Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 6,34 Mb.
səhifə67/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   60   61   62   63   64   65   66   67   68
13 iyun 2007-ci il.
AZƏRBAYCAN MÜƏLLİMLƏRİNİN

XIII QURULTAYINDA ÇIXIŞ
Hörmətli qurultay nümayəndələri, xanımlar və cənablar!

Bugünkü qurultay cəmiyyətimizdə və təhsilimizdə çox mühüm proseslərin getdiyi bir vaxta təsadüf edir. Ölkədə təhsil islahatları və onlarla bağlı diskussiyalar davam edir. Prezidentimizin birbaşa himayəsi ilə mədəni dəyərlərə, elmə, maarifə və təhsilə misli görünməmiş qayğı və maddi yardım göstərilir. Təhsil ocaqlarının siması, maddi təchizatı gözümüz önündə təzələnir və müasirləşir. Bir vətəndaş – bir müəllim kimi bunlardan fərəh və qürur hissləri duymamaq mümkün deyil.

Ölkəmizdə təhsil və məktəb quruculuğuna kömək edən fəal bir qüvvə də var: bu, ölkənin birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. O, Heydər Əliyev Fondunun prezidenti kimi rəsmi, bir çox mədəni layihələrdə isə qeyri-rəsmi olaraq Azərbaycan məktəbinin problemlərinin həllində yaxından iştirak edir. Ulu öndərin adını daşıyan fondun xətti ilə görülən işlər sırasında mən miqyası görünməmiş məktəb quruculuğu layihəsini ən mühüm hesab edirəm. Bir cəmiyyətdə böyüyən nəslə məktəb qədər heç nə vacib sayıla bilməz. Bundan başqa, xalq içində olan biz müəllimlər Mehriban xanımın böyük xeyriyyəçilik hərəkatı yaratdığının, bunun isə respublikanın bütün pedaqoji mühitində necə sağlam ənənəyə çevrildiyinin şahidiyik.

Azərbaycan təhsili Prezidentimizin gündəlik qayğısı ilə inkişaf edir. Belə dövlət qayğısı bizim qarşımıza, mən deyərdim ki, tarixi bir vəzifə qoyub: təhsilin səviyyəsini yüksəltmək və qısa bir dövrdə qabaqcıl ölkələr səviyyəsinə çatdırmaq. Bu, böyük öndərimiz Heydər Əliyevin əsas vəsiyyətlərindən biri idi. Azərbaycan ya qısa bir vaxtda qabaqcıl ölkələrə, Qərb sivilizasiyası ailəsinə inteqrasiya edəcək, ya da xroniki geriliklə üzləşəcəkdir. Birinci yola düşmək üçün Heydər Əliyev təhsilin keyfiyyətini artırmağı əsas şərtlərdən hesab edirdi. Yalnız müasir və yüksək səviyyəli təhsil, cəmiyyəti yeniləşdirməyə, onun məhsuldar qüvvələrinin coşqun inkişafına yol açmağa imkan verər. Bu, tarixi bir vəzifədir, bütün təhsil islahatlarının ana xəttidir və onun gerçəkləşməsi, ilk növbədə müəllimdən asılıdır. Pedaqoji uğurlar, ilk növbədə müəllimin əməyinin nəticəsidir.

