Şirməmməd Hüseynov
Bəxtiyar Vahabzadəni dinləmək üçün, demək olar ki, bütün zavod kollektivi toplanmışdı. Ancaq iclası mənim işlədiyim 12-ci sexdə keçirdilər. İynə atsaydın yerə düşməzdi. Zal ağzına qədər dolmuşdu. Hətta dəhlizdə dayanıb Bəxtiyar Vahabzadənin çıxışını gözləyirdilər.
Mən özümə, təbii ki, ön sırada yer tutmuşdum. Rəfayıl Allahverdiyev iclası açıq elan edib qonaqları təqdim etdi, ünvanlarına xoş sözlər söylədi. Dedi ki, Bəxtiyar Vahabzadə Dağlıq Qarabağ məsələsindən danışacaq və suallarınızı cavablandıracaq.
Ayağa qalxıb özümü təqdim etdim: Demaqoq Nemət Pənahov.
Hamı güldü. Mən isə Bəxtiyar Vahabzadədən soruşdum:
-Bəxtiyar müəllin, iclası necə aparmaq istəyirsiniz, rəhbərliyin tapşırdığı kimi, yoxsa kollektivin istədiyi kimi?
O dedi:
-Oğul, ayıbdır, bu nə sözdür, əlbəttə ki, sizin istədiyiniz kimi! Ata-oğul kimi! Bu gün aşkarlıqdır, demokratiyadır.
Dedim:
-Amma unutmayın ki, mənim aşkarlığımın həddi-hüdudu yoxdur.
Bəxtiyar müəllim Qarabağın tarixindən, ermənilərlə bizim dostluq əlaqələrimizdən danışdı. Əlavə etdi ki, özü tarixçi olmadığı üçün özü ilə tarixçu Süleyman Əliyarovu da gətirib. Gətirib ki, tarixlə bağlı suallar ona verilsin.
Zavodun ən fəal fəhlələrindən biri olan Firat sual verərək, onun Azərbaycan xalqının düşdüyü acınacaqlı vəziyyətə, tariximizin saxtalaşdırılmasına, Azərbaycanın iki yerə parçalanmasına, ana dilimizin sıxışdırılmasına, Azərbaycan xalqına qarşı törədilmiş repressiyalara qarşı münasibətini soruşdu.
Dostları ilə paylaş: |