(5.44) “Tövratı Biz nazil etdik. Onda doğru yol və nur vardır. Özlərini (Allaha) təslim etmiş peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarardılar. Allahın Kitabını qoruyan və ona şahid olan ravvinlər və alimlər də (onunla hökm verərdilər). İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimizi dəyərsizləşdirməyin. Allahın nazil etdikləri əsasında hökm verməyənlər, məhz onlar kafirlərdir”. Allah Tövratı İmran oğlu Musaya nazil etmişdi. O, insanlara imana və haqqa doğru yol göstərir, onları azmaqdan qoruyur və onların yolunu cahillik, çaşqınlıq, şübhələr, inamsızlıq və alçaq nəfsin zülməti içində işıqlandırırdı. Bu barədə Fövqəluca Allah buyurur: “Biz Musa və Haruna Furqanı bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik” (Ənbiya, 21/48).
Peyğəmbərlər bu Kitaba əsaslanaraq yəhudilərin işlərinə baxır və onlar üçün dini hökmlər verirdilər. Bu peyğəmbərlər Allaha təslim olanlardı və Onun əmrlərini yerinə yetirirdilər. Onların itaətkarlığı və sədaqətliliyi bütün digər insanların itaətkarlığından üstün idi, çünki Allah onları Öz qulları arasından seçmişdi.
Əgər Allaha minnətdar peyğəmbərlər (onlara Allahın salamı olsun!) və bəşəriyyətin ən yaxşı nümayəndələri Tövratın hökmlərini rəhbər tutur, yerinə yetirir və onlara tabe olurdularsa, bəs onda niyə yəhudilərdən olan mənfur günahkarlar onlara əsaslanmaqdan boyun qaçırırdılar? Onları Tövratın ən şərəfli ehkamlarından birini rədd etməyə və Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) inanmamağa məcbur edən nə idi? Halbuki Allah bu iman olmadan qəlb və bədən üzvlərinin köməyilə yerinə yetirilən heç bir əməli qəbul etmir. Onlar bu nümunəni kimdən götürürdülər? Onlar bu nümunəni, Kitabı təhrif etməyə, insanları idarə etməyə və bu yolla varlanaraq həqiqəti gizlətməyə və yalanı yaymağa adət etmiş din xadimlərindən mənimsəyirlər. Belə din rəhbərləri insanları azğınlığa yönəldir və onları Cəhənnəm oduna doğru sürükləyirlər.
Sonra Allah buyurur ki, ravvinlər və alimlər də həmçinin Tövratın əsasında hökm çıxarırdılar. Ravvinlər o din alimləri idilər ki, onlar öz biliklərinə uyğun olaraq rəftar edir və bildiklərini başqalarına öyrədirdilər. Onlar insanlara ən yaxşı tərbiyə verir və onları təqvalı peyğəmbərlərin yolu ilə aparırdılar. Kahin adı ilə isə din xadimləri arasında başqa insanlar tərəfindən sözlərinə ehtiramla yanaşılan və fərqlənənlər adlandırılırdılar. Onlar özlərindən sonra tarixdə əhəmiyyətli bir iz qoyur və öz xalqının yaddaşında xoş xatirə buraxırdılar.
Belə alimlər həqiqətə uyğun olan qərarlar qəbul edir, Allahın Kitabından mühafizə olunması tapşırılan hökmlərə istinad edirdilər. Allah onlara əllərində qalan Müqəddəs Kitabı qorumağı etibar etmişdi. Onlara əmr edilmişdi ki, onu hər hansı əlavələrdən, əksiltmələrdən və təhriflərdən qorusunlar və onunla tanış olmayanlara onu öyrətsinlər. Məhz onlar Müqəddəs Kitab haqqında şahidlik etmişdilər, çünki bir sual yarandıqda və ya Kitab barədə aydınlıq olmadıqda insanlar təkcə onlara müraciət edirdilər.
Bizim günlərimizdə də Fövqəluca Allah, cahillərə həvalə edilməyən vəzifələri din alimlərinə tapşırmışdır. Onlar öz vəzifələrini layiqincə yerinə yetirməli, faydasız işlərə və tənbəlliyə qurşanmış cahillərdən nümunə götürməməlidirlər. Onlar özlərini ancaq insanın özünə fayda verən, məsələn, Allahın zikr edilməsi, namaz, zəkat, həcc və ya oruc kimi ibadət ayinləri ilə məhdudlaşdırmamalıdırlar, çünki təkcə bu ayinlərin yerinə yetirilməsi, onlardan başqa, hamıya xilas olmağa kömək edir. Onların özünə isə, bu ayinlərin icra edilməsi ilə yanaşı, insanları öyrətmək, onlara ehtiyac duyduqları dinin əsas hökmlərini xatırlatmaq tələb olunur. Bu daha çox, İslamın əsas müddəalarına və insanların daha tez-tez rastlaşdıqları məsələlərə aiddir.
Alim insanlardan qorxmamalıdır, o, öz Rəbbindən qorxmalı və Onun ayələrini ucuz qiymətə satmamalıdır. O, haqqı gizlətməməli və cüzi maddi nemətlər əldə etmək xatirinə yalan təbliğat aparmamalıdır. Əgər o, bu qüsurlardan çəkinməyə nail olsa, doğru yolla gedər. O, o halda xoşbəxtlik əldə edə bilər ki, düşüncələri təkcə elmi biliklər qazanmaqla və insanları öyrətməklə bağlı olsun. O başa düşməlidir ki, Allah, ona əta edilmiş biliyi qoruyub saxlamağı onun özünə tapşırmış və onu haqqın şahidi etmişdir. O, təkcə Ondan qorxmalıdır və insanlar qarşısında qorxu hissi onu öz vəzifələrini layiqincə və qüsursuz yerinə yetirməyə mane olmamalıdır. Bundan başqa, o, din qarşısında maddi nemətlərə üstünlük verməməlidir.
Amma bəzən biliklər insana bədbəxtlik gətirir. Bu, əhəmiyyətsiz işlərə qurşanan və öz vəzifələrini icra etməyən alimlərə aiddir. Onlar Allahın onlara saxlanmasını tapşırdığı şeyə əhəmiyyət vermirlər. Onlar biliklərə laqeyd yanaşır, onları unudur, dini dünyəvi nemətlərə satır və hətta dini qərarlar çıxartmaq üçün rüşvət alırlar. Onlar dini fitvalar verməklə varlanır və insanlara bilikləri təkcə pula və mükafata görə öyrədirlər. Allah belə insanlara böyük iltifat göstərir, onlar isə nankorluq edirlər. Allah onlara böyük qismət bəxş edir, onlar isə başqalarını bu qismətdən məhrum edirlər. Biz isə Alicənab Allahdan rica edirik ki, bizə, fayda verən biliklər və bizdən qəbul ediləcək əməllər nəsib etsin, bizi bağışlasın və hər hansı bəlalardan xilas etsin!
Sonra Allah buyurur ki, əgər insan onlara nazil edilən aydın həqiqətə istinad etmirsə, tamah məqsədilə bilərəkdən yalan qərarlar çıxarırsa, onda o – kafirdir. Bəzi hallarda belə hərəkət insanı İslamdan çıxarır və bu, Allahın qanunlarının ziddinə qərar qəbul edilməsini yol verilən hesab edən kəslərə aiddir. Digər hallarda isə belə hərəkətlər ağır günah və küfrün təzahürüdür ki, buna görə insan ağır cəzaya layiq görülür.