(7.112) “Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!” Firon Musaya (ə) möcüzələrini onlara göstərməyi təklif etdi. O (ə), öz əsasını yerə atdı və əsa adamların gözü qarşısında canlı əjdahaya çevrildi və yerlə sürünməyə başladı. Sonra o (ə), əlini qoltuğundan çıxartdı və o tamamilə ləkəsiz və ağappaq idi. O (ə) orada iştirak edənlərə iki böyük möcüzə göstərdi ki, bunlar onun (ə) bütün təbliğ etdiklərinin doğruluğuna və onun (ə) peyğəmbərliyinin təsdiqinə dəlalət edirdi. Lakin insanlar iman gətirmək istəməyəndə, onlara hansı möcüzəni göstərsən də iman gətirmirlər. Onlar əzabverici cəzanı görmədikcə, iman gətirmirlər.
Misirli əyanlar da iman gətirməkdən boyun qaçırdılar, halbuki gördükləri möcüzələr onları heyrətləndirmişdi. Onlar bu möcüzələrə əsassız izahlar uydurmağa başladılar və peyğəmbəri (ə) mahir sehrbaz adlandırdılar. Axmaqlara və düşüncəsiz adamlara qorxu hissi aşılamaq üçün onlar bəyan etdilər ki, o (ə) onları öz doğma vətənlərindən qovmaq istəyir. Sonra onlar öz aralarında Musa (ə) ilə necə davranmağı, onun (ə) özləri üçün təhlükəli saydıqları təbliğatını necə inkar etməyi məsləhətləşdilər. Onlar başa düşürdülər ki, onun (ə) sözlərini təkzib edə bilməsələr, o (ə) insanları əksəriyyətini öz tərəfinə çəkə bilər. Buna görə, onlar Firona yekdilliklə belə dedilər: “Əmr et ki, o və qardaşı bir qədər gözləsinlər və sən də öz məmləkətinin bütün şəhərlərinə carçılar göndər ki, onlar bütün mahir sehrbazları yanına gətirsinlər. Qoy onlar Musa ilə yarışsınlar!”
Onlar peyğəmbərə (ə) yarış üçün yer və vaxt təyin etməyi təklif etdilər. Yarışda hər iki tərəf iştirak etməli idi. O (ə) dedi: “Qoy bu Bəzəmə günü olsun və adamlar səhər toplaşsınlar”. Firon sehrbazlıqla məşğul olanların hamısını və onlarla birlikdə şərtləşdikləri yerə yollandı.