USTAD
Qartal baxışınla, dağ vüqarınla,
Neçə könüllərə gərəksən, ustad!
Şirin söhbətinnən, həzin səsinnən,
Sinəmdə çırpınan ürəksən, ustad!
Mən sənə baxıram bir həyat kimi,
Sirli, möcüzəli kainat kimi,
Halal süfrə kimi, təmiz ad kimi,
Müqəddəs nemətsən, çörəksən, ustad!
Ay Qılman, layiqdi hər gözəl sözə,
Adına nəğmə qoş, şeirlə bəzə.
Bükülən qamətə, taqətsiz dizə,
Arxasan, dayaqsan, dirəksən, ustad!
2001-ci il
320
Pənah GÖYÇƏ
DÜŞMƏSİN
Aldım salamını xəstəxanadan,
Ay Şiruyə, o yer mərdə düşməsin.
Ömrü başa vursun sağlam, ağrısız,
Bircə gün, bircə an dərdə düşməsin.
Qoy şair yaşasın elin gözündə,
Ulduzu gur yansın göyün üzündə.
Qəlbi həkk olunsun hər bir sözündə,
Dayansın ucada, sərdə düşməsin.
Bu xəbər qayğıya saldı Pənahı,
Yenə asimana ucaldı ahı.
Hər xəstə ağrısız açsın sabahı,
Heç kəsə o sınaq bir də düşməsin.
27 sentyabr 2009-cu il,
Bakı
321
Aşıq ŞAHSUVAR
AY ŞİRUYƏ
Üzü dönmüş bu fələyə,
Çatmır əlim, ay Şiruyə.
Sinəmdəki dərdi, qəmi,
Demir dilim, ay Şiruyə.
Mən bir günəş, dan olsam da,
Cananıma can olsam da,
Qürbət eldə xan olsam da,
Xoşdu elim, ay Şiruyə.
Şahsuvarı bir anan yox,
Anlayıb, dərdin qanan yox,
Bircə ürəkdən yanan yox,
Sındı belim, ay Şiruyə.
1984-cü il,
Gədəbəy rayonu Hərliska kəndi
322
Qurban YUSİFOĞLU
HA ÇAPA–ÇAPA
(təcnis)
Qıratı minmisən, Şiruyə qardaş,
Gedirsən qabaqda ha çapa-çapa.
Təcnis sal qayadır, sən də memarı,
Yonursan Fərhadtək ha çapa-çapa.
Hörürəm sözümdən yarımçıq qala,
Ocaq əl isitməz yarımçıq qala.
Qorxuram can köçə, yarımçıq qala,
Getmiyə sözlərim ha çapa, çapa.
Gələrəm dalınca düz, ayə, mən də,
Ürək bir kitabdır, düz ayə, məndə.
Kömək dur, qalxaram düz Aya mən də,
Getməz Yusifoğlu ha çəpə, çəpə.
22 avqust 2006-cı il
323
Vaqif GƏNCƏLİ
DAHA
Ay vəfasız dostum, bir dinlə məni,
Səbir kasam dolub, daşacaq daha.
Get-gedə unudur səni yaddaşım,
Yanılıb hüsnünü çaşacaq daha.
Bizi anıb bircə namə yazmadın,
Nəğmə olub ürəyimə sızmadın.
Qonaq olub “Maralgöl”də üzmədin,
Həsrətin könlümü çapacaq daha.
Vaqifi möhnətdə qoyma, amandı,
Əhdimi ötəri sayma, amandı,
Din, danış, bədliyə uyma, amandı,
Dinməsən ürəyim qopacaq daha.
1980-ci il
324
Əvəz SALAHLI
ŞİRUYƏ
Sərraf Şiruyənin 65 illiyinə
Alı, Ələsgəri gətirib yada,
Ömrün söz yolunda yandırıb oda.
Gəraylı, divani doğma olsa da,
Özünü təcnisdə tapdı Şiruyə.
Sərraflar bilir ki, göydə göy nədir,
Göylərin göynəyi sinə göynədir,
Çox adam özünü dağa bənzədir,
Murovdu, Ağrıdı, Qafdı Şiruyə.
Dünya bir torpaqdı, bir su, bir qaya,
Yonqara gəlməyir hər daş, hər qaya.
