Azərbaycan Milli Azadlıq Hərəkatının Meydan dövrünün tarixindən bəhs edən daha bir sanballı qaynaq – «Acı həqiqətlər»
Azərbaycan Milli Azadlıq Hərəkatının tarixinin öyrənilməsində əsas qaynaqlar içərisində sözügedən hərəkatın banilərindən və əfsanəvi isimlərindən biri olmuş M. H. Tantəkinin «Acı həqiqətlər» kitabının (4) özünəməxsus yeri var. Bu, Hatəminin memuar janrında yazdığı yeganə siyasi məzmunlu kitabdır.
Əsərlərinin böyük əksəriyyəti folklor, xüsusən də mifologiya sahəsinə aiddir. Çünki o, ixtisasca filoloq idi və folklorşünaslıq sahəsində tədqiqatlar aparırdı. Bu sahədə yazdığı ən məşhur kitabı «Sehirli nağılların onqon və əsatiri surətləri» (8) əsəridir.
«Acı həqiqtlər» ilk dəfə öncə hissə-hissə «Milli qurtuluş» qəzetində, daha sonra isə 2006-cı ildə «Şirvannəşr» nəşriyyatı tərəfindən kitab şəklində çap edilib. 180 səhifədir. Kitabın annotasiyasında yazılıb: «Quzey Azərbaycanda çağdaş milli azadlıq hərəkatının ideoloqu, banisi və öndəri olan Hatəmi bəy Tantəkinin “Acı həqiqətlər” kitabı memuar səciyyə daşıyır. Burada yazarın tərcümeyi halından, milli azadlıq hərəkatından, milli azadlıq hərəkatında rol oynamış siyasi təşkilatlardan, mitinqlərdən, nümayişlərdən, piketlərdən danışılır, bu təşkilatlara aid tarixi sənədlər verilir. Elə sanırıq ki, kitab diplomatik, elmi çevrələr, ali məktəblər və geniş xalq kütlələri üçün yararlı olacaqdır».
Bəri başdan qeyd edək, kitab memuar səciyyəli olduğundan burada bilavasitə M. Hatəminin birbaşa iştirakçısı olduğu hadisələrdən bəhs edilir və bəhs edilən dövrə münasibət bildirilir. Əsər daha çox müəllifin subyektiv fikirlərini əks etdirir. M. Hatəmi burada daha çox özünün bilavasitə iştirakçısı və şahidi olduğu hadisələri əks etdirməyə çalışmış və çiyin-çiyinə mübaizə apardığı adamlardan, ilk növbədə də Nemət Pənahlı və Elçibəydən danışanda bir qədər gileyli mövqe sərgiləmişdir. Məsələn, Nemət Pənahlı haqqında yazdığı aşağıdakı cümlələr deyilənlərə ən gözəl sübutdur:
«L. Şmidt adına zavodun fəhləsi Nemət Pənahovu Çənlibel çayxanasından tanımışam. İlk tanışlıqda sıxıla-sıxıla mənə dediyi bu sözlər indiki kimi yadımdadır: "Başım daşdan-daşa dəyib, axırda sizə sığınmışam". Mən də ona dedim: "Axtarıb, axtarıb əsil vətənsevərlərə rast gəlmisən". Keçmişi haqqında heç bir bilgim olma-yan bu cavan oğlanı yanıma alıb, ona mənəvi atalıq etdim. Onu Çənlibel Təşkilatına gətirdim. Hara getdim yanımdan əskik etmədim. Çənlibelin yığıncaqlarında çıxış etməyə həvəsləndirdim. Hər yerdə hörmətini qaldırmağa çalışdım ki, onun vasitəsi ilə fəhlələri Çənlibel Təşkilatının ardına salmaq mümkün olsun. 1988-ci ilin martında L. Şmidt zavodu fəhlələrinin təşkil etdiyi Novruz bayramı şənliyində iştirak etməyim bu məqsədə xidmət etmişdir. Şənlikdə iştirak etməyimiz, onu dövlət əleyhinə siyasi yığıncağa çevirməyimiz Nemətin zavodda hörmətini doğrudan da artırdı. Yoxsa ona burada, özü demişkən, "demaqoq" kimi baxırmışlar.
