Yəhya Məmmədov
18.00. Camaatın böyük əksəriyyəti meydandadır (təx. 700 min nəfər).
Nemət hökumət üzvləri ilə komendant saatının tətbiqinin dayandırılması barədə haqqında danışıq aparır.
“Topxanada iş gedir, Bakıda nümayiş gedir” (xorla).
18.50. Nemət aşağıdan baş tribunaya çıxdı. Onu görən xalq gurultulu alqışlarla qarşıladı.
18.55. Elan verildi ki, 30 ucadan danışanın hamısı sındırılıb (7 gündə). Ehtiyat hissələri yoxdur. Uşaqlar oradan düşsünlər, bir də qalxmasınlar.
19.30. Nemət:
- Qoy vəziyyəti S.Rüstəmxanlı, B.Vahabzadə başa salsınlar, təhlil etsinlər. Bu gün Azərbaycanın müqəddəratı həll olunur.
19.31. Xəlil Rza:
- ... Qazax, Laçın, Gədəbəy torpaqlarını altdan satanlara ar olsun! “Ar olsun” azdır, onları məhkəməyə vermək lazımdır. Onlar məhkəmədə cavab verməlidir! Bizim sıramızda çoxlu işsizlər, evsizlər, çörəksizlər var. Onların deyilənlərlə təchizatı bu gecə həyata keçirilsin. Azərbaycan milli hərəkatını işıqlandıran materiallar mətbuatda verilsin. Bizim işimizin qızğın vaxtında xanəndəni oxudurlar. Azərbaycan xalqına xidmət etməyən “Azərbaycan” dərgisi qapadılsın. Azərbaycan SSR-in nümayişləri məhdudlaşdıran qanununa lənət!
Türkazərcə bilməyənlərin vəzifədə qalması qeyri-qanuni sayılsın! Nersesyan kimi adamlar rədd olsun! Ermənistandan bizə dinamit və s. şeylər gətirilən yollar qapadılsın.
Sizi Xalq Cəbhəsi yaratmağa çağırıram. Onun hər yerdə dayaq nöqtələri olmalıdır. Belə dəstələr mənə bəllidir. Onlara alqış! Vətən cəbhəsində birləşsinlər. “Molodyoj Azerbaydjana” qəzetinin igid redaktoru Nəcəf Nəcəfova eşq olsun! Daşnakçılığın kökləri Parisdədir, Moskvadadır. Biz onun köklərini kəsməyə and içirik. (“Andiçirik!”).
Mənə pıçıldayırlar ki, korlar cəmiyyəti aclıq elan edib. Eşq olsun başda Kərim, Faiq olmaqla açıq gözlü korlara! (“Eşq olsun!”).
Qarabağdan, Sədərəkdən... gələnlərə eşq olsun! Düşmən bizi qanlı qisasla hədələyir. Bakıya bəlkə də tanklar girəcək. Biz hamımız çəkiləcəyik öz evimizə. (Fit). Biz keçirik dinc nümayişə, dinc tətilə. (“Tə-til!”, “tə-til!”).
Biz hökumətə iki həftə vaxt veririk; gələn bazar yox, o biri bazaradək. Sizi ümumazərbaycan tətilinə çağırıram. Neft verməməli, qaz verməməli! Evdə oturacağıq. (“Tətil!”, “tətil!”).
20.07. Kimsə:
- Nümayişlər tarixində, heç bir millətin tarixində belə mübarizə forması olmamışdır.
20.10. Nemət:
- Ağsaqqallarımız gəlsin. Biz söz danışmışdıq. Sözümüzə də əməl etməliyik. Qoy Bəxtiyar, Sabir vəziyyəti təhlil etsinlər. Sonra baxaq görək nə edirik. Çox gərgin vəziyyətdir.
20.14. Tağı Xalisbəyli:
- And içirəm ki, bu nümayişi burda deyil, evdə keçirək. Mən günahı boynumdan atıram.
20.15. Nemət:
- And içmişik, geriyə yol yoxdur. Onsuz da, tətil ümumazərbaycan tətili elan edilib. Qeyrəti olanlar qoşulsunlar.
