ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

Əzizə AĞAHÜSEYNQIZI, 
Şair, publisist 
 
SƏRRAF ŞİRUYƏNİN “CƏSURLAR”I 
 
Son  on  illiyin  ədəbiyyatına  nəzər  salanda  görürük  ki, 
müasir  cəmiyyətimizin  ən  vacib  problemi  olan  vətənpər-
vərlik  mövzusu  tanınmış  şair  Sərraf  Şiruyənin  yaradıcı-
lığında daha geniş yer tutur. 
Onun  işıq  üzü  görmüş  “Ağlama,  bülbül,  ağlama”, 
“Ölümdən sonrakı ömür”, “Cəsurlar”, “İgid ölər, adı qalar”, 
“Ayrılığın  sonu  varmış”,  “Tərtərin  yaralı  cəngavərləri”, 
“Könlüm Göyçəni istər” və başqa kitablarında çap olunmuş 
şeir  və  poemalarını  həyəcansız  oxumaq  olmur.  Bu  gün 
dillər əzbəri olan gəraylıları, qoşmaları, təcnisləri, qəzəlləri 
bir yana, onun xalqımızın mərd, mübariz, yenilməz, iradəli, 
cəsur  oğlan  və  qızlarına  həsr
 
etdiyi  poemaları  real  həqi-
qətlərə söykənməklə şairin dərin  düşüncəyə,  milli koloritə, 
dərin  erudisiyaya  malik  bir  ziyalı  olmasından  xəbər  verir. 
Çap  olunan  yuxarıdakı  əsərlərin  içərisində  Azərbaycanın 
Milli  Qəhrəmanı  Vəzir  Orucova  həsr  etdiyi  “Vətən  sənə 
oğul dedi” poeması, (Vəzir obrazına yenə “Cəsurlar”da rast 
gəlirik)  “Od  oğlu  od  içində”  (İgid  döyüşçü  Ziyafət 
Balıyevə),  “Ölümdən  sonrakı  ömür”  (Azərbaycan  bayrağı 
ordenli  Sərhəd  Zöhrabbəyova  həsr  edilib),  “Ölümdən  be-
tər”, “Göyçə yaman göynədi”, “75 yara” və ya “Dəmir Yel-
mar”,  (Azərbaycanın  Milli  Qəhrəmanı  Yelmar  Edilovun 
batalyon komandiri kimi igidliyindən bəhs edir), “Loğman 
dağı”  poemaları,  “Göyçəli  Hacı  Rəhim”,  “Aşıq  Nəcəf  və 
Gülüstan”  dastanları  şairin  ana  Vətənə,  torpağa,  qədim 
Göyçə  mahalına,  tarixi  keçmişə  bağlılığından  xəbər  verir. 
Bu  poemalar  və  dastanlar  haqqında  çox  danışmaq  olar. 

 
171 
Məni isə ən çox şairin  yaradıcılığında ən  önəmli  yerlərdən 
birini tutan “Cəsurlar” poeması cəlb etdi.  
Poemada Tərtər hərbi hissəsinin döyüşçülərinin erməni 
işğalçılarına  qarşı  mübarizəsi  ön  xəttə  çəkilir.  Burada  iş-
tirak edən Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, 
qədim  türk  torpağından,  İqdır  mahalından  öz  qan  qar-
daşlarına  köməyə  gələn  Tunc  İsmayılın  cəsarətindən  Su-
lidin  Yusifov,  Xaçmazlı  Məlahət  Şirinqızı  kimi  döyüşçü-
lərin  əfsanəvi  sücaətindən,  Elman  Hüseynov,  Pənah  Məm-
mədov  kimi  komandirlərin  düşmənə  qarşı  mübarizəsindən 
bəhs edilir. 
Sərraf Siruyə 1994-cü ildə çap olunmuş “Ağlama, bül-
bül, ağlama” kitabında Vəzir Orucov  haqqında kifayət qə-
dər  məlumat  vermişdi.  Onun  silahdaşları  Tunc  İsmayıl  və 
Məlahət  haqqında  az  məlumat  verdiyi  üçün  bu  mövzuya 
yenidən  qayıtmış,  Tərtər  bölgəsində  öz  canları,  qanları  ba-
hasına bir neçə əməliyyatlarda; “Çardaqlı”, “Lüləsaz”, “Le-
vonarx”,  “Dranbon”  kimi  ağır  döyüşlərdə  iştirak  edən 
İlham  Mustafayev,  Hafiz,  Şakir  Bağırov,  Mayıl,  Ələddin, 
Didərgin  Mirzə,  Oruc  kişi,  Ətraf  (Qoçu),  Sərvər,  Qazaxıs-
tandan  gələn  Nikolay-Kolya  (atası  Azərbaycanlı  olub) 
Rembo,  Dombro,  Qəmlo  ləqəbli  yüzlərlə  belə  cəsurların 
fəaliyyətindən  bəhs  etdikcə  –  “bunların  hər  biri  ayrı-
ayrılıqda bir qəhrəmandır” deyir müəllif.  
Sərraf Şiruyə “Cəsurlar”ı başlayarkən sanki oxucu qar-
şısında plan cızır. Oxucunu öz fikir dünyası ilə bir qədər də 
uzaq keçmişə apararaq xalqımızın başına gətirilən müsibət-
ləri  yada  salır.  O  proloqda  1905-1918-ci  illərdə  də  azəri 
türklərinin  başına  gətirilənləri  poetik  qəlibə  salıb  xronoloji 
ardıcıllıqla  xatırladır  və  bədxah  insanların  iti  tamahından 
söz  açır.  Yer  üzündə  bütün  qanların  tökülməsini,  neqativ 
halların ancaq tamahdan yarandığını şair etiraf edir: 

 
172 
 
Bütün ölümlərin, bütün qanların, 
Səbəbkarı insan, səbəbi tamah! 
Yerlə-yeksan olub dağılanların, 
Ahı, amanıdı hər gələn sabah. 
Səbəbkarı insan, səbəbi tamah! 
 
 – deyən şairin fikrini çox aydın duymaq olur. O çox nara-
hatdır, babasının, nənəsinin ulu əcdadı uyuduğu torpağı qo-
rumaq üçün bütün bəşəriyyəti ayıltmaq istəyir. 
Öz doğma elinin-obasının qədim türk torpaqlarının hə-
mişə  zaman-zaman  hiyləgər  qonşular  tərəfindən  talandığı-
na,  bölündüyünə  acıyan  şair,  həm  də  özümüzün  İrəvan, 
Gəncə,  Şəki,  Qarabağ  kimi  xanlıqlara  böldüyümüzdən  çox 
narahat  olduğunu  yazır.  Qədim  yerlərin  adlarının  dəyiş-
dirilib erməni adları qoyulması Ağrı dağının Ararat olması, 
İrəvanın, Dərələyəzin, Vedibasarın, Zəngəzurun, Mehrinin, 
Sürməlinin,  Qaranlığın,  Uluxanlının,  Xatunun,  Zərzərin, 
Ağzıbirin,  Xinzirənin,  Karvansaranın  yağıya  verilməsi  acı 
bir  həqiqət  kimi  şairi  narahat  edir.  Göyçəli  Hacı  Rəhim 
kimi igidlərin hələ də yeri görünür – deyən şair erməni ge-
neralı Selikovun başını kəsən Hacı Rəhim haqqında “Göy-
çəli  Hacı  Rəhim”  dastanında  geniş  danışır.  Eyni  zamanda 
şair həm də görkəmli saz-söz ifaçısı Aşıq Nəcəfin kürəyinə 
odlu  samovar  bağlanaraq  ermənilər  tərəfindən  öldürüldü-
yünü oxucuya ürək ağrısı ilə çatdırır. Şairin “Cəsurlar” poe-
masında  süjet  xəttinin  əsasını  təşkil  edən  Tunc  İsmayılın 
dədə-baba yurdu Dərələyəz, Karvansara, Cənnət Selim yay-
lağı babası Əbdüləhəd kişinin olduğu halda sovet qoşunları 
tərəfindən  o  vaxt  bolşevik,  türk  adı  ilə  yurd-yuvasından 
qovulub, sürgün edildiyindən danışır.  

 
173 
İndi isə Əbdüləhəd kişi bu cənnətdən ayrı düşüb Türki-
yənin İqdır  mahalında  yaşayırdı. Xəyalında indi də Ələyəz 
dağlarından gül dərirdi. Əbdüləhəd kişinin oğlanları Abbas 
bəy,  Ağaəli,  Ağamməd,  Hüseyn  hələ  bu  sürgün  həyatına 
şükür deyirdilər. Ancaq ki, ürəyində Vətənə sarı burnunun 
ucu göynəyirdi: Xəlvətcə bayatı çəkərdi: 
 
Sərrafam, ocaq qala
Odun çat, ocaq qala, 
Heç çəkilən dərd deyil, 
Yağıya ocaq qala. 
 
 – deyə öləndə də Vətən həsrətilə köçdü dünyadan Əbdülə-
həd kişi. O, son nəfəsdə “Nəsildə Tunc adını itirməyin, və-
tən torpağını səpin mənim gözümə” – dedi.  
Poemada hadisələr çox sadə ardıcıllıqla verilir. Əbdülə-
həd  kişinin  oğlu  Abbas  bəyin  beş  övladı  olur,  ikisi  oğul, 
üçü  qız:  Abdullah,  İsmayıl,  Ceyran,  Gülçin,  Seyran. 
İsmayılın 12 yaşı olanda anası Dilbər xanım vəfat edir.  
İllər  keçdikcə  İsmayıl  qollu-qanadlı  cahal  oldu.  Tunc 
ləqəbini də adının qabağında dedilər: Tunc İsmayıl. Erməni 
qəsbkarları  Azərbaycan  torpaqlarını  zəbt  edən  vaxt,  Xo-
calıda  törədilən  vəhşiliklərə  dözə  bilməyən  İsmayıl  Azər-
baycana  gəlib  ordu  sıralarında  könüllü  tərkibdə  vuruşmaq 
istəyir.  Atası  ona  ziyafət  süfrəsi  açır,  gələn  qonaqlar  ona 
uğurlu  yol  arzulayırlar.  Şair  doğma  torpaqların  düşmən 
caynaqlarında olmasını çox ürək ağrısı ilə təsvir edir: 
 
Oyat gəlsin Nuru paşa
Şah Xətaim ağır yatır. 
Sultan babam girovdadı,  
Hər yandan kəmənd atılıb, 
Cəm Qarabağ tilovdadı.  

 
174 
 
 –  deməklə  cəmi  Qarabağın  kimlərinsə  əlində  olması,  özü 
də  ömürlük,  bu  heç  də  ağıla  sığan  şey  deyildi.  Belə  bir 
vəziyyətdə rus qoşunları artıq çəkilib getmiş, Azərbaycanın 
sərhədləri  açılmışdı.  Bu  kimi  işlərin  olması  İsmayılı  Azər-
baycana  yaxınlaşdırırdı.  O,  ilk  öncə  anası  Dilbər  xanımın 
uyuduğu məzarıstana gəlir, ondan xeyir-dua istəyir: 
 
Meydana gedirəm bəlkə gəlmədim, 
Nakam məzarını silə bilmədim, 
Bir də görüşünə gələ bilmədim
Bir halallıq diləməyə gəlmişəm. 
 
