Saday Sadıqlı, doğrudan da, uzaqdaydı.
Həkimdən, arvadından, yerləşdirildiyi palatadan, yatdığı çarpayıdan, hətta beyninin zədəsindən və canının ağrısından da çox-çox uzaqda idi. Ancaq o uzaqda olan, görəsən, doğrudanmı Saday Sadıqlıydı?..
Əylisdəydi, söz yox ki, Əylisdəydi. Ancaq o Əylisin özü də dünyadakı real Əylis deyildi, Sadayın (bir vaxt) 4, ya 5 yaşında yuxuda gördüyü Əylis idi.
O Saday 4, ya 5 yaşda ikən bir yazçağı Əylisdə bir xırdaca, qara, qəşəng tülkü balası peyda olmuşdu. O bala tülkünü cəmi bircə dəfə Saday öz həyətlərindəki divarın üstündə görmüşdü. O qara və qəşəng bala tülkü divardan ağaca atılmışdı, ağacda - yamyaşıl yarpaqların arasındaca - budaqdan-budağa tullanmışdı. Və elə o yamyaşıl budaqların arasındaca o bala tülkü Sadayın nəzərindən yayınıb, yoxa çıxmışdı. Və bundan bir neçə gün sonra Saday Cingöz Şabanın o tülkünü Daş Kilsənin yanındakı divarın üstündə tüfənglə vurub öldürdüyünü görmüşdü. Və o vaxtdan o bala tülkü az qala hər gecə Sadayın yuxusuna girmişdi.
Və indi o 4, ya 5 yaşlı uşağın gecələr yuxuda gördüyü o tülkü yenə sağ idi. Divarlardan ağaclara, ağaclardan divarlara tullana-tullana, Əylisin bir başından o biri başına tərəf yol gedirdi. Və o 4, ya 5 yaşlı uşaq da o qara və qəşəng bala tülkünün izinə düşüb, bircə Allah bilir ki, nə zamandan bəri yol gedirdi.
O uşaq heç vaxt o tülküdən gözəl heyvan görməmişdi. O yazdan gözəl bir yaz, o Əylisdən gözəl Əylis bu dünyada heç vaxt olmamışdı. İşıq. Hər yan işıq. Dağlarda günəşin işığı. Ağaclarda gilasın işığı. Təzəcə yarpaq açmış pişpişələr. Təzəcə çiçək açmış yasəmənlər. Bu yaz hansı ilin, hansı vaxtın yazıydı, görəsən? Axı yasəmənlər açanda gilas yetişmir.
O oynağan, sevincək tülkü balasının - üstündə gəzdiyi - divarların hamısı elə bil daşdan-torpaqdan hörülməmişdi, bir sarımtıl-çəhrayı işıqdan hörülmüşdü və o işıq daşlardan, divarlardan süzülüb, yollara, küçələrə axırdı.
4, ya 5 yaşlı Sadayın indi gördüyü Əylisdə bütün həyətlər səliqəli, güllü-çiçəkli, bütün küçələr şüşə kimi tərtəmiz, dumduruydu.
Kənarları bənövşəli, süsənli, şüşənnikli arxların hamısından işıqqarışıq mavi su axırdı. O qara və qəşəng tülkü balası divarların üstü ilə sevinə-sevinə, oynaya-oynaya üzüyuxarı – günbəzi günəşin işığından qızıl suyuna çəkilmiş Daş Kilsəyə tərəf getdikcə divarboyu arxların qırağındakı fındıq, ceviz, alça və ərik ağaclarının yamyaşıl yarpaqları da o tülkü balasıyla birgə sevinirdi. O tülkü balası o yamyaşıl yarpaqların arasında arabir uşağın gözündən itib, sonra o divarların üstündə yenidən peyda olurdu. Və məhz bu məqamlarda Saday özünün xəstəxana palatasındakı çarpayısında ağrılı, həyəcanlı, dərin sarsıntılar keçirirdi.
Bir sözlə, doktor Fərzaninin xəstənin bizdən uzaqda olmağı barədəki proqnozu dəqiq və dahiyanəydi. Onun bundan sonra yaşayıb-yaşamayacağının (hansısa böyük mənada) özündən asılı olduğunu da həkim doğru deyirdi: istəsə, gələcək, istəməsə, gəlməyəcək...
Və xəstə olduğu uzaqlıqlardan hələ ki qayıdıb gəlmək istəmirdi.
Onun üzünə baxan hər kəs bunu təsdiq edə bilərdi. Hələ o bala tülkünün dalınca Saday bir gözəl yol gedirdi. O Sadayın bütün arzu-istəyi o tülkünü tutmaq, onu bağrına basıb öpmək, dünyanın o gözəl heyvanının başını sığalladıqca sığallamaq, quyruğunu oxşadıqca oxşamaqdan ibarət idi. Və hələ ki o bala tülkü o işıqlı divarların üstündə sağ-salamat gəzib-dolanıb, o yaşıl yarpaqların arasında gizlənə bilirdi, Saday Sadıqlının da yaşamaqda olduğunu düşünməyə hər cür əsas vardı.
Dostları ilə paylaş: |