20.15. Sabir Rüstəmxanlı:
- Bu gün də danışmaqdan səsimiz də dəyişib. Bu yeddi gündə o qədər tələb vermişik ki, sonsuz. Burda nə qədər adam varsa o qədər dərd var - Azərbaycan dərdi. Bu xalq qılınc meydanlarında çox vaxt qələbə qazanıb, ancaq ağıl meydanlarında bizi çox aldadıblar. Biz universitet keçmişik bu meydanda. Üzümüzü sizə tuturam. Siz bizə inanmısınız. Biz də sizə inanmalıyıq. Qaymaq bağlayan vaxtı xalqımızın üzünü yığıblar. Heyf, ağsaqqallarımız azdır. Bu meydan mənim, Nemətin meydanı deyil. Bəlkə də o ağsaqqallar xəstədir, kimdənsə qorxur. Mən heç şeydən qorxmuram. Bir fəhlənin və bir yazıçının umuduna qalan xalq onlara inanmalıdır. Biz geri çəkilmirik. Son anadək mübarizəmiz davam edəcək. Mən geri çəkilmirəm. Mən qorxmuram nüfuzumun itməyindən. Heç vaxt xalqımın mənafeyindən əl çəkmərəm. Bizim hərəkatımız şəhərin əsəblərini tarıma çəkib. Biz bu gün buradayıq - sabah evdə ola bilərik, işə çıxarıq - əlimizi ağdan-qaraya vurmaya bilərik. Gərək bu meydana yad çəkmələr dəyməsin. Mən xalqın qarşısında nüfuzumu itirməyə hazıram. Ancaq cəsarətlə deyirəm: biz tətili davam etdirməliyik. Əgər vaxtında hökumət bizə cavab versəydi belə olmazdı.
“Tətil” nə deməkdir? Bakının bütün müəssisələrində iş dayandırılmalıdır. Biz zavodlarda, evlərdə oturub işi dayandıracağıq. Sizin vicdanınıza, mənə inanmısınızsa, üz tuturam. Sizin birinizin burda burnu qanasa mən öz vicdanım qarşısında əzab çəkərəm. Hərbi vəziyyət dünən olmalı idi. Mən söz verdim ki, xalqımızı oradan dağıdarıq. Xalq mənə inanar. Mənə etiraz edənlərin sayı azdır. Dünyaya sübut etməliyik ki, biz yığıla bildiyimiz kimi dağıla da bilərik. Biz Bakını ölü şəhər elan edirik. Qoy neft zavodları dayansın. Təyyarələr dayansın, görsünlər ki, Bakı nefti nə deməkdir. Elə dalğalar var ki, onun altından üzüb keçmək lazımdır.
20.36. Aydın Məmmədov:
- Mən danışmağa naşı deyiləm. Ancaq indi çox çətinlik çəkirəm. Bu gün artıq söhbətlərə ehtiyac yoxdur. Bütün vicdanımla bir həqiqəti deməliyəm: biz lazım olan anda qərar çıxara bilmədiyimizə görə çox uduzmuşuq. Mən şəxsən özüm nə qədər həyatım varsa tələbləriniz uğrunda vuruşacağam. Bunu yalnız ölüm dayandıra bilər. Əziyyətdən, qorxudan əl çəkməliyik. Bu deyilən sözlərə inanın. Bizim Nemətlərimizə düzgün qiymət verməyənlərə öz gücümüzü göstərək.
20.43. Vurqun Əyyubov:
- Qardaşlar, gəlin bugünkü vəziyyətimizi düzgün qiymətləndirək. Neftayırma zavodları, Neft daşları dayanmalıdır. And içək ki, sabahdan tətil edəcəyik.
20.43. Kamal Abdullayev:
- Xalqın arzusu da var, ürəyi də var. Nəyəsə inanmalıyıq. Burada bir heykəl qoysunlar ki, gələcəkdə də bu işimizi xatırlayaq. Biz kişiliyimizi sübut etdik, tətilin də müxtəlif formaları var. Bəsdir emosiyalar. Biz tətilin o biri formasından da istifadə edə bilərik. Yaşasın Azərbaycan mütəşəkkilliyi! Hərbi vəziyyət, yaxud xüsusi vəziyyət qoyular, qoyulacaq da. Biz gərək sakitcə tətilin bir formasından başqasına keçməyi bacaraq.
