Sərdarabad qalasının işğalı
General- adyutant Paskeviç əsas qüvvələri ilə Eçmiədzinə gələn günü çoxdan gözlənilən mühasirə topları da gəlib çatdı. O, məlumat alır ki, Sərdərabad qalasında çoxlu ərzaq ehtiyatı toplanmışdı. Baş komandan gələcək yürüşünü təmin etmək üçün ilk zərbəni bu qalaya vurmağa qərara aldı (177,138). Onun bu planı çox gizli saxlanılırdı. Hətta Paskeviç Abbas Mirzənin sülh danışıqları üçün göndərdiyi çaparına inanmamış və onu cavabsız qoymuşdu (304,493). 1827-ci il sentyabrın 11-də general Paskeviç əsas qüvvələri ilə Sərdərabad qalasına doğru hərəkət edərək, səhəri günü bura gəlib çatdı. Bu xəbəri eşidən Abbas Mirzə Makuya çəkilir. Hüseynqulu xan və qardaşı Həsən xan öz qüvvələri ilə yenə də rus qoşunu ilə təkbətək qaldı (5,645-646; 200,561).
Sərdarabad qalası rus qoşunu tərəfindən sentyabrın 14-də güclü mühasirəyə alındı. Mühasirə qoşunlarının başçısı general-leytenant Krasovski təyin edildi (137,31). Qalanı tezliklə ələ keçirmək üçün rus komandanlığı hücum planını hazırlamışdı. Hücumu müvəffəqiyyətlə həyata keçirmək üçün qala güclü top atəşinə tutulmalı idi. Bombardıman qalanın cənub hissəsində yerləşən sərdar bağları tərəfindən nəzərdə tutulmuşdu (177,115-139).
Sərdarabad qalasına hücumdan əvvəl Paskeviç, qraf Suxtelenin başçılığı ilə bir dəstə əsgəri Osmanlı sərhəddi yaxınlığında yerləşən Qulp duz mədənini tutmağa göndərmişdi. Rus komandanlığı burada kifayət qədər ərzaq ehtiyatının olması haqqında məlumat almışdı. Qraf Suxtelenin dəstəsi tapşırığın öhdəsindən bacarıqla gəldi. Sentyabrın 12-də bu dəstə özü ilə 400 çetvert taxıl və 500 baş iribuynuzlu mal-qara ilə geri qayıtdı (5,646: 416,312-313).
Sərdərabad qalasının güclü və ərzaqla bol olması haqqında yuxarıda bəhs edilmişdi. Bu dövrdə qalanın qarnizonu 14 topa malik 1500 dəstədən ibarət idi (177,112). Həmin vaxt qalaya Həsən xanın nəvəsi Fətəli xan başçılıq edirdi. Lakin qalanın mühasirəyə alındığını eşidən Həsən xan gecə qalaya daxil ola bilmişdi. Həsən xan qala müdafiəçilərini sayıqlığını itirməmək üçün 1808-ci ildə İrəvanda rus qoşununa qarşı mübarizədən danışaraq onları ruhlandırırdı (200,561). Onun səyi nəticəsində qala müdafiəçiləri güclü müdafiə olunurdu. Sentyabrın 15-də müdafiəçilər qala ətrafında topları yerləşdirmək üçün iş görən rusları atəşə tutdular. Bu atəş nəticəsində bir nəfər öldü. Lakin sentyabrın 16-da dövrün güclü silahlarından olan mühasirə topları Sərdərabada gətirildikdən sonra vəziyyət dəyişdi. Qalanın cənub qərb hissəsində 300 sajen aralıda 6 belə top quraşdırıldı. Sentyabrın 18-də toplar qalanı bombardıman etməyə başladı. Həmin gün qalaya 500 mərmi atıldı. Bombardıman nəticəsində qalanın dördkünc qülləsi dağıdıldı. Səhəri günü davam edən bombardıman nəticəsində qalanın divarlarına və evlərə böyük ziyan dəydi. Qalanın aramsız atəşə məruz qaldığını görən müdafiəçilər sentyabrın 19-u saat 5-də ağ bayraq qaldırmağa məcbur oldu. Həsən xan tərəfindən göndərilmiş elçi Paskeviçin yanına gələrək xanın məktubunu ona təqdim edir. Məktubda xan 3 gün müvəqqəti barışıq xahiş edərək, qarnizonun geri çəkilməsinə icazə istəyirdi. Lakin Paskeviç xanın bu xahişinə qəti etiraz edərək, ona təslim olmaq üçün 24 saat vaxt verdi. Eyni zamanda qalanın bombardımanı daha da gücləndirildi. Vəziyyətin çıxılmaz olduğunu görən Həsən xan sentyabrın 19-u axşam qaranlıqdan istifadə edərək iki yaxın adamı ilə qaladan qaçdı. Onun ardınca 1.500 nəfərdən ibarət olan qarnizon qaladan çıxaraq müxtəlif istiqamətlərə-İrəvan, Alagöz və Osmanlı sərhəddinə qaçmağa başladı. Rus süvari dəstələri qaçanları təqib edərək xeyli irəvanlı qırdı. Təqib nəticəsində 500 nəfər öldürülmüş və 200 nəfər isə əsir götürülmüşdü (5,646-647; 200,561; 115,563-564; 177,138-140; 304,498).
