Həmzə Fərati
Pasport bir gecəyə, viza isə bir həftəyə hazır edilir. Uçmaq vaxtı gələndə Siyamək Fəratiyə utana-utan deyir:
-Siz mənim üçün çox şey etdiniz, sizə təşəkkür edirəm. Amma mən Nemətlə dostam. O isə zindandadır. Onun zindanda olduğu bir dövrdə mən fərarilik edib Almaniyaya gedə və onu tək buraxa bilmərəm.
Fərati Almaniyaya tək uçmalı olur. Bir neçə gün sonra isə eşidir ki, Siyaməki həbs ediblər və o artıq KQB-nin zindanındadır (2, s. 499-502).
Noyabr-dekabr mitinqləri göstərdi ki, hərəkata öndərlik edəcək güclü bir təşkilata ehtiyac var. Məhəmməd Hatəmi ilə əl-ələ verərək qurduğumuz Azərbaycan Xalq Hərəkatı Cəbhəsi Bakıda iki mitinq təşkil etməyi, noyabr-dekabr mitinqlərini dağılmağa qoymamağı, meydana üç rəngli bayraqları gətirməyi, meydanın arxa hissəsini çadır şəhərciyinə çevirməyi bacarsa da, Hatəminin həddən artıq sərt tutumu, hamını özündən uzaqlaşdırması və hər şeyə təkbaşına qərar vermək istəməsi üzünsən güclü təşkilata çevrilə bilmədi. Hatəminin və mənim həbsimdən sonra isə mövcudiyyətini dayandırdı. Təşkilatın böyük hissəsi həbsdə olan Hatəminin şəxsi göstərişi ilə Əbülfəz Elçibəyin dalınca getməyə başladı. Onlar 1989-cu ildə qurulacaq Azərbaycan Xalq Cəbhəsinin yaranmasında, güclənməsində çox böyük və olduqca əhəmiyyətli rol oynadılar.
Təqribən 500-ə qədər adam İsfəndiyar Coşğunun ətrafında «Birlik» təşkilatını quraraq bizlərin, yəni həbs olunan istiqlalçı milliyyətçilərin azadlığı uğrunda mübarizə aparmağa başladı. Sonradan bu təşkilatın bazasında Azərbaycan Milli Demokrat «Yeni Müsavat» Partiyası (bugünkü Müsavat Partiyasının sələfi) və Hüseyn Artukoğlunun başçılıq etdiyi Birlik Partiyası quruldu. Təqribən 500 nəfərlik bir qrup da heç kəsə qoşulmadı, Hatəminin həbsdən çıxmasını gözlədi, o, azad edildikdən sonra isə birlikdə Milli Qurtuluş Partiyasını qurdular.
Dostları ilə paylaş: |