Dünyanın müxtəlif ölkələrində mövcud olan təhsil ocaqlarının şöhrətini yaradanlar, bu şöhrəti zaman-zaman qoruyanlar müəllimlərdir. Ona görə də müasir dövrümüzdə müəllimin gördüyü işin mahiyyətini dərk etməsi olduqca zəruri məsələdir. Bir nəfər eyni işi görən 3 bənnaya bir sual verir: Siz nə edirsiniz? I bənna deyir: divar hörürəm, II deyir: bina tikirəm, III isə şəhər salıram, deyə cavab verir. Mənəvi-əxlaqi dünyamızın “bənnaları” arasında da bu üç kateqoriyanı təmsil edən pedaqoqlar var. Onlardan kimisi öz vəzifəsini dərs deməkdə, digəri mütəxəssis yetişdirməkdə, başqası isə milli xarakteri formalaşdırmaqda görür. Bu gün yaxşı müəllim şagirdə hazır mühakimə əzbərlətməkdənsə, ona mühakimə etməyi öyrətməlidir. Yaxşı məktəb yüksək ixtisaslı mütəxəssis yetirməklə yanaşı, millətini, xalqını, torpağını sevən sədaqətli şəxsiyyət və vətəndaş yetişdirməlidir. Ona görə də bu gün ustad müəllim heç də fizikadan, kimyadan, tarixdən, ədəbiyyatdan və digər fənlərdən dərin bilik verən müəllim deyildir, o, ilk növbədə həmin biliyin, bacarığın və vərdişin insanlığa xidmət edəcəyinə təminat verməyi bacarmalı, cəmiyyəti sabah idarə edəcək insanların mənəvi bütövlüyü, əqli yetkinliyi, əxlaqi kamilliyi naminə cavabdehlik daşımalıdır.

Bizim milli təhsilin strateji məqsədi müasir elmi biliklərlə silah­lan­mış milli ruhlu vətəndaş tərbiyə etməkdir. Belə tərbi­yə­nin pedaqoji strategiyası cəmiyyətimizin tərəqqisi ilə, onun yaxın və uzaq vəzifələri ilə bağlıdır. Bu vəzifələrin əsasında ölkənin ərazi bütövlüyünün bərpası, iqtisadiyyatımızın modernləşdirilməsi, təbii sərvətlərimizdən daha effektiv istifadə etmək kimi vəzifələr durur. Bu vəzifələri uğurla həyata keçirmək üçün bizə, ilk növbədə milli ruhda tərbiyə almış, milli dəyərləri şüurlu surətdə sevən, Vətənə xidməti həyat qayəsi sayan nəsil lazımdır. Bunun üçün biz ölkənin təhsil sistemində gedən islahatları davam etdirməliyik, kənar mədəniyyətlərə təmas anlarında yabancı həyat tərzlərindən “məhz nələri əxz etməli, nələri kənara qoymalı?” sualı mey­da­na çıxarkən, düzgün mövqe tutan, müstəqil qərarlar qəbul et­məyi bacaran kamil gənc nəsil yetişdirməyi təhsilimizin məq­sə­di kimi həyata keçirməliyik.

Təhsildə əsas fiqur müəllimdir. Öz işinin mahiyyətini dərk edən, ixtisasının gözəl bilicisi olan, tərbiyə və biliyi vəhdətdə sevərək təlqin edən müəllim olmadan təhsildə heç bir problemi həll etmək olmaz. Xatırlayaq ki, bugünkü məktəbimizin fun­da­m­ental bünövrəsini məhz fədakar xalq müəllimləri, maarifçi ba­ba­larımız yaradıb. Son illər biz, müəllimlərin nüfuzunun düş­mə­sindən danışırıq. Lakin bundan da köklü problem müəllim­lə­rin ixtisas səviyyəsinin aşağı düşməsindədir. Müəllim­lərin böyük bir qismi sadəcə, öz fənnini öyrədə, mə­nim­sə­də bilmir. Buna sübut axtarmağa ehtiyac yoxdur. Ali mək­tə­bə hazırlıq üçün kütləvi surətdə evlərə pulla müəllimlər cəlb edilməsi ən yaxşı sübutdur. Bu, artıq istisnadan normaya çev­rilən və pedaqoji ictimaiyyəti narahat edən bir mövzudur.

