17 NOYABR TARİXINDƏKİ MİTİINQİN TƏLƏBLƏRİ
1) İqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq edilməlidir (Az.SSR). Telviziya birbaşa translyatsiya verəcək ki, Topxanada nə işlər görülür. Birbaşa əlaqəmiz var.
2) Ağdam şəhərində qadağan saatı 24 saata ləğv edilməlidir.
3) DQMV-də partiya və sovet organları buraxılmalidir. Orada azərbaycanın hüquqi, siyasi vəiqtisadi bərpa edilməlidir.
Qənimət Zahidov
4) Noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputati bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam caat 6-yadək vaxt vermişik... (Bu cümlənin hansı məqsədlə verildiyini xatirlamıram).
5) Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa numaiş qyri-müəyyən vaxtadək uzanacaq.
Azərbaycan xalqi bizimlədir. Kiminsə danişmağına, çıxışına eytiyac varmi? (“Yox!”). Çox danişmişıq, indi iş vaxtıdır... Qorxmaz, Elman Fərəcov (tələbələr, ADU) nümaişin təşkilində Ənvərlə bərabər fəal iştirak edirlər (“Yurd” təşkilatı).
Təxminən 2-yə 10-15 dəqiqə işləyəndən sonra meydanda sərbəstlik yarandı. Camaatdan istəməyən getdi (yəqin ki, yemək üçün), meydan seyrəkləşdi. Hər halda, 70-80 min qaldı. Hamı sakitcə durub dəstə-dəstə söhbət edirdi. Çox sakitlik idi. Milislər də qayğısız idilər.
13.45. Ənvər çap üçün (makinada) son dəfə oxudu tələblər:
-Ağdamda komendant saatının ləğv edilməsi, bizə deyildi ki, məqsədəuyğun deyil, çünki belə olsa, Xocalıdakı tikintilərimiz dayana bilər. Ona görə tələbin bu bəndini ləğv edirik (Hacıbabayeva Ruziyəni əsgər dəyənəklə döymüşdü. Xəstəxanaya düşüb. Ənvər dedi ki, gedirəm onu çıxarmağa).
13.55. Ənvər:
-Qızı gətirəcəklər. F. Hüseynov söz verib. Təzə məlumat var ki, Azərbaycan televiziyası bu hadisələri işıqlandıracaq. Topxananın qırılması isə davam edir (Camaatdan gələn tək-tük tələbləri oxudu).
14.00. Başqa bir oğlan:
-Biz bu nümayişi o vaxt dayandıra bilərik ki, Azərbaycan televiziyası tələblərimizi xalqa elan etsin və nümayişi göstərsin (Qeyd olunmayan vaxtlarda fasilə olub).
Saat 15.00-də bayraq yenə qalxdı. Tribunaya doldular. Mikrofon yox idi.
15.10. Ənvər:
-15 dəqiqədir ki, partiya və hökumət nümayəndələri ilə söhbət edirik. Yenə əvvəlki kimi, bizi sakitləşdirib yola salmaq istəyirlər. Dağılışaqmı? (“Yooox!”). Əlavə çıxışa ehtiyac varmı? (“Yoox!”). (Tələbləri yenidən oxudu). Tələblərimiz yerinə yetirilənədək oturub gözləyəcəyik. (Alqışlar). Bir tələb: “Ermənistan SSR-də Göyçə Muxtar Vilayəti təşkil edilsin”. Bizim də arzumuzdur bu, çalışmalıyıq. Burada yanımızda dayananlar heç beş qəpiklik də şey satmağa razı olmadılar. Uşaqlı qadınlar getsinlər, izazə veririk. Bir tələb: “Pasportumuzda dəyişiklik edilsin, azəri türklərinin adı bərpa edilsin”. Hər şey yaxşı gedir. Oturaq. Əlavə çıxışlara heç bir ehtiyac yoxdur. Ermənistandan Qarabağa 40 maşın tikinti materialı göndəriblər. Bu işimizdən sonra saxlayıblar.