Dörd günlük mühasirədən sonra sentyabrın 20-də rus qoşunu Sərdərabad qalasına daxil oldu. Qalanı işğal edən rus qoşunu 13 top, 14 min çetvert buğdası olan anbar, çoxlu pambıq parça, barıt və sursat qənimət ələ keçirdi (5,647; 200,561-562; 115,563-564; 177,138-140). Qalanı qorumaq üçün Paskeviç polkovnik Xamutovun başçılığı ilə bir piyada batalyonu, erməni və kazaklardan ibarət bir dəstə qoyaraq Eçmiədzinə qayıdır (115,564). Sərdarabad qalasının beş günlük mühasirəsi zamanı 8 rus əsgəri ölmüş, 3 zabit və 15 əsgər isə yaralanmışdı (177,132; 125,146).
Sərdərabad kimi güclü qalanın alınması şahı dəhşətə gətirmişdi. O, İrəvan və Naxçıvan xanlıqlarının güzəştə getmək şərti ilə sülh danışıqlarına başlamağı tələb etdi. Lakin şahzadə atasının bu haqda göndərdiyi fərmanı icra etməyərək, onu bir müddət özündə saxladı. Abbas Mirzə İrəvan qalasının rus qoşununa güclü müqavimət göstərməsinə ümid edərək, rus komandanlığından daha sərfəli şərtlərlə danışıq aparmaq istəyirdi. Lakin İrəvan qalasının süqutu onun bütün ümidlərini puç etdi (117,569). Başqa bir məlumata görə, şah Sərdarabadın işğalından sonra özünə yaxın olan xanlardan birini ingilis məmurları ilə birlikdə Paskeviçin yanına göndərmişdi. Lakin onlar gələnə qədər artıq İrəvan qalası da süqut etmişdi. General Paskeviç onlarla sərt danışmış və qeyd etmişdi ki, İrəvandan birbaşa Təbrizə yürüş edəcəkdir (5,649).