Təhsil quruculuğunda biz sürətlə tərəqqi edən ölkələrin maarif sisteminə diqqət yetirərkən, ilk növbədə qabaqcıl ölkələrdə təhsilin maddi bazasının çox-çox irəli getdiyini görürük. Təhsildə nəzərdə tutduğumuz yeni səviyyə və keyfiyyətə yiyələnmək məktəblərimizin, təhsil ocaqlarımızın maddi baxımdan da yenidən qurulması təmin edilmədən mümkün deyildir. Biz, varlı ölkə deyilik. Təhsilin maddi bazasının modernləşdirilməsinə qoyulan vəsaitləri iqtisadi quruculuğa, iqtisadi tərəqqiyə yönəldilən vəsaitin tərkib hissəsi hesab etməliyik. Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti sayəsində dövlət büdcəmiz misilsiz bir sürətlə artır və artıq yeddi milyard dollara yaxınlaşır. Bu isə təhsilımizin sabahkı inkişafına nikbin baxmağa əsas verir. Biz müəllimlər də cəmiyyətə müasir savadlı, sağlam, vətənpərvər, əqidəli gənc nəsil verməliyik.

Böyük öndərimiz Azərbaycanın müstəqilliyini demokratik və firavan cəmiyyət yaratmağın birinci mərhələsi hesab edirdi. Bu cəmiyyəti yaradacaq insanların ilk təlim və tərbiyəsini biz müəllimlər və bizim məktəbimiz həyata keçirir. Cəmiyyət həyatında müəllimlərin yeri və rolu da, ilk növbədə bununla müəyyənləşir. Bu tarixi vəzifələrə uyğun olmaq üçün hər bir müəllim fəal vətənpərvər və dövlətçi olmalıdır. İrəlidə xalqımızın həyatında mühüm bir hadisə - növbəti prezident seçkiləri olacaqdır. Bu baxımdan, ölkədə və təhsildə gedən böyük qurucu və yeniləşdirici işlərin davamı üçün bizim müəllimlər ordusu yeganə layiqli namizədin – İlham Əliyevin ətrafında birləşməliyik.

Hörmətli qurultay iştirakçıları!

Təhsil Nazirliyində 2008-2012-ci illər üçün respublikada orta ixtisas təhsilinin islahatları üzrə dövlət proqramının layihəsi hazırdır. Mən bu proqram layihəsi ilə tanışam və deməliyəm ki, çox sanballı və vaxtında hazırlanmış bir sənəddir. Mən bu böyük məclisdə orta ixtisas təhsilini təmsil edən müəllimlərdənəm. Ona görə öz sahəmizin problemləri barədə qısa qeydlərimi söyləmək istəyirəm.

XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf edəndə, müa­sir təhsil sistemimiz məhz peşə yönümlü ixtisasları öy­rətmək hədəfi ilə formalaşmışdır. Sonralar mədəni inqilab və savadsızlığın ləğvi prosesində orta ixtisas təhsili sistemi genişləndi, mədəni inqilab və maarifçilik hədəflərinin həyata keçirilməsinin əsas kadr bazası oldu. Sovet vaxtı yetişən bö­yük ziyalı, alim və yazıçılarımızın hamısı orta ixtisas tex­nikum­larının tələbəsi olmuşdu. Azərbaycanın pedaqoji təma­yül­lü orta ixtisas məktəbləri bu ənənələri, ilk növbədə öz maarifçilik missiyasını davam etdirir. Maarif tariximizin bir sıra şərəfli səhifələri bu təhsil ocaqlarının adı ilə bağlıdır. Bu gü­nün özündə də ucqar ərazilərdəki məktəblərimizin fəaliy­yətini qurub davam etdirməkdə pedaqoji ixtisaslı mək­təb­ləri­mi­zin tələbələri əsas rol oynayır. Pedaqoji təhsil digər sahələr üçün də fundamental əsasdır və gələcəkdə də belə olacaqdır.