Atası  bundan  çox  qəhərlənir.  Artıq  çox  keçmir  ki, 
İsmayıl  cəbhə  bölgəsi  olan  Tərtər  istiqamətinə  göndərilir. 
1992-ci  ilin  avqust  ayıdır.  İsmayıl  Kasapet  uğrunda  vu-
ruşda iştirak edir. Bir-birinin ardınca böyük həvəslə ən ağır 
döyüşlərdə  Vəzir  Orucovla  birlikdə  müvəffəqiyyətlə  vuru-
şur. Tərtər hərbi hissəsində olan Lənkəran, Goranboy, Min-
gəçevir,  Tərtər,  Xanlar,  Qurtuluş  batalyonlarının  igid  oğ-
lanlarının  qəhrəmanlığını  Sərraf  Şiruyə  canlı  və  həyati 
detallarla təsvir edir.  
Arxangelskin  Belkova  şəhərində  qoyub  gəldiyi  oğlu 
Camalın və həyat  yoldaşının fikrini çəkən Vəzir Orucovun 
vətənpərvərliyini şair çox qabarıq şəkildə oxucuya çatdırır. 
Şair  hadisələrinin  gedişində  “Sarıqamış”,  “Çanaxlı”  dö-
yüşlərini xatırladır. “Mandar” sazişini yada salır. Belə müş-
kül işlərin bugünkü gündə davam etməsi onu narahat edir: 
 
 
Sərrafam, qəm qaladı, 
Dərd hasar, qəm qaladı. 
Özgəyə arxalandım, 
Sinəmdə qəm qaladı. 

 
175 
 
Şair  Levonarx  döyüşünü  təsvir  etdikcə  Vəzirin  dərin 
zəkaya, texniki hazırlığa da hazır olduğunu nəzərə çatdırır, 
Xaçmazlı  Məlahətin  məharətindən  də  söz  açır;  –  Şair  onu 
öz dilində danışdırır: 
 
Mən də doğulmuşam Azərbaycanda, 
Mən də bu Vətənə bir vətəndaşam. 
 
 – deyir. “Cəsurlar”da adları çəkilən qırx iki döyüşçü ilə çi-
yin-çiyinə bütün tapşırıqlarda – “Lüləsaz”da, “Çardaxlı”da, 
“Levanarx”da  oğlanlardan  geri  qalmayan  bu  qızcığaz  hər 
əməliyyat  planının  hazırlanmasındakı  fəaliyyəti,  kəşfiyyat 
(şair kəşfiyyatsız hücum məğlubiyyətdir deyir), hücum işti-
rakçılarının  ümumi  vəziyyəti  poemada  elə  ştrixlərlə  veril-
mişdir  ki,  sanki  Sərraf  Şiruyənin  özü  o  döyüşlərdə  iştirak 
edir.  Çünki  obrazlar  əsərdə  o  qədər  canlı  və  həyatidir  ki, 
sanki  şair  gördüklərini  qələmə  alır.  Lüləsaz  döyüşündə 
Lənkəran,  Goranboy,  Mingəçevir,  Xanlar,  M-2,  Qurtuluş, 
Tərtər  və  digər  tərkiblərdə  könüllülərin  düşmənə  qarşı  mi-
silsiz şücaətini görür və onların uğuruna sevinir. Ulu Qara-
bəyli  (indiki  Metşen),  Turbaza,  Koçaqot,  Poqosoqamer, 
Drambon,  Madagiz,  Maqauz,  Levanarx,  Çaylı,  Lüləsaz  ki-
mi Vətən torpaqlarının əsgərlərimiz tərəfindən geri alınma-
sı çox sevindirici idi. Çox əfsuslar olsun ki, Vəzir Orucov 
Vəngə  qədər  torpaqların  alınmasında  igidlik  göstərərək 
Canyataq və Gülyataq bölgələrində döyüş vaxtı şəhid olur. 
Tərtər  bölgəsindən  Məlahət  Ağdam  bölgəsinə  köməyə  ge-
dir. Suma-Güllücə, İlıxçılarda kürəyindən yaralanır.  
Çardaxlı döyüşündə düşmənə qan udduran Tunc İsma-
yıl üç  yerindən  –  bel,  qol və  başından  yara alır. Onu Tər-
tərin  Sarov  xəstəxanasına  çatdırırlar.  Sonra  isə  Bakıya.  İs-

 
176 
mayıl  burada  yuxu  görür,  xəyalən  öz  evlərinə  gedir.  Bacı-
ları  Ceyran,  Seyran,  Gülçin  qardaşı  Abdullah  ilə  görüşür. 
Yaralı İsmayıl qardaşına xitabən: 
 
Əziz qardaş, yaman ağır yaram var
Məlhəm üçün bircə yarpaq götür, gəl. 
Bəlkə öldüm gözlərimə səpməyə, 
Anamın qəbrindən torpaq götür, gəl. 
 
