(7.16) “(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
(7.17) “Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” İblis Allahın mərhəmətinə ümidini itirərək dedi: “Mən hökmən düz yolunun üstündə oturacağam və insanlara bu yolla getməyə bacardığım qədər mane olacağam! Mən onlara hər tərəfdən yaxınlaşacaq və istənilən imkandan istifadə edəcəyəm ki, heç olmazsa qismən istədiyimə nail olum”. Şeytan başa düşürdü ki, Adəmin övladları zəif idilər və onların əksəriyyəti öz vəzifələrinə laqeyd yanaşacaqdılar. Bundan başqa o, əmin idi ki, onları yoldan azdırmaq üçün əlindən gələni əsirgəməyəcək. Buna görə də o, güman edirdi ki, insanların əksəriyyəti naşükür olacaq və onun bu zənni düz çıxdı. Ancaq düz yolla gedən insanlar layiqincə minnətdarlıq edə bilərlər. Şeytan isə insanları məhz bu yoldan sapdırmaq və onların şükür edən qullar olmasına maneə törətmək niyyətində idi. Fövqəluca Allah buyurur: “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır” (Fatir, 35/6).
Allah İblisin sözləri və niyyəti haqqında bizə xəbər verir ki, biz ehtiyatlı olaq və bu düşmənlə qarşılaşmaya hazırlaşaq. Allah istəyir ki, biz şeytanın getdiyi yolları və girdiyi qapıları öyrənərək ondan qorunaq. Bu da Fövqəluca Allahın bizə bəxş etdiyi ən böyük nemətlərindən biridir.