Çar hökuməti zamanı təhsildə klassik filoloji və dini istiqamət aparıcı sayılır, dillərin, xüsusən qədim dillərin tədrisinə əsas diqqət verilirdi. Bolşeviklər isə materialist olduqlarından təhsilin politexnik əsaslarına birinci dərəcəli əhəmiyyət verirdilər. Bu, əsasən sənaye üçün kadr hazırlığına istiqamətli idi. Bu iki prinsip sovet vaxtı orta ixtisas təhsilinin də iki xəttini təyin etdi: birinci pedaqoji və universitet təhsili, ikinci isə texniki təhsil adlanmağa başladı. Sovet vaxtı sənaye sürətlə inkişaf etdiyindən ayrıca texniki-peşə təhsili sistemi də yarandı.

Bu gün biz islahatlar apararkən, hər şey bu islahatların məq­sə­dindən çıxış etməlidir. Bizim məqsədimiz nədir? Məncə, iki məqsədə əsas diqqət yetirilməlidir: birinci, orta ixtisas təh­sil­inin keyfiyyətini artırıb onu zamanın tələbləri səviyyəsinə qaldırmaq. İkincisi isə bizim dünyaya texniki inteqrasiyamızın tələblərinə cavab verən kadrlar hazırlamaq.

Lap qısa desək, mən təhsil islahatlarının əsas məqsədini təhsilin keyfiyyətini dünya standartlarına heç olmasa, yaxınlaşdırmaqda görürəm. Atalar yaxşı deyib: vay yarımçıq əlindən. Bunu hələ müasir texnologiyalar olmayan vaxtda deyiblər. İndi isə peşə biliyinin yarımçıq olması mənəvi ziyandan başqa, cəmiyyətə və vətəndaşlara böyük maddi ziyanlar vura bilir.

Bəzi orta ixtisas təhsili məktəblərinin ikili tabeçiliyi barədə müxtəlif rəylər vardır. Mən hesab edirəm ki, Təhsil Nazirliyinin əsas vəzifəsi birmənalı şəkildə aydındır: təhsilin keyfiyyətinə aid bütün məsələləri nizamlamaq və bunlara nəzarət etmək, o cümlədən müəllim kadrlarının ixtisas səviyyəsinə. Bu məsələlər qanunvericiliklə də bizim nazirliyə aid edilmişdir. Bununla belə, müasir ixtisas təhsili yeni texnologiyaların öyrənilməsi ilə bağlı yeni tipli maddi baza tələb edir. Bu maddi bazanı yaratmaq bir sıra hallarda nəinki maddi cəhətdən, heç texniki cəhətdən də Təhsil Nazirliyi tərəfindən icra edilə bilməz. Məsələn, aviasiya, informasiya texnologiyaları, neft-kimya sənayesi, tibb sahəsi, əczaçılıq və digər spesifik sahələr üçün mütəxəssis hazırlayan orta ixtisas təhsili müəssisələrinin ikili tabeliyi qaçılmazdır. Çünki onların maddi bazasını profil qurumları özü həyata keçirməli və təmin etməlidir.

Orta ixtisas təhsili verən qurumların çətin problemlərindən biri hazırda ixtisas və istehsalat təşkilidir. Təhsil qurumları bunu ancaq öz qüvvələri ilə sadəcə, edə bilməzlər, çünki onların istehsalat bazaları yoxdur. Bu istehsalat bazaları müvafiq sahə nazirliklərinin və qurumların, özəl təşkilatların tabeliyindədir. Bu isə orta ixtisas təhsili ilə müvafiq profil qurumlar arasında bütün əlaqələrin yenidən qurulmasını, özü də müqavilələr əsasında qurulmasını tələb edir. Təcrübə ixtisas və peşə təhsilinin az qala yarısıdır. Bir sıra hallarda ixtisas təcrübələrinin özəl qurumlarda təşkili zərurəti qarşıya çıxır və gələcəkdə daha çox çıxacaqdır.