Bu vaxta qədər olan piketlərin, nümayişlərin, mitinqlərin təşkilində Nemətin zərrə qədər iştirakı olmamışdır. 18 may nümayişindən sonra onu Namiq Qulamovun (Natiq Qulamovun – B. T) dəstəsinə qoşdum ki, fəhlə sinfini mitinqə hazırlayanda birgə hazırlasınlar. Elə qoşmağımı gördüm, başladı mitinqlərin təşkilini əməlli-başlı pozmağa. O və İsfəndiyar Coşqun, buna nail olmasalar da, 9 iyun 1988-ci il tarixli mitinqi pozmağa az çalışmadılar. Bu mitinqdən başlamış 14 noyabr 1988-ci il tarixli mitinqə qədər mən elə bir piket, nümayiş, mitinq tanımıram ki, Nemət Pənahov onu pozmağa çalışmamışdır. O, 17 noyabr mitinqini də dağıtmaq istəyəcəkdir. Allah eləsin günaha batmayım, bu hərəkətləri axırda onun haqqında məndə belə bir fikir yaradacaqdır ki, deyəsən elə əvvəldən "hazır adam" kimi əlimin altına yerləşdirilibmiş.
Nemətin təxribatçılıq fəaliyyəti o vaxt başladı ki, o, dəniz kənarındakı Xalq Təsərrüfatı Sərgisinin çayxanasında Əbülfəz Əliyev, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Kamal Abdullayev, Tağı Xalisbəyli, Firidun Cəlilov, Nurəddin Quliyev, İsmayıl Təriqpeyma, Bəhmən Sultanov, Vurğun Əyyubov, çayxanada hardansa peyda olmağa başlamış İsa Qənbərovla tez-tez bir yerdə görünürdü. Neməti yanımdan uzaqlaşdırıb dövlətin qarmağına keçirənlər bu adamlar olmuşlar» (4).
Kitabda «Çənlibel» tərəfindən təşkil edilmiş bütün mitinqlər barədə ötəri məlumat verilir və müəllif hər dəfə özünün həmin dövrdəki liderliyini xüsusi vurğulamağa çalışır. Halbuki, buna qətiyyən ehtiyac yoxdur, çünki onun 1988-ci ilin 17 noyabrına, yəni Nemət Pənahlının ulduzu parlayana qədər hərəkatın lideri olduğu heç kimdə şübhə oyatmır və bu, təkzibedilməz tarixi həqiqətdir.
M. H. Tantəkin 9 iyun mitinqindən söz açarkən, söhbəti ən sonda Xəlil Rzanın onu Milli Azadlıq Hərəkatının lideri elan etməsinin üzərinə gətirərək yazır:
«9 iyun mitinqi də Azadlıq meydanında oldu. Milli hərəkatın rəhbəri olmam Xəlil Rza tərəfindən bu mitinqdə elan edilmişdir. Liderliyi əlimdən çıxardıb Nemətin, AXC başçılarının əlinə keçirtmək üçün dövlət, Naxçıvan klanı çox çabalayacaq və buna nail olacaqlar.
Xəlil Rza mitinqdə, səhv etmirəmsə, 100-dən artıq tələb irəli sürdü. Mitinqlərdə xalqdan əxz edib ümumiləşdirdiyim və içərisinə öz fikirlərimi də qatdığım 19 maddədən ibarət tələb isə meydanda mənim tərəfimdən oxunmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsinə, Nazirlər Sovetinə, Ali Sovetə rəsmi sənəd kimi təqdim etdiyim həmin tələblər bunlardır:
1. Azərbaycan SSR-nin partiya və dövlət orqanları Dağlıq Qarabağda nizam-intizamı bərpa etsinlər, Ermənistan SSR-dən buraya edilən hər cür müdaxilənin qarşısı alınsın.