Çox sərraf gəlibdi qoca dünyaya,
Sərraflar içində safdı Şiruyə.
Daim Tanrısına eyləsin biət,
Oxucum, sözümdən gəl götür ibrət.
Haqdan haqq diləyib, Əlidən mədət,
Haqqın dərgahında haqdı Şiruyə.
Əvəz, keşiyində dayanan dilin,
O bir elçisidir Göyçətək elin.
Gəlin, sağlığında qədrini bilin,
Bir də görərsiniz yoxdu Şiruyə.
2 dekabr 2007-ci il, Bərdə
325
Zəhra HƏSƏNLİ
DƏYMƏSİN
Məni də kövrəltdin, a qardaş, yaman,
Qəzadan yaxşıya zədə dəyməsin.
Açsın müşkülünü Qadiri-sübhan,
Ömür səhifənə gədə dəyməsin.
Şər atanın üzü-üzdən utanmaz,
Düz fikirdə, düz məsləkdə dayanmaz.
Haqqı yada salmaz, anda inanmaz,
Böhtandan kişiyə hədə dəyməsin.
Zəhrayam, comərdlər düşməsin bəndə,
Ahular mələşsin azad çəməndə.
Kaman bayatını nəzmə çəkəndə,
Gülşənə nalədən səda dəyməsin.
326
Axund Hacı NAMİQ
ŞİRUYƏ
Aqil məclisinə ağsaqqal gəlsin,
Həqiqətin qibləgahı Şiruyə.
Götürsün qələmi, salsın təcnisə,
Ərşi-gürşü, gavı-mahı Şiruyə.
Sənət üzüyünün odur zər qaşı,
Dürr, gövhərdi kəlməsinin hər başı.
Girə bilməz bu meydana hər naşı,
Car eyləsə bismillahı Şiruyə.
Hanı elə Sərraf, hanı, ay Hacı?
Dostluğa təmizdir qanı, ay Hacı,
Baş endir, səcdə qıl, tanı, ay Hacı,
Təcnisin Allahı, şahı Şiruyə.
327
Əmir GÖYÇƏLİ
MƏNİM
Şair Sərraf Şiruyə Həsənoğluna
Həsənoğlu – deyib səni gəzirəm,
Hardasan, a dostum, qardaşım mənim?
Göyçəsiz qalandan halısanmı heç,
Gör nələr çəkibdi bu başım mənim.
Qaralıb ocaqlar, isinmir soba,
Heç kəs çəkə bilməz bu dərdi toba.
Yadıma düşəndə o el, o oba,
Axır leysan kimi göz yaşım mənim.
Düşsəydi Daşkəndə bir də güzarım,
Azalardı dərdim, qəmim, azarım.
Yerinə yetəydi arzum, murazım,
Olaydı Keytidə başdaşım mənim.
Əmirəm, həsrətdən odsuz yanıram,
Bunu nə gizlədib, nə də danıram.
Hər səni görəndə qürurlanıram
Sevimli şairim, sirdaşım mənim.
16 avqust 2002-ci il, Novxanı
328
Mir MÜŞFİQ
QÜVVƏTİM
Sərraf Şiruyəyə
Fələk gəldi məni tutdu vahimə,
Sən deməynən o bənd imiş bir himə.
Aldı ruhu, dedim qıyma cismimə,
Həyatda yadigar qalsın surətim.
Zülmət çökdü cana yığdı bu canı,
Zülüm verib dedi ki, çək cəzanı.
Fəryadım bürüdü qara zindanı,
Gen qovmağa çatdırmadı cürətim.
Seçdiyim yol gedər-gəlməzdən oldu,
Qəlbim xəzan kimi saraldı, soldu.
Bir qara buludtək boşaldı, doldu,
Yenə şükür etdim, budur qismətim.
Qəlbimdən keçəni düz deyəsiyəm,
Mir Müşfiqəm, haqq-ədalət səsiyəm.
Sərraf Şiruyənin yetirməsiyəm,
Ustadımın sözləridir qüvvətim.
18 avqust 2005-ci il
329
Etibar Sabit TƏRTƏRLİ
CAN AĞLAR, AĞLAR
Dədə Ələsgərin sələfi getdi,
Göylər bulud ələr, qan ağlar, ağlar.
