren və heptizin turşularına və onların müvafiq aldehidlərinə və spirtlərinə də təsadüf olunur [192].
C6–C2-sıra fenol maddələrindən xurma şirəsində α və β-feniletil spirtləri və fenilsirkə turşusuna rast gəlinir.
C6–C3-sıra fenol maddələrindən xurmada və ondan istehsal olunan məhsullarda p-kumar, ferul və sinap turşularına daha çox təsadüf olunur.
Xurma meyvəsində və ondan hazırlanmış məhsulların tərkibində monomer fenol maddələrindən flavanoidlərin (C6–C3–C6) nümayəndələrindən katexinlərə, leykoantosianlara, flavonollara daha çox təsadüf olunur [165].
Katexinlər həm sərbəst, həm də birləşmiş şəkildə xurma meyvəsinin və ondan istehsal olunmuş şirələrin tərkibində daha çoxluq təşkil edirlər. Katexinlər birləşmiş şəkildə taninlərin tərkibində olur [73]. Katexinlərin ümumi quruluşu aşağıdakı kimidir:
-
R=R1=H – katexin;
-
R=OH, R1=H – hallokatexin;
-
R=H, R1=OH – hallat-katexinhallat;
-
R=OH, R1=H – hallat-hallokatexinhallat.
Ədəbiyyat materiallarından məlum olmuşdur ki, xurma meyvəsindən və ondan alınmış qida məhsullarında katexinin bütün aqlikonlarına təsadüf olunur. Katexinlər xurmadan hazırlanmış məhsulların formalaşmasında və yetişməsində iştirak edirlər.
Xurma və xurma meyvəsindən alınmış məhsullar monomer fenol maddələrinin nümayəndəsi olan leykoantosianlarla da zəngindir. Leykoantosianlar xurmanın tərkibində həm sərbəst, həm də birləşmiş şəkildə dimerlərin, polimerlərin tərkibində olur. Onun kimyəvi quruluşu aşağıdakı kimidir:
Xurma meyvəsində və ondan hazırlanmış məhsullarda leykoantosianların da aqlikonlarına təsadüf olunur.
Məsələn: leykopelarquanidin – R=R1=OH
leykosianidin – R=OH; R1=H
leykodelfinidin – R=H; R1=OH
Leykoantosianların nümayəndəsi olan leykosianidinə və leykodelfinidinə xurma meyvəsində və onun emalından hazırlanmış şirələrdə, püredə daha çox təsadüf olunur. Onlar xurma meyvəsinin lətli hissəsində miqdarca daha çox olurlar. Xurma meyvəsini əvvəlcədən isti üsulla emal etməklə istehsal olunmuş qida məhsullarının tərkibi leykoantosianlarla daha zəngin olur. Leykoantosianların əsas müalicəvi xüsusiyyəti ondan ibarətdir ki, o bəzi xəstəliktörədici mikroorqanizmlərin fəaliyyətini dayandırır. Başqa ətirli və qidalılıq dəyərinə malik maddələrin sintezində və ya metabolizmində iştirak edir.
Xurma meyvəsi və ondan hazırlanmış məhsullar flavonollarla da zəngindir. Flavonollar sarı rəngli maddələrdir. Onun kimyəvi quruluşu aşağıdakı kimidir:
Flavonollar xurma meyvəsinin qabıq hissəsində az, lətində və şirəsində çoxluq təşkil edir. Xurma meyvəsində və ondan hazırlanmış məhsullar flavonollarla və onun aqlikonları ilə də zəngin olur [17].
R=R1=H – kempferol
R=OH, R1=H – kversetin
R=R1=OH – mirisetin
Xurma meyvəsinin tərkibində oliqomer fenol maddələrinə (C6–C1)2 dihallol, direzorsil, disiren, (C6–C3)2 oliqomerlərdən oksidarçın, dikofein, diferul turşularına və spirtlərinə, (C6–C3–C6)2 flavonoidlərin (katexinlərin və leykoantosianların) dimerlərinə rast gəlinir. Xurmada və ondan hazırlanmış məhsullarda biflavonoidlər (C6–C3–C6)2 daha çoxluq təşkil edir [39, 63].
