Rəfail Allahverdiyev
Çıxışımın bu yerində partkom ayağa qalxıb sözümü kəsmək istədi. Bütün zal etiraz etdi:
-Qoy, Nemət danışsın!!!
Bəxtiyar müəllim də partkoma təpindi:
-Dəymə, qoy danışsın.
Çıxışım təxminən saat yarım çəkdi. Az qala hönkürə-hönkürə danışırdım.
Bəxtiyar Vahabzadə ayağa qalxdı və dedi:
-Mənə demişdilər ki, ehtiyatlı olun, orada Nemət var! Mən təsvvürümə gətirə bilməzim ki, hətta Akademiyada belə bir adamla qarşılaşa bilim. Oğul, sənin başın özününkü deyil. Mən burada hamının içində söz verirəm ki, səni mən özüm imtahansız-filansız universitetə qəbul elətdirəcəyəm. Yəqin ki, indiyə qədər səni heç kəs tanımayıb. Rəfail Allahverdiyev də yaxşı yoldaşdır, görürəm, heç sizin direktorunuz da pis adama oxşamır. Ancaq burada iclasın ana dilində aparılmaması həqiqətən də böyük qüsurdur. Mən əminəm ki, sənin bu çıxışından sonra nə raykom katibinin, nə prokurorun, nə də müdriyyətin səninlə işi olmayacaq.
Dedim:
-Təşəkkür edirəm, amma mənim universitetə girmək fikrim yoxdur.
Bəxtiyar Vahabzadə öncə düşündü ki, naz edirəm, amma fikrimin qəti olduğunu görüb dedi:
-Bilirəm, yəqin ki, universitetə sənəd vermisən, kəsilmisən, səndən savadsızların girdiyini görüb iyrənmisən.
Mən yenə rədd etdim. Bəxtiyar müəllim bu dəfə təkidlə soruşdu:
-Axı, niyə oxumaq istəmirsən? Bəs, sən nə istəyirsən?
Dedim:
-İcazə ver söyləyim niyə istəmirəm.
Bir əfsanədə deyilir ki, əjdaha bi mahalın suyunun qarşısını kəsir, o mahallın gözəllərini almaq və xalqı talamaq qarşılığında ora az-az su buraxır. Mahalın igidləri əjdahanı öldürmək, eli xilas etmək üçün onun yanına gedir, amma heç kəs geri qayıtmır. Bir gün mənim kimi axmağın biri də bu fikrə düşür. Atası nə qədər «getmə» - deyə nəsihət edirsə, bu yolda elin adlı-sanlı igidlərinin getdiyini, amma geri dönmədiyini xatırladırsa, «sən bu işi bacarmazsan» deyirsə, xeyri olmur. Oğul deyir:
-Ata, ya gedib əjdahanı öldürəcək, xalqı bu bəladan xilas edəcəyəm, ya da öləcəyəm.
Ata çarəsiz qalıb izn verir, amma oğluna tapşırır ki, orada nə görsə, əl vurmasın. Bu dəliqanlı mağaraya girib əjdaha ilə vuruşur və onu öldürür, sonra başlayır mağaranı gəzməyə. Görür ki, dünyada nə istəsən, burada var: ləl, cəvahirat və s. İstəyir götürsün, amma atasının sözü yadına düşür. Özünü saxlayır. Axırda bir qılınca rast gəlir. Özünü heç cür saxlaya bilmir. Əl atır qılıncı götürməyə, görür ki, özü əjdahaya çevrilir, tez əlini çəkir.
Bəxtiyar müəllim, çünki mən əjdaha olmaq istəmirəm.
Bu sözümdən sonra Şirməmməd Hüseynov söz aldı və dedi:
-İndi əjdaha bizik, yoxsa sənsən? Atını minib belədən belə də çapırsan, elədən elə də. Qarşında nə xalq şairi danışa bilmədi, akademik danışa bilmir, dövlət nümayəndələri danışa bilmir. Sən xalqa lazımsan, oğlum, daşı ətəyindən tök. Bəxtiyar müəllimin təklifini qəbul et.
Mən cavab vermədim.
Sonra Rəfail Allahverdiyev danışdı, sonda isə bütün kollektivin qarşısında üzünü mənə tutub dedi:
-Bağışla Nemət, sənin haqqında mənə o qədər səhv məlumat veriblər ki, səni tanıya bilməmişəm və haqqında səhv fikrə düşmüşəm.
Bununla da görüş başa çatdı. Görüşdən sonra Bəxtiyar Vahabzadə də, Şirməmməd Hüseynov da məni bağırlarına basıb öpdülər, telefon nömrələrini verdilər. Rəfail müəllim də mənimlə görüşdü. O da mənə həm ev və iş telefonunu verdi. Və dedi ki, əgər məni qəbul etsən, səninlə görüşmək istəyirəm» (5, s. 116-120).
Nemət Pənahlının kitabından bu uzunluqda sitat verməkdə, onun üzərində xüsusi durmaqda məqsəd həmin dövrdə fəhlə kollektivlərində baş verənlər haqqında müəyyən təsəvvür yaratmaq və Azərbaycan Milli Azadlıq Hərəkatında fəhlələrin oynadığı əvəzsiz rolu xüsusi vurğulamaqdır. Bu rol M. H. Tantəkinin «Acı həqiqətlər»ində də öz əksini bir neçə dəfə tapıb. Məsələn; «Bünyad Sərdarov və bəzi başqa zavodlarda fəhlələrin erməniləri zavodlardan qovması bu ayda (iyun 1988 – B. T.) baş vermişdir. Ardınca bəzi rayonlarda xalq erməniləri Azərbaycandan çıxartmağa başladı və bu aksiya 1990-cı il 13-14 yanvar Bakı olayına qədər davam etdi. Türklərin Ermənistandan çıxarılmasına cavab olaraq, 1989-cu ilin axırlarında və 1990-cı ilin yanvarında ermənilərin Bakıdan çıxarılmasının başında rəhbərlik etdiyim Milli Qurtuluş Partiyası getmişdir. Bundan məqsədim ermənilərin Bakını erməni şəhəri kimi görmək xülyasına son qoymaq olmuşdur» (3).
M. H. Tantəkin «Acı həqiqətlər» kitabında 13 iyun mitinqindən sonrakı hadisələr barədə yazır: «Qafqazdakı, özəlliklə Bakı və Azərbaycandakı nümayiş, mitinq, tətil hərəkatı onunla sonuclandı ki, SSRİ Ali Soveti Rəyasət Heyəti 28 iyul 1988-ci il tarixində bu fərmanı çıxartdı: "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında". Ardınca Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti 22 avqust 1988-də "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə məsuliyyət haqqında" fərmanını qəbul etdi. Fərmanlar dövləti, imperiyanı səbatsızlıqdan, iqtisadi zərbədən qorumaq məqsədini güdürdü. Yaratdığım komissiya ətrafımdakı bəzi gəncləri tərəflərinə çəkmək yolu ilə, 14.11.1988 tarixinə qədər Bakıda nümayişlərin, mitinqlərin təşkilinə, keçirilməsinə mane olmuşdur. Dövlət bu işdə komissiyaya əlindən gələn yardımı etmişdir» (3).
Nemət Pənahlının «Əbədiyyət yolçusu» kitabı Hatəminin haqqında söz açdığı bu müddət ərzində, eləcə də ondan sonra baş vermiş tarixi prossesləri öyrənmək baxımından öyrənmək baxımından da çox dəyərli qaynaqdır.
Yeri gəlmişkən qeyd etməliyəm ki, Azərbaycanda Əbülfəz Elçibəyə həsr edilmiş çox sayda kitab dərc edilib. Və bu kitabların, demək olar ki, hamısında onun 1975-ci ildən Azərbaycan Xalq Cəbhəsinin yarandığı dövrə qədərki siyasi fəaliyyəti barədə dolğun məlumata rast gəlinmir, sadəcə onun həmin dövrdə Azərbaycan Milli Azadlıq hərəkatının liderlərindən biri olduğu söylənilir. Eyni halı Vikipediyada da görürük: «…1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında AMEA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək)…» (2).
Sonra onun seyid nəslindən olması, yəni soyunun Həzrət Hüseyndən gəlməsi və bu nəslin nümayəndələri, eləcə də onun elmi fəaliyyəti barədə məlumat verilir və ondan da sonra deyilir:
«…Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub» (2).
Dostları ilə paylaş: |