Şəhər-qala İrəvan. Xanlığın inzibati-ərazi bölgüsünə İrəvan şəhəri də daxil idi. Bütün xanlıqda yeganə şəhər olan İrəvan heç bir mahala tabe olmayaraq müstəqil inzibati ərazi hesab olunurdu. İrəvan şəhəri Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, İrana və Azərbaycanın müxtəlif xanlıqlarına gedən karvan yollarının qovşağında yerləşdiyindən böyük ticarət və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdi. XVI əsrin Osmanlı salnaməçisi İbarhim Rəhimzadə İrəvan şəhərini «İran və Turanın gözəl şəhəri və Naxçıvan və Şirvanın qapısı» adlandırmışdı (132,75).
XVI əsrin axırlarından başlayaraq İrəvan şəhəri iki hisəyə bölünmüşdü: şəhər və qala. Bu şəhəri məşhur edən onun iri və möhkəm qalaya malik olması idi. Müxtəlif illərdə İrəvanda olmuş səyyahlar, dövlət xadimləri, diplomatlar, kəşfiyyatçılar, hərbiçilər öz xatirələrində İrəvan şəhərindən daha çox bu qalanın təsvirinə böyük diqqət yetirmişdilər. Bu haqda aşağıda bəhs ediləcəkdir.
İrəvan şəhəri Azərbaycanın qədim və böyük şəhərlərindən biridir. Ermənilər bu şəhəri özlərininki saysalar da faktlar bunun tam əksini sübut edir. XIX əsrin 20-ci illərində İrəvanda olmuş Azərbaycan səyyah və coğrafiyaşünası Z.Şirvani səyahətnaməsində yazır ki, «O, (İrəvan) Arran mülkündədir. Azərbaycana məxsusdur. Oraya həm də Çuxursəd deyirlər…» (420,124). Rus müəlliflərindən biri İrəvan şəhərini «görünüşünə görə tatar (Azəri türk-E.Q.) şəhəri» adlandırmışdı (154,42). İrəvan əsrlər boyu Azərbaycan Səfəvilər dövlətinin bəylərbəyliklərindən biri olan Çuxursəd bəylərbəyliyinin mərkəzi olmuşdu. Burada Səfəvi şahları tərəfindən təyin olunan xanların iqamətgahı yerləşirdi (421,101; 52,23; 233,117; 391,88). Lakin bu şəhər dəfələrlə hərbi əməliyyatlar və təbii fəlakətlər zamanı dağıntıya məruz qalmışdı. Belə ki, XVI əsrdən başlayan Səfəvi-Osmanlı müharibələri dövründə bu şəhər dəfələrlə əldən–ələ keçərək dağıdılmışdı. 1679-cu il iyunun 4-də isə baş vermiş zəlzələ nəticəsində şəhər tamamilə xarabalığa çevrilmişdi. Bu şəhəri yenidən bərpa etmək üçün İrəvan xanı Zal xan şaha müraciət etmişdi. Nəticədə Azərbaycanın müxtəlif yerlərindən irəvanlılara kömək gəlmiş və tezliklə dağılmış şəhər bərpa edilmişdi (171,109). XVIII əsrin 20-ci illərin əvvəllərində isə Osmanlı müdaxiləsi zamanı şəhər müqavimət göstərdiyinə görə yenidən güclü dağıntıya məruz qalmışdı (68,11-17).
Bu şəhər haqqında müxtəlif illərdə burada olan səyyahlar çox maraqlı məlumatlar vermişlər. Bu məlumatlar şəhərin coğrafi mövqeyi, evləri, əhalisi və s. əhatə edirdi. XVII əsrin 70-ci illərin əvvəllərində İrəvanda olmuş fransız səyyahı J. Şardən yazırdı: «İrəvan böyük, lakin eybəcər və çirkin şəhərdir. Onun böyük hissəsi bağlardan və üzümlüklərdən ibarətdir. Heç bir gözəl binası yoxdur. O, hər tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə yerləşir. Şimal-qərb tərəfdən Zəngi, cənub-qərb tərəfdən isə Qırxbulaq çayları axırdı…Şəhərdə … çoxlu hamam və karvansara vardır» (52,21-22).
Burada olmuş osmanlı səyyahı Ö.Çələbi şəhərin daxili quruluşunu daha ətraflı təsvir etmişdi. Onun verdiyi məlumata görə, «Şəhərin müxtəlif istiqamətlərinə açılan üç dəmir qapısı vardı. «Təbriz» qapısı cənuba, «Meydan» və yaxud «Yaylı» adlanan qapı isə şimala açılırdı. Bu hissədə cürbəcür oyunların keçirildiyi meydan yerləşirdi. Nəhayət, üçüncü «Körpü» qapı adlanırdı… Burada xanlar xanı (Bəylərbəyi-E.Q.) otururdu. Həmçinin burada qazı, molla, şeyxi-şərif, kələntər, darğa, münşi, yasavul ağa, qoruqçubaşı, eşik ağası, diz çökən ağa, mehmandar və şexbəndar yerləşirdi. Şəhərdə 2060 ev vardı. Ən gözəl bina Əmirgünə xan tərəfindən tikilmiş xan sarayı idi… «Yaylı» qapısının qarşısında böyük qəsəbə yerləşirdi. Buranı köhnə şəhər adlandırırdılar. Bu qəsəbədə karvansaralar, məscid və bazar yerləşirdi. «Körpü» qapısı yaxınlığında xan üçün üzümlük salınmışdı. Burada həmçinin çoxlu məscid, xan üçün hamam, bazar vardı. İrəvan müasir şəhərdir» (411,154-155).
Müstəqil xanlığın mərkəzi olduqdan sonra İrəvan şəhəri böyük ticarət və sənətkarlıq mərkəzinə çevrilmişdi. Şəhər haqqında ətraflı məlumatı rusdilli mənbələrdən əldə edə bilmişik. Mənbələrdə şəhərin coğrafi vəziyyəti, sahəsi, quruluşu, evlərinin, əhalinin sayı, tərkibi və s. haqqında daha ətraflı məlumatlar toplanmişdı. 1829-1832-ci illərdə keçirilən kameral təsvirə görə, İrəvan şəhəri şimaldan Qırxbulaq mahalı, cənubdan və qərbdən Zəngibasar mahalı, şərqdən isə onu Gərnibasar mahalından ayıran Oxçaberd dağının daşlı pillələri ilə həmsərhəd idi. İrəvan şəhəri geniş bağları ilə birlikdə kifayət qədər geniş ərazini tuturdu. Onun sahəsi 28 kv verstə bərabər idi (415,464). Başqa bir məlumatda deyilirdi ki, «İrəvan şəhəri demək olar ki, düzənlikdə yerləşirdi, lakin bəzi evlər şəhəri iki tərəfdən əhatə edən təpəliklər üzərində ucalirdi. Ümumiyyətlə, şəhərin əsas hissəsi Ağrı dağına və bütün Araz vadisinə açılan oval formasında idi. Zəngi çayı şəhəri çayın sağ sahilində yerləşən bağlardan ayırırdı… Bazar və karvansaradan başqa şəhərin bütün evləri bağlarla əhatə olunmuşdu. Şəhərin ona məxsus olan bağlarla, taxıl zəmiləri ilə birlikdə sahəsi 50 verstə bərabərdir (172,456).
İrəvan şəhəri «Şəhər», «Təpəbaşı» və «Dəmirbulaq» olmaqla üç məhəlləyə bölünürdü. Şəhərdə 1736 ev vardı. Evlərin əksəriyyəti gil palçıqdan tikilmişdi (415,468; 201, c.4, səh.291). Bu evlərdən 792-i «Şəhər» məhəlləsində, 622-i «Təpəbaşı»da, 322-i isə «Dəmirbulaq»da yerləşirdi (415,468). 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmuşdu (33,20). Qeyd etmək lazımdır ki, İrəvan şəhəri müstəqil xanlığın mərkəzi olduqdan sonra «Köhnə şəhər» məhəlləsi «Şəhər» məhəlləsi adlandırılmış, «Dərəkənd» isə «Təpəbaşı» məhəlləsinə birləşdirilmişdi. Çünki İ.Şopen «Şəhər» məhəlləsini köhnə şəhər adlandırmış və qeyd etmişdir ki, bu məhəllələrdə əhalinin məskunlaşdığı yerlərdən əlavə, boş qalmış sahələr də vardı. Məsələn, İrəvanın «Şəhər» məhəlləsində boş qalmış yerlər bunlar idi: Abbas dərə və Köşəhli, «Təpəbaşı» məhəlləsində Abuhəyat, Zəngi çayının sahilində Qızılqala, Dərəbağ, Dərəkənd, Dəlmə, Yenikənd, «Dəmirbulaq»da isə Xosrovabad və Səbziyeri (415,464-465). İrəvan şəhərində evlrin sayının azalması yuxarıda göstərilən yaşayış yerlərinin boşalması ilə bağlı idi. Bu yerlərin boş qalması şübhəsiz ki, müharibələr dövründə əhalinin bir hissəsinin qırılması, digərlərinin isə qonşu ölkələrə köçüb getməsi ilə bağlı olmuşdur.
