Nemət Pənahlının «Əbədiyyət yolunun yolçusu» kitabında gizlənmiş
gizli tariximizin gözəgörünməz gizlinləri
Eynən M. H. Tantəkinin «Acı həqiqətlər»i (4) kimi memurar xarakteri daşıyan «Əbədiyyət yolçusu» kitabı da müəllifinin keşməkeşli həyat yolundan, iştirakçısı və şahidi olduğu tarixi hadisələrdən söz açır. O hələ dərc edilməyib və Nemət Pənahlının şəxsi arxivində qorunur.
Ciddi korrektə və redaktəyə ehtiyacı olan «Əbədiyyət yolçusu» kitabı (5) Azərbaycan Milli Azadlıq Hərəkatının tarixinin öyrənilməsində əsas qaynaqlardan biri kimi qəbul edilə bilər və edilməlidir. Bu kitaba istinad etmədən, oradakı zəngin faktoloji materialdan istifadə etmədən ən yeni tariximizə tam obyektiv qiymət vermək mümkün deyildir. Bir sözlə, sözügedən əsər bu baxımdan Ə. Tahirzadənin «Meydan hərəkatı: 4 il, 4 ay»ı (6), eləcə də M. H. Tantəkinin «Acı həqiqətlər» ilə bir sırada dayanır və tarixi qaynaq kimi çox böyük önəm daşıyır.
Kitabdan belə məlum olur ki, Nemət Əhəd oğlu Pənahlı 17 noyabr 1962-ci il tarixində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına bağlı Şərur rayonunun Danzıx kəndində, rus-sovet rejimi tərəfindən repressiyaya məruz qalmış dindar bir ailədə dünyaya göz açıb. Uşaqlıqdan rus imperializminə və sovet rejiminə nifrət mühitində böyüyüb. Bu işdə atasının rolu böyük olub.
N. Pənahlı xatirələrində yazır : «…Nənəm də, atam da sovet rejimindən, 1918-ci il erməni-müsəlman qırğınından, ailəmizin sürgün edilməsindən, müharibədən, məruz qaldıqları aclıq və səfalətdən danışarkən ağlayardılar. Atam danışında həmişə yana-yana danışar və «Allah sovet hökumətinə lənət eləsin!» - deyərdi» (5, s. 1).
Belə aydın olur ki, cocuqluq illərindən poeziyanı sevən Nemət Pənahlı ilk şerlərini də həmin illərdə yazmışdır. Ən çox Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Aşıq Ələsgər, Abbas Tufanqarlı, Qurbani və başqa şairlərin şerlərini oxumağı sevərdi (5, s. 4, 9, 15).
Yeniyetməlik illərində Naxçıvan şəhərində fəaliyyət göstərən gizli təşkilatın üzvləri ilə tanış olan və həmin təşkilata daxil olan Nemət bəy 1980-ci ilədək, yəni əsgəri xidmətə çağırılana qədər bu təşkilatda fəaliyyət göstərir, onun tapşırıqlarını canla-başla yerinə yetirir: «… Xəstəxanada vətəndən, millətdən, şerdən, sənətdən o qədər yana-yana danışırdım ki, bir gün bizim palataya gəlib-gedən Mahirə xanımın rəfiqələrindən biri mənə söz verdi ki, sağalıb xəstəxanadan çıxandan sonra məni mənim kimi düşünən adamlarla tanış edəcək. Verdiyi sözə həqiqətən də əməl elədi və mənim Əsgərlə tanış olmağıma kömək etdi.
Əsgərlə tanış olduqdan sonra yeni bir mühitə düşdüm. Əsgərin atası bazarın yanındakı çayxanada işləyirdi. Biz Əsgərlə hər həftə o çayxanada görüşürdük. Yaxın tanışlıqdan sonra o mənə mühüm bir sirr açdı. Məlum oldu ki, Naxçıvanda çox gizli bir təşkilat fəaliyyət göstərir. Bu təşkilatın üzvü olan adamların məqsədi Azərbaycanı SSRİ-dən ayırıb Güneylə birləşdirmək və vahid Azərbaycan dövləti yaratmaqdır. Sevincimdən göyə-yerə sığmırdım. Demək ki, Azərbaycanda məndən başqa da sovet imperiyasının zülm və istismarını görənlər, hətta ona qarşı gizli mübarizə aparanlar var imiş. Sonra mənə Şərurda şair İnqilab Orxanla görüşməyi məsləhət bildilər və bərk-bərk tapşırdılar ki, həddən artıq ehtiyatlı olum və təşkilat barədə kimsəyə bircə kəlmə də deməyim. Eyni zamanda, rayonda, kəndimizdə gizli özəklər yaratmağımı da tapşırdılar. Bizim kənddə də təşkilatın üzvlərininı olduğunu dedilər. Lazım olduqda özləri səni tapacaqlar.
Sonralar öyrəndim ki, həmkəndlilərimdən Hüseyn müəllim və Mehman həmin təşkilatın gizli üzvləri imiş. Beləcə, siyasi fəaliyyətə başlamış oldum» (5, s. 66-67).
Kitabdan belə aydın olur ki, N. Pənahlı əsgəri xidmətini Ukraynanın İvano-Frankovck və Lvov şəhərlərində keçirib. Əsgərlikdən geri döndükdən sonra bir müddət Naxçıvanda qalıb və daha sonra Bakı şəhərinə gəlib. Bakıda Leytenat Şmidt adına zavodda fəhlə işləməyə və zavodun fəhlə yataqxanasında yaşamağa başlayıb. Şerə olan sevgisi onu Bakıda fəaliyyət göstərən şer dərnəkləri ilə əlaqə qurmağa, onların məşğələlərində iştirak etməyə sövq edir. Burada milli düşüncəli şairlərlə tanış olur. Amma onların mövqeyi - vətəndən, millətdən danışmalarına, şerlər yazmalarına rəğmən, bu yöndə heç bir əməli iş görməmələri Nemət bəyi qane etmir. Və, nəhayət, Bakıda açıq şəkildə fəaliyyət göstərən «Çənlibel» adlı milliyyətçi bir təşkilatın yarandığını (aprel 1988) öyrənir və ilk gündən həmin təşkilatın məşğələlərinə getməyə başlayır. Qısa bir zamanda təşkilatın İdarə Heyətinin üzvü seçilir (5, s. 95-97, ).
Dostları ilə paylaş: |