Bu döyüşdə belindən yaralanmış və bir neçə qabırğası 
da sınmışdı. Tezliklə sağalıb cəbhəyə qayıdan İsmayılı ye-
nə  döyüşən  dostları  ilə  birgə  görürük.  Vəzirin  xəyalı  Ma-
rinasını, İsmayılın  xəyalısa Mətanətin  yanında  idi. Şəkildə 
gördüyü  qızın  dostu  Rasim  nə  üçün  o  qızla  tanışlığımı  is-
təmirdi, görən nədən narazı idi. Bəlkə Türkiyədən gəldiyim 
üçün  məni  bu  millətə  biganə  bilir?.  Bu  kimi  xəyallar  İs-
mayılı məyus edirdi. Xəstə yatarkən və döyüş bölgələrində 
Tunc  İsmayıl  xəyalından  Mətanəti  çıxarmadı.  Qazandığı 
uğurlara görə İsmayılın atası Abbas Əfşana şəkil və təşək-
kür məktubu göndərilir. Ata qəlbi bundanca fərəhlənir.  
Aldığı yaralara baxmayaraq Vəzir Orucovla birgə Tunc 
İsmayıl yenə ön cəbhədədir. 
1993-cü illərdə Milli Ordu müstəqilləşən vaxtlarda kö-
nüllülər ordudan tərxis olunur. İsmayıl da ordudan qayıdan 
kimi  Mətanəti  axtarır.  Şair  iki  sevən  gəncin  sevgisini,  saf, 
ülvi hisslərini təsvir edərək: 
 
İçəri keçəndə dili tutuldu, 
Kimsəyə bir kəlmə deyə bilmədi. 
Və yaxud: 
Qırdılar gümansız o həsrətləri, 
O susmuş könüllər burda dil açdı. 

 
177 
 
 –  kimi  ifadələr  iki  sevən  gəncin  gələcək  taleyindən  xəbər 
verir. Mətanətin İsmayılla xalasıgildə ilk görüşü sonda ailə 
qurmaları  ilə  nəticələnir.  Bir  türk  vətəndaşının  azəri  tor-
pağını  qoruması  və  öz  könül  duyğularını,  əbədi  sevgisini 
bir  azərbaycanlı  qıza  verməsi  övladlarının  adının  birini 
Azər,  birini  isə  Becan  qoyması  bu  Vətənə,  xalqa  məhəb-
bətdən başqa bir şey deyildir. Yaşasın belə məhəbbət! 
Tunc  İsmayıl  öz  tuncluğunda  qaldı.  Onun  adı  bu  gün 
həm Türkiyədə, həm də Azərbaycanda iftixarla çəkilir. 
Əsərin  sonunda  şair  Vəngə  qədər  vuruşan  Vəzirdən, 
İsmayıldan,  Arqumuverdə  tankın  altına  sürünərək  böyük 
bir polku yandıran Məlahətdən ayrıla bilmir. 
 
Əlvida – desəm də, Vətən övladı, 
Çətindi ayrılmaq o cəsarətdən. 
Ömür vəfa etsə borcumdu mənim
Dolğun əsər yazam şücaətindən. 
 
Mən isə öz növbəmdə vətənpərvər şairimiz Sərraf Şiru-
yəyə  –  çox  sağ  olun  –  deyirəm  ki,  böyük  əziyyətlər  baha-
sına ərsəyə gələn “Cəsurlar” poemasında xalqımızın vətən-
pərvər,  igid  oğlan  və  qızlarının  qəhrəmanlıq  salnaməsini 
yaratmışdır.  Sərraf  Şiruyəyə  minnətdarlıq  hissləri  ilə  o 
qəhrəmanlardan  mən  də  ayrılıram.  Ayrılıram  ona  görə  ki, 
şairin  əsərin  sonunda  “Əlvida”  söyləməyə  dili  gəlməyən 
yeni döyüşçülərlə yeni əsərlərdə görüşə bilim. 
“Bütöv Azərbaycan” qəzeti,  
№34, 6 noyabr 2009-cu il 

 
178 
  
  
ƏSL VƏTƏNPƏRVƏR ŞAİR 
 
Düz  2002-ci  ilin  söhbətidi.  Qış  ayları  idi.  Məktəbdə 
dərslərim  az  olduğu  üçün  evə  tələsirdim.  Kiçik  yaşlı  mək-
təbli qız  mənə  yaxınlaşıb bükülü  bir bağlama verdi. “Ana-
mın əmisi göndərib, bunu Əzizə müəlliməyə çatdırarsan” – 
dedi.  
Doğrusu  hədiyyənin  kitab  olması  məni  çox  sevindirdi 
və  evə  tələsdim  ki,  açım  görüm  kimdəndir.  Maraqla,  həm 
də  həyəcanla  bağlamanı  açdım.  Ürəyimdə  balaca  Rüfanə 
balaya “sağ ol” da – dedim. 
Bağlamada  mənə  dörd  kitab  göndərilmişdi.  Hədiyyə 
qədim  Göyçə  mahalının  tanınan  və  sevilən  şairlərindən 
olan,  öz  elindən,  obasından  didərgin  düşüb  Bərdə  rayo-
nunun  Yeni  Daşkənd  kəndində  məskunlaşan  şair  Sərraf 
Şiruyədən idi. 
Mənim  üçün  hər  şeydən  əziz,  müqəddəs  sözdür.  Ona 
görə  də  mənə  söz  hədiyyəsi  göndərən,  könül  duyğuların 
mənimlə  bölən  bir  şairlə  tanış  olmaq  mənim  üçün  çox 
dəyərli və vacib idi. Onun mənə göndərdiyi “Ağlama, bül-
bül,  ağlama”,  “İgid  ölər,  adı  qalar”,  “Ölümdən  sonrakı 
ömür”  və  “Cəsurlar”  adlı  kitablarındakı  şeir  və  poemaları 
ürəyimi riqqətə gətirdi. Elə bil bir sehrli aləmə düşmüşdüm. 
Düzdür, mən özüm də az şair, yazıçı oxumamışdım, amma 
Sərraf  Şiruyə  yaradıcılığı  mənə  çox  şeyləri  başa  saldı. 
Onun  heca  vəznində  –  gəraylı,  qoşma,  divani,  müxəmməs 
və  təcnisləri,  əruz  vəznində  isə  yazdığı  qəzəlləri  çox  xo-
şuma  gəldi.  Xüsusən  də  bu  kitabların  ikinci  yarısında  çap 
olunan  poemaları  bugünkü  durumumuzla  vəhdət  təşkil 
edirdi. Onun “Vətən sənə oğul dedi” poeması Azərbaycanın 

