- “Müsəlləh əsgərəm mən də bu gündən!”. Eşq olsun birliyimizə! Aclıq elan edənlərə xalq adından təşəkkür edirik. (Alqışlar. “A-zər-bay-can!”).
12.45. Firidun Şuşinski:
- Millət qəhrəmanı olmaq üçün sizi aldadırlar, deyirlər ki, Topxanada iş dayandırılıb. Ancaq orada iş dayandırılmayıb. Məqsədləri pansionat deyil. Onlar şəhər salmaq istəyirlər. Bu məsələ 1929-ci ildə qalxmışdı. Onlar burada Ermənistan SSR-dən 50 min adam gətirib şəhər salmaq istəyirlər. Mən 20 il bundan qabaq yazmışdım ki, Qarabağı almaq cəhdi aradan qaldırılmayıb. Bunun üstündə 8 il məni incitdilər, çap olunmağa qoymadılar. Qarabağı vermək Xan qızı Natəvanın namusunu verməkdir. Azərbaycan xalqının “türk” adı özünə qaytarılmalıdır. Familiyamız qaytarılmalıdır. “Əli” Əlidir, ”-yev” nədir? Stalini Moskvada ifşa edirlər, ancaq onun “velikorus şovinizmi”nə toxunmurlar. Çünki sərf etmir. Dünən Topxanaya 73 maşın gəlib. İş dayanmayıb. Ora 50 min erməni dığası yerləşdirmək istəyirlər.
13.00. İlqar:
- Vertolyotla televiziya çəkiliş aparıb. Bu axşam baxacaqsınız.
13.01. B.Vahabzadə:
- Alqışlayıram birliyinizi! Əsas tələbimiz budur ki, DQ-da Azərbaycan hökuməti bərpa edilməlidir. Dilimiz hakim dil olmalıdır. Sizə daha böyük vəhdət arzulayıram.