15.18. “Azərbaycan” mehmanxanası tərəfdən gələn böyük bir dəstəni (4-5 minlik) alqışlarla qarşıladılar. Tələbələrdir.
15.40. Ənvər:
-Yeni gələn yoldaşlar üçün qısa məlumat verək. Bayrağa baxın: qalxıbsa danışmaq olar, endirilibsə heç kəsi dinləməməli (Sonra tələbləri yenidən oxudu).
16.30. Camaat “te-le-vi-zi-ya” deyib televiziya nümayəndələrini (çəkmək üçün) tələb etməyə başladı.
16.40. Yeni bir dəstə gəldi. Hamı bir yerdə “Qa-ra-bağ!”, “A-zər-bay-can!”, “Top-xa-na!” qışqırır.
Odlar yurdu” qəzetində işləyən Rəhbər Bəşirli xəbər gətirdi ki, Stepanakertdə bu gün ruslara qarşı güclü nümayiş keçirilir. Ermənistandan ən azı 80 min azərbaycanlı çıxarılıb bu 9 ayda.
16.55. Ənvər:
-Nümayiş təşkil edənlər istəyirlər ki, onu sonadək uğurla aparsınlar. Əlavə şüarlara ehtiyac yoxdur. Bura türk qətiyyəti ilə gəlmişik. Bizə məlumat gəldi ki... Orada bizim adamlar var inanılmış, onlar tez-tez məlumat verəcəklər. Bunu (tədbiri) heç kəsin dağıtmağa ixtiyarı yoxdur. On bir nəfərlik heyətimizlə bu saat danışıq aparılır. Belə təklif var ki, nümayəndə heyətini Vəzirov qəbul etsin, axşam televiziya ilə nəticəsi haqqında məlumat verilsin. Biz Qarabağa sülh marşrutu ilə getməliyik. Bunu Azərbaycan televiziyası, mərkəzi televiziya da göstərməlidir. Bizə qüvvə lazımdır. Yeməyimiz yoxdur. Hazır olmalıyıq. Ermənini hamı tanıyır. Erməni ermənidir, biz isə türkük.
17.20. Nemət: Artıq-əskik hərəkətə yol verməyək. Qoy partiya və dövlət tərəfindən bizə bir nəfər gəlib desin görək nə tədbirlər görülür.
17.22. Naim Fətəliyev (danışmaq istədi, fitə basdılar):
-Topxanada iş aparılmır.
17.25. S.Rüstəmxanlı:
-İki yol var: ya bizim MK-nın əlindən heç nə gəlmir, ya da bizi aldadırlar. Biz belə xəyanətləri çox görmüşük, nəcibliklə də cavab vermişik. Məsələ burasındadır ki, bu iş uzun illər boyu hazırlanmış düşmənçilikdir. Erməniləri dəli edən odur ki, biz indiyədək dözmüşük. Xalqın bir lideri, bir təşkilatı olmalıdır. Niyə bizim başçılar bu təşkilatı, Xalq Cəbhəsini yaratmağa qoymurlar? Bu cəbhə xalqın mənafeyi naminə hər şeydən keçməlidir. Kürsü qəhrəmanlarına inanmayın. Yalnız xalq yolunda can qoyanlara inanın. DQMV-də vəziyyət də o vaxt düzələr ki, Ermənistan oradan əl çəksin. Bizim böyüklərimiz bunun öhdəsindən gələ bilmir. Ona görə də təklif edirəm ki, bu cəbhəni yaradaq. Azərbaycan televiziyası bizi aldatdı. Bizim orqanlar torpağımızı qoruya bilməsələr xalq özü qoruyacaq. Əgər tələblərimizə əməl olunmasa tətil edilsin.
17.40. Tağı Xalisbəyli:
-Təklif edirəm - Sisyan yolu, Laçın yolu bağlanmalıdır. Qazax yolu bağlanmalıdır. Unutmaq olmaz ki, xalqımızın ənənələri var.
17.41. Ənvər:
Heç kəsə qulaq asmırıq. Qurtardı! Tələblərimiz qüvvəsində qalır (Əyləşdilər).
Meydanda tonqallar qalamışlar. Böyük bir dəstə “Qarabağ” (“Qarabağ, can Qarabağ, anayurdum!”) mahnısını oxuyur (xorla).
17.55. Nemət:
-6 nəfər partiyadan, 16 nəfər komsomoldan çıxarıldı. Bizi sizin mütəşəkkilliyiniz xilas etdi. Biz bu gün də mütəşəkkilliyimizi göstərək. Qadınlar dağılışsın.
Meydanda “Azərbaycan” mahnısını oxuyurlar (xorla). Qaranlıq tam düşür. İndi lampaların işığında yazıram.
18.00. Bir oğlan (qarabağlı) çox gözəl səslə “Qarabağ şikəstəsi” oxuyur. Camaatın çoxu onunbaşına toplaşıb. Tribunanı boşaltdılar. Bayrağı meydana endirdilər.
18.30. Sabir adlı birisi dedi ki, MK-dan heç kəs bizi saymayıb. Mikrofon tələb edək. Qoy rəhbərlərimiz də gəlib bizimlə birgə gözləsinlər.
19.20. Camaata havayı yemək (kolbasa, pendir, yumurta) payladılar. Günorta da belə etmişdilər.
Ənvərgil Vəzirovla söhbətə getdilər…» (4).
Vəzirovla görüşdə Nemət Pənahlı da iştirak edirdi və o bu barədə özünün «Əbədiyyət yolçusu kitabında yazır: «17-si Vəzirov bizi öz kabinetində qəbul etdi. Mən idi, Əbülfəzdi, Sabir Rüstəmxanlıydı, Qorxmaz və daha bir neçə silahdaşımız idi. Bir də bizə heç bir aidiyyatı olmayan Ənvər Əliyev idi. Vəzirov heç bizi danışmağa da qoymadı. Özü uzun bir nitq söyləyərək bildirdi ki, bütün tələblərimizə əməl olunacaq. Bu mənasız və cansıxıcı görüşdən sonra yenidən meydana qayıtdım…» (2, s. 157).
Ədalət Tahirzadə davam edir:
«19.25. Çox böyük (15-20 min) dəstə gedib camaata qoşuldu. Böyük ruh yüksəkliyi yarandı.
20.07. Böyük bir dəstə də gəlib qoşuldu. Qoca qadınlar ayaq üstə durub gözləyirlər. Qızlara mən də, başqa yoldaşlar da getməyi təklif etdik. Cavab verdilər ki, elə şey yoxdur, sabaha kimi burdayıq.
20.26. Xəbər gəldi ki, institutların axşam şöbəsinin tələbələri böyük dəstələrlə Hüsü Hacıyev küçəsindən gəlirlər bizə qovuşmağa.
20.35. Çox böyük bir dəstə gəldi. Deyəsən, həmin tələbələrdir. Eşitdik ki, Stepankertdəki nümayişdən sonra yenə Xocalıya hücum olub. Əsgərlərə çörək verdilər. Arada meydana göz yetirdim, artıq bütün meydan dolub, camaat bir ucdan gəlir.
Saat 9 olmasına baxmayaraq heç kəs getmir.
21.47. Xəliyəddinlə meydanı gəzişməyə çıxdıq. 5 nəfər kor bir dəstədə durmuşdu.
22.30. Şüarlar (transparantlar) gətirdilər:
“Rədd olsun Araz boyu tikanlı məftillər!”,
“30milyonluq azəri xalqı, azadlıq naminə birləşin!”.
Divarlara yapışdırmışlar:
“Ankara - Bakı”,
“Camaat, fəal olun!”,
“Vətən cəbhəsi”,
“Gedənlərə ar olsun!”.
Şüarlar qışqırırlar:
“Sum-qa-yıt!”,
“Təb-riz!”,
“Xan-kən-di!”,
“Mus-ta-fa-yev!” (İmam),
“A-zər-bay-can!”.
22.37. Bir oğlan şer deyir. Hər misrasını camaat xorla təkrar edir. Nəqəratı belədir: “Gedir əldən gözəl yurdum Qarabağ”.
22.46. Ənvər:
-6 nəfərin iştirakı ilə Azərinform məlumat hazırladı. Vəzirov dedi ki, Qarabağ məsələsi yaxın vaxtda həll ediləcək. (“Ya-lan-dır”). Deputatlar müəssisələrdə olacaq. “Zaman” xəbərlər proqramından sonra bu yığıncağımız, tələbimiz haqqında məlumat veriləcək. Topxanadan söhbət getdi. SSRİ DİN qüvvələri maşınların qabağını kəsib material gətirməyə qoymurlar (Fitə basdılar. “Ha-tə-mi” qışqırırlar). Səhərəcən buradayıq. Heç kəsə söz verilməyəcək.
“Qə-ti ca-vab!”.
22.55. Tələbə Qorxmaz danışmaq istədi, qoymadılar. “Ha-tə-mi!” qışqırırlar.
22.59. Hatəmi:
-Azərbaycan xalqı rəhbərliyinə inanmamalıdır, öz taleyimiz uğrunda mübarizə aparmalıyıq. Mən sizi dəvət edirəm ki, bazar günü 10 qat bundan artıq qüvvə ilə bura toplaşaq. Mən Xalq hərəkatı, onun rəhbərliyi adından xahiş edirəm ki, saat 12-də evlərə dağılaq…
23.03. Nemət dağılmağa çağırdı:
-Nümayişi təşkil edənlər gedir. Biz gedirik.
23.20. Camaat kütləvi şəkildə dağılışmağa başladı. 1-2 dəqəqədən sonra geri qayıtdılar.
23.30. Hatəmi, onun yanında bir oğlan (dünən Akademiyadakı mitinqdə peyğəmbərdən danışan) durmuşdular. Oğlan yenə danışırdı. Dini motivlər güclü idi. “Düşmənimiz birdir - Moskva. Radiasiyanı ölçmək üçün Türkiyədən adam çağıraq”.
23.40. Bir qız da bu biri tribunanın qarşısına camaatı topladı.
00.02-da meydandan çıxdıq…» (4).
Qayıdaq yenidən Nemət Pənahlının yazdıqlarına və Hatəmi-Nemət qarşıdurmasını öncə onun versiyasında gözdən keçirək: «…Yenə də çıxış edərək, Vəzirovla görüşümüz haqqında məlumat verdim. O axşam mən də dedim ki, əgər tələblərimiz yerinə yetirilməsə, meydanı boşaltmayacağıq. Beləliklə, 18 noyabr axşamı da meydan boşalmadı. O gecə meydanda qalan min nəfərin arasında tanımadıqlarım daha çox idi. Amma tanıdıqlarım da az deyildi. Adamlarla görüşlərimdən sonra belə qənaətə gəldim ki, mitinqi respublika rəhbərliyi və ya rəhbərlikdə təmsil olunan qruplar təşkil edib.
Bütün çıxşılarda Topxana meşəsindən danışılır, natiqlərin çıxışları sırf Dağlıq Qarabağ mövzusu ətrafında qurulurdu. Deyilənlərdən belə çıxırdı ki, guya Moskvanın bundan xəbəri yoxdur və məsələni yalnız Moskva müsbət həll edə bilər. Əlbəttə ki, bu tam yanlış fikir idi. Odur ki, ayın 19-dakı çıxışlarımda artıq xalqa bəzi həqiqətləri açmağa çalışdım. Qazaxıstan hadisəsini misal gətirərək dedim ki, Moskva bu məsələni bir gecədə həll elədi. Onu həll edə bilir, Qarabağ məsələsini yox?..
…Mövcud mitinqdə erməni-müsəlman münaqişəsi qızışdırılırdı və belə çıxırdı ki, biz də öz çıxışımızla düşmən dəyirmanına su tökürük. Qərara aldıq ki, mitinqi dağıdaq. Şənbə gününə mitinq elan edək. Və arada qazandığımız vaxt ərzində hadisləri təhlil edək, müəyyən nəticəyə gələk və altıncı günə təyin edilmiş mitinqə özümüz nəzarət edək. Lakin mənim mitinqi dağıtmaqla bağlı müraciətim birmənalı qarşılanmadı. Artıq müəyyən nüfuz qazanmağıma baxmayaraq, izdihamın içərisində məni xain elan edənlər də oldu. Hətta Məhəmməd Hatəmi də eyni mövqedən çıxış elədi…
Mənim mitinqi dağıtmaq cəhdim nəticəsiz qaldı. Meydanda üç-yüz, dörd yüz nəfər adam qalmışdı. Milis istəsəydi, daha doğrusu, milisə bir işarə verilsəydi, bu nümayişi çox asanlıqla dağıdardı. Amma görünür, rəhbərliyə - yalnız Moskvaya ümid bağlayan rəhbərliyə mitinqin dağıdılmaması lazım idi. Meydanın dağılmaması üçün rəhbərliyin atdığı addımlar da göz qabağında idi. Pulsuz paylanan xörəklər yoldan keçənləri də yoldan edib, meydana gətirirdi. ..
Mən bütün varlığımla inanırdım ki, meydanda hər hansı bir iğtişaşın baş verməsi nəticəsində qan dəryası yarana və milli azadlıq hərəkatı da bu dəryada boğula bilər. Düşmənə də elə bu lazım idi. Lazım idi ki, milli hərəkat milli zəmində çalxalanacaq qan dəryasında boğulub məhv olsun.
Axşamüstü meydandan yataqxanaya getmək fikrinə düşdüm. Amma hiss etdim ki, deyəsən, meydandan ayrıla bilmirəm, bura toplaşmış insanların mənə ehtiyacı var. Mənə ümid edir və arxalanırlar.
İlahi, qismətimə yazılan, çiynimə tüklənən bu ağır yükə tab gəyirə biləcəyəmmi?
Elə bu fikirlərlə dincəlmək məqsədilə mikrofondan yenicə ayrılmışdım ki, məni tribunanın arxasında dövlət nümyəndələrinin və onların göstərişi ilə hərəkət edən «ziyalı»ların oturduqları salona çağırdılar. Salona girib gördüm ki, Ənvər Əliyev Fətulla Hüseynovla Fuad Musyevin önündə durub onlara yalvarır ki, onu bu oyundan kənar etsinlər. O, artıq ona tapşırılmış işin öhdəsindən heç cür gələ bilmir. Qurxur. Burada baş verə biləcək hər hansı bir hadisəyə görə məsuliyyət daşımaq istəmir. O deyirdi ki, iki gün mitinqi idarə etdim, yetər, artıq bacarmıram, məni üç yüz manat cərimə edin və oyundan çıxardın.
Məni dəhşət bürüdü. Demək, narahatçılığım, həyacanlarım əsassız deyildi. Demək, yanılmamışam, hisslərim məni aldatmayıb. İlk gündən şübhə ilə yanaşdığım Ənvər Əliyev eynən keşiş Qapon kimi öz rolunu oynayıb meydanı tərk etmək istəyirdi. Onun yalvarakən işlətdiyi bəzi cümlələr qulağımda yenidən əks-səda kimi səslənməyə başladı:
«Mən öz missiyamı yerinə yetirdim».
«Artıq mənlik bir iş yoxdur».
«Artıq bu izdihamın qabağında dura bilmirəm».
Bəli, bu izdihamın qabağında dura bilmək insandan xüsusi hünər istəyirdi. İzdihamsa günbəgün artaraq böyüyürdü.
Düşündüm ki, gör aramızda hələ nə qədər Ənvər kimilər var. İzdiham böyüyür, çalxalanan dənizi, məcrasından çıxan coşqun çayı xatırladırdı. Və onu məcrasından çıxaranlar indi təşviş içində idilər.
Dostları ilə paylaş: |