2. Ermənistan SSR-dən qovulan azərbaycanlılar öz yerlərinə qaytarılsın və oradakı azərbaycanlıların təhlükəsizliyi ciddi surətdə təmin edilsin.
3. Ermənistan SSR-də yaşayan azərbaycanlılara muxtariyyət hüququ tanınmalıdır. Ermənistan SSR-i buna getməzsə, Dağlıq Qarabağın muxtar vilayət hüququ ləğv edilsin.
4. Dağlıq Qarabağda və Ermənistan SSR-də türk soylu yer adları bərpa edilsin.
5. Azərbaycanın doğru-düzgün milli gəliri və xalqımızın sayı haqqındakı statistika mətbuatda çap edilib xalqa çatdırılsın.
6. Olduğ milli gəlirə və əhalinin doğru sayına müvafiq olaraq, Azərbaycan SSR-nin büdcəsi, zəhmətkeşlərin, qulluqçuların maaşları, pensiyaçıların, tələbələrin təqaüdləri artırılsın. Əhali, o sıradan Bakı, Sumqayıt, Gəncə şəhərlərinin əhalisi ərzaqla və kənd təsərrüfatı məhsulları ilə təmin edilsin.
7. Azərbaycanda pambıq və üzüm sahələri məhdudlaşdırılsın, respublikada maldarlıq inkişaf etdirilsin, rayon zəhmətkeşlərinə, o sıradan Abşeron kəndlilərinə torpaq sahəsi ayrılsın. Torpaq verilməsi zamanı adamlardan rüşvət alınmasının qarşısı ciddi şəkildə alınsın.
8. Azərbaycan gənclərinin işçi qüvvəsi kimi başqa respublikalara axması önlənsin. Onların respublikamızda işlə, evlə təmin edilməsinə, evlənmələrinə şərait yaradılsın.
9. Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının 73-cü maddəsində dəyişiklik edib, respublikanın istisnasız olaraq bütün orqan və müəssisələrində Azərbaycan dilinin işlədilməsi təmin edilsin.
10. Azərbaycan xalqının milli bahar bayramı rəsmiləşdirilsin və onun keçirilməsinə dövlət qayğı göstərsin. Bayram günü xalqın işləməməsi haqda fərman verilsin.
11. Xalqımızın "türk" adı bərpa edilsin.
12. Ərəb, ya latın əlifbasından ikisindən birinə keçilsin.
13. Orta və ali məktəblərdə ərəb və fars dili keçilsin. Respublikada ərəb və fars dili müəllimləri hazırlayan institut yaradılsın.
14. Tədqiqat institutlarında, kitablarda, dövrü mətbuatda tariximizin, mədəniyyətimizin qəsdən saxtalaşdırılmasına son qoyulsun.
15. Qədim şəhər və kənd adlarımız bərpa edilsin. Milli qəhrəmanlarımızın, şəxsiyyətlərimizin adlarına mərkəz şəhərlərimizdə küçə, meydan adları qoyulsun, onların heykəlləri ucaldılsın. Bakı şəhərindən erməni küçə adları qaldırılsın.
16. Bakı şəhərinə azərbaycanlıların pasport qeydiyyatı yasağı ləğv edilsin.
17. Azərbaycan televiziyasında Azərbaycan dilində verilişlərin saatı artırılsın.
18. Şəxsiyyətə pərəstiş dövründə öldürülən şəxsiyyətlərimizin başına gələn bəlalar dövrü mətbuatda, radio və televiziyada işıqlandırılsın.
19. Xalqımıza düşmənçilik hissi bəsləyən adamların rəhbər vəzifələrdə işləməsinə imkan verilməsin. Rəhbər vəzifələrdə belələri varsa, işdən götürülsünlər.