Xurma meyvəsi polimer fenol maddələri ilə də zəngindir. Bu meyvənin özünə xas büzüşdürücülük xüsusiyyətinin olması polimer fenol maddələrinin nümayəndəsi olan aşı maddələri və ya taninlərlə əlaqədardır. Xurma meyvəsində polimer fenol maddələrindən taninlərə (aşı maddələrinə), melaninə və liqninə də təsadüf olunur. Bu maddələr xurma meyvəsinin formalaşmasına, yetişməsinə təsir göstərirlər. Xurma meyvəsi yetişdikcə onun tərkibində büzüşdürücülük xassəyə malik aşı maddələri get-gedə azalırlar. Xurma meyvəsinin yetişmə müddəti ötdükdə isə, onun tərkibindəki taninlər demək olar ki, tamamilə parçalanırlar, meyvədə büzüşdürücülük xassəsi hiss olunmur [6, 19]. K.Freydenberqə görə aşı maddələri və ya taninlər təsnifatına görə iki qrupa bölünürlər:
-
Hidroliz olunan aşı maddələri;
-
Hidroliz olunmayan aşı maddələri.
Xurma meyvəsi yetişdikcə hidroliz olunan aşı maddələri (C6–C1)n istinin və spesifik fermentlərin təsiri ilə oliqomer, monomer və sadə fenol birləşmələrinə parçalanırlar [31, 95, 112, 127]. Xurma meyvəsini əvvəlcədən isti üsulla emal etməklə, hazırlanmış məhsulların tərkibində büzüşdürücülük xüsusiyyəti hidroliz olunan taninlərin hesabına xeyli azalır [63, 164, 171]. Hidroliz olunmayan (kondensləşmiş) taninlər isə istinin və başqa faktorların təsirindən demək olar ki, təbii quruluşlarını dəyişmirlər. Hidroliz olunmayan aşı maddələri tərkibində 3-dən 10-a qədər müxtəlif cür flavonoidlər (C6–C3–C6)n olan biopolimerlərdir [39]. Polimer fenol maddələrinin nümayəndəsi olan liqninə də (C6–C3)n rast gəlinir [63]. Xurma meyvəsini isti üsulla emal etdikdə liqninin xeyli hissəsi hidrolizə məruz qalaraq, şirənin tərkibini ekstraktiv maddələrlə zənginləşməsinə köməklik göstərir [3, 21, 36, 94]. Onun hidrolizi nəticəsində şirədə ətirli dada və tama malik maddələr (vanilin, siren, sinap və s.) miqdarca çoxalırlar. Polimer fenol maddələrinin nümayəndəsi olan melaninlərin son zamanlar bioloji və texnoloji xüsusiyyətləri meyvələrin, o cümlədən xurmanın emalında və saxlanmasında geniş öyrənilməyə başlanmışdır. Melaninlər xurma meyvəsinin qabığında və lətli hissəsində başqa maddələrlə lokalizə olunmuş şəkildə olur [91, 109, 144]. Xurmanı və ya xurma şirəsini, püreni və bəhməzi termiki üsulla emal etdikdə melaninlər monomer fenol birləşmələrinə (pirohallol, oksihidroxinon, florqlisin və s.) çevrilirlər [42, 78]. Xurma meyvəsindən müxtəlif çeşiddə qida məhsulları istehsalında fenol maddələrinin bioloji və texnoloji əhəmiyyəti böyükdür. Belə ki, xurma meyvəsinin emalı zamanı onların çevrilməsindən alınan maddələr istehsal olunan şirələrin və qeyri məhsulların keyfiyyətinə, rənginə, dadına, ətrinə, şəffaflığına təsir göstərir. Xurma meyvəsi azotlu maddələrlə də zəngindir.
