Abdullah b. Əbdüləziz əl-Aqil
Şeyx Bəkir b. Abdullah Əbu Zeydin
QEYDLƏRİ
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Həmd təkcə Allaha məxsusdur! Peyğəmbərlərin sonuncusuna, ailəsinə, səhabələrinə və onların yolu ilə gedən və Sünnəsinə sarılanlara salavat və salam olsun!
Sonra, burada yazdığım nə müqəddimə, nə də təqdimatdır. Təkcə tərif və xeyrə işarə edən bir yazıdır.
Bu hadisə barəsində təəssüratımı oxucularla bölüşmək istəyirəm.
Təxminən hicri 1380-cı illərdə bəzi xeyirxah insanların Şeyx Əbdürrəhman b. Nasir əs-Səədinin5 (Allah ona rəhmət etsin) 8 cilddən ibarət “Teysirul-Kərimur-Rəhman fi təfsiri Kəlamil-Mənnan” adlı təfsirini tövsiyə etdiklərini eşidirdim. Çünki bu təfsir digərlərindən aşağıdakı xüsusiyyətlərinə görə seçilməkdə idi:
Bu kitab, etimad göstərilən və onda sələflərin yolu əks olunan bir əsərdir. O, səhih bir əsərin və doğru-düzgün anlayışın qısa xülasəsini asanlıqla özündə əks etdirir.
Bu kitab alimlər üçün xatırladan və elmə yeni gələnlər üçün isə öyrədəndir.
Daha sonra digər alimlərin və elm öyrənən tələbələrin də məhz bu kitabı xüsusi olaraq tövsiyə etdiklərini eşitdim.
Şeyx Əbdürrəhmanın oğlu Abdullah (1405 ö.) mənə atasının bu əsərlərini hədiyyə etmişdi:
Teysirul-Lətifil-Mənnan fi Xülasəti Təfsiril-Quran;
əl-Qəvaidul-Hisan li-Təfsirul-Quran;
Fəvaidu Mustənbata min qissati Yusuf əleyhissalam.
Bu üç kitabı oxudum və sətirlərində bu təfsirə yönəltmələr tapdım. Müxtəlif vaxtlarda bu təfsirdən istifadə edirdim. 1418-ci ildə bir qrup dəyərli alimin hazırladığı “ət-Təfsirul-Müyəssər” adlı kitabın Mədinədə olan Mushafuş-Şərif Kral Fəhd Nəşriyyat Cəmiyyətinin çap etdiyi nüsxəsinin son araşdırmalarını apardığım vaxtlarda, bəhs edilən təfsirin İbn Cərir ət-Təbəri (310 ö.) və Səədinin təfsirlərinə çox böyük etimadla yanaşdığını gördüm. Bundan sonra Səədinin təfsirinə rəğbətim və istəyim daha da artdı.
Səədinin digər məziyyətlərindən biri də onun İbn Teymiyyə və İbn Qeyyimə (Allah onlara rəhmət etsin) xüsusi münasibət bəsləməsi və kitabını onlardan əxz etdiyi faydalı seçmələrlə bəzəməsi idi.
Səədi ayələrdən məharətlə nəticələr çıxararaq kitabını asanlaşdırıb bizə təqdim etmişdir.
Məsələn, “Bəqərə” surəsinin “Deyin: “Biz Allaha, bizə nazil olana...iman gətirdik...” (136-cı) ayəsi6 və “Maidə”surəsində keçən dəstəmazla bağlı 6-cı ayə7 dediyimizə ən gözəl nümunədir.
Xüsusilə peyğəmbərlər haqqında hekayətlərin sonunda qiymətli və faydalı nəticələr çıxarmışdır... Əhzab surəsinin bir ayəsində8 bu incə və lətif mövzuya belə toxunulmuşdur: “Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! (Mədinənilər);
Din qardaşlığını və İslam bağını atıb millətçilik çığır-bağırı salmaq cahillik əlamətlərindəndir.
Mən belə faydalı nəticələr çıxaran başqa birisini hələ görməmişəm. Bu ayə, milliyyətçiliyin İslama aid olmadığını bildirən daha üç ayəni də ehtiva edir.
Dərin biliyi və bu sahədəki yetərli imkanlara malik olmasından bəhs etdikdən sonra, onun gözəl həyat tərzinə nəzər salaq. Onun tərcümeyi-halında nümunəvi olması, itaətətkarlığı, xeyirxahlığı və yaxşılığı, doğruçu və sağlam düşüncəli olması üzə çıxır. Onun tərcümeyi-halında əksini tapmamış bir hadisə:
Məkkə xəzinələrindən olan Siddiqə kitabxanasının sahibi Şeyx Əbdürrəhim Sadiq əl-Məkkinin (1408 ö.) mənə izah etdiyinə görə, o, Şeyx Səədinin namaz qılmasının şahidi olmuş, onun xuşusunu və Allaha bağlılığını bildirən şeylər görmüşdür. Alimlər Şeyx Muhəmməd Həmid əl-Faqinin də (1379 ö.) Əhməd Şakir (1377 ö.) haqqında da belə dediyini rəvayət edirlər:
“Namazı tam xuşu içində, Allaha müti halda Əhməd Şakir kimi qılan bir adam görməmişəm”.
Biz də bu böyük müfəssir alimin Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözünə uyğun əvəzini almasını diləyirik:
“Lədunni elminə9 gəlincə, şübhəsiz ki, Fövqəluca Allah təqva sahibi olan vəlilərinin və saleh qullarının qəlblərini, xoşlanmadığı şeylərdən təmizlənmələri və sevdiyi şeylərə riayət etmələrinə görə, başqalarının qəlbini açmadığı bir tərzdə açar.
Bu isə, hz. Əlinin (Allah ondan razı olsun) dediyi: “...Allahın Kitabı barədə quluna verdiyi anlayış istisna olmaqla...” və bu əsərdə olduğu kimidir: “Bildiyinə əməl edən insana, Fövqəluca Allah bilmədiyinin elmini də verir”.
Quranda bu məsələyə bir çox ayələrdə toxunulmuşdur. Belə ki, Allah buyurur:
“...Əgər onlar özlərinə verilən öyüd – nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı ...və onları doğru yola yönəldərdik” (Nisa, 4/66,68).
Ayrıca olaraq Fövqəluca Allah Onun əmrlərini yerinə yetirənləri doğru yola yönəldəcəyini bildirərərk belə buyurur:
“Allah Onun razılığını axtaran şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16).
“Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 47/17).
“...Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq” (Kəhf, 18/13).
“Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yolu göstərən rəhbər və mərhəmətdir” (Casiyə, 45/20).
“...Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbərlik və mərhəmətdir” (Əraf, 7/203) ... (əl-Fətava, 13/245).”10
Bu təfsir haqqında yazımı qələmə alarkən yadıma Şeyx Əbdürrəhman əd-Dəvsəridən (1399 ö.): “Təfsirçidə axtarılan ən əhəmiyyətli şərt nədir?” – deyə soruşulduqda, dediyi: “Qəlbi Quranla rahatlıq tapandır” kimi verdiyi cavabı düşdü.
Mən, Şeyx Səədidə də bu şərtin olmuş olduğuna inanıram və həqiqətən onun dilindən belə mənali çeşmələr axmışdır. Bu isə Allahın fəzilətindəndir.
Allah ona əvəzini versin!
Beləliklə, deyilmişdir ki: “Quranın mənasını təkcə təmiz qəlblilər anlaya bilərlər. O qəlblər isə təqva sahiblərinin qəlbidir” (Bax: əl-Fətava, 13/245).
Fövqəluca Allah Nəcdli alim Səədiyə bu sahədə ilk əsər yazanlardan olmasına görə xeyirlər versin. Mən Nəcdli alimlər arasında Quranı bu gözəllikdə tam təfsir edən daha bir başqasını tanımıram.
Həqiqətən də, Fövqəluca Allah bizə bu təfsirin müsəlmanlar arasında qəbul edilməsini və yer üzünün hər tərəfinə yayılıb dəfələrlə nəşr edilməsini nəsib etdi.
Dostları ilə paylaş: |