05.12.1988 -08.06.1989 tarixində həbsxanada ol-duğum zaman SSRİ DTK-nın polkovniki Savuşkin əsəbi halda bu tələbləri "ekstremist tələblər" adlandırdı.
DTK xaricdə əleyhimə pis işləməmişdir, Türkiyədə çap olunmuş ədəbiyyata rast gəlmişəm ki, bu tələblərin orada başqa cəmiyyət tərəfindən irəli sürüldüyündən danışılır. Belə görünür ki, məni xaricdə də ört-basdıra çalışırmışlar» (4).
Eyni mitinq haqqında Ə. Tahirzadənin yazdıqları dövrün tarixini öyrənmək baxımından daha ətraflı mənbə hesab edilməlidir:
«9 İYUN 1988. Lenin meydanı. Mitinq.
Saat 10.15-də gəldik. Kürsüdə: T.Orucov, S. Rüstamxanlı, S.Ələkbərov, N. Fətəliyev, Tağı Xalisbəyli, R. Behrudi, Hatəmi, Xəlil Rza, Şirməmməd Hüseynov, Elçin, Aydın Məmmədov, Əfrand Daşdəmirov, Rafiq Zeynalov.
Şüarlar:
"Azərbaycan dili dövlət dili elan edilməlidir".
"3000 evsiz faciədir" (2 yerdə).
"Molçanie – eto traqediya". (Susmaq faciədir).
"Ermənistandakı azərbaycanlıların təqib olunmasına son qoyulsun".
25-30 min adam var. Saat 10. 55-də mikrofon quruldu. Şəhərin havası hislidir (zavod hisi). 7-8 min adam (sonra 25-30 min). Ermənistandan gələnlər var. Söhbətimiz oldu. Fuad Həsənov bizi gördü, dedi ki, sirk vermirlər ki, dağılın gedin!
Camaat 3 dəfə oturdu (oturaq tətil).
Əsgərlər və milislər meydanı əhatə etmişlər.
Saat 11.10. Aydın Məmmədov təbrik etdi yığışmaq münasibətilə:
- Biz ağıllı olmuşuq.
11.12. Nemət (fəhlə):
- Biz tələblərimizi hissə qapılmadan irəli sürək. Xalqı qırğına apara bilmərik. Ermənistandan gələnlərin bəzisi yerləşdirilsin, qalanların hamısı yerinə qaytarılsın. (Şer söylədi uzun-uzadı). (hay-küy). "Millət yoludur. Haqq yoludur tutduğumuz yol... ".
11.18. Aydın:
- Məgər biz bilmirik ki, torpağımıza qəsd olunur? Nəhayət, ağıllı olmaq vaxtıdır.
11.19. Şirməmməd Hüseynov:
- Azərbaycan Kommumist Partiyası Mərkəzi Komitəsinin I katibiBağırov da, Arutyunyan da Moskvadadır, Poqosyanı da ora çağırıblar.
Gəlin bura yığılanlar adından Sov. İKP - yə müraciət edək ki, bizi Ermənistandakı azərbaycanlıların taleyi, Dağlıq Qarabağ Muxtar Vilayətindəki hadisələr narahat edir, buna bir dəfəlik son qoyulsun. Mətbuatda xalqa məlumat verilməlidir görülən işlər haqqında. Bizim xalqın qeyrətini, namusunu bilirlər. Yeri gələndə sözünü deməyi, iş görməyi bacardığını da bilirlər. Bizi provokasiyaya çəkənlər çoxdur. Bütün gücümüzü, diqqətimizi məsələlərin əsaslı həllinə yönəldək.