 
179 
Milli Qəhrəmanı Vəzir Surxay oğlu Orucovun misilsiz dö-
yüş  sücaətinə  həsr  olunmuşdur.  Bu  barədə  şair  “Cəsurlar” 
poemasında da geniş məlumatlar vermişdir. 
“Od oğlu od içində”, “Loğman dağı”, “75 yara” və  ya 
“Dəmir  Yelmar”,  “Ana  torpaq”,  “Ölümdən  betər”  poe-
malarını “Göyçəli Hacı Rəhim”, “Aşıq Nəcəf və Gülüstan” 
dastanlarını  oxuduqca  məndə,  milli  ruhda  vətəndaş  möv-
qeyindən  çıxış  edən  bu  insana  –  Sərraf  Şiruyə  yaradıcı-
lığına  qarşı  məhəbbətim  daha  da  artırdı.  Sərraf  Şiruyə  bu 
saydıqlarım  poema  və  dastanlarda  ancaq  həqiqətə  söykən-
miş, real həyat həqiqətləri öz şair süzgəcindən keçirmişdir. 
Kitabları oxuduqca, bir şair ömrünün payına düşən ağrıları 
yaşadıqca  onun  yaradıcılığı  ilə  yaxından  tanışlığa  çox  se-
vindim.  
Əvvəllər  toy  məclislərində  möhürbəndi  Şiruyə  adı  ilə 
tamamlanan  qoşmalar,  təcnislər,  gəraylılar  çox  eşidirdim. 
Sərraf  Şiruyənin  “Ağlama,  bülbül,  ağlama”  kitabını  oxu-
yandan  sonra  gördüm  ki,  30  ilə  yaxındı  əzbərimdə  olan 
“Pozulmaz” adlı şeir də məhz elə Sərraf Şiruyənindir. 
Hələ uşaq yaşlarımdan söz sənətinə çox bağlı olmağım 
elə  məni  indi  də  öz  ardınca  “sürüyür”.  Dərk  etdiyim,  duy-
duğum  qəlbimə,  hissimə  hakim  kəsilən  həqiqətləri  sözə 
çevirəndə  ruhən  rahatlaşıram.  2005-ci  ildə  könül  duyğula-
rımdan ibarət bir kitabım çap olundu – “Ürəyim qan adası”. 
Həmin  kitabın  birini  Sərraf  Şiruyənin  qardaşı  qızı  Nəcibə 
xanımın  vasitəsilə  Bərdəyə  –  Yeni  Daşkənd  kəndinə  gön-
dərdim.  Kitabın  ön  sözündən  sonra  ilk  şeir  belə  adlanırdı: 
“Bir şair yaşayır elindən ayrı”... 
Yaradıcılığına,  insanlığına  dərin  hörmət  bəslədiyim 
Sərraf  Şiruyə  kitabımı  alan  kimi  oxumuş  və  mənə  telefon 
açmışdı. Və üstəlik məni də müzəmmət etdi ki, o nədi yaz-
mısan?!  “Bir  şair  yaşayır  elindən  ayrı”.  Çox  ötkəm,  ami-

 
180 
ranə, ərkyana bir tərzdə şair heç vaxt elindən ayrı yaşamaz 
– dedi: Şair həmişə elin qoynunda yaşamalıdı və bədahətən 
elə telefondaca “Bir şair yaşayır elin qoynunda” şeirini dedi 
və mən də yazdım: Onun hazırcavablığı, sözü yerində işlət-
məyi, qeyri-adiliyi məni heyrətləndirdi... 
Onun  yaradıcılıq  yollarına  nəzər salanda  zəhmətinə  az 
qiymət verildiyinin şahidi oldum. Vətənpərvərlik, milli ruh, 
tərbiyə  onun  əsərlərinin  əsas  qayəsini  təşkil  edir.  Ümidva-
ram  ki,  Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyi, 
Azərbaycan  Yazıçılar  Birliyi  şair  Sərraf  Şiruyənin  vətən-
pərvərlik  mövzusunda  yazılmış  əsərlərinə  layiqli  qiymət 
verəcəkdir. 
“Bütöv Azərbaycan” qəzeti, 
№46(86), 15 dekabr 2010-cu il 
 
 

 
181 
Qılman İMAN, 
Şair, jurnalist 
 
Hər  dəfə  Bakıda  darıxanda,  rayona  yön  alıram,  doğma 
kəndimizə gedirəm. Rayondan qayıdan da özümlə bir xeyli 
mövzu gətirirəm şəhərə şeir yazmağa. Bir ay həmin təəssü-
ratla çağlayıram. Həm də rayona getmək üçün ona görə tez-
tez darıxıram ki, həmişə həsrətində olduğum möhtərəm bir 
şair var, – Sərraf Şiruyə. Bütün varlığı ilə şairdi. Tofiq Yu-
sif demişkən – “Onun şair olmayan əzası  yoxdu”. Bu sözü 
mübaliğəsiz deyirəm.  Ona görə ki, daxili də, xarici də, adi 
danışıq  tərzi  də  şeirdir.  Onun  fizionomiyasında  əsl  şair  si-
ması var. Danışdıqca görürsən ki, dili qafiyələnir, güllənir. 
Qələmsiz,  kağızsız  şeir  yaranır  öz-özünə.  Həmin  an  istər-
istəməz qarşısındakı insanı özünə cəlb edir.  
Hər  dəfə  görüşəndə  bu  möhtərəm  şairlə  saz-söz  adam-
larından  söz  salıb  onun  şirin  söhbətinə  qulaq  kəsilirəm. 
Həsən Xəyallıdan, Xasay Hacıyevdən, Daşqın Məzahirdən, 
Əzizə  Cəfərzadədən,  Aşıq  Şəmşirdən,  Əli  Vəliyevdən,  İs-
mixan  Didərgindən,  Azaflı  Mikayıldan,  Əli  Qurbandan, 
Boluslu Səfərdən, Bəhmən Vətənoğlundan, Səyyad Vəlioğ-
lundan elə şirin xatirələr danışır ki, bir anlıq özünü unudur-
san. Dağda-daşda seyri-səfada olursan.  
Sərraf  Şiruyə  poeziyası  sazın-sözün  ovsunundan  yara-
nıb.  Miskin  Abdalın,  Ozan  Heydərin,  Məmmədhüseynin, 
Ustad  Alının,  Dədə  Ələsgərin,  Zodlu  Abdullanın,  Növrəs 
İmanın,  Aşıq  Nəcəfin,  Həsən  Xəyallının,  Xəstə  Bayraməli 
kimi  nəhəng  sənətkarların  söz  çeşməsinin  şəffaf  suyundan 
içib.  Poetik  bir  söz  eşidəndə  ruhu  qanadlanıb,  saz  səsi 
gələndə  heyrətlənib,  sehrə  düşüb.  Ona  görə  də  Şiruyənin 
şeirləri  tez  bir  zamanda  saz-söz  məclislərinin,  toy  şənlik-

 
182 
lərinin, konsert salonlarının bəzəyinə çevrilib. Eldən aldığı 
ilhamı, misra sığalına çəkib, elə qaytara bilib.  
Sərraf Şiruyə Göyçə ilə Qarabağ arasında bir körpüdür 
desəm,  yəqin  ki,  yanılmaram.  Çünki,  o,  Göyçədə  doğulub 
boya-başa  çatıb,  Qarabağda  isə  yaşayıb,  yazıb,  yaradıb. 
Göyçə-Qarabağ  Sərraf  Şiruyə  poeziyasında  doğma  ana 
kimi eyni müqəddəsliyə söykənir. Özünün dediyi kimi: 
  
Biri saz götürüb, biri kaman, tar, 
Ələsgər – Üzeyir, şair – bəstəkar. 
Mənə ustad olan bu iki diyar, 
Biri Qarabağdı, biri də Göyçə. 
 
İlkin  şeirləri  sazın  nəğməsi  ilə  yaranırdısa,  sonradan 
muğam  üstdə  daha  kövrəkləşdi,  həzinləşdi.  Sərraf  Şiruyə 
1968-ci  ildən  taleyini  Qarabağ  torpağına  bağladı.  Az  keç-
mədi  70-ci  illərdə  Şiruyə  özü  ilə  bir  boy  qaldırdı.  Zəngin 
yaradıcılıq  potensialı,  şirin  natiqliyi,  hazırcavablığı  onu 
məclislər  başına  çəkdi.  El  şənliklərinin  ağsaqqalına  çevril-
di. Bu da Şiruyə üçün yeni bir inkişaf yolu oldu, təkan ver-
di.  Qarabağ  toylarında  kimlər  olmurdu  ki!  Xan  Şuşinski, 
Qulu Əsgərov, Yaqub Məmmədov, Arif Babayev, Şahmalı 
Kürdoğlu, Zil İdris, Qədir Rüstəmov, Səxavət Məmmədov, 
Habil Əliyev və s.. Oğulsansa bu azman sənətkarlarla mey-
dana gir, qürrələn, bu meydanda mən də varam denən. Söz-
süz ki, bu məclislərdə gücünü sınamaq üçün yersiz atmaca-
lar,  çətin  sınaqlar  olurdu.  Bu  maneələri  dəf  edərək,  Şiruyə 
şeirimizin parlaq ziyasına çevrildi. Gərək Şiruyəni öz dün-
yasından  çıxarmayasan.  Çıxardın,  kefinə  bax!  Vay  halına 
ona yaxın düşənin. Kükrəmiş azğın sel kimi islanmamış yer 
qoymayır… 