Azotlu maddələr. Xurma meyvəsində və ondan hazırlanmış məhsullarda azotlu maddələrin mineral və üzvi formalarına təsadüf olunur. Xurmada azotlu maddələrin miqdarı sortun spesifik xüsusiyyətindən, torpaqda olan azotun miqdarından, istifadə olunan gübrədən, aqrotexnikadan, ağacın yaşından və digər faktorlardan asılıdır. Yaşlı xurma ağaclarına nisbətən cavan ağacların orqanları azotlu maddələrlə daha zəngin olur. Torpaqda azotlu maddələrin normadan çox olması xurma ağacının məhsuldarlığını aşağı salır. Xurma meyvəsindən istifadə etməklə hazırlanmış məhsulların dadı, ətri, keyfiyyəti xeyli dərəcədə azotlu maddələrdən də asılıdır. Xurma meyvəsində mineral azot formasından ammonium duzlarına və az miqdarda torpaq-iqlim şəraitindən asılı olaraq nitratlara da rast gəlinir [28, 33, 38]. Xurma şirəsində sortdan, emal texnologiyasından asılı olaraq 20-100 mq/dm3 arasında ammonium duzlarına təsadüf olunur. Xurma meyvəsinin yetişməsinin ilkin mərhələsində ammonium duzları ümumi azotun 50%-ni təşkil edir. Xurma yetişdikcə onun tərkibindəki ammonium duzlarının və nitratların xeyli hissəsi aminturşuların sintezində istifadə olunur [120]. Xurma meyvəsinin tam fizioloji yetişgənliyi dövründə ammonium duzları azalaraq ümumi azotun 10-15%-ni, yetişmə müddəti ötdükdə isə 2-3%-ni təşkil edir. Xurmada və onun şirəsində demək olar ki, nitratlar olmur. Nitratların miqdarı azot anhidratına (N2O5) görə müəyyən edilir [104, 137, 142].
Xurma meyvəsi və onun şirəsi mineral azot forması ilə müqayisədə üzvi azot forması ilə daha zəngindir. Xurmanın və onun şirəsinin tərkibində üzvi azot formasından aminturşulara, amidlərə, aminlərə, peptidlərə, zülallara və başqa azotlu maddələrə (nukleozidlər, nukleotidlər, RNT, DNT və s.) təsadüf olunur [17]. Bu göstəricilər xurmanın sortundan, ekoloji vəziyyətindən, yetişmə dərəcəsindən, istehsal texnologiyasından və başqa faktorlardan asılıdır.
Xurmada və onun şirəsində ümumi azotun 50-60%-i aminturşusundan ibarətdir. Tərkibində amin (–NH2) və karboksil (–COOH) qrupları olan üzvi birləşmələrə aminturşular deyilir. Hal-hazırda təbiətdə 300-ə yaxın aminturşusunun olmasına baxmayaraq, onlardan yalnız 20-i zülalların tərkibində olur.
Zülalların tərkibində olan aminturşular bioloji və fizioloji xüsusiyyətinə görə üç qrupa bölünürlər: 1. əvəzolunmayan; 2. yarıməvəzolunan; 3. əvəzolunan. Adından məlum olur ki, əvəzolunmayan aminturşular insan orqanizmi tərəfindən sintez olunmur. Onlara olan ehtiyac yalnız qida məhsulları hesabına ödənilir. Zülalların tərkibində 8 əvəzolunmayan aminturşusu vardır: valin, leysin, izoleysin, treonin, lizin, metionin, fenilalanin və triptofan. İnsan orqanizmində bu və ya digər əvəzolunmayan aminturşu çatışmadıqda orqanizmdə maddələr mübadiləsi, o cümlədən zülalların sintezi pozulur. Yarıməvəzolunan aminturşular insan orqanizmində kifayət qədər sintez olunmur. Onlara olan ehtiyacın müəyyən hissəsi qida məhsulları hesabına ödənilir. Yarıməvəzolunan aminturşulara arginin, tirozin və histidin aiddir.
Əvəzolunan aminturşuları isə insan orqanizmi tərəfindən sintez olunurlar. Apardığımız tədqiqatın nəticəsindən məlum olmuşdur ki, xurma meyvəsinin və ondan istehsal olunmuş şirənin və pürenin tərkibində bütün əvəzolunmayan və yarıməvəzolunan aminturşular vardır [9, 132].
Ədəbiyyat materiallarının araşdırmasından məlum olmuşdur ki, respublikamızın regionlarında yetişən xurma meyvəsi mikroelementlərlə, o cümlədən yodla daha zəngindir. Xurma meyvəsi yetişdikcə onun tərkibində sintez olunan tirozin adlanan aminturşusu yodla reaksiyaya girərək, insan orqanizminin normal inkişafı üçün lazım olan üçyodtirozin (T3) və tetrayodtirozin (T4) əmələ gəlir.