11.24. Tağı sözü həmişə xalqın önündə gedən Xəlil Rzaya verdi:
-Azərbaycanın torpağı Xətai dövründə 2.800.000 kv. km-ə çatırdı, indi isə 86,7 min kv. km-dir. Dərbəndi, Borçalını, Zəngəzuru, haramı bizdən alıblar. Kim edib? Şaumyanlar, Mikoyanlar, Stalinlər, Xruşşovlar, Brejnevlər xalqımıza qəsd ediblər. Heydər Əlirza oğlunun dövründə 250 min Azərbaycanlının köçürülməsi səssiz təşkil olunub. Böyük adamlarımızın (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev) adını ləkələyiblər. İqrar Əliyev Vestnik Drevney İstorii jurnalında pantürkçü adı ilə ziyalılarımızı ləkələyib. Milli statistikamız yoxdur. Neftdən bizə 2,6 faiz şey çatır. Hər il Əfqanıstandakı müharibəyə 5 milyard manat sərf olunub. Bəs Azərbaycana nə qədər xərclənib? Ancaq bizim jurnallarımızın həcmi, nəşriyyat imkanlarımız azaldılır. Azərbaycanın taxıl anbarı olan Cəlilabad taxıl anbarından üzüm anbarına çevrilib. Rədd olsun radiasiya! Dönün bir havaya baxın. 1945-46-da Cənubda milli hökuməti kim boğdu? (Yerdən: "Stalin"). Bu qara-güruhun biz ağzını cırmalıyıq! Yaşca rus xalqı kiçik qardaşımızdır. Türk mədəniyyətindən bəhrələnib. Rus xalqının özü pis vəziyyətdədir. Ziyalıların maaşı artırılmalıdır. Mənim evimdə altı nəfir var. 5-i ağır xəstədir. Deməli, Azərbaycan xalqı genosid içindədir! (Alqışlar). Biz ruslaşdırmanın geniş təsiri içindəyik. Frunzedə, Alma-Atada və s. yerlərdə milli tərkib aşağı düşür. Sosializm, kommunizm pərdəsi altında hücum var. "İzvestiya". "Kom. pravda", "Literaturnaya qazeta", "Moskovskiye novosti" və başqaları anti-Azərbaycan kampaniyası aparır. Sumqayıt heç zaman səda olmayıb, Sumqayıt əks-sədadır. Sumqayıt o vaxt baş verib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi iflic olub. Xalqın iradəsni yerinə yetirə bilməyib. (Alqışlar). Boşqab dibi yalayanları vəzifədən atmalıyıq! Z. Balayanlar, Kalutikyanlar, Aqanbeqyanlar cavab verməlidirlər. Sumqayıtdakılar Mərkəzi Komitəyə soxulmuş boşqab dibi yalayanlardan üstündür. Biz tələblərimizi yerinə yetirmək üçün fabrik və zavodlarda işi dayandırmalıyıq! (Alqışlar). Biz ona nail olmalıyıq ki, nəinki bugünkü, hətta Stalin, Bağırov dövrü didərginləri yerlərinə qaytarılsınlar.
Tələblər:
1. Azərbaycan dili sözdə yox, işdə dövlət dili səviyyəsinə qaldırılmalıdır. Azərbaycan Konstitusiyasının 73-üncü maddəsindəki ilk cümlə yerinə yetirilsin.
2. Azərbaycan türkcəsini bilməyənlərin vəzifədə qalması qeyri-qanuni sayılsın.
3. Gədəbəy, Tovuz, Laçın, Naxçıvan və s. yerlərdə verilmiş, xəlvəti satılmış ərazilər geri qaytarılsın.
4. Ermənistanda azərbaycanlıların milli töhqirə məruz qalmasına son qoyulsun. Onlaramuxtariyyət verilsin.
……..
7. Əskəranda erməni gülləsi ilə öldürülən Bəxtiyar və Əlinin qanı alınsın.
8. ......................................
9. Dərbənddə yaşayan azərbaycanlılara muxtariyyət verilsin, mətbuatları açılsın.
10. Milli statistika yaradılsın. Kimə nə qədər verib nə qedər aldığımız deyilsin.
11. Çap həcmi 3 qat artırılsın.
