Yazıçı Sabir Azəri
19.13. Mirəli Seyidov:
- İki gün qabaq burada çıxış edərkən “böyük Ermənistan” xəritəsini göstərdim. Dedim ki, indi ermənilər Artsax adlı respublika yaratmaq istəyirlər. Bu gün bir addım geri çəkilsək, onlar daha da qızışacaqlar. Biz soyuqqanlılıqla hər şeydən qabaq DQ-ın muxtariyyətinin ləğvini istəyirik. Bu gün onlara güzəştə getsək, on il sonra başqa hoqqa çıxaracaqlar. Biz əlbir olsaq Qarabağ bizim olacaqdır.
19.20. Nemət:
- “İzvestiya” qəzeti müxbirinə hər şeyi demişəm. İndi isə aclıq elan edənlərin yanına getdi müxbir.
19.21. Əli kişi (ruhani):
- Quran bizim üstümüzdədir. Haqq bizimlədir. Biz heç kəsin torpağına girməmişik, heç kəsi də torpağımıza buraxmayacağıq. Əli Quranlı gəlmişəm. Quran arxanızdadır. Həmişə can sağlığı arzulayıram. Allah-taala Quran naminə bizə kömək olacaq. Torpaqlarımızı, dinimizi azad edəcəyik!
19.25. Əliyev Əhməd (ADU):
- Mübarizəni dayandırmayın. (Tələbləri saydı).
1) DQMV ləğv olunsun.
2) Poğosyan başda olmaqla daşnak partiyası cəzalandırılsın.
3) Fitnəkarlığın səbəbi olan “Krunk”, “Qarabağ” cəmiyyətləri, təşkilatları mühakimə olunmalıdır. Vazgenlər, Ağanbeqyanlar, Kaputikyanlar cəzalandırılmalıdır.
4) Ermənistandan gələn azərbaycanlılar yalnız DQ-da yerləşdirilsin. (“Nemət”, “Nemət”!) Sizin etirazınız ən son həddir. Ancaq sağlamlıq da gərəkdir.
19.30. Mühəndis qız Abbasova:
- Biz hamımızı vətən oğlu saymalıyıq. Çünki aslanın erkəyi-dişisi olmaz. Tələb edirəm ermənilər torpağımızdan rədd olsunlar. Respublikamız təsərrüfat hesabına keçsin. Ana dilimiz olmasa nə birlik olar, nə də müstəqillik. Biz türkük, cinsimiz uludur.
19.35. Sabir:
-Hamınıza dözüm, səbr arzulayıram. Əmin-amanlıq pozulmasın. Azərbaycan xalqı öz gücünü bütün dünyaya göstərəcək. Mitinq bağlandı (19.36).
Mehmanxanalardan həftədən çoxdur ki, xarici turistlər götürülüb.
“Ermənisən, ölməlisən, vəssalam!” (yeni xor mahnısı).
Böyük bir şüar:
“Öz ana dilini bilməyən satqındır!”.
“Günün ekranı”nda Bakı şəhər PK plenumu haqqında məlumat verildi. Sabah qərar dərc ediləcək. Vəzirov çıxış edib. Sonra bir neçə adamın DQ hadisələri haqqında fikri verildi. Hamı mitinq iştirakçıları ilə həmrəy olduğunu bildirdi.
Bu gecə meydanda adam çoxdur. Ən azı 70-80 mun nəfər var. Çoxluğa səbəb budur ki, bu gecə meydanın əsgərlər tərəfindən alınması qorxusu var. Meydanda, bulvarda 250-300 tonqal olar. Bir çox yerlərdə dəmir sobalar qoyulub. Hökumət evi qarşısındakı (tuşundakı) fəvvarələrin (indi işləmir) dörd yanı bu gün çadırlarla dolub. Hərəkat getdikcə şaxələnir, qol-budaq atır.
Dostum Bəhram Zeynalovla rastlaşıb yenə “düşərgə”ni gəzirik. Hər söhbət (danışıq hər yerdə birlikdən, milli təəssübkeşlikdən, Vətən taleyindən gedir), hər gördüyün mənzərə ürək açır.
21.30. BK plenumunda Vəzirovun çıxışı meydana radio ilə öz səsi ilə verildi. Topxanadan tikinti materiallarının aparılması xəbərini alqışladılar, işə çıxmaq təklifinə isə “tətil” sözləri ilə cavab verdilər.“Böyük Vətən müharibəsi əlili İsmayıl İsmayılov haqq işi uğrunda aclıq elan edib. Buna son qoymaq üçün Xalq Cəbhəsi qəti tədbir görməlidir”. (88-55 AQ “Zaporojets”)
22.50. Meydanda (bulvarqarışıq) 200 minə yaxın adam var. Çadırlar meydanın ətrafını bürüyüb. Hər təşkilat, idarə özünə bir çadır qurub. Metro tikintisi işçilərinin çadırında qonşumuz Nəriman Əzməmmədovla çay içirik. Çox şən uşaqlardır. Deyilən hər rus sözü üçün 10 qəpik cərimə alırlar. Birisi gəlib dedi ki, Moskvadan yenə bizi göstərmədilər. Soruşdum ki, “Vremya” demədi? O saat məndən də 10 qəpik aldılar. Akademiya dal-dala iki çadır qurub. Birinin qapısıüstündə yazılıb: “Tərəqqi” cəmiyyəti. Azərb. SSR Elmlər Akademiyası”. Çadırın ağzında Azərbaycan Demokratik Respublikasının bayrağı dalğalanır.
B. Sərdarov adına poladəritmə zavodunun fəhlələri də iri çadır qurmuşlar. Başqalarında olduğu kimi burada da oturmuşlar, dincəlir, söhbətləşirlər. Stolun üstündə siqaret, çay qoyulub. İstəyənlər alıb işlədir. Bir çadırda ciddi fikir mübadiləsi gedir, Türkiyəyə bizim, rusların və ermənilərin münasibəti müzakirə olunur» (4).
Bu, aysberqin görünən üzü, indi də keçək gözlə görünməyən üzünə.
Ədalət bəyin qeydlərinin 26 noyabra aid hissəsində ilk dəfə meydanda xalq tərəfindən pul yığılması faktına ötəri də olsa, rast gəlirik. Bu məsələ Milli mücadiləmizə kölgə salmaq istəyənlər, eləcə də Nemət Pənahlının siyasi rəqibləri tərəfində həmişə qara rənglərlə təqdim edilib. Bu üzdən də həmin məsələyə Nemət Pənahlının öz dili ilə aydınlıq gətirməyə ehtiyac var. O, «Əbədiyyət yolçusu» kitabında mövzu ilə bağlı bunları bildirir: «Meydanda pul yığmaq söhbətini də ortaya bədnam «Nümayiş Komitəsi» atmışdı. Şübhəsiz ki, burada da düşmən əli vardı. Ola bilsin ki, düşmən düşünürdü ki, bu yolla bizi daha çox ləkələməyə nail ola bilər. Məgər o, xalq hərəkatını ləkələmək, meydana şər və böhtan yağdırmaq üçün dəridən-qabıqdan çıxmırdımı? Əks təqdirdə şəxsiyyəti bəlli olmayan qadınların meydanda işi nə idi. Belə qadınlardan birinin çıxışı da yaxşı yadımdadır. Ona bir neçə dəfə də çıxış etmək imkanı versıydik, bəlkə də, hərəkatın liderlərindən birinə çevrilərdi.
Meydana başqa qəbildən olan natəmiz ünsürlər də göndərilirdi. Amma meydan Meydan idi. Onun özəyini xalqımızın azadlığı uğrunda canından keçməyə hər an hazır olan mərd insanlar dururdu.
Meydanda pul yığılması söhbətinin ortaya atılması hər cür xoşagəlməz nəticələrə gətirib çıxara bilərdi. Pulsuz isə hərəkət etmək imkan xaricində idi. Amma hiss edirdim ki, pul yığılmağa başlanılan gün şayiə, şər və böhtanlar da ayaq tutub yeriyəcək, adımıza ləkə vurulmağa çalışılacaq. Yadımdadır, oğrulara, yəni cinayət aləminə hərəkatın davam etdiyi müddətdə şəhərdə heç bir cinayətin törədilməməsi barədə müraciət edəndən sonra mənə məktub gəlmişdi ki, cinayət aləmi «sizinlədir, xalqladır və xalq hərəkatını dəstəkləyir». Söz verirdilər ki, sözügedən müddətdə şəhərdə bircə dənə də oğruluq və ya başqa cinayət hadisəsi olmayacaq. Əlbəttə, məktubu onların adından başqaları da yaza bilərdi, amma fakt budur ki, meydan rus əsgərləri tərəfindən dağıdılan günə qədər Bakıda heç bir cinayət hadisəsi baş vermədi.
Məni yandıran budur ki, həmin dövrdə millət, onun bütün zümrələri bir olmağı, həmrəylik göstərməyi bacarsa da, ziyalılar arasında bu həmrəyliyi görə bilmədim. Ümumi məxrəcə yalnız onlar gələ bilmirdilər. Onların içlərində nəyin gizləndiyini həbsxanada bildim. Əleyhimə, nə az, nə çox, düz 2900 nəfər ziyalı ifadə vermişdi. Onların bir qisminin ifadələrindən belə çıxırdı ki, sən demə, meydana çıxıb Vətən və millət yolunda mübarizə aparanlar narkomanlar, ekstermistlər və fahişələr imiş, mən də onların başçısı idim. Bu cür ifadə verənlərin içində … kimi hörmət bəslədiyim, inandığım şəxslərin imzasını görəndə gözlərim kəlləmə çıxdı.
Pul yığmaq məsələsi gündəmə gələndə çox ölçdüm-biçdim. Bu iş ən etibar edilən adama həvalə edilməlidir. Ətrafımda dost-tanış, o cümlədən sınanmış dostlar isə az deyildi. Onların içindən Rəsul Ələkbərovu seçmək qərarına gəldim. O hərəkata qəlbən bağlı adam idi və bağlılığını da sübut etmişdi. Yadımdadır, silah almaq üçün çox gizli şəkildə pul toplamışdıq. Rəsul qaynatasının cehiz almaq üçün ona verdiyi 2000 manat pulu gətirib ortaya qoymuşdu. O vaxt bu çox böyük pul idi.
Rəsulla tanışlığıma gəlincə, bu çox uzun söhbətdir. Onunla «Çənlibel»də tanış olmuşduq. O həmin dövrdə ət kombinatında fəhlə işləyirdi. Tanış olduğumuzda öyənmişdim ki, sən demə, babalarımız eyni kənddən – Qərbi Azərbaycanın yexinadzor rayonunun Sallı kəndindəndirlər. O ədəbiyyatımız, tariximizi sevən biri idi. Xalqımızın başına gətirilən faciələr barədə həmişə ürək ağrısı ilə danışardı. Elə bu kimi söhbətləri ilə də rəğbətimi qazanmışdı. Tanış olduqdan sonra tez-tez yataqxanamıza gəlib-gedərdi. Mən də onlarda olmuş və nə qədər kasıb yaşadığını görmüşdüm…» (2, s.171-172).
Burada Nemət bəyin sözlərinə ara verib bildirməliyəm ki, mən də Rəsul bəyi «Çənlibel»dən tanımış və evində olmuşdum. Böyükşordakı gecəqondulardan birində yaşayırdı. Çox kasıb adam idi. Divarından saz asılmışdı. Saz çalmağı çox sevirdi. Həttə mənim şərəfimə sazını bir az dınqıldatmışdı da. Pis çalmırdı. Gerçəkdən də ədəbiyyatımızı və tariximizi sevən adam idi. Ermənilərin xalqımızın başına açdıqlarında ürək ağrısı ilə danışardı.
Nemət Pənahlı daha sonra yazır: «…Onun bu cür kasıb yaşaya-yaşaya yoldaşının cehiz pulunu zərrə qədər də düşünmədən hərəkat yolunda ortaya qoyması məndə ona inam yaratmışdı. Onu mərd birisi kimi tanıyırdım…
…88-ci ilin noyabr mitinqləri başlayandan sonra Rəsulla əvvəlki kimi tez-tez görüşə bilmirdim. Amma bilirdim ki, o da mütləq meydanda, izdihamın arasında olmalıdır. Başqa cür ola da bilməzdi. Xüsusi bir iş görə bilməsə də, hamı kimi o da etirazını bildirir, xalqımızın haqlı tələblərini dəstəkləyir.
Pul yığmaq qərarına gəlməmişdən öncə də meydanda kimlərinsə Ermənistan qaçqınları üçün pul yığdığını bilir, fəqət onların kim olduğunu, həmin pulu nə etdiklərini bilmirdik. Bilirdik ki, bu məqsədlə rayonlardan və müxtəlif təşkilatlardan pul göndərənlər də az deyil. Mən bir neçə dəfə bunun əleyhinə çıxış etdim. Amma bu, prosesin qarşısını ala bilmədi. Odur ki, çox düşündükdən sonra qərara gəldim ki, bu məsələyə özüm nəzarət edim. Bu, bəzi fırıldaqçıların fürsətdən istifadə edərək başqa məqsədlər güdməsinin qarşısını ala bilmək üçün yeganə çıxış yolu ola bilərdi.
Aydın məsələdir ki, bu işi şəxsən özüm görə bilməzdim. Buna sadəcə fiziki imkanım yox idi. Çox götür-qoydan sonra bu işi Rəsula həvalə etməyi qərara aldım. Axtarıb onu tapdım. Bu işi ona həvalə edib bildirdim ki, ola bilsin, bizi həbs etsinlər, odur ki, işini elə qur ki, sonralar kimsə bizi natəmizlikdə suçlaya, adımıza ləkə sürtə bilməsin. Hər şey şəffaf və dəqiq olmalıdır. Hətta ola bilsin ki, həbs edildikdən sonra bizi üzləşdirə də bilərlər…
….Bu pullardan çox az bir məbləği xərcləmişdik, meydan üçün meqafon, diktafon, mikrifon və s. bu kimi xırda-xuruş şeylər almaq məqsədilə. Bütün xərcləri də qeyd etmişdik. Ona göstəriş vermişdim ki, meydanda pul saxlanılmasın, etibarlı bir yerə aparılaraq, orada mühafizə edilsin…
Hər gün yığılan pullar meydandan təyin olunan yerə aparılırdı. Bu işlə bir neçə nəfər məşğul idi ki, onlardan bir neçəsini şəxsən tanıyırdım. Qulu Məhərrəmli və bibim qızının qaynı Telman da bu işin içində idilər.
Meydanda milyon yarımdan artıq pul yığılmışdı. O vaxt bu, ağlasığmaz dərəcədə böyük pul idi.
Hərəkata yardım etmək istəyənlərin sayı-hesabı yox idi. Bir dəfə Rəsul mənə dedi ki, üç nəfər yardım etmək istəyirlər, amma öncə səninlə görüşmək arzusundadırlar. Dedim ki, axı, mənə nə ehtiyac var, bu işlə sən məşğul olursan, özün də həll elə. O getdi, təkrar qayıdaraq bir də bildirdi ki, mütləq səni görmək istəyirlər. Məcbur qalıb razılaşdım.
Dostları ilə paylaş: |