Söz mülkünün əziz-xələfi getdi,
Göyçə qara bağlar, Van ağlar, ağlar.
Yaratdığı qoşma, təcnis, qəzəllər,
Eldən-elə, dildən-dilə gəzəllər.
Vəsf etdiyi naz-qəmzəli gözəllər,
Saç yolar, söyləyər “can”, ağlar, ağlar.
Ey buta ətalı, ey Haqq ozanı:
Kimdir poza bilə Allah yazanı?
Elə ki yetişdi ömrün xəzanı,
Qaralar günəşin, dan ağlar, ağlar.
Sərraf Şiruyəni gəzmə, Etibar,
İndi cənnətdədir sultani-əşar.
Sənə döz desə də Həsrətli Yaşar,
Çevirib üzünü yan, ağlar, ağlar.
“Bütöv Azərbaycan” qəzeti,
№1(285), 14-20 yanvar 2016-cı il
330
Əmirxan MƏCİDOĞLU
DƏRİNDƏN–DƏRİN
Şair Sərraf Şiruyəyə
(təcnis)
Ay Şiruyə, qəlbim yaman kövrəlib,
Bir təcnis istərəm dərindən-dərin.
Dost gəlsin evinə, başın ucalsın,
Əhd-ilqar bağlansın dərindən-dərin.
Yaxşı dost, dostuna arxa, qaladı,
Namərd oğlu məni oda qaladı.
Alçaldar insanı qilü-qal adı,
Saldırar zindana dərindən-dərin.
Söykənsə dost, dostun ay sinəsinə,
Namərd baxıb keçər ay sinə-sinə.
Əmirxan gül əkib ay sinəsinə,
Bax elmim olubdu dərindən-dərin.
331
İsrail ŞAİROV
GETDİ
Şair köçdü..., eldən getdi dedilər,
Bütün el dalınca göz oldu getdi.
Silinməz iz qoydu elin qəlbində,
Sönməz məşəl oldu, köz oldu getdi,
Tanrıdan köklənən saz oldu getdi.
Gözlər baxdı, insan, cahan izləndi,
Ürəkdə söz cilalandı, üzləndi.
Sıralandı, sətirləndi, düzləndi,
Bir yığın kitaba söz oldu getdi,
Tanrıdan köklənən saz oldu getdi.
Adət-ənənəyə qoymadı dəbi,
Gəncliyə nəsihət bildi ədəbi.
Nizamdan düşmədi ilhamı, təbi,
Ruhən qocalmadı, yaz oldu getdi,
Tanrıdan köklənən saz oldu getdi.
El-oba toyunda oynayan oldu,
Doldu hər hikmətə, söz duyan oldu.
Hey coşan, çağlayan, qaynayan oldu,
Bütöv bir mahala diz oldu getdi,
Tanrıdan köklənən saz oldu getdi.
İsrail, hey yazdı vəfadar üçün,
Şam kimi əridi düz ilqar üçün,
Yaşadı el üçün, övladlar üçün,
Fəxirli bir sima, üz oldu getdi,
Tanrıdan köklənən saz oldu getdi.
12 dekabr 2015-ci il
332
Hacı Yaqub QOCAMANOV
GEC DEYİL
Bibim oğlu Şiruyəyə
Umunu, küsünü gəl, salma yada,
Altmış da, yetmiş də hələ gec deyil.
Mənalı günləri vermişik bada,
Unudaq keçmişi, belə gec deyil.
Şeytan vurdu aramızı bir zaman,
Yad oldu qohumluq, sevindi düşman.
Tapammadıq nizə, qılınc, ox, kaman
Həsrət qaldıq şirin dilə, gec deyil.
Hacı Yaqub, ziyarətdi məqamın,
Övladıyıq Yaradanın, Adəmin,
Barışıq eyləyək olsun savabın,
“Allahu əkbər” gətir dilə, gec deyil.
24 yanvar 2011-ci il
333
Hilal BAYRAMOV
QOCALDIM
Əziz qardaş, əhvalımı soruşma,
Ötdü aylar, döndü ilə qocaldım.
Həyatımı qurban dedim vətənə,
Nökər oldum mahal, elə qocaldım.
Yolçu oldum hər guşəyə buruldum,
Çəmənlərdə çiçəklərə vuruldum.
Zirvə qalxdım, o dağlarda yoruldum,
Dolaylardan gələ-gələ qocaldım.
El oduna ürəyimi dağladım,
Ümidimi Yaradana bağladım.
Torpaqlarım əldən getdi, ağladım,
Göz yaşımı silə-silə qocaldım.
Hilal deyər, qəlbim ahu-zardadı,
İtkinlərim heç bilmirəm hardadı.
“Xarı bülbül” xar əlində dardadı,
Puçluğumu bilə-bilə qocaldım.
Hilal Bayramоv Tərtər rayоnunun “Qızıl Bayraq” qəzetinin redaktоru оlub.
(1977-1978)
334
Hacı Loğman BABACAN
NECƏ
Şiruyə, ürəyin şir ürəyidir,
Bu qədər ağrıya dözürsən, necə?
Zamanın dərdindən yük tutan şair,
Dolanıb elləri, gəzirsən, necə?
Boğdu haqq səsini bu qanun-qayda,
Sevincdən bəxtinə düşmədi pay da.
Özün bir ümmansan bu dünya boyda,
Ümmanlar içində üzürsən, necə?
Haqqa sığınmısan, öz məqamında,
Alınmaz zirvəsən söz məqamında.
Alovsan, atəşsən köz məqamında,
Alışıb yanırsan, qızırsan, necə?
Şərəfli oğlusan Göyçətək elin,
Hayqıran səsisən daşqının, selin.
Qələmin – külüngün, xərəyin, belin,
Nankorun qəbrini qazırsan, necə?
Ustadlar önündə qul Hacı Loğman,
Tutub ədalətə yol Hacı Loğman,
Dərib ətəyindən gül Hacı Loğman,
Əkirsən, biçirsən, düzürsən, necə?
20 sentyabr 2009-cu il, Bakı
335
DÜZ MƏTAHIMI
Sərraf Şiruyəyə
Ay ustad, nədəndir, oddan kül törər?
Anlat kəlmə-kəlmə, düz mətahımı.
Arifsən, kəlmədən tutursan məni,
Sərraf, sərraf anlar – düz mətahımı.
Tanıdar nəslini nəsildən qalan,
Qalansan ocağa nəsildən qalan!
Axsağan, korfəhim, nəsildənqalan,
Anlaya bilərmi düz mətahımı?!
Uzaq gəz nadanın törəməsindən,
Loğman, qorx ki artıb törəməsindən.
Törəmə cır olur törəməsindən,
Qüdrətin nizamı, düz mətahımı?!
15 noyabr 2014-cü il
336
GƏZƏR
Sərraf Şiruyəyə
Çox kişilər “papaq” altda dolanır,
Hayıf o papağa, o “başda” gəzər.
Qədir bilən olsa nəsildə, soyda,
Sayar böyüyünü, o, başda gəzər.
Çatladır bağrımı nəsdər öyəndə,
Heyif yaxşılardan nəs törəyəndə.
Kişinin adını nəs tör əyəndə,
Qananlar səbəbin o başda gəzər.
Loğman şeirin sözünü əslini istər,
Əsil-zat axtaran, əslini istər,
Yaxşı zat unutmaz, əslini istər,
Gecə də, gündüz də, obaş da gəzər.
15 noyabr 2014-cü il
337
DÜNYADAN GETDİ
Bu cılız bədəndə dünyalar boyda,
Bir ürək daşıyan dünyadan getdi.
Sözün Şiruyəsi, fikrin sərrafı,
Bir övliya nişan dünyadan getdi.
Getdim görüşünə Qılman İmanla,
Bizi qarşıladı ədəb ərkanla.
Haqqa, ədalətə əhdi peymanla,
Ümidlə qovuşan dünyadan getdi.
Əlini üzmədi işdən, əməkdən,
Sözü süzüldükcə ballı pətəkdən.
Dili qabar oldu Göyçə deməkdən,
Halı çox pərişan dünyadan getdi...
Piri-ustad idi öpdüm əlindən,
Cəvahir səpildi şirin dilindən.
Dünyaya əl edib, köçdü elindən,
Loğmana bəynişan dünyadan getdi.
8 dekabr 2015-ci il
338
Firdovsi XƏLİLOV
BU DAĞLARDADIR
Sərraf Şiruyəyə
İstər bahar olsun, istər qış olsun,
Elin bir ayağı bu dağlardadır.
Başqa don geyəndə yazda təbiət,
Həyatın çırağı bu dağlardadır.
Külək mizrab olur, yamac telli saz,
Hər yalçın qayadan süzülür avaz.
Bir aşığa dönür könüllərdə yaz,
Ömrün gözəl çağı bu dağlardadır.
Alovlanan eşqin, saf məhəbbətin,
Büllur duyğuların, səmimiyyətin.
Təbii ilhamın, şeirin, sənətin,
Ən qaynar bulağı bu dağlardadır.
1973-cü il, Göyçə, Daşkənd
339
Vaqif BƏYLƏROĞLU
ŞİRUYƏ
Duyuram qəlbinin döyüntüsünü,
Arzuların kimi boy at, Şiruyə.
Ayağın torpaqdan heç üzülməsin,
Elindən, obandan yarat, Şiruyə.
Vətən gündən-günə bağça, bağ olur,
Yaşıllıq içində aran dağ olur,
Günün biri qara, biri ağ olur,
Əbədi deyildir həyat, Şiruyə.
Bilirəm, hər zaman təzəsən, tərsən,
Dostlar arasında ər oğlu ərsən.
Özgəyə oxşama, özgələşərsən,
Sən öz səsimizi yaşat, Şiruyə.
340
Elnur BAXIŞ
ŞİRUYƏ
Ellər səni zirvə sanır,
Əskik olmur qar, Şiruyə.
Bağçan bol-bol bar gətirir,
Meyvələrin var, Şiruyə.
Odlu sinən bir ümmandı,
Coşub-daşır nə zamandı.
Ruhun ağlar bir kamandı,
Qəlbin sınıq tar, Şiruyə.
Hər bir kəlmən haqqın sözü,
Ürəyinin sönməz közü.
Arzum budur: Tanrım özü,
Olsun sənə yar, Şiruyə.
29 sentyabr 2009-cu il,
Bakı, Əhmədli qəsəbəsi
341
Elnur İRƏVANLI
BİLİR
Sərraf Şiruyəyə
Şair var şeirini həyatda ancaq
Oxuyan özüdür, bir nəfər bilir.
Yaralı Zəngəzur, külli Qarabağ
Səndən bilirsənmi, heç nələr bilir?
Düzdə qoyubdular düz adamları,
Özü də həmişə öz adamları,
Şeirinlə yaşayan söz adamları
Səni Vurğun sanır, Ələsgər bilir.
Adına layiqli nə şeir qoşum?
Uçar sizə tərəf hey könül quşum.
Bəxtəvər başına, ay sağolmuşum,
Sən nə yazıbsansa, el əzbər bilir.
25 mart 2012-ci il,
Bakı
342
Qaçay TƏRTƏRLİ
BELƏ BAĞLIDI
(təcnis)
Qəlbin üzərrikdi, bədnəzər kəsməz,
Şiruyə, ünsiyyət belə bağlıdı.
Fərhad Bisütunda ədəmə yetdi,
Külüngə bağlıdı, belə bağlıdı.
Süp iki məcizdi, nə danə qaldı,
Qaçqın düşdük davar, nə dana qaldı.
Heyif, şeiriyyətin nadana qaldı,
Qönçəsi qabıqda belə bağlıdı.
Qaş halqa boğula, nə axa üzə,
Qaçay istəməz ki, nəm axa üzə.
Tərtərdə pərilər nə axa, üzə,
Kəmərləri nurdu, belə bağlıdı.
17 avqust 2008-ci il
343
Küskün SEYİDMƏMMƏD
QALMIŞAM
Nədən soruşmursan, Şiruyə qardaş,
Həsrətindən mən nə hala qalmışam.
Hər kəlmən gövhərmiş, balmış, şəkərmiş,
Möhtac olub həmin bala qalmışam.
Mən dedim dərs alım, səndən öyrənim,
Arzum yetişmədi başa neyləyim.
Yandırdı cismimi oddu köynəyim,
Odur ki, yorulub dala qalmışam.
Demə Küskün tutub məni suala,
Düşmərəm elə boş fikrə, xəyala.
Gəl ağla məndəki bu bəd əhvala,
Gəl ki, sənsiz bəd zavala qalmışam.
1985-ci il
344
ŞİRUYƏ
Könlümün sirrini duyanım qardaş,
Gəl mənə min sevinc gətir, Şiruyə.
Qəlbimdə hər qoşman, təcnisin sənin,
Barlı bir ağactək bitir, Şiruyə.
Xoş sədan bizlərə yetişəndə bil,
Öpürəm şeirini, ötürəm dil-dil.
Hər anım, dəqiqəm bil sənsiz deyil,
Məni arzulara yetir, Şiruyə.
Sənsən sevincim də, ahu-zarım da,
Vüqarım da, qeyrətim də, arım da,
Şöhrətim də, sərvətim də, varım da,
Küskün səni hər gün öpür, Şiruyə.
15 may 1986-cı il
345
İmran ZALOV
NEYNİM
Fələk ömrümə günləri,
Hey gətirir qara, neynim?
Çox axtardım bir dərdimə,
Tapılmadı çarə, neynim?
Kim bilir ki, nədi dərdim,
Hər zülümə sinə gərdim.
Şeş gətirmir daha nərdim,
Ay Şiruyə, zərə neynim?
İmran dərdin desin kimə?
Qəlbi dönüb sarı simə.
Mənim “kürə” dediyimə,
Fələk deyir “kərə”, neynim?
1981-ci il,
Göyçə, Yuxarı Şorca kəndi
346
Həsən GÖYÇƏLİ
GƏL
Vətən oğlu, Yaradanın eşqinə,
Təşrif buyur, bircə bizə sarı gəl.
Vətəni itirdim, eli itirdim,
Kövrək ürəyimin vəfadarı, gəl.
Görünmür mahalım, görünmür vətən,
Naləm ərşə qalxır odlu sinəmdən.
Necə soraqlayım kimləri-kimdən,
Qardaş, zəhmət çəkib sənsə barı, gəl.
Süzüldü göz yaşım coşqun sel oldu,
Axdı-axdı Göyçə adlı göl oldu,
Taleyim bəd gəldi, bağrım kül oldu,
Ovundur könlümü qov qubarı, gəl.
Sanıram çağlayan bir ümman sizi,
Gözlərəm yolunu, gəlişinizi.
Güldür üzümüzü, sevindir bizi,
Gətir bizim elə şən baharı, gəl.
Etibar, ehtiram, sədaqətin var,
Şeirdən tükənməz bir sərvətin var,
Bilirəm, dostlara məhəbbətin var,
Silginən qəlbimdən intizarı, gəl.
Sığın Yaradana, söylə bismillah,
Bəxtin şölə saçar, gülər inşallah.
Səsini eşidən deyir – maşallah:
Sənət aləminin bir sərdarı, gəl.
347
Dostlarım adımdır, sanımdır mənim,
Vuran ürəyimdir, qanımdır mənim,
Ömrümdə ən gözəl anımdır mənim,
Həsən Göyçəlinin ol həmkarı, gəl.
SƏNİ
Qardaşım, səmimi dostum, həmyerlim Sərraf Şiruyənin
kitablarını oxuyarkən məndə xoş ovqat yarandı.
Şeirin sərrafı, sərdarı qardaş,
Etsin Yaradanım qəlbi çağ səni.
Yenilməz qalasan, əl çatmaz zirvə,
Boylanır görməyə uca dağ səni.
Tanrıdan vəhy buldun sən birər-birər,
Dəryadan ləl seçdin, ümmandan gövhər!
Arzum-diləyimdir, ay sinədəftər:
Qoy rəbbim eyləsin canı sağ səni.
Ucalsın göylərə şanın-şöhrətin,
Dolğun kəlamın var, Əli qeyrətin.
Haqq ilə yaranan doğru ülfətin,
İnşallah eyləyər üzü ağ səni.
Dinsiz-imansızdan uzaqsan, uzaq,
Məhəmməd nurundan verirsən soraq.
Günəş yer üzündə parlayan sayaq,
Bilirəm şöləli gur çıraq səni.
Aldın alqışını ərşdə mələkdən,
Kam aldın, etdiyin arzu-diləkdən.
348
Həsən Göyçəli də sevir ürəkdən,
Eyləyir hər zaman bil soraq səni.
Dostları ilə paylaş: |