İrəvan qalasının süqutu. Sərdarabad qalasında qarnizon yerləşdirən general adyutant Paskeviç əsas qüvvələrlə geri qayıdaraq, sentyabrın 22-də Eçmiədzinə gəlib çatdı. Sentyabrın 23-də isə bütün qoşun İrəvana doğru hərəkət etdi. Rus qoşunu qaladan 2 verst aralı Zəngi çayının sahilində mövqe tutaraq, qalanın mühasirəsinə başlayır (116,565; 304,505). Rus komandanlığı İrəvan qalasının işğalını tez bir zamanda başa çatdırmaq niyyətində idi. Çar da Paskeviçdən Təbrizə yürüşdən qabaq İrəvanın işğalını tələb etmişdi. Digər tərəfdən, həmin vaxt Rusiyanın beynəlxalq vəziyyəti mürəkkəbləşmiş, Osmanlı dövləti ilə münasibətləri müharibə həddinə çatmışdı. Müharibə olacağı təqdirdə İrəvan qalası rus qoşunu üçün hərbi və ərzaq bazası rolunu oynamalı idi. V. Potto yazır ki, «Bu zaman İrəvanı mühasirədə saxlayaraq Təbrizə hərəkət etməklə əməliyyat meydanının böyük məsafədə uzanması və Təbrizdə əsas qüvvələrin müvəffəqiyyətsizliyə uğrayacağı təqdirdə mühasirə dəstəsinin vəziyyəti çətinə düşə, yaxud qorxulu ola bilərdi. Düşmən Təbrizlə İrəvan arasında dolaşmaqla əlaqəni kəsə bilərdi, bu da rus qoşununu əməliyyat xətti ilə deyil, Qarabağ tərəfdən- Mehri, Aslandüz, yaxud Xüdafərin körpüsündən geri çəkilməyə məcbur edərdi. Onda Naxçıvan asanlıqla düşmənin əlinə keçə bilərdi və bütün əməliyyatın nəticəsi itirilərdi» (304,504). Məhz bu səbəblərdən rus komandanlığı qalanın tez bir zamanda işğalı üçün gərgin işə başladı. Qala ətrafında mühasirə xətti yaradıldı. Mühasirə qoşunlarının başçısı general-leytenant Krasovski təyin olunmuşdu (137,31). Hücumdan qabaq qalanın ətrafını gözdən keçirən general-adyutant Paskeviç sentyabrın 24-də şura çağırdı. Şurada qalaya hücum planı müzakirə olundu (304,506).
Qeyd etmək lazımdır ki, hələ rus qoşunu iyunun 22-də mühasirəni götürdükdən sonra qalada xeyli dəyişiklik baş vermişdi. İrəvanlılar qalanı möhkəmləndirmək və rus qoşununu asanlıqla qalaya yaxınlaşmaq imkanından məhrum etmək üçün bir neçə tədbirə əl atmışdı. Hər şeydən əvvəl, qalanın şərq hissəsinin əks tərəfində yerləşən xəndək yaxınlıqda yerləşən bataqlıqdan götürülən palçıqla daha da hündürləşmiş, Qırxbulaq çayına qədər qalaya bitişik şəhərətrafı dağıdılmışdı. Qalaya paralel daş divar və hətta evlər sökülmüş, bağlarda olan bütün ağaclar qırılmışdı. Qalanın şimal hissəsində yerləşən gözəl karvansara və bir çox evlər də sökülmüş, yalnız şəhərətrafında yerləşən məscid qalmışdı. Bundan əlavə qala qarnizonu 2.000 nəfərdən 4.000 nəfərə çatdırılmış, Həsən xan başda olmaqla Sərdarabad qala qarnizonunun sağ qalan üzvləri onlara qoşulmuşdu. Sərdarabad qalasından qaçan Həsən xan İrəvan qalasına gələrək rəhbərliyi öz üzərinə götürmüşdü (177,143).
İrəvan xanı Hüseynqulu xan isə şah qoşunu geri çəkildikdən sonra bir dəstə atlı qoşunla ailəsi ilə birlikdə Araz çayını keçərək Maku qalasına sığınmışdı. Lakin o, İrəvan qalasının işğalını eşitdikdən sonra Təbrizə getmişdi (5,649; 177,68; 396,35).
Sərdarabad kimi qalanın süqutu İrəvan qalası müdafiəçilərinə böyük təsir göstərmiş və onları ruhdan salmışdı. Lakin xanın qardaşı Həsən xanın qalaya daxil olması müəyyən qədər onları ruhlandırmışdı. Hətta onun göstərişi ilə sentyabrın 24-də qala müdafiəçiləri toplardan rus qoşununa atəş açmağa başladı. Lakin bu atəşlər rus qoşununa heç bir təsir göstərməmişdi (116,565; 304,505).
Qalanın ətrafında mühasirə işləri görən rus qoşunu müxtəlif yerlərdə toplar yerləşdirməyə başladı. Sentyabrın 25-i şəhərin şərq tərəfində yerləşən «Müxənnət təpəsi»ndə top yerləşdirən rus qoşunu qalaya bir neçə bomba atdı. Beləliklə, qalanın bombardıman edilməsi başladı. Səhəri günü qalanın şərq hissəsində yerləşən şəhər ətrafında qala divarlarından 300 sajen aralıda yerləşən təpədə yeni 6 top və 4 mortir (qısalüləli top-E.Q.) quraşdırıldı (116,565).
