ELÇİn qarayev iRƏvan xanliğI (1747-1828) baki 2010



Yüklə 4,58 Mb.
səhifə17/31
tarix03.02.2017
ölçüsü4,58 Mb.
#7388
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

İrəvan xanlığı ilə bağlı məsələlərdə Hüseynqulu xan şah sarayına da təsir göstərə bilirdi. İrəvan xanı Gülüstan sülh müqaviləsindən sonra mübahisəli ərazilər məsələsində prinsipiallığı ilə fərqlənmişdi. Rusiyanın İrəvana məxsus Göyçə gölünün şimal-şərq torpaqlarını qeyri-qanuni işğal altında saxlamasına qarşı amansız mübarizsi, onun vətənpərvər şəxs olmasını bir daha sübut edir. O, İrəvan torpaqlarının bir qarışının da güzəştə getmək fikirində olmadığını 1825-ci il martın 28-də general leytenant Velyaminovla Fətəli xan arasında sərhəd məsələlərinə dair bağladıqları akta münasibətində görmək olar (175,53-56). Hüseynqulu xan bu akta qarşı çıxmış və rus komandanlığına məktub göndərərək bu ərazilərin İrəvan torpaqları olduğunu bildirmişdi (294,891). Xan nəinki məktub göndərmiş və hətta bu əraziləri rus qoşunundan təmizləmək üçün tədbirlərə əl atmışdı.

Bundan əlavə, Hüseynqulu xan şah yanında fəaliyyət göstərən müşavirələrdə həlledici səsə malik idi. O, qardaşı ilə birlikdə sülh müqaviləsinin əleyhinə çıxmış, ruslara qarşı mübarizənin tərəfdarı olmuşdu (129,562).

Hüseynqulu xanın İrəvan xanlığının iqtisadiyyatının inkişafında da böyük xidmətləri olmuşdu. Rusiya-İran müharibələri dövründə hərbi əməliyyatların qızışdığı bir ərazi olduğundan xanlığın iqtisadi həyatı güclü dağıntıya məruz qalmışdı. Döyüşlər nəticəsində kəndlər dağıdılmış, əhalinin bir hissəsi qonşu ölkələrə qaçdığından, digər hissəsi döyüşlərə cəlb edildiyindən əkin sahələri boş qalmışdı. Lakin dinclik dövründə Hüseynqulu xanın gördüyü tədbirlər xanlığın iqtisadi həyatının dirçəlməsinə səbəb olmuşdu. O, kənd təsərrüfatının inkişafı üçün boş yerlərə əhalini köçürmüş, bağlar, meşələr saldırmış, süni suvarma kanalları çəkdirmiş və müxtəlif xanlıqlardan əhalini öz xanlığına cəlb etmişdi. Bundan əlavə, xan müstəqil torpağı əkmək qabliyyətinə malik olmayan yerli əhalini, xanlıqda məskən salmış qaçqın və köçkünləri, tüfeyli adamları əkinçiliyə cəlb edərək, onlara torpaq sahəsi paylamış, qoşqu heyvanları, əmək aləti və toxumla təchiz etmişdi (415, 450). Hətta o, xanlıqda meyvəçiliyin inkişafına da diqqət yetirmişdi. Bu məqsədlə İrandan və Hindistandan müxtəlif növ meyvə ağacları gətizdirmişdi (415,950). Hüseynqulu xanın hakimiyyəti dövründə vergilər də ədalətlə toplanırdı. O, ilk növbədə torpağın əkilməsinə böyük diqqət yetirərək, vergini əkin sahəsinə, əkinçinin kotanının sayına görə deyil, əldə edilmiş məhsulun keyfiyyətinə və vergi verənin vəziyyətinə uyğun tələb edirdi (388,501). Onun bu siyasəti şəxsi mənafe güdsə də, kənd təsərrüfatının inkişafına və xalqın güzaranına müsbət təsir göstərmişdi.

İrəvan şəhərinin ticarət və sənətkarlıq mərkəzi kimi məşhurlaşmasında onun rolu əvəzedilməzdir. Məhz onun dövründə İrəvan şəhəri beynəlxalq ticarət mərkəzinə çevrilmişdi. Bu şəhərdə müxtəlif ölkələrdən və xanlıqlardan gələn mallar toplanmışdı. Onun İrəvan şəhəri üçün gördüyü işlərdən biri şəhəri su kəməri ilə təchiz etməsi idi. Bir məlumatda qeyd edilir ki, «Keçmiş İrəvan xanlığının bütün ən vacib suvarma qurğuları sonuncu sərdar Hüseynqulu xanın dövründə tikilmişdi. Onun savadsızlığına baxmayaraq, görkəmli hakimlər cərgəsinə qoymaq olar. İrəvan özünün su kəməri kanallarına görə ona borcludur (172,457). Arxitektura baxımından İrəvan şəhərinin məşhurlaşmasında da onun böyük xidməti vardı. Xan sarayında «Güzgülü zal» dövrün ən məşhur abidələrindən biri hesab olunurdu. Digər tərəfdən, Zəngi çayının sağ sahilində Hüseynqulu xan tərəfindən salınmış istirahət yeri olan Sərdar bağı şəhərə xüsusi gözəllik vermişdi (172,444-445).

Beləliklə, Hüseynqulu xan bacarıqlı idarəçiliyi ilə İrəvan xanlığının yüksək səviyyəyə qaldırmış və onu çiçəkləndirmişdi. Bu keyfiyyətinə görə, Hüseynqulu xan uzun illər xalqın yaddaşında yaşamışdı. Onun şəxsiyyət və fəaliyyətinə ən dəyərli qiyməti müxtəlif illərdə İrəvan şəhərində olmuş səyyah A.Qakstqauzen və rus hərbiçisi, knyaz Amilaxvari vermişdi. 1843-cü ilin avqustunda İrəvana gəlmiş A.Qakstqauzen gündəliyində Hüseynqulu xanı əxlaqlı, ədalətli, mərd adlandırmış, ölkənin rifahını düşünən, xalqın savadlanmasına fikir verən bir şəxs kimi onu özündən əvvəlki xanlarla müqayisə etmişdi. O, yazırdı: «Ümumiyyətlə, İrəvan xanları qəddar olublar, lakin axırıncı xan (Hüseynqulu xan-E.Q.) özündə əxlaqi keyfiyyətləri birləşdirən …, ədalətli, güzəştə gedən mərd kişi olub. O, indi də bütün erməni və azərbaycanlıların dilində və yaddaşında yaşayır. O, hədsiz güc sərf edirdi ki, təhsili genişləndirsin və ölkənin rifahını yüksəltsin. Dağıdılmış və məhv edilmiş köhnə kanalların yerində müqayisəyəgəlməz gözəl halda yenisini tikdirirdi, onun köməyi ilə İrəvan yaxınlığında yerləşən çoxsaylı bağlar suvarılaraq daha da gözəlləşmişdi. Onlar sonradan əhaliyə paylanmışdı. Bundan əlavə, onun Avropa iqtisadiyyatına böyük marağı vardı, əhalinin sayını çoxaltmaqla ölkənin rifahının yüksəldiləcəyinə güman edirdi və buna çatmaq üçün qeyri-adi vasitələrə əl atırdı» (122,232). Daha sonra müəllif gündəlikdə Hüseynqulu xanın əxlaqi keyfiyyətinə, onun qadınlara olan münasibətinə görə qiymət vermişdi. A.Qakstqauzen yazırdı ki, «Əvvəlki İrəvan xanları və yüksək rütbəli şəxslər yerli qız və qadınlarıları görəndə o saat zorla ələ keçirərək öz hərəmxanalarına qatırdılar. O, (Hüseynqulu xan-E.Q.) belələrindən ibrət götürmürdü və başqaları belə hərəkət edəndə dözmürdü, qorxudaraq … kəbin kəsməyə məcbur edirdi» (122,232). İşğaldan 50 il sonra- 1876-cı ildə İrəvanda olan rus hərbiçisi knyaz Amilaxvari də Hüseynqulu xanın şəxsiyyətinə yüksək qiymət verərək onun idarəçilik bacarığını Rusiya idarəçilik sistemi ilə müqayisə etmişdi. O, yazırdı: «…Məsələn, onlar (rus məmurları-E.Q.) qəbul etmək istəmirdilər ki, bu möhtəşəm sarayın və bağın axırıncı sahibi İrəvan hakimlərindən olan Hüseynqulu xan ağıllı, istedadlı və məşhur olmuşdu. Onun müdrik rəhbərliyi altında qeyri-adi inkişaf nəticəsində firavan həyatlarına borclu olduqlarına görə, onun haqqında xatirələr bu illər ərzində xalqın hafizəsində yaşayır. Bizim indiki məmurlar Hüseynqulu xanın idarəçilik fəaliyyətindən heç nə öyrənmək istəmirlər və bütün keçmişi laqeyd surətdə vəhşilik dövrü adlandırırdılar. (Rusiya idarə orqanları-E.Q.) iran (İrəvan xanının-E.Q.) idarəçilik sisteminə nifrət etməyi öyrədir, 50 il keçməsinə baxmayaraq bu sistemlə tanış olmamış, həmçinin xalqın ehtiyacı üçün öz xüsusi sistemlərini yaratmamışdılar» (177,448). Bu müəlliflərin verdiyi qiymət Hüseynqulu xanın şəxsiyyətinə və fəaliyyətinə verilən ən dəyərli qiymətdir.


Yüklə 4,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin