(7.12) “(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis: ) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi”. Allah İblisə buyurdu: “Sən niyə Mənim Öz iki əlimlə yaratdığımın qarşısında diz üstə çöküb səcdə qılmaqdan boyun qaçırtdın? Mən ona, digər məxluqların layiq görülmədiyi böyük ehtiram göstərmişdim. Niyə sən Mənə itaət etmədin və Mənim əmrimə etinasızlıqla yanaşdın?” İblis Ona etiraz edib belə cavab verdi: “Mən ondan daha üstünəm, çünki Sən məni oddan, onu isə gildən yaratmışsan”.
Onun dəlili yanlış idi: o belə güman etmişdi ki, oddan yaradılan məxluqlar gildən xəlq edilənlərdən üstündürlər, çünki od gildən yaxşıdır. Lakin bu – oxşarlıq üzrə ən yanlış mühakimədir ki, bir neçə dəlillərlə təsdiq edilir.
Birincisi, İblis Adəmə səcdə qılmaq haqqında Allahın əmrinə zidd olan mühakiməyə istinad etmişdi və əgər oxşarlıq üzrə mühakimə birmənalı əmrlə ziddiyyət təşkil edirsə, onda o, şübhəsiz ki, səhvdir. Oxşarlıq üzrə mühakiməyə istinad etmək o zaman mümkün sayılar ki, Allahın hökmü birmənalı olmasın və belə olduqda, bir məsələni, barəsində Allahın birmənalı hökmü bizə məlum olan digər məsələ ilə müqayisə etmək olar. Lakin əgər oxşarlıq üzrə mühakimə birmənalı əmrə ziddirsə, onda onun hüquqi əsası olmasının qəbul edilməsi Allahın hökmünü rədd etməyi nəzərdə tutur. Bax buna görə də oxşarlıq üzrə belə mühakimə ən yaramaz mülahizələrdən biridir.
İkincisi, İblisin Adəmdən daha üstün olması haqqında iddiası tamamilə kifayətdir ki, onun qüsurlu olmasını ifşa etsin. O, öz üstünlüyündən təkəbbürlüyü və özündənrazılığı nəticəsində danışır və heç bir biliyi olmadan Allaha böhtan atır. Bundan da böyük nöqsan daha nə ola bilər?!
Üçüncüsü, o, odun gil və torpaqdan üstün olmasını söyləyəndə haqlı deyildi, çünki yer müti və sakit bir məxluqdur və əkinçilik üçün yararlıdır. Yer daha çox nemət verir, onun üstündə ağaclar və hər cür bitkilər bitir, halbuki od aramsız və düşüncəsiz məxluqdur qarşısına çıxan hər şeyi yandırır və məhv edir.