 
183 
Bu  kitabda  oxuyacağınız  xatirələr  Sərraf  Şiruyə  ömrü-
nün ən gözəl anlarıdı. Belə ki, bu kitab Şiruyənin ağır yığ-
naqlarda, əhli-ürfan məclislərində, bulaq başında, çay kəna-
rında  şulux  atmacalara  şeirnən  verilən  cavabları,  Daşqın 
Məzahirlə, Xasay Hacıyevlə, Qəmgin Fəziylə, İsmixan Di-
dərginlə, Əli Qurbanla, Boluslu Səfərlə, Zəlimxan Yaqubla, 
Zəki  İslamla,  Bəhmən  Vətənoğluyla,  Əlqəmə  Əmrahoğ-
luyla,  Xasay  Zeynalovla,  Alqayıtla,  Aşıq  Ulduzla,  Telman 
Hüseynlə, Azaflı Mikayılla, Əli Mehdiylə böyük ehtiramla 
yaranmış  deyişmələri,  dərdləşmələri  və  xatirələri  toplan-
mışdır.  Bu  da  söz  vurğunları,  Şiruyəsevərlər  üçün  əvəzsiz 
bir töhfədi.  
Şiruyə  doğulduğu  ailədə  saza  müqəddəs  bir  alət,  sözə 
ilahi bir nemət kimi baxılır. Atası Həsən Xəyallı da böyük 
söz  sənətkarı  olub.  Bu  irsi  istedad  bu  gün  də  davam  edir. 
Qardaşları  Molla  Əmirxan,  Aqil  İman,  oğlu  Aqşin,  qızı 
Zülfiyyə  müqtədir  qələm  sahibləridir.  Bu  ocaqda  şeir  yaz-
mayan adam az-az tapılar. Bu adlarını çəkdiklərim isə bizə 
məlum olanlardı.  
Həmişə  Şiruyə  müəllimlə  söhbətləşdikcə  ürəyimdən 
belə bir arzu keçirdi ki, kaş mən də onunla deyişə biləydim! 
Doğrusu  bu  arzum  olsa  da  ürəyimdə  qalırdı,  özümü  gizlə-
yirdim. Amma şeir yazmağımı, hətta qəzetlərdə şeirlərimin 
çap  olunduğunu  eşitmişdi.  Ancaq  yenə  mən  boynuma 
almırdım.  Öz-özümə  fikirləşirdim  ki,  utancaqlığıma  necə 
son  qoyum,  Şiruyə  müəllimə  necə  şeir  yazım  ki,  ondan 
cavab alım. Bilirdim ki, şeir könlünü oxşamasa cavab yaz-
mayacaq. Bir gün ürəyimdən keçən qəmli hisslərimi kağıza 
köçürüb  Şiruyə  müəllimə  bir  şeir  yazdım  və  cibimə 
qoydum. Fürsət axtarırdım ki, şeiri verim. Bir gün yenə hə-
mişəki, adəti üzrə yazı-pozuyla məşğul olurdu. Xəlvəti, sa-

 
184 
kitcə  şeir  yazdığım  vərəqi  yazı  masasının  üstünə  qoyub 
otaqdan çıxdım.  
 
 
Neçə ildir bir həsrətin oduna, 
Gecə-gündüz qalanıram, ay əmi. 
Xəyalım dolaşıq, başım dumanlı, 
Mən birtəhər dolanıram, ay əmi. 
  
Fələk çəkdi sinəm üstə neçə dağ, 
Ürək xəstə oldu, arzular dustaq. 
Düşündükcə bu həyatı baş-ayaq, 
Göz yaşıma bələnirəm, ay əmi. 
  
Bəla gəlib bax, bu körpə yaşıma, 
Qəm ələnib torpağıma, daşıma. 
Dərd çəkməkdən mənim fağır başıma, 
Hava gəlir hallanıram, ay əmi. 
 
Şikəstəmi, bayatımı itirib, 
Şirin-şəkər həyatımı itirib, 
Dağ ürəkli, nər atamı itirib, 
Qəlbi sınıq dolanıram, ay əmi. 
  
Kədərə doğmayam, sevincə yadam, 
Nə qədər əzaba dözərmiş adam?! 
Yadıma düşdükcə o bədbəxt atam, 
Varlığımdan talanıram, ay əmi. 
 
Bir-iki  həftə  gözünə  görünmədim.  Məcbur  olub  onlara 
gedəsi oldum. Məni tutub dedi: “Şeiri yazıb hara qaçmısan, 
niyə  utanırsan?  Şeirin  çox  xoşuma  gəldi.  Düzü,  heç  bu 

 
185 
yaşda səndən belə şeir gözləmirdim. Şeirin bütün qayda-qa-
nunlarına  yerli-yerində  əməl  etmisən.  Ancaq,  indidən  belə 
mövzuda  şeir  yazma.  Nisgilli,  qəmli  şeirlərdən  kənar  qaç, 
bacar gözəl sənət əsərləri yarat. Onu da bil ki, şair mübariz, 
əyilməz  və  nikbin  olmalıdır.  Buyur,  şeirinə  də  cavab  yaz-
mışam, al bir oxu.” 
  
Bilirsənmi, atasızın atası? –  
Sirri-sübhan o Allahdı, ay bala. 
Köməksizin, arxasızın, arxası, 
Adil-qadir Şahənşahdı, ay bala. 
 
Tale yazısına qail olmamaq, 
Yaradanın buyruğunda qalmamaq. 
Haqqın verdiyinə şükür qılmamaq, 
Bilirsənmi çox günahdı, ay bala? 
 
Məni də yandırır sən yanan odlar, 
Daşlara yazılıb gör neçə adlar? 
Təkəm, hücum çəkir üstümə yadlar, 
Sinəm dolu aman-ahdı, ay bala. 
 
İman – imanımı apardı getdi, 
Ümid, gümanımı apardı, getdi. 
Xoşbəxt zamanımı apardı getdi, 
Qəbri mənə barigahdı, ay bala. 
 
Şiruyəyəm, aman-ünün axırı, 
Hər müşkülün, hər düyünün axırı, 
Haqqı yad et, qara günün axırı, 
Al şəfəqli xoş sabahdı, ay bala. 
 

