Fətulla Hüseynov
Yarıqaranlıq dəhlizdə durmuş o üç nəfərin – Ənvər Əliyevin, Fətulla Hüseynovun və Fuad Musayevin söhbətini dinlədikdən sonra üzümü Ənvər Əliyevə tutub, onun məsuliyyətdən yaxa qurtara bilməyəcəyini, xoşagəlməz bir hadisə baş verərsə, anasını ağladacağımı söylədim və mikrofonun yanına qayıdıb mitinq iştirakçılarına burada gedən gizli oyunlar barədə eyham vurdum və ehtiyatlı olmaq lazım olduğunu dedim.
Bu hadisədən sonra tanıdığım, etibar etdiyim, ərkim çatan hər kəsə bircə-bircə müraciət edərək vəziyyəti izah etdim və meydanı dağıtmaqda mənə yardım etmələrini xahiş etdim. Amma meydana «dağılın» demək də mümkün deyildi. Kütlə qızmış at ilxısı kimi qarşısına çıxanı gəmirir, tapdayıb keçirdi. Bu səbəbdən də kimsə meydanı dağıtmağa cəhd belə etmirdi. Nə bilim, bəlkə də, göstəriş belə idi. Göstəriş verilmişdi ki, mitinq davam etməlidir.
Mənim həyacanıma, bircə nəfər də olsun, reaksiya verən tapılmadı. Həmin gün kimlərə müraciət etmədim? Hətta polisə müraciət etdim ki, meydanı dağıtsınlar.
Artıq gecə yarını keçmişdi. Gündüz mikrofon uğrunda bir-birini didən natiqlərin bircəciyi də qalmamışdı. Mitinq iştirakçıları nəzərəçarpacaq dərəcədə seyrəlmişdilər. Meydanda 3-4 yüz nəfər olardı, ya olmazdı. Məcbur oldum ki, məsuliyyəti öz üzərimə götürüm. Millətə vəziyyəti başa salım və mitinqi dağıdım. Elə buna cəhd etmək istədim ki, dəhşətli bir vəziyyətlə qarşılaşdım. Bütün varlığımla xilsaına çalışdığım insanlar məni daşa basdı. Fit çalan kim, söyüş yağdıran kim. Amma bütün bunlar məni narahat etmirdi. Mən narahat edən, ürəyimi üzən o idi ki, illərlə dostluq etdiyim, çiyin-çiyinə mübarizə apardığım Məhəmməd Hatəmi düşdüyüm bu vəziyyətdən əlinə fürsət düşmüş kimi yaralanmağa çalışır, əleyhimə fit çalma, daşa basma mərasimini bilavasitə o təşkil edirdi» (2, s.158-160).
İndisə baş verənlərə Məhəmməd Hatəminin yazdıqlarının prizmasından baxaq. Qeyd etməliyəm ki, onun münasibəti daha sərt və barışmaz, yazısı isə sübut olunması çox çətin olan ittihamlarla doludur. O yazır: «Ənvər Əliyev sıradan çıxdıqdan sonra meydan iki gün ancaq Hatəmini tanımışdır. Bir vaxtlar nümayişlərin, mitinqlərin təşkilini pozan adam kimi xatirələrdə qalan və bu işi indi də davam etdirən Nemət isə tribunanın qarşısında duran gənclər tərəfindən butulkaya, çürümüş meyvəyə basılır, tribunadan qovulurdu…
Polkovnik Namiq Abbasov hökumət evinin həyətində mənimlə görü-şərək dedi: "Biz yaxşı görürük ki, mitinqin örtüyü başqasının, içərisi isə sənindir. Gəncədə, Yevlaxda nələr etdiyindən də xəbərsiz deyilik (o, telefonla Gəncədə Rasimin dostlarına, Yevlaxda Əhməd Rzaya mitinqi davam etdirmək haqqında verdiyim göstərişə işarə edirdi. Görünür, telefonumu izləyirmişlər). Sən gəl mi-tinqi dağıt, bunun ağır nəticələri ola bilər". Qəbul etmədim. Etməyəndə, məni deputatlar otağına gətirdi.
Deputatlar otağında xeyli dövlət adamı vardı. Onlardan yadımda qalanı bunlardır: Fuad Musayev, general Kamil Məmmədov, Tofiq Bağırov, polkovnik Fətulla Hüseynov, Vəli Məmmədov, podpolkovnik Eldəniz Əliyev. Maraqlı idi ki, adi adamlardan Araz Əlizadə, İsmayıl Təriqpeyma, hələ meydan qəhrəmanına döndərilməmiş Nemət Pənahov da onların arasında idilər…
Nemət Pənahovun meydandakı "düz xətti" bundan ibarətdirsə, vay bu xəttə! General Kamil Məmmədovun: "Meydanı dağıtmaq lazımdır" sözü ağzından çıxıb qurtarmamışdı ki, Nemət məni tərbiyəsizcəsinə təhqir edib dedi: "Bu bişərəf qoy-mur dağıdaq".
"Məni buraya gətizdirmisiniz ki, bu ağızdan xarab uşağa təhqir etdirəsiniz?" dediyimdə, general Nemətə acıqlandı: "Keç otur yerində, ağzını da təmiz saxla". Sonra mənə sarı döndü: "Hatəmi, Bakıda bir hadisə baş versə, əvvəl sən cavabdehsən, sonra mən. Gəl mitinqi dağıt".
Ona dedim: "Mitinqi dağıtmaq fikrində deyiləm. Əksinə, istəyirəm bütün Azərbaycan işi dayandırıb mitinqə çıxsın".
Bu sözlərimdən dəlicəsinə qızan Vəli Məmmədov çığıra-çığıra üstümə kükrədi: "Bina istəyirsən verək, saray istəyirsən verək, yığ camaatı ora, nə istəyirsən danış. Tökmüsən xalqı küçələrə, meydanlara, bizdən nə istəyirsən? Səni məhv edərik!"
Onu cavabsız buraxmayıb dedim: "Başından yekə danışırsan. Əlindən gələni beş qaba çək".
Təriqpeyma ilə Araz Əlizadə də məni təhqir etməmiş olmadılar. Təriqpeymanın dediyinə görə, mən fitnə-kar, savadsız bir adammışam (mən tutulduqdan sonra o, bunu DTK-ya ruslara da yazacaqdır. Ondan soruşmaq la-zımdır: Bəs necə olmuşdur ki, sən bu "fitnəkarla" 25 il dostluq etmisən, çörək kəsmisən, ailəvi dost olmusan?)…
Mənim əlimlə meydanı dağıtmaqdan ümidini qıran dövlət, yapma bir meydan qəhrəmanı düzəldib, onun vasitəsilə bu işi həyata keçirtmək qərarına gəldi. Dövlət meydanda əsas zərbəni işləməyin daşını atmış fəhlə sinfindən yeyirdi. Yapma qəhrəman elə adam olmalı idi ki, ilk növbədə fəhlələri onun dalına salıb meydandan çıxartmaq mümkün olsun. Meydanı dağıtmaq istəyənlərdən olan fəhlə Nemət Pənahov buna ən münasib adam idi» (1).
Bu qarşılıqlı ittihamları Nemət Pənahlı – Məhəmməd Hatəmi qarşıdurmasının deyil, taktiki cəhətdən iki fərqli siyasi xəttin qarşıdurmasının təbliğati-ideoloji qarşıdurması kimi gözdən keçirmək lazımdır. Və bu sətirlərin müəllifi həmin vaxt Məhəmməd Hatəmi ilə eyni cəbhədə idi.
Dostları ilə paylaş: |