Sentyabrın 26-sı səhər qala həmin toplardan güclü atəşə tutulur. Qala müdafiəçiləri də toplardan rus qoşununa cavab verirdi. Lakin təcrübəli topçuların olmaması üzündən onların atdığı mərmilər rus qoşununu bir o qədər də narahat etmirdi. Digər tərəfdən, topçuların bəzisi ermənilər olduğundan, onlar xəyanət edərək topu rus qoşununa tərəf deyil, boş yerlərə atırdılar. Qalaya sığınmış ermənilərin xəyanəti bununla bitmirdi. Ermənilər gizli surətdə qalada baş verən hadisələri, qala müdafiəçilərinin sıx yerləşdiyi yerləri rus komandanlığına çatdırırdı (396,36). Buna görə də, rusların atdığı mərmilər hədəfə dəyirdi. Həmin gün atılan mərmilər qala daxilində baş məscidə, sərdarın sarayını zədələdi. Bütün gecə bombardıman davam etdirildi (304,506-507).
Qala müdafiəçilərinin inadkarlığını görən rus qoşunu hər gün qalanın müxtəlif yerlərində mühasirə toplarının sayını artırırdı. Sentyabrın 27-si gecə birinci batareyaya paralel sağ tərəfdə yeni 12, sol tərəfdə isə 6 top yerləşdirildi. Həmin gün qala 18 topdan güclü atəşə tutuldu. Atılan top mərmiləri qala divarlarını zədələdi. Lakin irəvanlılar dağılmış yeri vaxtında hörə bildi. Səhəri günü həmin toplardan qalanın bombardımanı davam etdirildi. Top mərmiləri qala daxilində böyük dağıntı törətmişdi. Bombardıman nəticəsində qalanın divarına, qüllə və tikililərə böyük ziyan dəymiş, mazğallar tələf olmuş, ruslara əks cavab verən bir neçə top sıradan çıxmışdı (116,565; 177,152). Bombardıman qalaya sığınmış dinc əhaliyə elə təsir göstərdi ki, onlar Həsən xanı və qarnizonu məzəmmət edərək təslim olmağa tələb etməyə başladılar. Lakin Həsən xan bir bəhanə ilə rus qoşununun geriyə cəkiləcəyi və Abbas Mirzədən əlavə kömək gələcəyini bildirərək onları sakitləşdirməyə çalışırdı (116,565; 304,508). Öz növbəsində xanın adamları sentyabrın 28-də gecə və gündüz rus qoşununu tüfənglərdən güclü atəşə tutmaqda davam edirdi (177,152-153).
Lakin sentyabrın 29-da rus qoşunu qalanın qarşısında yeni toplar quraşdırdı. Onlardan atılan mərmilər qalanın cənub şərq hissəsindəki qülləni, ona bitişik səddi və bir neçə mazğalı dağıdır. Həmin gün Paskeviç qalanı könüllü təslim etmək üçün Həsən xanın yanına elçi göndərdi. O, qalanın könüllü təslim olunacağı təqdirdə, qarnizona azad surətdə istədiyi yerə geri çəkilməsinə söz verirdi. Düşünmək üçün Həsən xana 6 saat vaxt verildi. Lakin xandan heç bir cavab gəlmədi (116,565; 304,509).
Sentyabrın 30-da qalanın bombardımanı davam etdirildi. Əhalinin təzyiqinə məruz qalan Həsən xan vaxt qazanmaq üçün rus komandanlığı ilə danışıqlara başlamağa məcbur oldu və həmin günü günorta Paskeviçin yanına elçi göndərdi. O, baş komandana xanın adından yazılmış məktub gətirmişdi. Məktubda Həsən xan Abbas Mirzənin fikirini öyrəndikdən sonra qalanı təslim edə biləcəyini bildirmişdi. Lakin Paskeviç şahzadənin vasitəçiliyi olmadan, şərtsiz tabe olunmasını tələb etdi. Əks təqdirdə o, xanı rus qoşununun gücü ilə qorxudurdu. Elçi bu cavabla da geri qayıtdı (116,566; 177,159).
Lakin Həsən xan təslim olmaq fikirində deyildi. Onun inadkarlığını görən bir qrup dəstə qiyam qaldırdı. Qiyam yatırılır və onun bir neçə təşkilatçısı Həsən xanın əli ilə öldürülür (177,165).
Xandan heç bir cavab almayan rus qoşunu bombardımanı davam etdirir. Oktyabrın 1-i bütün gecə 40 topdan qala fasiləsiz olaraq atəşə tutuldu. Qalaya mindən çox mərmi atıldı. Qala daxilində çoxlu tikinti dağıntıya məruz qalmışdı (177,566; 304,511).
Güclü bombardıman axır ki, öz bəhrəsini verdi. Oktyabrın 1-də səhər saat 8-də qalanın şərq tərəfində yerləşən qüllədən bir neçə nəfər ağ bayraq qaldıraraq təslim olmaq istədiklərini bildirdi. Lakin təslim məsələsində qalada iki qruplaşma var idi. Qala müdafiəçilərinin bir hissəsi təslim olmaq istəsə də, digər hissəsi Həsən xanın başçılığı ilə müqavimət göstərmək fikirində idi. Çünki ağ bayraq qaldırılsa da, qalanın bəzi yerlərində müqavimət davam edirdi. Xüsusilə, qalanın cənub tərəfində irəvanlılar silahlardan rus qoşununu güclü atəşə tutmuşdu (116,566). Hətta Həsən xan qarnizonu düzərək şəxsən özü ruslara qarşı döyüşə aparmaq istəyirdi. Lakin yaxın adamları onu bu fikirndən döndərə bildi (396,36).
Vəziyyətin çıxılmaz olduğunu görən piyada və süvarilərdən ibarət bir dəstə qalanın şimal tərəfindən çıxaraq Zəngi çayını keçməyə cəhd etdi. Lakin rus qoşunu onları geri qaytarmağa müəffəq oldu. Şəhər ağsaqqallarının təslim tələbi ilə təzyiqə məruz qalan Həsən xan yüksək rütbəli 60 nəfər məmurlarla birlikdə qaladan qaçmaq istəsə də, kazakların atəşi nəticəsində geri qayıtmağa məcbur oldu (137,32).
Qaladan hər cür qaçışın qarşısını almaq üçün rus komandanlığı butün çıxışları nəzarətə götürməyi qərara almışdı. Qalanın şimal qapısı tərəfdə Zəngi çayı üzərində bir ulan (nizəli süvari əsgər-E.Q.) diviziya və 100 kazak dəstəsi yerləşdirilmişdi. İki bölük yeqer dəstəsi isə qərb tərəfdə qaladan çıxışı nəzarətə götürmüşdü. Bundan əlavə, rus qoşunu qalanın çöl qapısının qarşısında olan xəndəyi təmizləyərək içəridə olan qapıya yaxınlaşmışdı. Burada irəvanlıları təslim olmağa çağıran Belov şəxsən Həsən xan tərəfindən güllələnmişdi (3,23; 177,165).
İrəvanlıların təslim olmayacağını yəqin edən rus qoşunu qalanın bombardımanını daha da gücləndirdi. Bombardıman nəticəsində qalanın qapısı sıradan çıxır və rus qoşunu qalaya daxil ola bilir. İrəvan qalasının alınması ilə bağlı general adyutant Paskeviçin oktyabrın 3-də general adyutant Sipyaqinə yazdığı məktubda hadisəni belə təsvir edirdi: «Mühasirə işləri zamanı divarın altına qədər lağım atılmış, artilleriya son dərəcə gözəl müvəffəqiyyətlə dağıdıcı hərəkət edirdi. İrəvanı işğal etməkdən əvvəl axırıncı gecə düşmən qalanın tutulacağından qorxaraq güclü top atəşi açır, lakin bizim artilleriyanın müvəffəqiyyətli atəşi qalanın divarını dağıdır, qarnizon xeyli itki verdi. O biri günü şəhərdə qarışıqlıq başlayır, səhər çağı divarın üstündə təslim olmaq üçün papaqla əl edən adamlar göründü. Bunu görən bizim qoşun dağılmış divardan qalaya daxil oldu. Xilas olmaq yolunu görməyən qarnizonun bir hissəsi silahlarını ataraq aman istəyir, digər hissəsi isə müdafiə olunmaq istəyirdi. Lakin bir neçə dəqiqədən sonra qala qapısı dağıdılraraq müqavimətsiz ələ keçirildi» (17,1).
Qalaya daxil olan rus qoşunu qırğına başlayır. Azğınlaşmış rus qoşunu hətta xanın hərəmlərinə belə aman vermədi. Hərəmxananın pəncərəsindən saraya daxil olan ruslar xanın hərəmlərini süngülərin ucunda bir neçə sajen hündürlükdən Zəngi çayının daşlı sahilinə ataraq öldürdü. Bu qırğında onlara qoşulan ermənilər daha fəal idi. Ermənilər xan sarayına daxil olaraq burada olan qiymətli əşyaları çapıb talamışdılar (396,37). Lakin Paskeviçin səyi nəticəsində qarət dayandırıldı. Qalanın lazımi yerlərində keşikçi dəstələri yerləşdirildi. Üç minlik qarnizon təslim oldu. Lakin xan sarayının yaxınlığında yerləşən məsciddə 200 nəfərlə gizlənmiş Həsən xan müqavimət göstərmək qərarına gəlmişdi. Qraf Suxtelenin başçılığı ilə məscidi mühasirəyə almış bir dəstə onun qapısını sındırmağa müəffəq oldu. Məcburiyyət qarşısında qalan xan təslim olmağa qərara aldı. Həsən xanla bərabər digər 6 nəfər xan da əsir götürüldü. Bunlar qala rəisi, xanın kürəkəni Sübhanqulu xan, Abbas Mirzənin ən yaxşı qvardiyasının başçısı Qasım xan, Mərəndli Cəfərqulu xan, Əlmərdan xan Təbrizli, Aslan xan və Fətəli xan idi. Rus qoşunu İrəvan qalasında 4 bayraq, 37 top, 2 qaubiç, 9 mortir, 50-ə qədər falkonet, çoxlu top mərmisi, 14.000 çetvert buğda və beş aylıq ərzaq ehtiyatı qənimət ələ keçimiş, 3000-dən çox adam əsir götürmüşdü (17,2; 116,564-567; 78,231; 126,33-34; 304,514-517). İrəvanın mühasirəsi zamanı rus qoşunlarından 1 zabit, 8 əsgər ölmüş, 2 zabit və 44 əsgər isə yaralanmışdı (177,165-166; 125,146).
İrəvan qalasının süqutunun siyasi cəhətdən Rusiya üçün böyük əhəmiyyəti vardı. Paskeviç oktyabrın 3-də çara yazdığı məlumatda İrəvan qalasının bölgə üçün əhəmiyyətini belə qiymətləndirmişdi: «İndi ləzgilər, dağıstanlılar və Qafqaz dağlarının bütün qiyamçıları daimi sığındığı, pulla, silahla və bütün məkirlikləri ilə İran siyasətinə kömək etdikləri bu şəhərin (qalanın-E.Q.) süqutuna dözməlidirlər. Onun şöhrəti Türkiyə və İranda hədsizdir…» (116,567). İrəvan kimi möhtəşəm qalanın işğalının Rusiya üçün əhəmiyyətini sübut edən hadisələrdən biri, çar I Nikolayın bu hadisə ilə bağlı Sankt-Peterburqda təntənəli mərasim keçirməsidir. Çar bu münasibətlə Qış Sarayının kilsəsində ibadət etmiş, İrəvan qalasının açarları və qənimət götürülmüş 4 bayraq təntənəli surətdə xalqın alqışları altında paytaxt küçələrində gəzdirilmişdi (304,518). Bu qələbə münasibətilə bir çox zabit heyəti çar tərəfindən medallarla təltif edilmişdi. Baş komandan general-adyutant Paskeviç oktyabrın 29-da 1 mln. rubl pul mükafatına, qraf titulu və 2-ci dərəcəli Müqəddəs Yenilməz Georgi xaçına layiq görülmüşdü (78,231; 304,519).