 
186 
Oxudum,  düzü,  çox  xoşuma  gəldi.  Beləcə  utancaqlığı-
ma son qoydum. Boş vaxtlarım olduqca söhbətləşər, ondan 
məsləhət alardım.  
Günlərin bir günü Bakıda Rəşid Behbudov adına Döv-
lət Mahnı Teatrında tədbir keçirilirdi. Tədbirdə İrandan gəl-
miş  Təbriz  aşıqları  da  var  idi.  Mərhum  şair  dostum  Mə-
həmməd Ələkbərli ilə aşıqlara qulaq asırdıq. Təbriz aşıqla-
rına söz verildi. İki aşıq qabaq-qabağa meydan aldı. Sərraf 
Şiruyənin: 
 
İlahi düzəltsə hər diləkləri, 
Din itməz, arada iman pozulmaz. 
Həmahəng döyünsə dost ürəkləri, 
Çuğulun sözüylə peyman pozulmaz. 
  
 –  qoşmasını  oxuyurdular.  Tədbir  qutardı,  Məhəmməd 
Ələkbərli aşıqlarla ünsiyyət yaratmağa çalışdı. Məni onlara 
təqdim  edib  –  bayaq  o  şeirini  oxuduğunuz  şair  Şiruyənin 
qardaşı oğludu – dedi. Təbrizdən gələn aşıqların hamısı ba-
şıma  yığışmışdılar.  Sanki,  məni  tanımaqda  Şiruyə  müəlli-
min qohumu olduğum üçün, qiymətli bir xəzinə tapmış ol-
dular. Məndən şairlə onları görüşdürməyi, şairin yeni kitab-
larından onlara verməyi xahiş etdilər. Onu da bildirdilər ki, 
şairin  “Ağlama,  bülbül,  ağlama”  kitabı  İranda  əl-əl  gəzir. 
Bu halla mən dəfələrlə rastlaşmışam: Türk şairi Tayyib At-
macaya  Sərraf  Şiruyənin  bir  neçə  şeirini  dedim.  Şiruyə 
müəllimlə  məni Türkiyəyə  dəvət etdi. Mən söz versəm də, 
Şiruyə  müəllimin  səhhəti  təəssüf  ki,  buna  imkan  vermədi. 
Şiruyə  müəllimin  belə  səs-sorağı  gələndə  qürurlanıb  yaz-
mışdım: 
 
 

 
187 
Qartal baxışınla, dağ vüqarınla, 
Neçə könüllərə gərəksən, ustad! 
Şirin söhbətinnən, həzin səsinnən, 
Sinəmdə çırpınan ürəksən, ustad! 
 
Mən sənə baxıram bir həyat kimi, 
Sirli, möcüzəli kainat kimi, 
Halal süfrə kimi, təmiz ad kimi, 
Müqəddəs nemətsən, çörəksən, ustad! 
 
Ay Qılman, layiqdi hər gözəl sözə, 
Adına nəğmə qoş, şeirlə bəzə. 
Bükülən qamətə, taqətsiz dizə, 
Arxasan, dayaqsan, dirəksən, ustad! 
 
Bu çox sevindiricidir. Çünki, uzun illər bir balaca kita-
bına həsrət qalan şairin səsi şərq ölkələrindən gəlir. Özü də 
heç bir təbliğatsız.  Ona görə təbliğatsız deyirəm  ki, Şiruyə 
sovetlər  dönəmində  rayon  qəzetindən  başqa  heç  yerdə  çap 
olunmurdu.  Mərkəzi  mətbuatda  isə  ayda,  ildə  bir  şeiri  çap 
olunanda  da  çox  böyük  sensasiyaya  səbəb  olurdu.  Bu  da 
Sərraf  Şiruyə  üçün  təhlükə  yaradırdı,  hədə-qorxularla  rast-
laşırdı.  Şükürlər  olsun  ki,  heç  bir  rəsmi  adı  olmasa  da 
Sərraf  Şiruyə  böyük  xalq  məhəbbəti,  el  hörməti  qazanıb. 
Vaqif, Ələsgər, Vurğun mərtəbəsinə ucalıb. Bu deyilmi şai-
rin  ən  böyük  adı,  varı-dövləti?  Şiruyə  o  bəxtəvərlərdəndir 
ki,  Xəstə  Qasımdan,  Abbas  Tufarqanlıdan,  Aşıq  Alıdan, 
Ələsgərdən,  Zodlu  Abdulladan  sonra  dövrümüzün  böyük 
təcnis  ustadıdır.  Onun  təcnisləri  Azərbaycan  ədəbiyyatının 
ayrı-ayrılıqda  nadir  incilərindən  hesab  etmək  olar.  Sərraf 
Şiruyə elə böyük bir ümmandır ki, mən o ümmandan bircə 
damla incəlmə edə bildim.  

 
188 
Hörmətli oxucular! Şairin son günlərdə mənə göndərdi-
yi  şeirlə sizlərlə xudahafizləşib kitabı sizin ixtiyarınıza ve-
rirəm.  Ömrünün  65-ci  baharını  yaşayan  qüdrətli  söz  sərra-
fına isə 40 il bundan əvvəlki ruhu, məhəbbəti arzulayıram. 
 
Bu dünyadan hərə bir kam, 
Almalıydı, aldım, getdim. 
Hərə bir iz salmalıydı, – 
Mən də bir iz saldım, getdim. 
 
Dünya bir soraq eviydi, 
Bər-bəzək, boyaq eviydi, 
Beş günlük qonaq eviydi, 
Mən də qonaq qaldım, getdim. 
 
Bəxtim gahdan yedək verdi, 
Gah qaçdı, gah ətək verdi, 
Fələk sirli tütək verdi, 
Bildiyimtək çaldım, getdim. 
 
Şiruyəyəm, özünü de, 
Odunu de, közünü de, 
İndi sən öz sözünü de, 
Mən xəyala daldım, getdim.  
 
“Hər görüş bir xatirədir”, 
Bakı, “Nurlan”, 2007-ci il 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin