Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Rus ordusu ilə üz-üzə: Xalq geri çəkilməməyə və sona qədər mübarizə aparmağa qərar verir



Yüklə 12,01 Mb.
səhifə166/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   162   163   164   165   166   167   168   169   ...   201
Rus ordusu ilə üz-üzə: Xalq geri çəkilməməyə və sona qədər mübarizə aparmağa qərar verir

Nemət Pənahlının yazdığına görə, vəziyyət o yerə gəlib çıxmışdı ki, meydanda xalqın qulaq asdığı iki adam qalmışdı: o və ondan daha radikal mövqe tutan Hatəmi (5, s. 170). Bunlardan birincisi xalqı zərbə altında qoymamaq üçün meydanın müvəqqəti dağıdılması və mitinqlərə keçici olaraq ara verilməsinin zəruriliyini düşünür, ikincisi isə heç bir təhlükə olmadığına, mitinqin dağıdılmasına yol verməmək, mübarizəni son ana qədər davam etdirmək lazım olduğuna inanırdı.

Meydanı dağıtmaq istəyənlərdən biri həmin dövrdə Azərbaycan Dövlət Universitetinin professoru olan Kamal Abdullayev (Abdulla – B. T.) Nemət Pənahlının istintaqı zamanı müstəntiqə verdiyi ifadəsində demişdir: "Qərargah üzvləri (Nümayiş Komitəsi nəzərdə tutulur – B. T.) olan Rüstəmxanlı, Vahabzadə, Xəlil Rza və mən qərara aldıq ki, çıxış edib xalqı müdrikliyə, hər hansı toqquşmadan qaçmağa, meydanı dağıtmağa çağıraq. Bu qərar qəbul edilərkən Nemət də orada idi. Məncə, o da bizim qərarla həmrəy idi" (4).

Muradov Eldar Ərşad oğlunun istintaqa verdiyi ifadəsindən isə oxuyuruq: "Meydanda bir neçə dəfə Pənahovla rastlaşmışıq. Söhbətimiz meydanda və onun ətrafında ictimai asayişin qorunması məsələsinə həsr olunurdu. O, bir neçə dəfə mitinqçiləri meydandan çıxartmaq və uzanan mitinqlərə son qoymaq istəmişdi. Məsələn, 23, 24 və 26 noyabrdakı çıxışlarında mitinqi qurtarmağa çağırdı və hər dəfə minlərlə mitinqçini meydandan çıxartdı. Lakin Hatəminin qrupu bunun əleyhinə idi, əllərindən gələni edirdilər ki, xalq meydanda qalsın, gedənlərsə qayıtsınlar" (3).

Həmin günlərin fikir qarşıdurmasında bəhs edən Məhəmməd Hatəmi aralarındakı taktiki fikir ayrılığı səbəbindən Nemət Pənahlını sərt tənqid edərək, hətta bəzən etika sərhədlərindən bir qədər kənara çıxıb təhqir edərək, özünün «Acı həqiqətlər» kitabında yazır: «Bizləri düz yola yönəldən Tanrıya şükürlər olsun. Nemət axşam qaranlığında mikrafonla çıxış edərək səslənəndə ki, "dağılırıq!", meydanın hər tərəfində hazır dayandırılmış naməlum adamlar bütün taxta ehtiyatını bir anın içərisində tonqallara tullayıb alovlandırdılar. Meydanı dağıtmaq üçün gör nə böyük gizli hazırlıq görülübmüş! Soyuq noyabr-dekabr günlərində meydanda, çadırlarda istiliyin hesabına davam gətirilirdi, indi necə olacaq? Sarsılmış, ölmüş adama dönmüşdüm. Nə tərpənir, nə bir söz deyə bilirdim. Sakitcə dayanıb tamaşa edir, fikirləşirdim: "hər şey məhv oldu". Biri-birinə dəymiş meydanda hər tərəfdən səslər gəlirdi: "dağılırıq!". Nemət bu səslərin sədası altında, əksəri fabrik-zavod fəhləsi olan, 10-15 min adamı təkə kimi dalına salıb meydandan çıxartdı. O, bir neçə dəfə belə etdi. Çox keçmədi ki, o boyda meydan boşalıb seyrək tüklü keçəl baş misalına döndü. Qızılbaşlardan kimsə meydanı tərk etmədi, Eldar İbrahimdən və qardaşı Loğman İbrahimdən başqa.

Noyabrın 24-də səhər meydanda adamlar azalmışdı. Nemət onları dadağıtmaq fəaliyyətinə girişdi. Əli quranlı Hacı Sabir bu işdə ona köməkçi göndərilmişdi. Onlar adamları Qurana and verib deyirdilər: "Sizi and veririk bu Qurana dağılın gedin, elə eləməyin ki, buranı qana boyasınlar".

Adamların meydandan çıxmamasına görə məni günahlandırmağa başlayan Nemətlə aramda kəskin mübahisə, toqquşma çıxdı. Onu xəyanətkar tip kimi xarakterizə edib, adamların gözündə pis kökə qoydum. 

Gənclər Neməti hədələməyə başladılar: "Xain əclaf, səni doğram-doğram edəcəyik!" Meydanı dağıtmağa Nemətə və Hacı Sabirə imkan vermədim. Onlar suları süzülə-süzülə meydanı tərk edəsi oldular. Hacı Sabir bu hərəkəti üçün: "Məni aldatmışdılar ki, meydanda qırğın olacaq" deyib, Təzəpir məscidində qızılbaşlardan üzr dilədi. Ola bilsin kimsə bu yazdıqlarıma inanmasın, kimsə desin: "Yalandır, böhtandır, Nemət meydan dağıdan olmamışdır!" (1, s. 48-50).

Hatəmi sözünün həqiqət olduğunu sübut etmək üçün yuxarıda təqdim etdiyim istintaq ifadələrini (3; 4) misal çəkir və davam edir: «Bu faktlar Nemətin meydanı dağıtmaq istəməsinə yetərli sübut deyilsə, keçək 16. 09. 1989-cu il tarixli Azadlıq meydanındakı mitinqdə Nemətin öz dediyinə: "Keçən il mən nümayişi dağıtmaq istəyirdim, başqaları mane oldu". Bu başqaları, Eldar Muradovun dilə gətirdiyi, Hatəmi və onun qrupu, yəni cəbhəçilər-qızılbaşlar idilər. Faktlardan göründüyü kimi, təkrar edirəm, meydanda Nemətin "düz xətti" olmamışdır. O, S. Rüstəmxanlı kimi, dövlət cəbhəsində fəaliyyət göstərmişdir. Düz xətt Xalq Hərəkatı Cəbhəsinin - qızılbaşların olmuş, 24-ü noyabrda günortadan sonra Nemət bu xəttə qoşulmaq məcburiyyətində qalmışdır, yəqin ki, maskalanmaq üçün. Nemət getdikdən sonra meydan başsız qaldı» (1, s. 50).

Azərbaycanın «demokratik» mətbuatında meydan hadisələrindən danışılanda, bir qayda olaraq, meydanın liderləri kimi Nemət Pənahlı və Sabir Rüstəmxanlının adı hallandırılır, Hatəmidən isə ya söz belə salınmır və ya da ötəri bir-iki söz deməklə kifayətlənilir. Görünür, burada müəyyən siyasi maraq və mənafelər özünü göstərir. Çünki xaricdə dərc edilmiş ciddi araşdırma əsərlərinin heç birində Sabir Rüstəmxanlı vacib fiqur kimi gözdən keçirilmir, əsasən Nemət Pənahlıdan və Məhəmməd Hatəmidən, bir sıra hallarda isə həm də Siyaməkdən danışılır. Odur ki, Nemət Pənahlının «meydanda xalqın qulaq asdığı iki adam qalmışdı» fikrini qəribçiliyə salmamaq lazımdır. Bu fikri həmin dövrü mətbuatı da təsdiqləyir. Məsələn «Kommunist» qəzetində dərc edilmiş bir məqalədə Hatəminin ünvanına şər və böhtan yağdırılsa da, onun aparıcı simalardan biri olduğu birmənalı şəkildə qeyd edilir: "Tribunada Pənahovu çox vaxt Hatəmi əvəz edirdi. Bu nadan və mürtəce şəxs adamları geriyə, orta əsrlərin qayda-qanunlarına səsləyir..." (2).



Eyni halla İngiltərədə nəşr olunan "Qardian" qəzetində (may, 1989) də rastlaşırıq. Qəzetdə tribunada dayandıqları yerdə soldan sağa Nemətin, S. Rüstəmxanlının və Hatəminin şəkilləri və meydan haqda məqalə çap olunmuşdur. Şəkilin altında və məqalədə Nemətdən, Hatəmidən meydanın rəhbərləri kimi söhbət açılmış, S. Rüstəmxanlının adicə adı belə anılmamışdır (1, s. 68).

M. H. Tantəkin «Acı həqiqətlər» kitabında eyni sərt tutumunu davam etdirərək, Nemət Pənahlının ünvanına ittihamlar yağdıraraq, 23-dən 24-nə keçən gecə baş verənləri belə təsvir edir: «Mənsur Əlisoy mənə təklif etdi ki, tribunaya qalxıb meydanı idarə edim. Düzmü etmişəm, səhvmi etmişəm deyə bilmərəm, onun təklifini qəbul etməyib dedim: "Dövlət mənə mikrafon verməyəcək. Mikrafonsuz da meydanı yaşatmaq çətin olacaq. Nemət qayıdıb gələcək, mikrafonu yenə ona verəcəklər. Meydanı qoy o idarə etsin, biz aşağıdan nəzarət edərik. Qorxma, daha heç bir qələt qarışdıra bilməz".

İyirmi dördü noyabrda saat 11 radələrində meydanda baş verən olayı xatırlayanda həmişə kövrəlirəm. 300-ə qədər adam yağı düşmən qoşunun əhatəsində arxasız, köməksiz qalmışdıq. İntizarlı gözlərimiz xalqın yoluna tikilmişdi. Dara düşmüş balasına ayaqyalın-başıaçıq yardıma qoşan ana kimi, qeyrətli xalqımız köməyi-mizə yetsə necədir?! Sevincdən bilmirdik nə edək. Bütün Abşerondan meydana o qədər insan axışıb töküldü ki, iynə atsaydın yerə düşməzdi. Dövlətin və nemətlərin, sabirlərin istəyi boşa çıxmışdı. Fikrimdə yanılmamışdım, Nemət meydana qayıdıb mitinqin başına keçdi. İlk sözü bu oldu: "Mən deyirdim dağılaq, istəmirsiniz dağılmayaq, mitinqi davam etdirək". Onun başqa yolu qalmamışdı, özündə 180 dərəcə dəyişiklik edib, eynilə bizim kimi, xalq tərəfinə keçdi və dövlətin əleyhinə çevrildi» (1, s. 50).

Əlbəttə ki, bu fikirlər hadisələrə sırf Məhəmməd Hatəminin siyasi baxışını əks etdirir və obyektiv olmaq üçün eyni hadisələrə qarşı tərəfin də münasibətini öyrənmək vacibdir. Elmi yanaşma məhz bunu tələb edir. Məsələyə birtətəfli baxış, üstəlik də sənədlərə istinad edilməyən baxış elmi deyil, siyasi baxışdır və bu cür münasibət bu kitabın prinsiplərinə yaddır. Lakin Nemət Pənahlının «Əbdiyyət yolçusu» kitabında konkret olaraq noyabrın 24-ü hadisələri ilə bağlı artıq yazdıqlarımızdan əlavə heç bir ətraflı bir məlumata rast gəlmədim. Odur ki, Ədalət Tahirzadənin «Meydan hərəkatı: 4 il, 4 ay» kitabından sözügedən tarixdə baş vermiş hadisələrlə bağlı qeydlərə diqqət yetirmək daha doğru olar. Fəqət onun yazdıqlarından belə aydın olur ki, o, təqribən saat 11.53-də Mərkəzi Komitənin yanında olub, Meydanda həmin an nə baş verdiyindən xəbəri olmayıb. Müəllif sözünə MK qarşısında baş verənləri təsvir etməklə başlayır və yazır:



« 24 NOYABR 1988.

KP Mərkəzi Komitəsinin qarşısında toplanış. Əsgərlər əhatə edib.

11.53. Rafiq (Zeynalov -? – B. T.) (“Ləğv olunsun!”):

- …Bu rəhbərlik möhkəmləndiriləcək. (“Muxtariyyət ləğv edilsin!”. Kütləvi uğultular, etiraz). Biz başqa tələblər də almışıq, onlar üzərində də ciddi iş gedir. (“Yalandır!”). Biz elə bilirik ki, sizin bu hərəkatınız MK-mıza, Vəzirov yoldaşa köməkdir. Sakitcə, təmkinlə işə qayıtmaq gərəkdir. (“Tə-til!”, sürəkli). (“Kommunist” küçəsindən bir dəstə gəldi, izdiham onları alqışladı). Bəzi yoldaşlar Bakıdakı hərbçilərin götürülməsini tələb edirlər. (“Rədd olsunlar!”). Biz gərək elə sakit olaq ki, onlar tezliklə getsinlər. (“Rədd ol!”, sürəkli). B.Vahabzadə haqqında şayiə yayılıb. O, sağ-salamatdır! (“Bəx-ti-yar!”).

12.03. Getdi. Mikrafonu da götürtdü. (“Mik-ro-fon!”, sürəkli). Yerdən deyirlər ki, xalqın səsini eşitmək istəmirlər, ona görə də sözlərini deyib gedirlər. N. Kəsəmənli MK-nın giriş qapısı ağzında bir neçə nəfərlə durub söhbət edir. Camaat gah onu, gah da mikrofonu tələb edir. Tatlıyevin axşamkı televiziya danışığı xalqı çox narazı salıb.

Söhbətdən. Meydanda kabab paylayan restoran işçiləri deyirdilər ki, yeyin, nuş olsun! Sizin pullarınızdır bunlar. İndiyədək siz bizi saxlamısınız, indi də biz borcumuzu qaytarırıq. (Təəssüf ki, bu sözləri vəzifəli milyonerlərimiz nadir halda deyir).

R. Zeynalov gedəndən sonra MK qarşısında camaat içində başsızlıq yarandı. Biri təklif edirdi ki, gedək Tonqallar meydanına, başqası deyirdi ki, oranı tanklarla kəsiblər; içəridən çölə buraxmırlar, çöldən isə içəri girməyə qoymurlar. Biri deyirdi: oturaq. Üçüncüsünün ağzından başqa avaz gəlirdi. Heç kim nə etmək lazım olduğunu bilmirdi.

12.31. “Azərbaycanfilm” işçiləri böyük dəstə ilə gəldilər. Əllərində böyük şüar: “Azərbaycanfilm”qəti qərar gözləyir”.

13.15. Tonqallar meydanındakı vəziyyəti öyrənmək üçün “Neftçilər” prospekti ilə Hökumət evinə doğru yollandım. Prospekt boyu hərbi maşınlar düzülüb. Hamısı “00” nömrələri ilə başlanır, məsələn; 00-01 VQ (Hamısı VQ, DE idi). Əskərlərin əlində avtomat, qranatatan, rezindəyənək, əyinlərində qalın zirehli plaş, başlarında dəbilgə və əllərində plastik şüşədən qalxan...

“Neftçilər” prospektindən Kirov (indiki Bülbül) prospektinin tininədək 42 tank saydım. Çoxunun yanına adamlar toplaşıb söhbət edir. Əsgərlər çıxıb tankın üstündə oturub. Gördüm ki, biri fıştırıqda “Mənsuriyyə” çalır. Soruşdum ki, qarabala, bizimkisən? Dedi ki, sizinkiyəm, ancaq mənə çox danışmaq olmaz. Elə bu vaxt praporşik ona nəsə dedi (yəqin söhbətini kəsməyi tələb edirdi).

Başqa bir tankda bir özbək və bir çeçen var idi. Soruşdum ki, bizim məqsədimizi bilirsinizmi? Dedilər ki, yox, ermənilərlə niyə dava edirsiniz? Başa saldım. Əsgərlər dedilər ki, acıq. Elə bu vaxt bir oğlan əlində dolu yeşik yaxınlaşdı və onlara ötürdü.Açdılar, içində kağız torbalara doldurulmuş yemək vardı.

13.45. “Neftçilər prospektində - “Azərbaycan” mehmanxanasının yanında böyük dəstə toplaşıb. Girişi iri maşın kəsib. Maşının üstündə bir oğlan xalqı təmkinə, birliyə çağırır. Bulvardan tutmuş hər yanı əsgərlər tutub. Birtəhər getdik içəri. Dünən gündüz hər kv. metrə 10 adam düşüb.

MEYDAN. Gecə meydanda təxminən 30-40 min adam qalıb. Bəhmən Sultanlının (ADU-nun fizika müəllimi) söhbəti: Tanklar içəri girməsin deyə adamlar Hökumət evinin dörd yanına toplaşmışdılar. Haradan tank səsi çox gəlsə tez ora cumurdular. Maşın-maşın Əlibayramlıdan, Gəncədən, Salyandan, Cəlilabaddan (piyada) adamlar yemək gətiriblər. Gecə Dədə Qorqud tonqalları yandırılıb, ətrafına Xətayi dəstələri yığışb. Gecə saat 2-də gəlib “Abşeron” mehmanxanası qabağından Əfqanıstanda qulluq edənlər (hərbi paltarda - seçilmək üçün) bir cərgə əl-ələ düzüldülər. Biri qabağa yeriyib rus əsgərlərinə dedi ki, biz əfqanlarıq. Nümayiş dincdir. Keçirsiniz, gəlin keçin üstümüzdən. Onların arxasında yenə qol-qola tutmuş, intizamla dayanmış cərgə durmuşdu. Üçüncü cərgə isə diz üstə dayandı. Tanklar vəziyyəti belə görüb geri qayıtdılar.Qadağan saatı sona yetən kimi - saat 5-də meydanı alqış səsləri bürüdü.

Vəli Məmmədov saat 6-ya işləmiş gəlib Bəhmən Sultanlıya deyib ki, Bəhmən müəllim, mən bu xalqın qarşısında diz çökürəm. Dünən onları dağıtmaq istədik, mümkün olmadı. (Ağlayıb).

14.00. Tonqallar meydanında 500-600 min adam var.

14.07. Nemət baş tribunaya çıxdı. Bir azdan havada hərbi vertolyot göründü (adamları çəkirdi).

14.30. Bəhman müəllimlə birgə arxa tərəfdən baş tribunaya daxil olduq. Nemət, Əbülfəz Əliyev, Xəlil Rza, Hatəmi, Mənsur Əliyev, Tağı Xalisbəyli və başqaları buradadır. (Amalya Pənahova, Zəlimxan Yaqub, Əhmədiyyə Cəbrayılov və b. da).Xəlil bəy söylənəcək təklifləri yazırdı. Mən də dedim ki, “Tonqallar meydanı” adlandırılsın durduğumuz bu Lenin meydanı. Dəftərinə yazdı.


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin