(5.35) «Ey iman gətirmişlər! Allahdan qorxun və Ona yaxınlaşmağa vasitə axtarın və Onun yolunda vuruşun, ola bilsin ki, uğur qazanasınız”. Allah Öz mömin qullarına imanın tələblərinə uyğun olaraq davranmağı, təqvalılığa etiqad etməyi və Rəbbin qəzəbi və narazılığından qorunmağı əmr edir. Qul səy göstərməli və mümkün olan hər şeyi etməlidir ki, qəlbi, dili və bədən üzvləri ilə yerinə yetirilən əməllərlə Allahın qəzəbinə səbəb ola biləcək hərəkətlərdən uzaq olsun. O, Allahdan xahiş etməlidir ki, Onun qəzəbindən və cəzasından xilas olmaq üçün belə günahlardan çəkinməyə ona kömək etsin. O, öz Rəbbinə yaxınlaşma yolları axtarmalı, Onun lütfünü qazanmağa və Onun məhəbbətinə layiq olmağa can atmaqla dinin bütün vacib hökmlərini yerinə yetirməlidir.
Bu ehkamlara qəlblə edilən əməllər, məsələn, Allaha məhəbbət, Onun xatirinə sevmək, Onun qarşısında qorxmaq, Ona ümid etmək, Onun qarşısında tövbə və ya Ona təvəkkül etmək daxildir. Belə əməllərə həmçinin bədənlə yerinə yetirilən ayinlər, məsələn, zəkat ödənilməsi və ya həcc ziyarətinə getmək və qarışıq ayinlər, məsələn, namaz aid edilir. Onlara həm də Quran oxunması, Allahın zikr edilməsi və məxluqlara qarşı xoş rəftarın müxtəlif formaları, məsələn, maddi yardım, elm öyrətmək, himayəçilik, fiziki kömək və ya yaxşı məsləhət vermək də aid edilir.
Bütün bu əməllər qulun Allaha yaxınlaşmasına imkan verir və bu, Allahın məhəbbətinə nail olana qədər davam etdirilir. Bu baş verdikdə, yəni, Allah qulunu sevməyə başladıqda, O, onun eşidən qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı olur20 və bunlarla yanaşı Allah onun bütün dualarına cavab verir.
Sonra Bərəkət Sahibi Fövqəluca Allah qulları Ona yaxınlaşdıran bütün ibadət ayinlərindən Onun yolunda cihadı xüsusilə qeyd edir. Cihad dedikdə, kafirlərlə mübarizədə səy göstərilməsi nəzərdə tutulur ki, bunu da insan maddi ianələr vasitəsilə və ya onda bilavasitə iştirak etməklə gerçəkləşdirir. O, faydalı təkliflər verməklə, bu mübarizədə sözü ilə iştirak etməklə və yaxud bacardığı digər imkanlardan istifadə etməklə, Allahın dininə kömək göstərir. Cihada Allahın bəyəndiyi ən şərəfli əməllərdən və Allaha yaxınlaşmanın ən ləyaqətli yollarından biridir və əgər insan bu hökmü yerinə yetirirsə, onda o, dinin başqa hökmlərini də hökmən icra edir.
Sonra Allah vurğulayır ki, əgər insanlar Ondan qorxsalar, günahlardan çəkinsələr və əgər Allahın bəyəndiyi əməlləri yerinə yetirməklə Ona yaxınlaşma yolları axtarsalar və Onun lüffkarlığını qazanmaq üçün Onun yolunda mübarizədə iştirak etsələr, hökmən müvəffəqiyyətə nail olarlar. Burada müvəffəqiyyət dedikdə isə arzu edilən hər şeyin əldə edilməsi və hər hansı dəhşətli və xoşagəlməz şeylərdən xilas olmaq nəzərdə tutulur ki, bunun da mahiyyəti əbədi xoşbəxtliyə və sonsuz səadətə nail olmaqdan ibarətdir.