İrəvanın işğalı Rusiyanın bölgədə nüfuzunu daha da gücləndirdi. Noyabrın 23-də Paskeviç yazdığı məlumatda işğaldan sonrakı vəziyyəti belə təsvir edirdi: «iranlılara qarşı bizim silahımızın müvəffəqiyyəti türklərə böyük təsir göstərmişdi, İrəvanın alınmasını eşidən Ərzurum hakimi tez bir zamanda Konstantinopola (İstambula-E.T.) məlumat üçün çapar göndərdi. Bundan sonra onlar bizimlə münasibətdə çox nəzakətlidirlər» (161,206).
İrəvanda 4 gün qaldıqdan sonra Paskeviç burada Krasovskinin rəhbərliyi ilə Müvəqqəti hökumət təşkil etdi. Bu hökumətin tərkibinə azərbaycanlıların qatı düşməni olan arxiyepiskop Nerses də daxil idi (221,259; 126,34-35; 78,231-232). Müvəqqəti hökumətin tərkibinə daxil olan Nerses rus nümayəndələrinin inamından istifadə edərək azəri türklərini incidir və onlara qarşı ədalətsizlik edirdi (221,259-260).
İrəvanın işğalından sonra rus qoşunu cənub istiqamətində yürüşə başlayaraq, Xoy, Mərənd, Səlmas, Marağa və digər yerlər də daxil olmaqla Təbrizə qədər əraziləri işğal etdi. Rus qoşununu paytaxta yürüş edəcəyindən qorxan şah hökuməti danışıqlara başlamağa məcbur oldu. Uzun danışıqlardan sonra 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində Rusiya ilə İran arasında 16 maddədən ibarət müqavilə imzalandı. Bu müqavilənin üçüncü bəndinə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə keçdi (419,252; 126,44-45; 22,277-283).
Türkmənçay sürh müqaviləsindən sonra Rusiya yeni işğal edilmiş xanlıqlarda inzibati ərazi bölgüsü həyata keçirdi. 1828-ci il martın 21-də çarın verdiyi fərmana əsasən, İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və əvəzində hər iki xanlığın daxil olduğu ərazidə «Erməni vilayəti» yaradıldı (400,278).
Beləliklə, Azərbaycanın ən uzunömürlü xanlıqlarından biri olan İrəvan xanlığı Rusiya imperiyası tərəfindən işğal olundu. Rusiya bu xanlığı işğal etmək üçün 23 ildən çox gözləməli olmuşdu. Azərbaycanın ayrı-ayrı kiçik feodal qrumlarına parçalanması, onların bir-birinə olan torpaq iddiaları, baş verən ara müharibələri, xarici müdaxilələr xanlıqların, o cümlədən, İrəvan xanlığının zəifləməsinə gətirib çıxarmışdı. İrəvan xanlığı uzun müddət müstəqilliyini xarici müdaxilədən qoruyub saxlaya bilmişdi. Lakin hərbi cəhətdən daha güclü olan və dövrün müasir silahlarına malik Rusiya çətinliklə də olsa bu xanlığı işğal edə bildi. İrəvan xanlığı ləğv olundu və onun ərazisində Rusiya imperiyasının tərkibinə daxil olan «Erməni vilayəti» yaradıldı. Nəticədə, Osmanlı imperiyası və İranla sərhəddə bufer zona yaradan Rusiya Azərbaycanın bu qədim ərazisini «xristianlaşdırmağa»-erməniləşdirməyə başladı. Beləliklə, ermənilər çoxdan arzu etdikləri məqsədə- Rusiyanın köməyi iləAzərbaycan ərazisində dövlət yaratmaq istəyinin birinci mərhələsinə nail oldular.
2.6. Görkəmli İrəvan xanı Hüseynqulu xanın (1806-1827) şəxsiyyəti və fəaliyyəti haqqında
Dostları ilə paylaş: |