12. Araz çayının hər iki sahilini bipləşdirən Azərbaycan dövleti yaradılsın.
Sonra şer dedi:
-"Birləşdirməyincə Azərbaycanı,
Özümü özümə haram demişəm". ("Təb-riz", "Təb-riz ).
Bu şer Məryəm Həsənovanındır. Ona mətbuat azadlığı verilsin. Vahid Azərbaycan bərpa edilincəyədək milli-mədəni əlaqələr yaradılsın. – Xudafərin körpüsünün dağıdılmasına yolverilməsin.
……
17. Azərbaycana xəyanət etdikləri üçün Şaumyan və Mikoyaiın adına küçələr, rayonlar, heykəlləri götürülsün.
18. Arvadı qeyri millətlərdən olanlar vəzifədən götürülsün.
- Məhv olsun ölü, təslimçi mətbuat!
- Azərbaycanda 68 ildən bəri yeridilən ruslaşdırma siyasətinə son qoyulsun!- Ruslaşmış azərbaycanlılara salam verməməliyik.
- 24 mart 1988 tarixli qərara yenidən baxılsın. Dağlıq Qarabağdakı tikintilərdə tək ermenilər yox, azərbaycanlılar da işqirak etməlidir.
- Badaraçay dəryaçası Ağdam və başqa rayonlar üçün təhlükəlidir. Orada yeni açılan nəşriyyat çoxdilli olmalıdır.
- Sərhəd zonalarına getmək üçün vəsiqələr, icazələr ləğv edilməlidir.
- Təyinatla Xankəndinə göndərilənlərə iş verilsin.
- Adımızı (millətimizin türk adı – Ə.T.) güllələyiblər - Stalin güllələyib, Bağırov kömək edib. Ancaq biz yalnız Azərbaycan türklərindən kömək gözləyirik.
- Qayıtmaq istəməyənlər (Ermənistana) Dağlıq Qarabağda yerləşdirilsin.
- Poğosyan və Ko ifşa olunsunlar.
- Türk dünyasına, türk ağacına xaç qoymaq istəyi ifşa olunsun.
- Bakı və paytaxt televiziyasındakı verilişlər mütəxəssislər tərəfindən aparılsın.
- Yaltaq ziyalılar ifşa olunsun.
- Moskvaya gedən rüşvət yolları kəsilsin.
- 106 No-li avtobusu, opera teatrını partladanlar məhkəməyə cəlb edilsinlər.
- Adlarımızı erməniləşdirənlər cəzalandırılsın.
- "Narodnaya prosveta" - (Bolqarıstanda türk) nəşriyyatını bağlayanlara ar olsun!
- Rədd olsun daşnakçı H. Borovik və onun "Movqe"yi.
- Xarici banklardakı kimin pulu varsa müsadirə edilsin.
- 27 min partbilet yandıranlar (ermənilər – Ə.T.) ifşa olunsun.
Məhəmməd Tantəkin Hatəmidən danışdı:
- Güney Azərbaycandan gələndir. ( "Təb-riz!". "Təb-riz!"). Səttar xan, Xiyabani, Taqı Ərani, Pişavəri inqilabçı olublar. Cənubi Azərbaycan dörd dəfə ayağa qalxıb. Azərbaycan Kommunist Partiyasının başçısı Sergey Miron Oğlu Kirovun ruslaşdırma siyasətini bilmək üçün onun fəaliyyəti diqqətlə öyrənilsin, Azərbaycan Dövlət Universitetindən onun adı götürülsün.
12.02. M.Tantəkin:
- Ermənistandan gələn qardaşlarımızı qorumaqdan ötrü bura yığışdığınız üçün çox sağ olun! Bizdən torpaq alınmasının tarixi çox qədimdir. Rusiya Türkiyədə Ermənistan yaratmaq istəyirdi. Türklər yol vermədilər. İndi siz haqsızlıq qarşısında durursunuz. Bakıda 19 fevral, 16 may, 18 may nümayişləri oldu. Tələblər irəli sürmüsünüz. 22 maddədən ibarət tələblər tərtib edib MK-ya təqdim etmişəm:
1 - DQMV-də qayda-qanun yaradılsın.