20.54. Balaca qız çox yaxşı şer söylədi.
20.55. Nüsrət Kəsəmənli:
- Bizim bir faciəmiz var ki, bu 7 gündə nə qədər adamımız xəstə olub, əsəb xəstəliyinə tutulub. Biz bu tədrici ölümdən xilas olmalıyıq. Biz elə yola düşmüşük ki, geriyə yol yoxdur. Vəziyyəti başa salırıq. Əli yalın heç nə edə bilmərik. Biz tətilə hazırıq. Sabah işə çıxmırıq. Tətilə keçəcəyik. O vaxtadək ki, DQ-ın muxtariyyəti ləğv ediləcək. Bir nəfər də işə çıxmasın. Ancaq dağılırıq.
21.00. Nemət. (“Tətil, “tətil”).
- Məktub gəlib ki, Yəhya Məmmədovu tutublar? Ancaq o burada çıxış edib, yenə də edəcək.
21.05. Y.Məmmədov:
-Məni xalq seçib, xalq da çıxara bilər. Mən sizi hər şeydən qabaq qələbə münasibəti ilə təbrik edirəm! Nə qədər ki tələblərimiz yerinə yetirilməyib, mübarizə aparacağıq. Mən gecə-gündüz burada sizin yerinizə duraram. Sizdən xahiş edirəm, diz çökürəm, gəlin xalqımızın adını uca tutaq.
20.05. Nemət:
- Düşmən başımızın üstünü alıb. Bu gün hərbi vəziyyət elan edilib. 12-yədək burada kim qalsa qan su yerinə axıdılacaq. Biz dövlətimizə də inamımızı itirdik. Bakıya hərbi hissə yeridilirsə, bizə belə hökumət lazım deyil. Xalqın üzünə çıxmayan Ali Sovet bizə gərək deyil. Tanklarla vuruşmaq bütün Azərbaycan xalqının məğlubiyyəti olar. Öz dövlətimizin razılığını almadan hərbi vəziyyət elan edə bilməzdilər. Ancaq xalqın tələbini yerinə yetirməkdənsə üstümüzə ordu çağırdılar. Tələblərimiz yerinə yetirilməyincə illərlə də olsa, evdə oturacağıq. Gəncədə üç rus əsgəri öldürülüb. O, qızğındır, qudurğandır. Qanımıza susayıb. Divin canı şüşədə, göyərçindədir. O divin göyərçini bizim əlimizdədir. Bütün Bakı neftini, fəhləsini iki həftə dayandırsaq, həmin div məhv olacaqdır. Bizim dərdimiz tək Qarabağ deyil. Bütün dünya azərbaycanlıları gözünü bizə dikib. And içirik Babəkin, Koroğlunun xatirəsinə, Nəsiminin imanına, xalqımızı salamat saxlayacağıq! Şeyx Məhəmməd Xiyabaninin sözünü sizə çatdırıram: “Bir xalqın müstəqilliyi yoxdursa o, kölədir”.
Bu gün düşmən bayraqları ucaldırıq. Bu xalqın sərvəti hanı? Cavidin heykəli üçün xalqdan pul yığırıq. Son damla qanımızadək övladlarımızı yalnız bu ruhda tərbiyə etməliyik. Bizim düşmənlərimiz o qədər bişərəfdirlər ki, əliyalın xalqın üstünə tank yeridir. İşə çıxmayacağıq. İllərlə də olsa!
(21.20). Bir qadın:
- Sizi aldadırlar. Yerinizdə möhkəm durun!
Başqa qadın:
- Məndən qabaq danışan qadın dəlidir, başı xarabdır, ona inanmayın.
Nemət:
- Öldü var, döndü yox! (Camaat təkrar etdi).
Dostları ilə paylaş: |