Osman Mirzə
Ulu öndər M. Ə Rəsulzadə özünün «Millət olmaq əzmi» adlı məqaləsində yazır ki, «Millət anlamını ifadə üçün dilimizdə iki söz vardır: milliyyət və millət. Bunlardan birincisi lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. İkincisi isə bu topluluqda doğan ümumi bir iradəni anladır.
Madzininin məruf (məşhur) tərifinə görə, millət: «torpağın, mənşəyin, əxlaq ilə adətlərin və lisanın birliyindən dolayı, həyatında və ictimai vicdanında anlaşma və ortaqlıq yaratmış bir insan topluluğuna» deyilir.
Dürkheymin nəzərində isə: «Etnik amillər və yaxud sadəcə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və tək bir dövlət qurmaq istəyən insan topluluğuna millət deyilir».
Dürkheym, bu tərifini müşahidə etdiyi olaylarla təyit (sübut, təsdiq) edərkən: «israrla təyit olunursa, bu kollektiv [məşəri] iradənin təmin olunmaq haqqına malik olduğu və bu iradənin dövlət qurmağa bircə əsas təşkil etdiyi, indiki mədəni millətlərcə, artıq bir prinsip olmuşdur» - deyir.
Madzininin tərifi ilə Durkheymin tərifi arasındakı ifadə fərqinə diqqət etmək lazımdır: birincisində millət ünsüri və tarixi bir olaydır [vaqeə]. İkincisində isə millət ictimai və idari bir hadisədir. Ötəkində millətin oluş seyri anladılır, bərikində millət bir «prinsip» kimi göstərilmişdir. O, rüşeymdir, bu - cocuqdur. O, ağacdır, bu - meyvədir. O, anadır, bu - yavrudur. O, milliyyətdir - bu millətdir.
Lisanları, adətləri, tarixləri, dinləri, vətənləri və s. bir olan insanlar bir milliyyət təşkil edərlər, fəqət, bir milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv [məşəri] iradənin təəssüsünə bağlıdır. Bu isə yalnız «ictima hafizə» vəzifəsini görən orqanın təşəkkülü ilə vücuda gəlir. Bu orqan müxtəlif amanlara görə dəyişir. Orta çağlarda bu vəzifəni feodal Zümrə görür, milliyyətin sosial həyat və gələnəklərini qeyd və zəbt edən (saxlayan, yaşadan) «hafizə» xan sarayları ilə şövalye (zadəgan, feodal) qalalarından ibarət olub qalırdı. Zamanın dəyişməsilə, təbii olaraq bu orqan da dəyişdi. Burjuaziyanın zühuru ilə feodal sistem dağıldı. Mənəviyyat mərkəzi «qala»lardan şəhərlərə keçdi. şəhərlərdə yetişən münəvvər zümrə millətin şüurunu tərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi.
Bu sinif, qullandığı ən böyük vasitə - mətbuat yolu ilə milliyyətdəki kollektiv iradəni işlədi; öz arasından bu iradəni çelikləşdirən (poladlaşdıran) fikir adamları ilə sənətkarlar yetişdirdi. Bunların sayəsində mənliyini tərk edən milliyyət topluluğu bir millət olmaq əzminə gəldi. Demokratik Azərbaycan topluluğunda bu millət olmaq iradəsi, sözün əsrimizdəki mədəni mənası ilə 28 may istiqlal hadisəsi və bəyannaməsilə təəssüs (yarandı) etdi. 32 ildən bəri dünya tarixinin ən qorxunc bir istilası altında bulunmasına, ən amansız totalitar bir rejimin məhkumu olmasına rəğmən, Azərbaycan topluluğu bu iradəyə sadiq qaldığını hər fürsətdə izhar etməkdə, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may fikrinə bağlılığını hər vasitə ilə isbat etməkdədir (3).
Meydan hərəkatı dövründə xalqımız bu iradəyə sadiq qaldığını izhar etdi, milliyyət dövründən çıxaraq millət olduğunu, 28 may idealına bağlılığını isbat etdi.
Qaynaqça
-
Quliyev F. Missiya. “Yeni Nəsil” JB Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı - 2002, 178 səhifə.
-
Məmmədov E. Səlcuqlar. Dərs vəsaiti. – Bakı: Mütərcim, 2015. – 204 səh.
-
Rəsulzadə M. Ə. Millət olmaq əzmi. “Azərbaycan”, il 1, sayı 5, 1 avqust 1952, Ankara.
-
Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).
Dostları ilə paylaş: |