Cümşüd Nuriyev 18.02. Cənubi Azərbaycandan bir nəfər (Siyamək – B. T):
- Bizim işimiz çoxdur. Bu hərəkat hələ bir addımdır. Biz bir bayraq altında öz milli hökumətimizi qurmalıyıq. Biz Araz adlı sərhəd tanımırıq. Dünya kommunistləri, İran kommunistləri beynəlmiləlçilikdən danışırlar. Ancaq tankları xalqın üstünə yeritmək beynəlmiləlçilikdir? Yaşasın Azərbaycan xalqının birliyi! (Alqışlar).
18.07. Əbülfəz Əliyev:
- Qazaxıstandan xəbər almışıq ki, qazax xalqı Oljas Süleymenov başda olmaqla hərəkatımızı bilir və müdafiə edir. (Alqışlar). Dünən Təbrizdə bizimlə həmrəylik üçün nümayiş keçirilib. (Sürəkli alqışlar). Bir məktubda deyilir ki, Xarici İşlər Nazirliyi xaricə hərəkatımız haqqında məlumat vermədiyi üçün pislənilsin, ona ar olsun! (“Ar olsun!”). Əfqanıstanda vuruşmuş əsgərlər üstümüzə gələn tankları saxladılar. Onlara eşq olsun! Respublika televiziyası ilə dünən xalqımızı “xuliqan” adlandıran şəxsə (S. Tatlıyevə - Ə.T.) ar olsun! (“Ar olsun!”).
18.12. Babək Məmmədov: Azərbaycan televiziyası ermənicə verilişləri dayandırıb. DQMV-dəki televiziya da hələlik dayandırılıb. Çıxarılan veriliş yerinə Cənubi Azərbaycanda yaşayan qardaşlarımız üçün veriliş yaratmışıq. Şamxor rayonundan təklif gəlib ki, deputatlarının yerinə Nemət Pənahovu deputat göstərmək istəyirlər. (Sürəkli alqışlar). Gəncədəki Ramiz Bağırlı və Naxçıvandakı Nurəddin Mustafayev orada qoşun yeritməyə şərait yaradıblar. Onlara ar olsun!
18.15. Nemət: Şad xəbər. Neft Daşlarından xəbər almışıq: 5.000 adam işi dayandırıb.
18.20. Kimsə (Az. TV “Hünər” verilişinin aparıcısı) (Ramiz Duyğun – B. T.):
- Azərbaycanın cənub rayonları bizimlədir. Onlar Moskvaya DQ-ın ləğvi üçün çoxlu məktublar göndəriblər. “A-zər-bay-can!” (sürəkli).