Xəlil Rza Ulutürk Adları mitinqə səsləndirdiyimdə, vaxtilə tutulmasına rəğmən, yaxın beş-on nəfərdən başqa kimsə tərəfindən tanınmayan Əbülfəzi xalqa belə tanıtdırıb məşhurlaşdırdım: "xalqın ürəyindən fışqırıb çıxmış oğul". Komissiyanın üzvləri arasına Sabir Rüstəmxanlını salmamışdım. Xəlil xahişlə onu siyahıma saldırdı. Əlyazması şəklində olan siyahını bir neçə gündən sonra Sabir Rüstəmxanlının işçisi Rüstəm Behrudiyə verdim ki, maşınkada çapdan çıxartsın. Maşınkadan çıxan siyahıda nə görsəm yaxşıdır? Sabir Yanardağın adının üstündən mürəkkəblə xətt çəkilmiş, qabağına İsa Qənbərovun adı yazılmışdır. Heyrətə gəldim. Akademiyada bir yerdə işlədiyimiz Şərqşünaslıq İnstitutundan Ziya Bünyadovun kadrı (Ziyanı bizə Primakov direktor təyin etmişdi), hökumətpərəst bir gənc kimi tanıdığım bu adamın tərtib etdiyim siyahıya hansı qaranlıq əl tərəfindən yerləşdirildiyini R. Behrudidən bir türlü öyrənə bilmədim. Amma, çox güman, bu qaranlıq əl dövlətin sevimli kadrı olan Sabir Rüstəmxanlı idi. Siyahıda Şamil Salehin də adının üs-tündən xətt çəkilmişdi.
Sabir Rüstəmxanlı ilə İsa Qənbərovun milli hərəkatımızın içərisinə yerləşdirilməsinin tarixçəsi belə başlamışdır. Bundan sonra Azərbaycan milli azadlıq hərəkatı bu iki insandan yaxa qurtara bilməyəcəkdir.