(5.34) “Siz onların üzərində hakimiyyət əldə etməzdən öncə tövbə edib qayıdanlar istisnadır. Həqiqətən, Allah Bağışlayandır və Mərhəmətlidir”. Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşan quldurlar müsəlmanların hakimiyyəti altına düşməzdən öncə tövbə etsələr, onda Allah qarşısında əvvəllər yerinə yetirmədikləri vəzifələrinə görə məsuliyyət daşımaqdan azad ediləcəklər. Belə günahlara görə19onlar edam edilə, çarmıxa çəkilə, əlləri və ayaqları çarpaz kəsilə və ya ölkədən sürgün oluna bilməz. Onların insanların hüquqlarına qəsd etmələri məsələsinə gəldikdə isə, əgər onlar belə cinayətləri İslama daxil olana qədər törətmişlərsə, o cinayətlər onlara bağışlanır. Yox, əgər onlar müsəlman olduqları halda belə cinayətlər etmişlərsə, onda törətdikləri qətllərə və soyğunçuluqlara görə məsuliyyət daşıyırlar.
Bu ayənin mənasından aydın olur ki, əgər Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı vuruşan quldurlar müsəlmanların əlinə keçdikdən sonra tövbə etsələr, bu onları törətdikləri cinayətlərə görə məsuliyyətdən xilas etmir. Bu hökmün hikməti tamamilə aydındır. Əgər cinayətkar ədalət məhkəməsinin əlinə düşənə qədər onun tövbəsi yer üzündə fitnə-fəsad yaymağa görə məsuliyyətdən xilas edirsə, onda digər cinayətlərə qarşı bu hökm daha artıq dərəcədə aid olur.