Bütün Azərbaycan şəhərlərində olduğu kimi, İrəvan şəhəri də tez-tez basqınlara məruz qaldığından istər küçələr, istərsə də evlər müdafiəyə uyğun tikilirdi. Onun küçələri dar və əyri idi. Küçələr çiy kərpicdən, çaydaşından və bəzən də palçıqdan hazırlanmış iki cərgəli divarlarla əhatə olunmuşdu. Bu divarlar hərdən kip örtülmüş həyət qapıları ilə kəsilirdi. Baş küçənin ortasından çay axırdı, bu çayın suyu köndələn çəkilmiş kəmərlərlə bağlara paylanırdı (415,466).
Şəhərdə evlər elə tikilirdi ki, onun zahiri görünüşü yaxşı təsir bağışlamırdı. Lakin daxildən daha zəngin və səliqəli idi. Hər bir evin ətrafında bağ, evlərin arasında isə təmiz daşdan döşənmiş, qədim tut və yaxud qoz ağacları ilə kölgələnən səliqəli həyət vardı. Həyətin ortasında isə fəvvarəli olan daş hovuz yerləşirdi. Evlər elə tikilirdi ki, bayırdan nəzərə çarpmasın. (Qeyd etmək lazımdır ki, Azərbaycanın iri şəhərlərində olduğu kimi, İrəvan şəhəri də tez-tez müdaxiləyə, quldur basqınlarına məruz qaldığına görə, yerli əhali evləri elə tikirdi ki, həm zahiri eybəcər görünsün, həm də nəzərə çarpmasın-E.Q.). Evlərin otaqları adətən tamamilə bayır divarı əhatə edən iri pəncərələrlə işıqlandırılırdı. Pəncərələr aşağı-yuxarı örtülüb bağlanırdı. Bu şüşə pəncərələr gözəl və müxtəlif naxışlı cürbəcür rənglərdən ibarət idi (415,466-467).
Lakin adi şəhər sakinlərindən fərqli olaraq, imkanlı və nüfuzlu şəxslərin evləri daha geniş və səliqəli idi. Bu evlərin divarları ağ suvaqla hamar şəkildə suvanmış və süni yapma naxışlarla bəzədilmişdi. İ.Şopen bu bəzəkləri Avropanın mərkəzi saraylarının bəzəklərindən daha yaxşı hesab edirdi (415,467). Evlərin qızdırılması üçün onun içərisində soba yerləşdirilmişdı. İ.Şopen belə sobaları otaq qızdırıcısından çox bəzəyə oxşadırdı. Belə ki, sıravi şəhər əhalisi qızdırıcı kimi kürəyə üstünlük verirdi (415,467).
İrəvanlıların evləri bəzəməsi adəti də, Azərbaycanın digər ərazilərində olduğu kimi idi. Evlərin mebeli yox idi, döşəməsi bahalı xalçalarla bəzənirdi. Divarlarda bəzək əşyaları, saxsı qabları və digər lazımlı şeyləri yığmaq üçün taxçalar var idi. Aşağı taxcaya mücrü və sandıq, yuxarısına isə içərisində şərabla və meyvələrlə dolu müxtəlif formalı qablar, həmçinin billur və çini qablar qoyulurdu (415,467).
İrəvan şəhərində yaşayış evlərindən başqa ictimai binalar, məscidlər də vardı. İrəvan şəhərində 2-i qalada, qalanları isə şəhərdə olmaqla 8 məscid vardı. Bunlar Zalı xan məscidi, Novruzəli bəy məscidi, Sartip xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdi məscidi, Hacı Cəfər bəy məscidi adlanırdı. Şəhərdə həmçinin xeyli dağıdılmış kiçik məscidlər də nəzərə çarpırdı (415,468). 1834-cü il kameral təsvirə görə, İrəvan şəhərində 8 məscid qeydə alınmışdı (201, c.4, səh.291). Şəhərin baş məscidinin 1764-cü ildə (201, c.1, səh7), bəzi məlumata görə isə 1770-ci ildə Hüseynəli xan tərəfindən tikildiyi güman edilir (172,444). Bu məscid İrəvan şəhərinin qərb hissəsində, hər tərəfdən azərbaycanlı türklərinin yaşadığı evlərin əhatəsində yerləşirdi (189,277).
İrəvan şəhəri böyük ticarət mərkəzi idi və xanlığın ən iri ticarət bazarı burada yerləşirdi. Şəhərə çoxlu tacir, rəsmi adamlar və səyyahlar gəldiyindən, onlara xidmət göstərən karvansaralar fəaliyyət göstərirdi. 1829-1832-ci illər kameral təsvirə görə, İrəvan şəhərində Gürcü, Culfa, Zöhrab xan, Tahir, Sulu, Susuz, Hacıəli karvansaraları var idi. Bu karvansaralar möhkəm bişmiş kərpicdən səliqəli şəkildə tikilmişdi (415,468-469).
İrəvan şəhərində çoxlu ticarət köşkləri və xeyli hamam da fəaliyyət göstərirdi. Kameral təsvirə görə, şəhərdə 819 ticarət köşkü və 8 hamam qeydə alınmışdı (415,469). Ticarət köşklərinin sayı ildən ilə artırdı. Məsələn, 1834-cü il kameral təsvirə əsasən, şəhərdə onların sayı 1670-ə çatmışdı (201, c.4, səh.291).
Şəhər hamamları həm yerli əhalinin, həm də şəhərə gələn əcnəbi qonaqların istirahət yeri idi. Hamamlar ortasında suölçəni olan kürəşəkilli qübbə və kümbəzlə ortülmüş bir neçə böyük zalı olan dördkünc otaqlardan ibarət idi. Buraya su xüsusi tikilmiş anbarlardan çəkilmiş su kəməri vasitəsilə verilirdi. İsti su qıraq otaqdan borularla ötürülürdü. Su odun əvəzinə xüsusi şəkildə qurudulmuş təzəklə qızdırılırdı (415,865-866).
Həftənin iki günü hamamlardan qadınlar istifadə edirdi. Şəhər xanımları səhər tezdən təmtəraqla hamama gedirdilər, onun ardınca xalça, yastıq, yorğan, şərbət, qəlyanaltı, hər cür şirniyyat aparılırdı. Burada tanışlar bir-birini uca səslə salamlayır, yeniliklərdən danışır və bütün şəhərin dedi-qodusunu toplayırdı (415,866).
Toy qabağı hamamlar daha dolu olardı. Bu da azərbaycanlıların toy qabağı bəy və gəlinin yaxın adamlarının müşayətilə təntənəli surətdə hamama aparması adətləri ilə bağlı idi (415,866).
İrəvan şəhərində olan hamamlar bunlardır: 1. Şəhər məhəlləsində Şeyx-ül islama məxsus hamam; 2.Zalıxan hamamı; 3.Mehdi bəy hamamı; 4.Hacıbəyim hamamı; 5.Təpəbaşı məhəlləsində Şeyx-ül islam hamamı; 6.Hağı Əli hamamı; 7.Qafar və yaxud Hacı Fətəli hamamı; 8.Kərim bəy hamamı (415,866-867).
Şəhərdə əhalinin müxtəlif idman oyunlarının keçirdiyi və bir yerə yığılıb söhbət etdiyi 5 meydan vardı. Bunlar aşağıdakılardır: 1.Əsas meydan Xanbağı adlanırdı; 2.Bazarla qala arasında olan meydan; 3.Zalı xan meydanı; 4.Fəhlə bazarı; 5.Hüseynəli xan meydanı. Sonuncu meydan ən çox idman oyunları və digər tədbirlərin keçirildiyi meydan idi. O, dördkünclü formaya malik olmaqla bərabər, ticarət köşkləri ilə əhatə olunmuşdu (415,469; 201, c.4, səh.291).
İrəvan şəhəri müxtəlif meyvə və üzüm bağları əhatəsində idi. Bağlar yaz və yay aylarında şəhərə xüsusi gözəllik verirdi. Bu bağların sayı 1473-ə bərabər idi (415,471-472).
İrəvan sırf Azərbaycan şəhəri idi. Əvvəla, burada Azərbaycan xanları otururdu. İkinci bütün yer, çay və məhəllə adları sırf Azəri türk adları idi. Şəhərdə əhalinin əksəriyyəti azəri türklərindən ibarət idi.
Beləliklə, Azərbaycanın digər xanlıqlarında olduğu kimi İrəvan xanlığı inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə kəndlərə bölünmüşdü. Mövcud olduğu müddət ərzində xanlığın mahalları siyasi vəziyyətlə əlaqədar olaraq daima dəyişikliyə uğramışdı. Mahallar coğrafi vəziyyətinə, kənd təssərüfatına və s. görə bir-birindən fərqlənirdi.
3.3. Xanlıqda idarəçilik sistemi və hərbi müdafiə işi
Azərbaycanın digər xanlıqları kimi, İrəvan xanlığı da tipik feodal dövləti idi. Ali hakimiyyət xana yaxud sərdara məxsus idi. Xan yaxud sərdar mütləq hakim hesab olunurdu. Hakimiyyət irsi idi və atadan-oğula keçirdi. Lakin İrəvan xanlığında tez-tez hakimiyyət dəyişikliyi olduğundan xanların bəzisi Qacar İran şahı tərəfindən təyin olunmuşdu. Bütün qanunvericilik, icra hakimiyyəti və məhkəmə sistemi bilavasitə sərdarın əlində cəmləşmiş, ölkənin daxili və xarici məsələləri ilə bağlı bütün işlər onun razılığı əsasında həyata keçirilirdi. Ümumiyyətlə, xanlıqda bütün işlərin icrası onun iradəsindən asılı idi.
Azərbaycanın bütün xanlıqlarına xas olan xan hakimiyyətinin mahiyyəti haqqında istər Oktyabr çevrilişinə qədərki, istərsə də sovet tarixşünaslığında ətraflı məlumat verilmişdir. İ.Şopen qeyd edirdi ki, «Xan hesabat vermədən vergi yığır, pul kəsir, özünün xüsusi əmrinə görə, cinayətkarları ölümlə, gözlərini çıxarmaqla və bədən üzvlərini kəsməklə edam etdirirdi. Bir sözlə xan mütləq hakim idi» (415,450). Bu faktı təsdiqləyən İ.Berezinin fikrincə, «xan tam müstəqil şəxs idi… O, heç kimdən soruşmadan, heç kimə hesabat vermədən, dərəcəsindən asılı olmayaraq, kimi istəsə edam edə, bağışlaya, qova və cəzalandıra bilərdi. Xan bütün icra və məhkəmə hakimiyyətini, hətta şəriət-dini qanın işlərini də öz əllərində cəmləşdirmişdi» (79, 45). İ.Dubrovin isə xan hakimiyyətini dinlə, xalqın adət-ənənəsi ilə hesablaşmayan qatı despotik rejimi kimi dəyərləndirərək yazırdı ki, «Müsəlman əyalətinin bütün silkləri xanın vahid iradəsinə tabe idi. Zorakarlıq və özbaşnalıq xan hakimiyyətinin əsasını təşkil edirdi. Xan bütün qanunları, qul vəziyyətində olan əhalinin bütün hüquqlarını öz əlində cəmləşdirən nadir şəxs idi. Xan üçün təbəələri arasında silk fərqi yox idi. Xanın arzusundan asılı olaraq, bu günkü qul sabah bəy ola bilərdi, və ya əksinə. Hətta xana ən yaxın adam günahı üzündən ölənəcən döyülürdü… Heç bir xan hakim kimi xalqın yaxşı yaşayışı üçün vəzifə borcunu yerinə yetirmirdi. Heç bir xan bütün vasitələrlə xalqdan var-dövlət yığmaqdan yüksək heç nə tanımırdı» (147,398). Daha sonra o, qeyd edir ki, «hamı üzərində bütün hakimiyyəti ələ alan xan dinə əsaslanmır və hesablaşmırdı» (147,399). Lakin orta əsirlərdə dinin güclü olduğu zamanda xanların dinlə hesablaşmaması fikri tam yanlışdır. Digər tərəfdən əhali arasında nüfuz sahibi olan din xadimləri hakimiyyətin əsas dayaqlarından biri idi. Xanlar nəinki dinlə, yeri gəldikcə adət-ənənə ilə də hesablaşırdı. Ona görə də, A.Bakıxanov haqlı olaraq yazırdı ki, «Xanlar şəriətin əsas qanunlarını və xalqın adət-ənənəsini pozmaq hüququna malik deyildi» (75,142-143).
Hakimi-mütləq olmasına baxmayaraq, xanlar lazım gəldikdə adət ənənəyə tabe olmalı idi. Əks halda onların həyatı faciyə ilə nəticələnərdi. Bu barədə səyyah M.Biberşteyn haqlı olaraq yazırdı: «Əgər xan sonsuz səlahiyyət sahibi kimi birinə cəza verirdisə, bu hal bəd əməl kimi qiymətləndirilirdi və əgər o, adət-ənənənin əleyhinə olaraq öz hökmünü bu şəkildə göstərməkdə davam edərdisə, həmin yerdə Məhəmməd şəriəti qanunlarından başqa bir qanun qüvvədə deyildisə, bu hərəkət xan üçün faciə ilə nəticələnə bilərdi» (80,52-53). Bundan əlavə, xan mütləq hakim olsa da, hakimiyyətini möhkəmləndirmək və var-dövlətinin qayğısına qaldığı üçün yeri gəldikcə xalqla hesablaşmalı olurdu. Bunu biz İrəvan xanlarının xəzinəni doldurmaq üçün kəndlilərə torpaq paylamasında, boş torpaqlarda yerləşdirməsində, onları kotanla, toxumla təchiz etməsində, ticarətə sərmayə qoymasında görürük. Xüsusilə, sonuncu sərdar Hüseynqulu xanın idarəçiliyi nəticəsində İrəvan xanlığında kənd təssərüfatı, sənətkarlıq və ticarət güclü inkişaf etmişdi. Məhz bu baxımdan rus qafqazşünalardan fərqli olaraq İ.P.Petruşevski xan hakimiyyətini belə təsvir edirdi: «Azərbaycanda hökm sürən siyasi pərakəndəlik və xanların bir-biri ilə arasıkəsilməyən müharibələri şəraitində, onlar kəndli kütlələrini hədsiz dərəcədə qıcıqlandırmamaq üçün feodal istismarını müəyyən həddə saxlamağa çalışır, hətta ona bəzi hallarda patriarxal adət-ənənə donu geydirməyə cəhd göstərirdilər. Onlar kənd icmalarının hüquqları, adət-ənənəsi ilə... hesablaşmalı olurdular» (184,12).
Qeyri-məhdud hakimiyyətə baxmayaraq, xanın yanında xüsusi məsləhətçi şura «Divan» da fəaliyyət göstərirdi. Divan xan başda olmaqla yüksək vəzifəli şəxslərdən ibarət idi. Divanda mühüm, dövlət əhəmiyyətli məsələlər müzakirə olunurdu. Burada müharibə, sülh, vergi yığılması və qatı cinayətlər kimi bu və ya digər məsələlər həll edilirdi (80,52). İrəvan xanının yanında fəaliyyət göstərən divanda ən yüksək vəzifəni vəzir, xanın yaxın adamları və hər birinin müəyyən fəaliyyət sahəsi olan bir neçə mirzə və din xadimlərindən şeyx-ül-islam tuturdu (415,451). Divanın başçısı divanbəyi hesab olunurdu. O, xanın ən yaxın adamlarından və yaxud nüfuzlu ruhanilərdən təyin olunurdu. Divanbəyilərin müəyyən məsələlərin həllində böyük rolu olurdu.
Xandan sonra ikinci ən mühüm şəxs vəzir sayılırdı. Vəzir mülki aparatın başçısı və xanan ən yaxın məsləhətçisi idi. Bu vəzifəyə xana sədaqətli, savadlı, bacarıqlı və dövlət işlərindən başı çıxan şəxslər təyin edilirdi. Vəzir yüksək məvacib alırdı və bu məvacib xəzinədən ödənilirdi. Məsələn, Hüseynəli xan (1759-1783) elm adamlarından olan Mirzə Məhəmmədəliyə vəzirlik vəzifəsinə təyin edərkən verdiyi təliqədə deyilirdi: «…həmin təriflər ali şöhrətli, böyük mərtəbəli, alimlərin fəxri, yüksək nəslə mənsub, iş bilməkdə, ağılda, rütbədə, nöqsanları görməkdə başqalarından fərqlənən Mirzə Məhəmmədəliyə də aiddir. Həmin üstün cəhətləri nəzərə alaraq Divanın əzəmətli vəzirlik vəzifəsini ona tapşırırıq. Mirzə Məhəmmədəliyə ildə Təbriz pulu ilə qırx tümən məbləğində məvacib təyin olunur. Həmin məvacib ona İrəvan ölkəsinin maliyyəsindən ödənilməlidir» (39,49). Bundan əlavə, xanlıqda bu vəzifəni tutan daha iki məşhur vəzirin adı bizə məlumdur. Bunlardan Məhəmməd xanın vəziri Məhəmməd Müslümü (Qüdsi) və Hüseynqulu xanın maliyyə işlərinə baxan vəziri Mirzə İsmayılı qeyd etmək olar. Mirzə İsmayıl işğaldan sonra xanlığın maliyyə sistemi haqqında İ.Şopenə çox qiymətli məlumat vermişdi (39,1-3,49; 415,991-992).
İrəvan xanlığında dövlət idarəçiliyi bir neçə sahəyə bölünürdü və bu sahələrə xanın rəhbərliyi altında ayrı-ayrı şəxslər başçılıq edirdi. Birinci sərdarın saray təsərrüfatı, xüsusilə şəxsi hərəmxanası idi (415,452). Bu sahəyə adətən xanın özü və yaxud ən sevimli adamlarından biri olan eşikağası başçılıq edirdi (197,41). Eşikağası türk sözü olub sarayın ağası deməkdir (75,140). Eşikağası vəzifəsi irsi idi. Bu vəzifəni icra edən ailə xüsusi imtiazlara və üstünlüklərə malik idi. Hüseynəli xanın dövründə eşikağası vəzifəsi Hacı Məcnun bəy Qacara həvalə olunmuşdu. O, öldükdən sonra eşikağası vəzifəsinə oğlu Hacı İbrahim bəy təyin olunmuşdu (39,100-101; 415,451; 197,41).
İkincisi hərbi sahə idi. Bu haqda aşağıda bəhs ediləcəkdir.
Üçüncü sahə maliyyə bölməsi idi (415,452). İrəvan xanları maliyyə işinə böyük diqqət yetirirdilər. Onların zərbxanaları vardı və burada pul kəsilirdi. Bu sahə vergilərin təyin olunması və yığılması ilə məşğul olurdu. Maliyyə işinə vəzir başda olmaqla xan tərəfindən təyin olunmuş sərkər-ali baxırdı (415,452; 397,2; 197,41).
Nəhayət, dördüncü sahə icraedici və yaxud polis idi. Bu sahə maliyyə ilə sıx bağlı idi. Əsasən, vergilərin yığılması, asayişin qorunması polisə həvalə olunmuşdu. Bu orqan şəriət məhkəmələrinin çıxardığı hökümü də icra edirdi (415,452).
Bundan əlavə, sarayda müxtəlif vəzifələri yerinə yetirən məmurlar ordusu da vardı. Bunlardan vəzirdən sonra əsas vəzifə sayılan, xəzinəyə başçılıq edən xəzinədarı, pul paylayan, xəzinənin mədaxil və məxaricinə nəzarət edən sandıqdar-ağasını, məhsul yığılan ambarlara nəzarət edən ambardar-ağasını, saray mühafizəçisinin başçısı qoruqbaşını, xanın baş mehtəri əmiraxuru və s. qeyd etmək olar (201, c.2, səh.353; 187,48-49; 197,41). Mülki işlərdə dəftərxanalardan tutmuş divana qədər kargüzarlıq, əmlakın siyahıyaalınması, dəftər tərtib edilməsi məsələlrinə mirzələr ordusu baxırdı (415,458).
İrəvan xanlığı inzibati cəhətdən şəhər və mahallara bölündüyündən, onların idarəçiliyində xana tabe olan müxtəlif funksiyaları yerinə yetirən idarə orqanları da fəaliyyət göstərirdi. İlk növbədə şəhər idarəçiliyində böyük rol oynayan naib, qalabəyi, darğa, yüzbaşı, onbaşı və s. məmurlardan bəhs edəcəyik. Şəhər idarəçiliyində naib böyük səlahiyyətlərə malik idi. «Naib əsas etibarilə təsərrüfat və inzibati məsələlərlə məşğul olurdu, vergilərin vaxtlı-vaxtında toplanması işi də ona tapşırılırdı. Sənətkarların üzərinə vergi qoyulması, vergilərin qaydaya salınması da naibin öhdəsinə düşürdü. Lakin onun fəaliyyəti təkcə bununla məhdudlaşmırdı. Xan müvəqqti olaraq şəhərdən çıxdıqda (müharibəyə, səyahətə, ova və s. getdikdə) bütün şəhər idarəsi naibin əlində cəmləşirdi» (27,56).
İrəvan şəhər–qala olduğundan, qalaya qalabəyi başçılıq edirdi. Qalabəyinin əsas vəzifəsi qala daxilində əmin-amanlığı bərpa etmək, qalanın müdafiəsinə nəzarət etməkdən ibarət idi. Onun tabeçiliyində silahlı dəstələr olurdu (157,476). Xanlar bu vəzifəni yaxın adamlarına və nüfuzlu bəylərə tapşırırdı. Lakin bu vəzifə irsi olmurdu (75,138). Hüseynqulu xanın (1806-1827) dövründə İrəvan qalasının qalabəyisi onun qardaşı oğlu və kürəkəni Sübhanqulu xan olmuşdu (17,2).
Şəhərdə ən mühüm orqanlardan biri darğa idi. Darğa fars dilində qayda-qanun nəzarətçisi deməkdir (75,139). Onun vəzifəsi şəhər və bazarlarda qayda qanuna nəzarət etmək idi. XVIII əsrin birinci yarısına aid mənbələrdən olan «Təzkirətül-mülük» əsərində darğanın vəzifəsi belə şərh edilmişdi: «Darğa əsasən şəhəri içəridən və bayırdan qoruyur ki, heç kəs qanundan kənar iş görüb, dava-dalaş salmasın, şərə xilaf olan işləri (şərab içmək, qumarbazlıq və s.) qadağan etsin ki, heç kəs xilaf işlər görməsin, şəriət qaydalarına zidd iş görənləri cəzalandırsın, müqəssirlərdən törətdikləri cinayət işlərinə müvafiq cərimə alsın, …» (422,48). Darğa şəhərin polisi sayılırdı. Onun tabeçiliyində yüzbaşı və çavuş (onbaşı) kimi asayiş qorucuları vardı. Darğa şəhər asayişinin, təhlükəsizliyinin qoruyucusu idi və şəxsən xana tabe idi (415,457-458). «Bazar darğasının hüququ geniş idi. Onlar, «bazar darğası» adlanmasına baxmayaraq, bazar meydanından kənarda da fəaliyyət göstərirdilər. Şəriət qanunlarını müdafiə etmək üçün darğaya böyük ixtiyar verilmişdi» (27,58). İrəvan xanları onların xeyrinə «darğalıq» adı ilə əhalidən xüsusi vergi alırdı. Bu verginin miqdarı ildə 347 tümən təşkil edirdi (415,985-986). Darğanın səlahiyyəti tək şəhərlə məhdudlaşmırdı. O, kəndin təsərrüfat hissəsini də idarə edirdi (75,139).
Şəhər asayişinin qorunmasında gecə keşikçilərinin də böyük rolu vardı. İrəvan əhalisi qədimdən şəhər və bazarlarda gecə asayişi qorumaq üçün özlərindən keşikçilər tuturdular. Sərdar isə bu vəzifəni öz adamlarına tapşıraraq əhalidən pul vergisi alırdı (415,978). Gecə keşikçiləri- «əsəs», keşik başçıları isə «əsəsbaşı» adlanırdı. Əsəsbaşının darğadan da artıq səlahiyyəti vardı (152,257; 27,59). Gecə keşikçiləri müxtəlif dəstələrə bölünərək onlara həvalə olunmuş məhəllənin keşiyini çəkirdilər. Həmin dəstələr bilavasitə əsəsbaşının qarşısında məsuliyyət daşıyırdı. Bazar və sənətkar dükanlarının öz əsəsləri var idi. Həmin əsəslər üçün məvacib sənətkar və tacirlərdən toplanırdı (152,261; 27,59-60). İrəvan şəhərində bu verginin miqdarı ildə 72 tümən təşkil edirdi (27,978).
Dini işlərin qoruyucusu əmir-maruf adlanırdı. Ərəb sözü olan maruf dinə məxsus iş adlanırdı. Əmir–maruf xalq arasında din və ədəb qaydalarına nəzarət edən polis rolunu oynayırdı (75,140).
Mahalların idarəçiliyində də idarə aparatı fəaliyyət göstərirdi. İrəvan xanlığında mahalları mirbölük idarə edirdi (415,457; 397,2; 417,616). Mirbölük iki sözdən - mir ərəb dilində əmr edən, bölük isə türk dilində torpaq sahəsi adlanır (75,140). Mahallarda bütün idarə aparatı- polis, məhkəmə və maliyyə sahələri mirbölüyün tam nəzarətində idi (157,471).
Kəndlərdə hakimiyyət isə ağsaqqal funksiyasını yerinə yetirən kəndxuda və məlikin əlində idi. Kəndxuda fars sözü olub yerin sahibi deməkdir (75,140). Kəndxuda Azəri türklərin olduğu kəndlərə, məlik isə erməni kəndlərinə başçılıq edirdi. Kənxuda və məliklər xanlıqda ən aşağı idarə orqanı sayılsa da, xanın yanında böyük nüfuzu vardı. Kənd ağsaqqalları bir tərəfdən müxtəlif icma, digər tərəfdən xan idarə mexanizmi arasında vasitə rolunu oynayırdı. Onlar xanın əmr və tələblərinə tabe olurdular (397,2).
Ümumiyyətlə, mahal naiblərindən tutmuş sərkərə qədər mövqe fərqinə baxmayaraq, bu vəzifələr sırf qulluq xarakteri daşıdığından atadan oğula keçə bilməzdi. Onların vəzifədə qalması xanın iradəsindən asılı idi. Bu vəzifə sahibləri xana sədaqətlə və namusla qulluq etdikləri təqdirdə vəzifədə qalırdılar (397,2).
Elatlar arasında hakimiyyət elbəyilərin əlində idi. Elbəyilər xan tərəfindən təyin edildiyindən, elatlar arasında sərdarın əmrlərinin icraçıları idi. Onlar hərbi xidmətdən başqa bütün mükəlləfiyyət və vergilərdən azad idilər. Elatlara rəhbər xan tərəfindən təyin edilirdi. Hüseynəli xanın əmri ilə sepgi və Məhəmməd xanın əmri ilə isə zilani kürd tayfalarına başçılıq etmək üçün xüsusi təliqələr vermişdi. Təliqələrdən birində yazılırdı: «…ali mərtəbəli sepgi Mirzəağanı bütün kürd tayfasının Ağası vəzifəsinə təyin etdik. Mirzəağa bütün bacarıq, istedadı ilə həmin köçərilərin işlərini nizama salmalı, onların idarə edilməsi işində çalışmalı və bir dəqiqə də olsa bu məqsədə qəflət səhlənkarlıq etməməlidir». Məhəmməd xan da eyni məzmunda təliqə ilə zilani kürdlərinə başçı təyin etmişdi (39,55,111-112; 415,457).
Xanlığın idarə olunmasında məhkəmələr mühüm yer tuturdu. İrəvan xanlığında məhkəmə sistemi iki qismə bölünürdü: şəriət və mülki məhkəmələr. Mülki məhkəmə özü məhkəmeyi-ali və əsnaf məhkəmələrindən ibarət idi. Bu məhkəmələr içərisində şəriət məhkəmələri əsas yeri tuturdu. Şəriət məhkəmələrində müxtəlif mübahisəli məsələlərə- evlənmə və boşanma, qəyyumluq, vərəsələr arasında mülkiyyəti bölmək, müqavilə bağlanması, pozulması və s. işlərə baxılırdı (415,454-455). Bu məhkəmələr dini qaydalar əsasında həyata keçirildiyindən bu bölməyə qazı nəzarət edirdi. Məhkəmələrdə din xadimlərinin nüfuzu böyük idi. Ona görə də məhkəmələr dünyəvi əyanların idarə etdiyi hökuməti-cəbri və din xadimlərinin nəzarətində olan hökuməti-ədliyyə olmaqla iki hissəyə bölünürdü (415,453).
Şəriət məhkəmələrində baxılan işlərin icrası quran və tarixdə baş vermiş hadisələr toplusu əsasında həll edilirdi. İ.Şopen yazırdı: «Hakimiyyətin xəlifənin əlində cəmləşdiyi islamın ilk dövrlərində Quranın mətninin saysız şərhi çətin deyildi. Bu ibtidai dövrün patriarxal həyatında mülki hissəyə aid bütün azsaylı iddialar rahat və asanlıqla Quranın qaydaları əsasında həll edilirdi. Lakin əhalinin artması, insanlar arasında münasibətlərin tədricən mürəkkəbləşməsi nəticəsində Quran baş verən hadisələrin həlli üçün kifayət etmirdi. Onda hörmətli imamlar, müctəhidlər və s. tərəfindən təfsir, şərh və söylənilmiş hadisələrin toplanmış çoxcildli müsəlman qaydalarının ikinci hissəsi yarandı. Belə olduqda Roma qaydaları kimi müsəlmanların elmi cəhətdən toplanmış, xüsusi öyrənilməsi tələb olunan hüquqi hissəsi hazırlanırdı, icraedici idarə qayğısı ilə yüklənmiş dünyəvi hakimiyyət ədliyyənin, ədalət məhkəməsinin bir hissəsini bütünlüklə həyatlarını bu işə həsr etmiş ruhanilərə verməyə məcbur idilər» (415,453). Şəriət məhkəmələrinə Şeyx-ül-islam, qazi və bir neçə axund və molla başçılıq edirdi. Məhkəmələrdə müxtəlif mübahisələrə-qatı cinayət işinə, oğurluq mülki iddialara, kəbin kəsmə və boşanmaya, mübahisə edən qohumları barışdırmaq, qəyyumluq işinə, hər hansı əmlakı varislər arasında bölüşdürmək, müqavilələrin bağlanması, icra edilməsi və pozulması və s. məsələlərə baxılırdı (415,454; 201, c.3, səh.24). Şəriət məhkəmələrinin əhəmiyyətini başa düşən xanlar qazilik vəzifəsinə savadlı və qayda-qanunları yaxşı bilən şəxsləri dəvət edirdi. 1783-cü ildə Hüseynəli xan xalq arasında alim kimi tanınmış Seyid Məhəmmədi baş qazi təyin etmişdi. Sənəddə qeyd edilir ki, «O, müstəqil əzəmətli qazilik taxtına oturaraq münaqişələri mübarək şəriət qanunları əsasında həll etsin» (39,75-76).
Məhkəmə işi tələsik, sadə qaydada icra edilirdı. İstintaq məhkəmənin mübahisə edən tərəflərin dindirilməsi əsasında aparılırdı. Məhkəmə üzvləri əvvəlcə iddiaçının, sonra cavabdehin və sonra isə hər iki tərəfin qarşılıqlı mübahisələrinə qulaq asırdı. Bunun ardınca əvvəlcə cavabdehin, sonra isə iddiaçının şahidləri dindirilirdi. Əgər gətirilən dəlillər lazımi səviyyədə olmadıqda, hər iki tərəfin şahidlərinə and içdirirdilər. İş aydınlaşdıqda mübahisə edənlər buradan kənar edilir, məhkəmə üzvləri isə qanun əsasında öz aralarında məsləhətləşmə keçirirdi (359,454). Məhkəmədə bəzi məsələlərin həllinin müxtəlif yolları vardı. Əgər işin araşdırılması Quranla aydınlaşırdısa, onda məsələ çətinlik çəkmədən həll olunurdu. Yox əgər bu məsələni Quran həll edə bilmirdisə, onda məhkəmə üzvləri toplanmış tarixi rəvayətlər toplusuna müraciət edirdilər. Bunlardan «Cəmi Abbasi», «Ağıl Yəqin» və s. qeyd etmək olar. Lakin bunlar da mübahisəli məsələnin həllinə kömək etmirdisə, onda cəza yerli adət- ənənə və məhkəmənin müdrik qərarı əsasında icra edilirdi (415,454-455).
Mübahisəli əmlak məsələlərinin həlli isə məhkəmədə başqa cür icra edilirdi. Məhkəmədə iddiaçıların iştirakı vacib deyildi. Burada əsasən, mülkün sahiblik kağızı, müxtəlif növ istiqraz məktubu, qarşılıqlı öhdəçilik və s. sənədləri nəzərə alırdılar. Qərar yarlıqda bildirilirdi və bu sənədə məhkəmənin bütün üzvləri öz möhürlərini vururdu. Yarlıqda bəraət verilmiş şəxsin mülkün əsl sahibi olması göstərilirdi. Əgər əks tərəf bu qərarla razılaşmayaraq müqavimət göstərirdisə, onda polis bu işə qarışırdı (415,455). Bəzi hallarda qərarların çıxarılmasında ciddi nöqsanlara yol verilirdi. Belə ki, məhkəmədə yarlıqların qeydiyyatı aparılmırdı və elə olurdu ki, eyni məsələ üzrə tərəflərə tamamilə bir-birinə zidd qərarlar verilməsi halları baş verirdi (415,455).
Məhkəmələrdə insanların hüquqları tez-tez pozulurdu. İrəvan sərdarı, onun yaxın adamları və nüfuzlu şəxslər lazım gəldikdə şəriət məhkəmələrinin işinə müdaxilə edirdilər. Onlar məhkəmənin çıxardığı qərara məhəl qoymayaraq açıq şəkildə özlərinə yaxın və günahı olan şəxsin tərəfində olduqlarını bildirirdi. Belə olduqda şikayət edən tərəf qeyri-şərtsiz günahkar elan olunurdu (415,455). Digər tərəfdən məhkəmələrdə rüşvətxorluq geniş yayılmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da ədalət məhkəmələri pulla ələ alınırdı. XVIII əsrin 70-ci illərində Azərbaycanda olmuş S.Qimelin yazırdı ki, «Hakimlər pulu çox sevdikləri üçün heç zaman ədalətli hərəkət etmirdilər» (127,24).
Şəriət məhkəmələrindən əlavə, sərdarın özü də lazım gəldikdə məhkəmələr qururdu. Bu məhkəmeyi-ali adlanırdı. Xanın səlahiyyəti altında olan ali məhkəmə fövqəladə hadisələr zamanı çağrılırdı və əsasən dövlət əhəmiyyətli cinayət işinə baxılırdı. Bu iş çox sadə icra olunurdu və heç bir yazışma aparılmırdı. Sərdar çıxış və şikayətlərə qulaq asaraq vəziyyətlə tanış olduqdan sonra, həmin dəqiqə qərar çıxarırdı. Əgər cəza verilirdisə işin icrası fərraşlara tapşırılırdı. Sərdarın əmri ilə cinayətkar müxtəlif işgəncələrə məruz qalırdı. Məsələn, fərraşlar günahkarın ayağını fəlaqqaya bağlamaqla davanını şallaqlayır, bəziləri sərdarın əmri ilə sarayın pəncərəsindən Zəngi çayına atılır, digərlərinin isə əli, ayağı, qulağı, dili kəsilir və gözləri çıxarılırdı (415,456-457).
Əsnaf məhkəmələrinə gəldikdə isə, burada yalnız sex təşkilatlarına daxil olan sənətkarların məsələsinə baxılırdı. Əsnaf məhkəmələrinin başında ustabaşı dururdu. Burada sənətkarlar arasında baş qaldırılan mübahisələr, əsnaf qayda-qanununun pozulması, yerli əhalinin ustalardan şikayətlərinə baxılırdı (27,60-61).
Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da istər hərbi, istər mülki və istərsə də dini xidmətdə müəyyən olunmuş fərq yox idi. Bütün bu idarə orqanları xandan asılı idi. Sərdar hakimiyyəti əldə möhkəm saxlamaq üçün tez-tez qayda-qanunu dəyişirdi. Xan məmurlarının xəyanətinə barmaqarası baxırdı. O, təyin etdiyi məmurlarını çox yaxşı tanıyırdı. Əgər hər hansı bir məmur ona çatacaq vergini mənimsəməkdə həddini aşsaydı, onda xan onun bütün əmlakını məşimsəyir və mülkünü isə xəzinəyə verirdi (415,458).
Azərbaycan xanlıqlarından olan İrəvan xanlığında dövlət dili Azəri türk dili idi. Lakin rəsmi yazışmalarda fars dilindən istifadə olunurdu (153; 415,458).
Xan hakimiyyətinin müdafiəsini ordu təmin edirdi. İrəvan silahlı qüvvələri daimi və qeyri-nizami qoşunu təşkil edən xanın şəxsi qvardiyasından, nizami qoşun hesab olunan sərbazlardan, maaflardan, elbəyilər və bəylərin dəstələrindən ibarət idi. Digər xanlıqlarda olduğu kimi, İrəvan xanlığında da daimi qoşunun əsas hissəsini nökərlər təşkil edirdi. Onlar ən mükəmməl dəstə və xanın şəxsi mühafizəçiləri idilər. Bu dəstəyə tüfəngçilər deyilirdi. Nökərlər hər hansı vergi və mükəlləfiyyətdən azad idilər, onların məvacibi, hərbi sursatı xan divanxanaları tərəfindən ödənilirdi və yaxşı qulluğa görə tez-tez hədiyyələrlə mükafatlandırılırdılar (147,391; 197,43).
Xanlığın nizami qoşunu sərbaz alayı adlanırdı. Bu alaylar piyada və süvarilərdən ibarət idi. Hüseynqulu xanın dövründə İrəvan qoşunu iki nizami sərbaz batalyonundan və yerli əhalidən təşkil olunmuş süvari qoşunundan ibarət idi. Qoşunun bir neçə altı funtluq topu, falkoneti (dəvə üstünə qoyulmuş kiçik top-E.Q.) və qalada yerləşdirilmiş topları vardı (415,451-452). Sərbazlar yalnız yerli əhalinin vergi verməyən təbəqəsindən təşkil olunurdu. Onlar da sırf hərbi qulluqda olduqlarından hər cür vergi və mükəlləfiyyətdən azad idilər. Sərbaz alayının başında hərbi rəis olan sərhəng dururdu. O, xanın yaxın qohumlarından təyin olunurdu. Sərhəngə onun köməkçiləri hesab olunan yavər, sultan, naib və yüzbaşılar tabe idi (147,392). 1817-ci ildə İrəvanda sərbaz alayının başçısı Məhəmməd bəy olmuşdu (404,12).
Sərbaz alayını saxlamaq xanlara baha başa gəlirdi. Ona görə də, dinclik dövründə xan şəxsi mühafizəçilərindən başqa digər qüvvələri evə buraxırdı. Onlar əkinçiliklə və digər kənd təsərrüfatı işləri ilə məşğul olurdular, bu müddət ərzində isə heç bir məvacib almırdılar. Lakin bu qüvvələr lazım gəldikdə hərbi təlimlər keçirmək üçün yenidən səfərbər olunurdu. Təlimlər zamanı isə sərbazlar xandan məvacib alırdı (415,452; 147,392). İrəvan xanları nizami qoşununun siyahısını tərtib etdirirdi. Bu işlə xüsusi təyin olunmuş bir mirzə məşğul olurdu. Həmin mirzə divanın üzvlərindən biri idi (415,452).
İrəvan xanlığında maaflardan təşkil olunmuş qoşunlar da fəaliyyət göstərirdi. Maaflar hər hansı vergi və mükəlləfiyyətdən azad idilər və şəxsən hərbi işlə məşğul olurdular. Maaflıq irsən keçirdi. Onlar qoşunun əsas hissəsini təşkil etməklə bərabər, polis rolunu da yerinə yetirirdilər (157,470; 147,391; 184, c.1,səh.85; 231,46). Hüseynqulu xanın dövründə azarbaycanlı qarapapaq tayfası maaf rolunu oynamışdı. Yuxarıda göstərildiyi kimi, sərdar tərəfindən İrəvan xanlığının müxtəlif sərhəd ərazilərində yerləşdirilən və sərhəddi qoruyan bu tayfa heç bir vergi vermirdi (415,450; 174,51-52). Lakin Azərbaycanın bəzi xanlıqlarından fərqli olaraq İrəvan xanlığında nə qədər maaf ailəsinin yaşaması haqqında mənbələrdə məlumata rast gəlmədik. Bunun səbəbi «İrəvan xanlığı Rusiya dövləti tərəfindən işğal olunarkən aparılan kameral təsvir zamanı maafların vergiverənlər təbəqəsinə qatılmaları idi» (184, c.1, səh.87).
Qeyri-nizami qoşun isə müharibələr ərəfəsində xanın əmri ilə mahal naibləri, elbəyilər və iri bəylərin səfərbərliyə aldıqları yerli əhalidən toplanırdı. İrəvan xanlığında qeyri-nizami qoşunun əsas özəyi elatlardan ibarət idi. 1829-1832-ci illər kameral təsvirə görə, ayrı-ayrı elatlar Hüseynqulu xanın dövründə lazım olduqda 3.600 nəfərlik süvari dəstə toplaya bilirdı (415,457,1130). Əsasən süvari dəstələrdən ibarət olan bu qüvvələr müharibələr dövründə öz cəsarəti ilə düşmənə böyük zərbələr vururdu.
İrəvan xanlarının müxtəlif dövrlərdə döyüş meydanına çıxardığı qoşunun sayını nəzərdən keçirək. XVIII əsrin 80-ci illərin məlumatına görə, İrəvan xanı döyüş meydanına 5 minə qədər hərbi qüvvə çıxara bilirdi (82,17). Lakin İrəvan xanları müharibələr dövründə lazım oluqda yerli əhalinin və köçəri elatların hesabına qoşunun sayını daha da artırırdılar. Qeyd etmək lazımdır ki, İrəvan qalasında saxlanılan qarnizonun tərkibi 2, 3, bəzən də 5 min nəfərə çatırdı (411,154; 52,21; 185,28). Bundan əlavə, Ağa Məhəmməd şah Qacarın qoşunlarının İrəvana hücumu zamanı Məhəmməd xan mövcud silahlı qüvvələrindən əlavə, yerli əhalidən 7 min nəfərlik qoşun toplamışdı (67,64-65). Başqa bir məlumata görə, qraf Qudoviçin başçılığı ilə rus qoşunu İrəvan qalasına hücum edərkən Hüseynqulu xan qardaşı Həsən xanın komandanlığı altında 2 minə qədər yerli İrəvan qoşun hissələrini qalada saxlayaraq, özü 5 minə qədər qoşunla Gərni çayı keçərək keçilməz Vedi dərəsinə çəkilmişdi (105,243-244). İrəvanlılar fövqəladə hallarda lazım gəldikdə döyüş meydanına 14.000-dən çox qoşun toplaya bilirdi (355,627). Beləliklə, elatlardan toplanmış əhali ilə birlikdə müharibə dövründə İrəvan xanları döyüş meydanına 14.000-ə qədər qoşun çıxara bilirdi.
Xan hərbi qüvvələrin baş komandanı idi. Lakin qoşuna başçılıq xanın özü tərəfindən təyin edilmiş ailə üzvlərindən ən bacarıqlısına həvalə edilirdi. Məsələn, İrəvanın tanınmış xanlarından biri olan Hüseynəli xan məktubların birində oğlunun (Qulaməli-E.Q.) İrəvan qoşunlarının sərkərdəsi təyin edilməsi haqqında yazırdı (39,88-89). Hüseynqulu xanın dövründə isə qardaşı Həsən xan İrəvan qoşununa komandanlıq etmişdi (415,451).
Qalalar
İrəvan xanlığının hərbi müdafiəsində qalalar böyük rol oynamışdı. Xanlığın uzunömürlü olmasının bir səbəbi də onun möhkəm qalalara malik olması idi. Bu qalalardan ən möhtəşəmi İrəvan qalası idi. Əsrlər böyu İrəvana gələn səyyahlar, diplomatlar, dövlət adamları və s. İrəvan qalası haqqında ətraflı məlumatlar vermişlər. Maraqlıdır ki, qala haqqında verimiş bu ayrı-ayrı məlumatlar bir-birini tamamlayır. Qeyd etmək lazımdır ki, İrəvan qalası hərbi məqsədlər üçün tikilmişdi. Düşmənin uzunmüddətli hücumundan qorunmaq üçün qalada hər şey nəzərə alınmış, əvvəlcə Çuxursəd hakimlərinin və sonra isə İrəvan xanlarının iqamətgahı burada yerləşmişdi. İrəvan qalası uzun illər irəvanlıların qəhrəmanlıq simvoluna çevrilmişdi. O, müxtəlif illərdə xanlığa müdaxilənin qarşısını almasında böyük rol oynamış və alınmaz qalaya çevrilmişdi. 1813-cü ildə İranda fəaliyyət göstərən ingilis səfirliyinin katibi Moryer İrəvanda olarkən Hüseynqulu xan fəxrlə qala haqqında demişdi: «Əgər Avropanın üç və yaxud dörd ölkəsi birləşərək bu qalanı tutmaq istəsələr, onlar onsuz da heç nəyə nail olmazlar və əli boş qayıdarlar» (189,274). Deyilmiş bu söz İrəvan qalasına verilmiş ən gözəl qiymət idi.
İrəvan qalası 1583-cü ildə osmanlılar tərəfindən tikilmişdi (134,486). Osmanlı mənbələri bu qalanın tikilmə tarixini ətraflı şərh etmişlər. Qala Səfəvi hakimi Məhəmməd Toxmaq xan Ustaclının sarayı ətrafında ucaldılmışdı. Qalanın tikilmə tarixinə toxunan İbrahim Əfəndi Peçevi yazırdı: «1583-cü ildə osmanlı ordusu dayanacaqdan dayanacağa keçərək Rəvan dairəsinə gəlib çatır… Ədalətli sərdar (Fərhad paşa-E.Q.) Rəvan şəhərinə daxil olaraq qala tikməyə başlayır. O, mərkəzdə yerləşən Tokmaq xanın sarayının ətrafında böyük və möhkəm qala ucaldır. Qalanın tikintisinə 45 gün vaxt sərf edilir (235,58-59). Məşhur osmanlı səyyahı Ö.Çələbi bu hadisəni daha ətraflı təsvir edərək qeyd edirdi: «Vəzir Fərhad paşa İrəvana hücum edərək onu tutur. Zəngi çayının sahilində 150.000 islam qoşunu cənubdan şimala uzanan böyük quyu qazaraq 45 günün ərzində qalanın tikintisini başa çatdırır, sonra isə 40 günün ərzində onu sursat və hərbi ləvazimatla doldururlar» (411,150-151). Daha sonra qala haqqında fikrini davam etdirən səyyah onun tutduğu şəraiti belə təsvir edirdi: «…qala bir cərgə olan divara malik idi… Qala Zəngi çayının sahilində cənubdan şimala uzanırdı. O yerdə ki, Fərhad paşa qala tikdirmişdi, onun divarının hündürlüyü 40, Toxmaq xanın tikdiyi divarın hündürlüyü isə 50 və eni 20 məkkə dirsəyinə bərabər idi. Zəngi çayı tərəfdən xəndək yox idi, burada çoxlu dəlikləri olan mazğallar yerləşirdi. Qalanın cənub, şərq və şimal hissəsində divar ətrafı xandək vardı. Lakin bu yerlər bataqlıqdan ibarət idi və çox da dərin deyildi. Bəzi yerlərdə xəndəyin eni 150 dirsəyə bərabər idi. Onun üç dəmir qapısı vardı. «Təbriz» qapısı cənuba, «Meydan» və yaxud «Yaylı» qapısı şimala açılırdı. Bu hissədə oyunlar keçirmək üçün meydan yerləşirdi. Nəhayət, üçüncüsü isə «Körpü» qapısı adlanırdı» (411,155). Ö.Çələbinin verdiyi bu məlumatdan bəlli olur ki, osmanlılar bu qalanı salmamışdan əvvəl Toxmaq xan sarayı xarici hücumlardan qorumaq üçün onun ətrafını hündür divarla əhatəyə almışdı. Sonralar İrəvan qalasının ikiqat divara malik olduğunu xəbər verən müəlliflər, onun tikdirdiyi divarı nəzərdə tutmuşdular. Fransız səyyahı J.Şardənin yazdığına görə, «qala kiçik bir şəhərdən böyükdür. O, oval formasındadır, dairəsi dörd min addım olub, təxminən 800 evdən ibarətdir. Qalada ancaq təmizqanlı səfəvilər yaşayırdılar» (52,21).
Lakin bu deyilənlərə bazmayaraq, İrəvan qalası haqqında ən ətraflı məlumat rus mənbələrində öz əksini tapmışdı. Məsələn, 1808-ci il dekabrın 11-də qraf Qudoviç çara yazdığı məlumatda İrəvan qalasının 2 divara və divar ətrafı xəndəyə malik olduğunu qeyd edirdi (106,254). İkinci Rusiya-İran müharibəsinin iştirakçısı M.Koçebu qeyd edirdi ki, «İrəvan qalası Zəngi çayının sıldırımlı qərb sahilinə bitişik idi. Həmin tərəfdə çayın sahilində bütün şəhər yerləşirdi. Şimal tərəfdən o, qaladan tüfəng gülləsi, şərq tərəfdən kiçik top gülləsi məsafəsində yerləşirdi, cənub tərəfdə isə heç bir tikili yox idi. Qalanın qərb tərəfində 350 sajen aralıda İrakli adlanan dağ, şərq tərəfində isə 400 sajen aralıda yerləşən iki kurqan yüksəlirdi. İki cərgəli çiy kərpicdən tikilmiş qalın divar, dərin və enli xəndək qalanın əsas müdafiəsini təşkil edirdi» (185,27). Dişli olan divarların müəyyən məsafədə yerləşən bir neçə qülləsi vardı (129,403). Məlumata görə, qalanın iç divarı 8 qüllədən, 5 dəmir qapıdan, çöl divar isə 43 qüllədən ibarət olmuşdu (132,75).
İrəvan qalasında xanın sarayı, hərbi xidmətçilərin evləri, bir neçə dükan və iki məscid yerləşirdi. Qaladan çaya bir neçə bəndi olan gildən hörülmüş divarla əhatə olunmuş eniş tikilmişdi. Zəngi çayının sol sahilindən, Qırxbulaq çayının cənub-şərq tərəfindən qalaya yeraltı su kəməri çəkilmişdi (201, c,4,səh.290).
Qalanın möhtəşəm olmasında İrəvan xanlarının böyük rolu olmuşdu. Hüseynəli xan (1759-1783) qalanı daha möhkəm və əzəmətli etmək üçün xoylu Əhməd xanın baş memarı Mirzə Cəfəri Xoydan çağırıb İrəvana gətirtmişdi (40,13).
Qalada ən möhtəşəm tikililər xan sarayı və məscidlər idi. Möhtəşəm «Xan sarayı» 1791-ci ildə Məhəmməd xan tərəfindən tikilmişdi (396,7). Xan sarayı qalanın şimal-qərb hissəsində, Zəngi çayına yaxın yerdə tikilmiş və pəncərələri bu çayın daşlı sahilinə açılırdı. Saray dördkünclü və çoxlu otaqları olan bir bina idi. Sarayda xanın arvadları üçün geniş hərəm otaqları, qəbul otağı, qulluqçular üçün yerlər və qarnizon anbarları yerləşirdi (189,28; 172,444; 122,230). Sonuncu İrəvan xanı Hüseynqulu xan tərəfindən tikilmiş, xan sarayını daha da gözəlləşdirən «Şüşəbənd» adlanan güzgülü zal daha məşhur idi və gözləmə zalı hesab olunurdu. Zal həcmcə böyük olmaqla bərabər, ona bitişik otaqlar vardı. Onun döşəməsi mərmərdən, tavanı və karnizi isə işıqları əks etdirən müxtəlif rəngli şüşələr ilə naxışlanmışdı. Zalın döşəməsi bahalı xalçalarla, tavanı isə gözoxşayan naxışlarla bəzədilmişdi. Onun iki buxarısı varda. Buxarının biri girişin əks tərəfində, digəri isə sağ tərəfdəki divarda yerləşirdi. Bu buxarı yarımdairəvi oyuq formasında idi. Zalın divarları başdan-başa Fətəli şahın, onun oğlu Abbas Mirzənin, Hüseynqulu xanın, onun qardaşı Həsən xanın, əfsanəvi qəhrəmanlar Rüstəmin, Zöhrabın və digərlərinin şəkilləri ilə bəzədilmişdi (129,43; 172,444; 122,230-231).
Sarayın çox gözəl həyəti, bağı, fəvvarəsi və süni gölü vardı. Həyətdə üç fəvvarəli çarhovuz və hərəmxananı əhatə edən bir neçə ağac yerləşmişdi (122,230-231). Lakin rus işğalından sonra xan sarayı baxımsızlıq üzündən dağıntıya məruz qalmışdı. Sarayın hərəmxanası isə hərbi xəstəxanaya çevrilmişdi (122,230).
İrəvan qalasında iki məscid vardı. Məscidlərdən biri 1725-ci ildə osmanlı sərkərdəsi Rəcəb paşa tərəfindən tikilmişdi. Lakin Rusiya işğalından sonra o, rus pravoslav kilsəsinə çevrilmişdi. İkinci məscid isə Hüseynqulu xanın dövründə tikilmiş və şahzadənin şərəfinə Abbas Mirzə məscidi adlandırılmışdı. İşğaldan sonra həmin məscid də silah anbarına çevrilmişdi (396,8; 122,230).
Qeyd etmək lazımdır ki, İrəvan qalası işğal olunarkən güclü bombardman edildiyindən evlərin çoxu dağıdılmış və rus idarəçiliyi altında öz əhəmiyyətini tamamilə itirmişdi. Ruslar belə möhtəşəm abidəni məhv etmək istəyirdilər. Rusiya işğalından bir neçə il keçdikdən sonra İrəvanda olan səyyah A.Qakstqauzen yazırdı ki, «..mən xan sarayının yerləşdiyi qalaya baş çəkdim. Qala böyük tənəzzülə uğramışdı. Xan sarayı bərbad halda idi… Rus məmurlarının toxunulmaz tarixi binalara və abidələrə nadir hallarda canı yanırdı (122,230-231). Məmurların bu cür abidələrə düşmən münasibətini bir rus məmuru da etiraf edirdi: «Bizim hakimlər heç nəyə baxmadan belə abidələri köhnəlmiş və yararsız hesab edərək yer üzündən silməyə çalışırdılar» (177,448).
İrəvan xanlığında ikinci ən böyük qala Sərdərabad qalası idi. Qala 1810-cu ildə Hüseynqulu xan tərəfindən əsası qoyulmuş (415,255), 1815-si ildə tikilib başa çatdırılmışdı (171,106). İrəvan qalası kimi bu qala da düşmən hücumlarından qorunmaq üçün hərbi məqsədlə tikilmişdi. Qala böyük strateji əhəmiyyətə malik idi. Bu haqda 1826-1827-ci illər müharibəsinin iştirakçısı M.E.Koçebu yazırdı: «Sərdarabad qalası İrəvandan 50 verst qərbdə, Talından Eçmiədzinə və Araz çayı sahili boyunca keçən əsas yolun bir neçə verstliyində yerləşirdi. Deyirlər ki, İrəvan sərdarı bir neçə il əvvəl ətrafda yerləşən kəndləri qorumaq üçün bu qalanı tikdirib. Lakin qala bir çox cəhətdən əhəmiyyətlidir. Təcili yardım üçün İrəvan qalası uzaqda yerləşdiyindən, o (qala-E.T.) İrəvan xanlığının bizimlə və türklərlə həmsərhəd olan hissəsini, habelə Araz çayından keçən ən yaxşı bərəni, Maku və Xoya gedən əsas yolu qoruyurdu. Sərdərabad qalası dairəvi qülləsi olan, çiy kərpicdən tikilmiş divarlarla əhatə olunmuşdu. Onun ətrafında xəndək qazılmışdı. Qala düz yerdə yerləşirdi. O, bulaq suyu ilə təmin olunurdu, çünki Arazdan bura az sayda arx və kanal çəkilmişdi. Keçmiş Sərdərabad kəndinin əhalisi qalaya köçürülmüşdü. Burada 22 top və 3 min nəfərlik qarnizon saxlanılırdı. Qalanın rəisi Həsən xan və nəvəsi idi» (185,28).
Sərdarabad qalası haqqında verilən digər məlumatlar da maraqlıdır. Bu məlumatlar M.E.Koçebunun məlumatını təsdiqləyir və bir qədər ətraflı təsvir edilir. Göstərilir ki, Sərdərabad qalası Arazın sol sahilində, demək olar ki, dördbucaqlı formada düzən yerdə tikilmiş və dairəsi 4 verst olan və üç tərəfdən qüllələrə malik hündür və qalın ikiqat divarla əhatə olunmuşdu. Çöl divarı daha qalın və hündür idi. Qüllələrdən 6-ı çöl, 4-ü isə iç divarda yerləşirdi. Qalanın cənub tərəfi birqat divara malik idi. Bu tərəfdə salınmış bağ geniş və sıx olduğundan qalaya yaxınlaşmaq çətin olurdu. Bütün hərbi qalalarda olduğu kimi, Sərdərabad qalasının ətrafı da xəndəklə əhatə olunmuşdu (201, c.4 ,səh.292; 177,113; 115,564; 417,314-315). Qalada xan sarayı və 700 ev vardı (201, c.4, səh.292). Qalaya Araz çayından çəkilmiş su kanalı həm suvarma, həm də əhalini içməli su ilə təchiz edirdi. Bundan əlavə, mühasirə dövründə bu kanalın qarşısını kəsmək və yönünü dəyişmək mümkün olduğundan, hər etimala qarşı bir neçə quyu və çarhovuz kanalın suyu ilə doldurularaq hazır saxlanılırdı (177,113-114).
İrəvan xanlığında adı çəkilən möhtəşəm qalalarla bərabər, kiçik qalalar da mövcud olmuşdu. Bu qalacıqlardan «Keşikçi və yaxud Gözətçi qala»sını, «Qara qala» və «İmamverdi» qalalarını göstərmək lazımdır (208,862; 326,453). Lakin bu qalalar haqqıda məlumat əldə etmək mümkün olmadı. Görünür bu qalalar çox kiçik olduğundan bir o qədər də nəzərə çarpmamışdı. Yalnız «Keşikçi qala»sı haqqında haqqında az da olsa məlumat əldə etmək mümkün olmuşdur. Bu qala da osmanlılar tərəfindən tikilmişdi. Zəngi çayının sağ sahilində yerləşən bu qalanın tikilməsi haqqında A.Təbrizli maraqlı məlumat verərək yazır ki, 1603-cü ildə I Şah Abbas Təbrizi geri aldıqdan sonra osmanlılar şah qoşununun təzyiqləri altında Naxçıvana və oradan da İrəvana geri çəkilmişdi. İrəvana gələn osmanlı qoşunu İrəvan qalasının cənub hissəsində, ona yaxın yerdə daha bir qala tikərək ətrafına hasar çəkmişdi (134,50). Qala sonradan «Keşikçi qalası» adını almışdı. Lakin qala haqqında bir qədər ətraflı məlumat verən fransız səyyahı J.Şardən olmuşdu. O, qeyd edir ki, «İrəvan qalasının şimal tərəfində (cənub-şərqdə-E.Q.) yerləşən təpədə kiçik bir qala da vardı. Aralarındakı məsafə min addım olardı. O, ikiqat divarla və artilleriya ilə möhkəmləşdirilmişdir. Orada 200 adam yerləşə bilərdi. Onun adı «Keçi qala»sıdır» (52,21). (Qeyd etmək lazımdır ki, J.Şardənin səyahəinaməsini azərbaycan dilinə tərcümə edən müəllif «Keşikçi qalası»nı «Keçi qala»sı kimi tərcümə etmişdir- E.Q.).
Beləliklə, İrəvan xanlığının hərbi-müdafiə işində qalalar misilsiz əhəmiyyətə malik olmuşdur. Xüsusilə, İrəvan və eləcə də Sərdərabad qalaları düşmən müdaxiləsinin qarşısını almasında, uzunmüddətli mühasirəyə davam gətirməsində və düşməni acınacaqlı vəziyyətə salmasında böyük rol oynamışdı. Xanlığın davamlı və uzunömürlü olmasının bir səbəbi də, möhtəşəm qalalara malik olmasında idi.
Dostları ilə paylaş: |