2. Qovulan azərbaycanlılar öz yerlərinə qaytarılsın, onların təhlükəsizliyi təmin edilsin.
3. Ermənistandakı Azərbaycanlılara muxtariyyət verilsin. Əgər buna razı olmasalar DQMV ləğv edilsin.
4. Ermənistandakı yer adlarımız bərpa edilsin.
5. Sumqayıtı DQMV-lə bağlı fitnə-fəsad törədib. Sumqayıtdakılar xalq qəhrəmanlarıdır.
6. Azərbaycanın həqiqi milli gəliri haqqında məlumat verilməlidir.
7. Bu statistikaya uyğun respublika büdcəsi artırılmalıdır.
8. Pambıq, üzüm, tütünçülük məhdudlaşdırılıb, maldarlıq inkişaf etdirilməlidir. Abşeronda əhaliyə torpaq verilsin.
9. Ərzaqla respublika təmin edilsin.
10. Azərbaycan gənclərinin başqa respublikalara axması pislənsin, onlara burada şəraityaradılsın.
11. Konstitusiyada dəyişikliklər edilsin. Azərbaycan dili həqiqətən dövlət dilinə çevrilsin.
12. Bahar bayramı - bayram, həmin gün - istirahət günü kimi qeyd edilsin.
13. Xalqımızın ilk "türk" alı bərpa edilsin.
Ermənistanda ermənilər deyiblər ki, adınızı gizlədirsiniz. Biz fəxr edirik ki, türkük!
14. Uşaqlara ərəb-fars dilləri öyrədilsin.
15.......................................
16...........................
17. Qədim şəhər və kənd adlarımız bərpa edilsin. Xalq qəhrəmanlarının heykəlləri ucaldılsın. Küçələrə onların adları verilsin.
18. Bakı şəhərində azərbaycanlıların pasport məhdudiyyəti götürülsün.
.........………….
21. Xalqımıza düşmən olanlar vəzifədən götürülsün.
22. Nümayiş iştirakçılarına qarşı olan tədbirlərə son qoyulsun.
Keçən nümayişdən bugünədək tələblərimizə əməl olunmayıb. Erməni təcavüzü qaşısında dəyanətlə durmalıyıq. Komissiya keçən dəfə heç nə etmədi. Yeni komissiya tələb edirik.
1. Xəlil Rza
2. Tağı Xalisbəyli
3. Firidun Cəlilov
4. Bəhmən Sultanov
5. Sona Qədirova
6. Sevil Cahani
7. Sabir Rüstəmxanlı
8. Xudu Məmmədov
9. Nemət Pənahov
10. Rüstəm Behrudi
11. Əbülfəz Əliyev
12. Bəxtiyar Şahverdiyev (“Oğuz”)
13. Mikayıl Mirzəyev
14. Nurəddin Quluyev
15. Tantəkin Hatəmi
16. Fərman Kərimzadə.
Fədakarlığınız üçün sağ olun. İndi isə gedək, məsələləri həll edək.
12.13. Xəlil Rza: Siz bu gün mədəni bir qüdrətlə gəlmisiniz. Biz sizin tələblərinizi çatdıracağıq. (Şer söylədi: “Azadlığı istəmirəm qram-qram”...).
Dağıla-dağıla birləşək!
12.22-də mitinq dağılmağa başlandı.
İlhami Cəfərovla söhbət: Katibləri, ispolkomu çıxarmaq istəyəndə K. Bağırov deyib ki, obkomla razılaşmaq gərəkdir.Niyaz Hacıyev də camaata deyib: Hökumətə camaat inanmır» (7).
Dostları ilə paylaş: |