Sintez zamanı alınmış bu maddələr zob xəstəliyinin müalicəsində dərman preparatı kimi geniş istifadə olunur [20, 32]. Xurma meyvəsində üzvi azot formasının nümayəndəsi olan amidlərə də təsadüf olunur. Amidlər aminturşuların tərkibində olan karboksil qruplarının OH-nın aminqrupu ilə (–NH2) əvəz olunması hesabına əmələ gəlirlər (R–CONH2). Xurma meyvəsində və ondan hazırlanmış şirələrin tərkibində asparaginamidinə və qlütaminamidinə daha çox rast gəlinir. Onlar müvafiq aminturşulardan sintez olunurlar. Xurma meyvəsində aminlərə də təsadüf olunur. Bu birləşmələr xurmada və ya digər meyvələrdə əsasən alifatik və aromatik aminturşuların karboksilsizləşməsi hesabına əmələ gəlirlər. Məsələn, tirozin aminturşusunun karboksilsizləşməsi hesabına xurma meyvəsində tiramin sintez olunur.
Meyvələrdə, o cümlədən xurmada aminlərin əmələ gəlməsi əsasən fizioloji yetişgənlik dövründə baş verir. Alifatik və aromatik aminlər xurma meyvəsinin özünəməxsus ətrinin yaranmasında mühüm əhəmiyyət kəsb edirlər. Xurma meyvəsi peptidlərlə də zəngindir [55, 117].
Aminturşuların bir biri ilə peptid tipli rabitə formasında birləşməsindən müxtəlif peptid molekulları sintez olunur. Peptid molekulun əmələ gəlməsi üçün bir aminturşusunun karboksil qrupu digər aminturşusunun amin qrupu ilə birləşməsi hesabına baş verir. Bu prosesdə iki aminturşusundan dipeptidlər, üçü iştirak etdikdə tripeptidlər və ən nəhayət, polipeptidlər əmələ gəlir. Peptidlərin sintezini iki aminturşu timsalında aşağıdakı kimi göstərmək olar.
Peptidləri adlandırmaq üçün əvvəlki aminturşuların axırına “il” şəkilçisi əlavə edilir. Müəyyən olunmuşdur ki, iki aminturşusunun bir biri ilə birləşməsindən iki müxtəlif peptid, üç aminturşusunun bir-biri ilə birləşməsindən 6 müxtəlif tripeptid, 4 aminturşusundan 24, beş aminturşusundan 120 peptid alınır [145]. Beləliklə, bitkilərin, o cümlədən xurmanın tərkibində fotosintez prosesi zamanı başqa üzvi maddələrlə yanaşı çoxlu sayda peptidlər də sintez olunur [30, 32, 113, 114, 130]. Xurmada və ondan istehsal olunmuş məhsullarda 40-a yaxın peptidlərin varlığı müəyyən edilmişdir [125, 131]. Xurma meyvəsində və ondan hazırlanmış şirələrin tərkibindəki peptidlərin əsas aminturşu tərkibi lizindən, asparagin və qlütamin turşularından, treonindən, tirozindən, valindən və qlisindən təşkil olunmuşdur. Xurma meyvəsinin peptidlərlə zəngin olması ondan istehsal olunan məhsulların keyfiyyətinə yaxşı təsir göstərir. Belə ki, xurma meyvəsindən müxtəlif texnoloji üsulların köməyi ilə (isti üsulla emal etdikdə və s.) qida məhsulları hazırladıqda onun hidrolizindən çoxlu sayda sərbəst aminturşular əmələ gəlir. Əmələ gəlmiş aminturşular başqa üzvi turşuların, aminlərin, amidlərin və qeyrilərinin sintezində iştirak edərək hazır məhsulun ekstraktiv maddələrlə zənginləşməsinə köməklik göstərir [161]. Bu da hazırlanmış məhsulun keyfiyyətinə yaxşı təsir göstərir. Xurma meyvəsi və ondan istehsal olunmuş müxtəlif çeşidli məhsullar zülallarla da zəngindir.
Bütün canlı orqanizmin əsasını təşkil edən zülallar çox vacib biopolimer üzvi maddələrdir. Onlar çoxlu sayda aminturşuların bir-biri ilə birləşməsindən əmələ gəlmişlər [126]. Ədəbiyyat materiallarından və apardığımız tədqiqat işindən məlum olmuşdur ki, bitki mənşəli qida məhsullarında, o cümlədən xurmada və ondan hazırlanmış məhsullarda karbohidratlara nisbətən zülallar azlıq təşkil edir [56, 81, 83, 110, 128]. Buna baxmayaraq, bitki mənşəli məhsulların, o cümlədən xurmanın keyfiyyəti onun tərkibindəki aminturşularının sayından və miqdarından asılıdır. Əgər zülalların tərkibində bütün əvəzolunmayan və yarıməvəzolunan aminturşular istənilən miqdarda olarsa, onda belə zülal keyfiyyətli hesab olunur [64, 119, 129]. Qeyd etmək lazımdır ki, hər hansı bir qidanın (bitki və heyvan mənşəli) tərkibindəki zülallarda əvəzolunmayan və yarıməvəzolunan aminturşusu çatışmadıqda belə qida məhsulları dəyərli hesab olunmur [20, 32, 97]. İnsan orqanizminin gündəlik qidasının tərkibində bütün əvəzolunmayan və yarıməvəzolunan aminturşuları istənilən nisbətdə olmalıdır. Bütün canlıların tərkibini təşkil edən hüceyrələrin əsasını da zülallar təşkil edir. İnsan orqanizmində baş verən bütün fizioloji proseslər zülallarla sıx əlaqədardır. İnsan orqanizmində zülalların çatışmaması onlarda müxtəlif formalı xoşagəlməyən xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Ona görə də insanların gündəlik qida rasionlarında istənilən qədər ekoloji cəhətdən təmiz olan zülalların tərkibində bütün aminturşuların olması olduqca vacibdir [14]. İnsanların aminturşularına olan gündəlik tələbatı cədvəl 1.2-də göstərilmişdir.
Müəyyən olunmuşdur ki, çəkisi 70 kq olan hər bir insan gün ərzində 80-100 qram zülal qəbul etməlidir [171]. Apardığımız tədqiqat zamanı məlum olmuşdur ki, xurma meyvəsinin tərkibində olan zülallar bütün aminturşularla zəngindir. Ədəbiyyat xülasəsinin araşdırılmasından aydın olmuşdur ki, xurmanın tərkibindəki zülalların molekul çəkisi o qədər də böyük olmur. Elektroforez üsulunun köməyi ilə aydınlaşdırılmışdır ki, xurmadakı zülal molekullarının 60-90%-nin kütləsi 10.000-ə yaxındır [125, 133]. Xurma meyvəsi tam yetişmiş vəziyyətdə olduqda onun tərkibində zülallar daha çox olurlar. Xurma meyvəsinin yetişmə müddəti ötdükdə, onun tərkibindəki zülallar miqdarca azalmağa başlayırlar. Yetişməmiş xurma meyvəsində də zülallar az miqdarda olur. Zülallar xurma meyvəsinin şirəsinə nisbətən qabığında və lətində çoxluq təşkil edirlər. Ona görə də xurma meyvəsini əvvəlcədən isti üsulla yaxşı ekstraksiya etməklə hazırlanmış şirələr daha dolğun, daha içməli olurlar. Bu zaman istinin təsirindən zülallar hidroliz olunaraq, şirənin sərbəst aminturşularla zənginləşməsinə şərait yaradır [9].
Xurma meyvəsi digər azotlu maddələrlə də zəngindir. Xurmada və ondan hazırlanmış məhsullarda digər azotlu maddələrdən aminoşəkərlərə (qlükozamin və qalaktozamin), melanoidlərə, nuklein turşularına və başqalarına rast gəlinir [133]. Əvvəlcədən isti üsulla emal olunmuş xurma meyvəsindən hazırlanmış şirələr melanoidlərlə daha zəngin olur [9]. Şirənin hazırlanma texnologiyasından asılı olaraq melanoidlər 15÷95 mq/dm3 arasında olurlar. Nuklein turşuları (RNT və DNT) ən çox xurma meyvəsinin toxumunda olur. Xurmanın toxumunda RNT 450÷2090 mq/kq, DNT isə 90÷210 mq/dm3 arasında olur [42, 124, 131]. Bundan başqa xurmada və ondan hazırlanmış şirələrdə azotlu əsaslara (purin və pirimidin), nukleozidlərə, nukleotidlərə, polinukleotidlərə və başqalarına da təsadüf olunur. Bu göstəricilərin xurma şirəsində miqdarı cədvəl 1.3-də qeyd edilmişdir.
Nukleozidlərə və nukleotidlərə nisbətən isti üsulla emal olunmuş xurma meyvəsindən hazırlanmış şirələr azotlu əsaslarla daha zəngin olurlar. Bu əsas onunla izah olunur ki, nukleozidlər azotlu əsaslarla müvafiq pentozalardan, nukleotidlər isə azotlu əsaslardan, pentozalardan və fosfat turşusundan ibarətdir. Onların əmələ gəlməsi aşağıdakı kimi olur.
Xurma meyvəsində və onun şirəsində nukleozidlərə (adenozin, quanozin və s.) sərbəst halda çox az, əsasən birləşmiş şəkildə mono, di, polinukleotidlərin və nuklein turşularının tərkibində rast gəlinir. Nukleozidlər xurma şirəsinə nisbətən onun meyvəsinin toxumunda daha çox olurlar. Xurma meyvəsində və ondan alınmış məhsullarda nukleotidlərdən ən çox adenozinmonofosfata təsadüf olunur.
Xurma meyvəsini isti üsulla emal etdikdə nukleozidlərin və nukleotidlərin xeyli hissəsi hidroliz olunaraq şirənin daha da qida maddələri ilə zənginləşməsinə köməklik göstərirlər. Beləliklə, xurma meyvəsindən hazırlanmış qida məhsullarının (şirə, püre, bəhməz və s.) keyfiyyəti xeyli dərəcədə azotlu maddələrdən və onların çevrilmələrindən, hidrolizindən əmələ gəlmiş komponentlərdən çox asılıdır. Şirənin və başqa məhsulların uzun müddət keyfiyyətli, stabil qalmasında azotlu maddələrin rolu böyükdür. Xurma meyvəsini isti üsulla emal etdikdə şəkəramin (karbonilamin) reaksiyası da baş verir. Bu zaman istinin təsirindən hidroliz olunmuş zülallardan ayrılmış aminturşularla sadə şəkərlərin reaksiyasından çoxlu sayda melanoidlər əmələ gəlir. Əmələ gəlmiş melanoidlər şirənin və digər xurma meyvəsindən hazırlanmış məhsulların dadına, ətrinə, rənginə və onların formalaşmasına yaxşı təsir göstərir. Ədəbiyyat xülasəsinin araşdırmasından məlum olur ki, xurma meyvəsindən istifadə etməklə müxtəlif çeşiddə hazırlanmış məhsulların keyfiyyətli olmasında azotlu maddələrin (mineral və üzvi azot forması) böyük əhəmiyyəti vardır.
Vitaminlər. Xurma meyvəsi vitaminlərlə də zəngin bitki mənşəli qida məhsuludur. Vitaminlər bioloji aktiv maddələr olub, xurma meyvəsinin bütün orqanoidlərində (lətində, qabığında və şirəsində) geniş yayılmışdır. Məlumdur ki, insan orqanizmində bu və ya digər vitamin çatışmamazlığı olduqda müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaranır. Ona görə də insanların gündəlik qida rasionlarında vitaminlərin olması çox vacib komponentdir.
Onu da qeyd etmək lazımdır ki, heyvan mənşəli qida məhsullarına nisbətən bitki mənşəli məhsullar vitaminlərlə daha zəngindir.
Vitaminlərin əksəriyyəti fermentlərin biosintezində iştirak edir və onların tərkib hissəsinə daxil olurlar, daha doğrusu vitaminlərin əksəriyyəti bəzi fermentlərlə canlı orqanizmlərdə birləşmiş şəkildə olur. Orqanizmdə vitamin çatışmadıqda fermentlərin sintezi də pozulur.
Fermentlərin sintezinin pozulması isə bütün canlılarda mübadilə prosesinin pozulmasına gətirib çıxarır. Bu da bütün canlılarda, o cümlədən insanlarda müxtəlif fəsadların əmələ gəlməsinə şərait yaradır. Vitaminlərin çatışmaması nəticəsində əmələ gələn xəstəliklərə avitaminozlar deyilir. İnsanlarda bir neçə vitaminin çatışmaması nəticəsində əmələ gələn xəstəliklərə polivitaminozlar deyilir. Vitaminlərin qismən çatışmaması nəticəsində yaranan xəstəliklər insanlar arasında daha geniş yayılmışdır. Bu cür xəstəliklərə hipovitaminozlar deyilir [20, 29, 98]. İnsanlar gün ərzində normadan artıq qida qəbul etmələri də düzgün hal deyildir. Belə ki, bu zaman orqanizmdə vitamin bolluğu əmələ gəlir. Bu da orqanizmdə həzm prosesini və maddələr mübadiləsini pozur. Nəticədə əmələ gələn xəstəliyə hiperovitaminozlar deyilir.
Ədəbiyyat materiallarının araşdırılmasından məlum olmuşdur ki, həll olma qabiliyyətinə iki qrupa bölünürlər: 1. yağda həll olan vitaminlər, 2. suda həll olan vitaminlər. Xurma meyvəsində yağda həll olan vitaminlərdən A vitamininin provitamini (əvəzedicisi) karotinoidlər olur.
Xurma meyvəsi başqa meyvələrlə müqayisədə karotinoidlərlə daha zəngindir. Qeyd etmək lazımdır ki, A vitamini ümumiyyətcə bitki mənşəli qida məhsullarında olmur. O ən çox heyvan mənşəli qida məhsullarının (balıq yağı, kərə yağı, qara ciyər, balıq kürüsü, böyrək və s.) tərkibində olur. İnsan orqanizminə bitki mənşəli qida məhsullarının tərkibində olan karotinoidlər karotinaza fermentinin təsiri ilə A vitamininə çevrilirlər. Karotinoidlər ən çox yerkökündə, qabaqda, xurmada, qırmızı bibərdə və s.-də çoxluq təşkil edir.
Xurma meyvəsində 10 karotinoidin varlığı müəyyən edilmişdir: ksantofil, kriptoksantin, zeaksantin, ontepaksantin, likopin, α və β-karotin və s. Xurma meyvəsindəki karotinoidlərin təxminən 85% β-karotindən təşkil olunmuşdur. Bioloji aktivliyə malik olan bir molekul β-karotindən orqanizmdə iki molekul A vitamini sintez olunur. O da məlumdur ki, insanlarda A vitamini çatışmadıqda gözün görmə qabiliyyəti pozulur.
Deməli, xurma meyvəsi və ondan hazırlanan məhsullar gözün görməsinə də müsbət təsir göstərir. A vitamininə olan gündəlik tələbat 2-3 mq-dır [147, 152] . Xurma meyvəsi ən çox suda həll olan vitaminlərlə zəngindir. Vitaminlərin miqdarı cədvəl 1.4-də göstərilmişdir.
Cədvəlin rəqəmlərindən məlum olur ki, xurma meyvəsi vitaminlərlə zəngin olan qida məhsuludur. İnsanların vitaminə olan gündəlik tələbatının ödənilməsində xurma meyvəsinin və ondan istehsal olunmuş məhsulların da böyük əhəmiyyəti vardır.
Xurma meyvəsinin B qrup vitaminləri ilə zəngin olması onun dəyərli qida olduğunu bir daha göstərir. B1 vitamini kokarboksilaza, B2 flavin, B6 piridoksal, PP vitamini aerob və anaerob dehidrogenaza fermentlərinin tərkibində aktiv qrup kimi fəaliyyət göstərir.
Xurma meyvəsi C vitamini ilə daha zəngindir. C vitamininə başqa sözlə askorbin turşusu da deyilir.
C vitamini bitkilərin tərkibində daha geniş yayılmışdır [54, 159]. Bu vitaminin oksidləşmiş forması dehidroaskorbin turşusu adlanır.
C vitamini kimi dehidroaskorbin turşusu da eyni dərəcədə bioloji aktivliyə malikdir [20].
Vitaminlər həyatın varlıq formasıdır. Vitaminsiz canlı aləmi təsəvvür etmək mümkün deyildir. İnsanların gündəlik qida rasionlarında bütün vitaminlərin və ya onların provitaminləri olmalıdır. Əks halda, insanlarda maddələr mübadiləsinin pozulması nəticəsində müxtəlif xəstəliklərin meydana çıxmasına şərait yaranır. Vitaminlər xurma meyvəsinin şirəsinə nisbətən onun qabığında və lətli hissəsində daha çox olurlar. Məhsulun tərkibində vitaminlərin az və ya çox olması onların yetişmə dərəcəsindən də asılıdır. Apardığımız tədqiqat işindən məlum olmuşdur ki, yetişməmiş və yetişmə müddəti ötmüş xurma meyvəsinin tərkibində C vitamini az, tam yetişmiş meyvələrində isə çox olur. Ona görə də xurma meyvəsindən müxtəlif çeşiddə qida məhsulları istehsalı zamanı onun yetişmə dərəcəsinə fikir vermək lazımdır. Xurma meyvəsinin və ondan hazırlanmış məhsulların keyfiyyəti ferment sistemindən də çox asılıdır.
Dostları ilə paylaş: |