Belə vəziyyət orta ixtisas təhsilində tədris proqramlarının hazırlanması işini yenidən qurmağı tələb edəcəkdir. Görünür texniki, marketinq və digər təmayüllü orta ixtisas texnikumları üçün beş-on illik proqramlar hazırlanması təcrübəsindən imtina edilməli olacaqdır. Bir tərəfdən proqramlar mütəxəssis sifarişçiləri ilə, o biri tərəfdən isə mütəxəssisin işləyəcəyi texnologiya istehsalçıları və sahibləri ilə razılaşdırılmalı olacaqdır.

Müxtəlif ölkələrdə istehsal olunan eyni adlı cihazların texniki quruluşunda ciddi fərqlər olur. Ona görə xarici firmalar öz kadrlarının ixtisasını artırmaq üçün mütəxəssislərini üçüncü ölkələrə göndərirlər. Bu, böyük məsrəflər tələb etsə də, görünür digər çıxış yolları hələlik yoxdur.

Mən demək istəyirəm ki, sifarişlə kadr hazırlamaq üçün bizim təhsil qurumları operativ işləməli, müqavilə ilə müəllimlər cəlb etməli, ən dar peşə ixtisaslarını tədris etmək üçün öz ətraflarına kadr potensialı toplamalıdırlar. Yalnız bu yolla dar ixtisas peşələrini öyrətmək işinin öhdəsindən gəlmək və kadr bazarında mövqe qazanmaq olar.

İxtisas təhsilinin çətin problemlərindən biri də elementar maddi bazanın, dərslik və vəsaitlərin, xüsusilə kitabxanaların qənaətbəxş vəziyyətdə olmamasıdır. Əlbəttə, bunların bir qismi Təhsil Nazirliyi xətti ilə həll ediləcəkdir. Məsələn, dərslik və vəsaitlərin hazırlanması, tərcüməsi, seçilməsi və buraxılması kimi məsələlər. Lakin maddi baza ilə bağlı məsələlərin çoxunda orta ixtisas məktəbləri sifarişçilərlə işləməli, onların imkanlarından - lazım gəldikdə bina və istehsal sahələrindən istifadə etməlidirlər. Ən böyük sifarişçi həyat­dır. Yeni tipli təhsil rəhbərlərinin əli həyatın nəbzində ol­ma­lıdır, onlar bazar və menecment qanunlarını mə­nim­sə­mə­li­dirlər. Əlbəttə, bunun üçün orta ixtisas təhsili müəssisələrinin qanun­vericilik təminatı təkmilləşdirilməli, onların maliyyə müs­təqilliyi, sahibkarlıq imkanları üçün qanuni əsaslar yara­dıl­malıdır.

Qərbdə idarəçilik və dar peşə ixtisasları yüksək qiy­mətlən­dirilir və müvafiq əməkhaqları ilə təmin edilir. Adi bir misal çəkmək olar: iri restoranların, şadlıq evlərinin mühasibat və uçot işinin kompüterlərlə qurulması üzrə proqramları şəxsi kadr agentlikləri Bakıda 8-10 min dollara satırlar. Bir-iki mütəxəssisə də proqramla işləməyi öyrədirlər. Biz yeni, qabaqcıl texnologiyaları mənimsədikcə, cəmiyyətimizdə dar ixtisaslı kadrlara ehtiyac artacaq, bununla bərabər onların əməyinin qiyməti də qat-qat artacaqdır. Ona görə hesab edirəm ki, həm ödənişli orta ixtisas təhsilinin, həm də bu təhsilin özəl sektorunun yaranmasına yaşıl işıq yandırmaq lazımdır. Bu, ilk növbədə cəmiyyətimizin texniki və iqtisadi tərəqqisinin sürətini artırmaq üçün lazımdır. Usta və təmirçi olmadığına görə işlədilməyən hər bir cihaz milli sərvətin əsassız çıxdaş olan hissəsidir. İstənilən böyük idarələrdə belə texnikanın sayı az deyil.

Yəqin ki, göstərilən məsələlərin çoxu Təhsil Nazirliyində hazırlanan “Orta ixtisas təhsili haqqında” qanunda öz həllini tapacaqdır. Orta ixtisas təhsilinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi zəruri olan məsələləri söylədiklərimdən qat-qat çoxdur.

Ona görə də peşə təhsilinin formaları barədə diskussiyalar açılmasını ikinci dərəcəli hesab edirəm. Təhsil ocağının adı texnikum da, lisey də, seminariya və başqa da ola bilər. Bu ad heç zaman birbaşa təhsilin keyfiyyətinə təminat verməyəcək. Ona görə formanın dəyişdirilməsinə aludə olmağa dəyməz. Hər konkret halda konkret şəraitdən, xüsusilə müəllim potensialının, maddi şərtlərin olmasından çıxış etmək lazımdır.

Son vaxtlarda yaradılmış təhsil kompleksləri ixtisas təhsilinin yaxşılaşdırılmasının əsas yollarından birini göstərir. Yüksək peşə və praktik ixtisaslı müəllimlərin cəlb edilməsi ixtisas təhsilinin səviyyəsini artırmağın əsas yollarından biridir. Sənət təmayüllü ali təhsil ocaqları yanında orta ixtisas təhsilinin - kolleclərin təşkili, ilk növbədə peşəkar müəllim problemini həll edir. Milli Rəssamlıq Akademiyası, Milli Konservatoriya, Memarlıq və İnşaat Universiteti nəzdində yaranan kolleclər bu baxımdan uğurludur. Hesab edirəm ki, bir çox ixtisas məktəblərinin əsas problemlərindən biri onlarda peşə yönümü üzrə professional, böyük təcrübəli və yüksək hazırlıqlı müəllimlərin çatmamasıdır. Belə müəllimlər heç zaman sıravi müəllim maaşına işləməyə gəlməyəcəklər. Gec-tez inkişaf edən bütün orta ixtisas məktəblərimiz bu problemlə üzləşəcəklər.

Liseylərin bir üstünlüyü vardır: orada şagirdləri beşinci sinifdən müəyyən peşə yönümündə yetişdirmək imkanı vardır. Bunu bacaran və bunun üçün kadr bazası olan liseylər artıq nüfuz qazanmışdır. Bakı Avropa liseyi, Türk liseyləri belədir. Bunlar xüsusilə xarici dil tədrisində effektiv nəticələrə nail olurlar və valideynlər də bunu hiss edir. Ümumiyyətlə, konkret ixtisas profilini tapıb bu yönümdə nəticə əldə etməyən liseylər formaya çevrilir və məktəblərdən heç nə ilə fərqlənmir. Ona görə liseylərin sayının orta ixtisas müəssisələrinin yarısını ötməsi yeni texnologiyalara uyğun kadr hazırlanması probleminin həlli mənasında hələ ciddi nəticə verməyib. Bunun səbəbi isə ixtisas profillərinin geniş götürülməsidir. İndi bu sahəyə dar ixtisas biliyi olan və öz sahəsində istehsalat təcrübəsi keçən kadrlar lazımdır.

Dediklərim texnikumlara da aiddir. Kənd Təsərrüfatı Na­zirliyinə təsərrüfat kompleksi üçün mütəxəssislər hazırlayan tex­nikumların əksəriyyəti rayon yerlərindədir. Bunlar ölkə­mi­zin tərəqqisində, kənd təsərrüfatının emal müəssisələrini, tex­nikasını işlədən kadrların hazırlanmasında böyük rol oy­na­yıb­lar. Amma bu gün kənddə yeni texnologiyaların sayı və mü­rək­kəbliyi artır. Bu isə bu texnikumların üzərinə daha böyük vəzifələr qoyur və onları qoruyub inkişaf etdirməyi tələb edir. İndi kənddə emal sənayesinin də, maşın, traktor parkının da texniki bazası təzələnib. Ona görə kənd təsərrüfatı kadrları hazırlayan ixtisas qurumlarına ciddi qayğı göstərmək, onları yeni müəllim kadrları ilə təchiz etmək lazımdır. İndi kənd fermer təsərrüfatlarından ibarətdir. Bu təsərrüfatlar o zaman uğurlu idarə olunur ki, bir ailədə kənd təsərrüfatına aid əksər ixtisasları bilsinlər. Belə təhsil isə ancaq orta məktəblərin zəminində mümkündür. Bu isə regionlar üçün spesifik peşə tədrisi proqramları hazırlanmasını tələb edəcəkdir.

İndi orta peşə-ixtisas təhsilinin dövlət standartları Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş və plan-proqramlara müvafiq dəyişikliklər edilmişdir. Çünki tədrisin təşkilində dəqiq normativ çərçivələrin olması zəruridir. Bunsuz təhsil prosesinə nəzarət etmək çətindir.

Eyni zamanda, mən bu gün müəllimlər qurultayında müəl­li­min tədrisdəki rolu barədə də demək istəyirəm. İndi də, gələ­cəkdə də müəllim təhsilin əsas siması olacaqdır. Müəllimin xarici görkəmi belə, təhsil ocağının simasıdır. Ona görə təhsilə qayğı, onun yaxşılaşdırılması işi həmişə müəllimlə başlanacaq və müəllimlə qurtaracaqdır. Dövlətimiz müəllimlərin sosial və məişət qayğılarının həlli üçün tədbirlər görür və gələcəkdə də bu, davam etməlidir.

Mən bəlkə də mübahisə doğuracaq bir məsələyə toxunmaq istəyirəm. Hesab edirəm ki, fənn müəllimlərinin şagird və tələbə biliyinin müəyyən standartlara uyğun səviyyəsinə görə məsuliyyəti artırılmalıdır. Həm də buna uyğun fənn biliyini qiymətləndirmədə də müəllimin tam müstəqilliyi təmin edilməlidir. Bəlkə normativ sənədlərdə bu müstəqillik kifayət qədər­dir. Lakin əməldə müəllimlərin tədris nəticələrinə marağı azal­mış kimi görünür. Tədrisin keyfiyyəti baxımından bu, çox mü­hüm məsələdir. Biz, müəllimlərin tələbkarlığının artırıl­ma­sına çalışmalı və buna yol açan bütün vasitələrdən istifadə et­mə­liyik. Mənimsəmənin keyfiyyətinə laqeydlik bizim təhsildə formalizmin pis bir formasıdır. Belə formalizm cəmiyyətdə müəllimin nüfuzunu aşağı salan əsas səbəblərdəndir.

Yaxşı peşə təhsilinin iki əlaməti daha yaxşı görünür: birinci, keyfiyyətli və müasir səviyyəli təhsil alan gənclər bir qayda olaraq iş tapmaqda çətinlik çəkmirlər. İkincisi isə, belə təhsil ocaqlarına qəbul zamanı rəqabət yaranır və bunu hamımız görürük.

Lakin bir prinsipial məsələni də qeyd etmək istəyirəm. Bu gün məişətimizə daxil olan texnologiyaların, maşın və cihazların elmi-texniki səviyyəsi orta ixtisas və texniki peşə təhsilinin səviyyəsinə tam uyğun deyil. Ona görə bu, orta ixtisas təhsilinin sürətlə mürəkkəbləşən həyatla ayaqlaşması məsələsi, zənnimcə daim bizi düşündürməlidir. Adi misal çəkim: rayonlarda müasir avtomobilləri və cihazları insanlar almır. Səbəbi isə hamı ucadan deyir. Onları işlədən və təmir edən ustalar orada yoxdur. İndiki ixtisas və peşə məktəbləri isə belə mütəxəssislər, ustalar hazırlaya bilmir. Müasir məişət cihazları ilə işləyən mühəndis və ustalara daha əsaslı təhsil lazımdır, dar ixtisas təhsili lazımdır. Bu məsələ sovet təhsil sistemindən qalan bir problemdir.

Texniki tərəqqi insanların və cəmiyyətlərin şəxsi və istehsalat fəaliyyətini intensivləşdirir. Vaxt çatışmazlığı zamanın kəskin problemlərindən birinə çevrilir. Ona görə də orta ixtisas təhsilinin əhəmiyyəti cəmiyyətdə get-gedə daha dərindən hiss olunacaqdır. Hörmətli nazirimiz Misir müəllim öz məruzəsində bu barədə dəqiq fikirlər söylədi. Yığcam, konkret istiqamətli, elmi bünövrəli təhsil xüsusilə cəmiyyətin orta təbəqəsinə, fermer təsərrüfatlarının üzvlərinə daha çox gərək olacaqdır.

O biri tərəfdən, respublikada elmi yönümlü istehsalatların inkişafı orta ixtisas təhsili olan mütəxəssislərə xüsusi ehtiyac doğurur. Bir sözlə, orta ixtisas təhsili cəmiyyətimizin, milli mədə­niyyət və iqtisadiyyatımızın sabit tərəqqisini təmin edən mü­hüm alətlərdən biridir. Onu inkişaf etdirmək, təkmilləş­dir­mək və genişləndirmək bizim borcumuzdur. Çünki orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsidir və bir-biri ilə bağlı iki məsələni – gənclərin müxtəlif peşələrə yiyələnməsini və eyni zamanda, onların ümumi icbari təhsil almalarını həll edir.

Azərbaycan Respublikasında orta ixtisas təhsili pilləsinin mövcudluğu ölkəmizdə milli təhsil sisteminin nüfuzunun yüksəlməsində və intellektual potensialın formalaşmasında mühüm rol oynayır. Bu təhsil kifayət qədər kütləvi ixtisas təhsili kimi vətəndaşların təhsil və mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Hazırda orta ixtisas təhsili müəssisələrinin sayının kifayət qədər olması, onların ölkə ərazisi üzrə bərabər paylanması, bu təhsil pilləsində mütəxəssis hazırlığının nisbətən az müddət və xərc tələb etməsi ölkə iqtisadiyyatının və sosial sferanın tələbatına uyğun orta ixtisaslı kadrların hazırlanmasına kifayət qədər geniş imkan yaradır.

İqtisadiyyatımızın müxtəlif sahələrində, o cümlədən sosial sahədə 681 min nəfərə yaxın orta-peşə ixtisas təhsilli mütəxəssis çalışır ki, bu da əhalinin təxminən 11,8%-ni təşkil edir və bu təhsillə ölkənin əmək qabiliyyətli əhalisinin 12,9%-i əhatə olunmuşdur.

Hörmətli qurultay iştirakçıları!

Çıxışımın sonunda diqqətə çatdırmaq istəyirəm ki, sovet vaxtı yetişən böyük ziyalı, alim və yazıçılarımızın hamısı orta ixtisas texnikumlarının tələbəsi olmuşdu. Dünya şöhrətli Heydər Əliyev də vaxtilə pedaqoji təmayüllü orta ixtisas təh­sili məktəbində təhsil almışdır. Azərbaycanın pedaqoji tə­mayüllü orta ixtisas məktəbləri bu gün də öz maarifçilik mis­siyala­rını davam etdirirlər. Maarif tariximizin bir sıra şərəfli sə­hi­fələri bu təhsil ocaqlarının adı ilə bağlıdır. Bu günün özün­də də ucqar ərazilərdəki məktəblərimizin fəaliyyətini qurub dav­am etdirməkdə orta ixtisaslı pedaqoji məktəblərimizin tələ­bələri mühüm rol oynayırlar.

Diqqətinizə görə təşəkkür edirəm !



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin