Emineh Pakravan Abbas Mirzə Editions Buchet / Chastet (Paris) 1973 İçindəkilər



Yüklə 1,09 Mb.
səhifə7/11
tarix03.02.2017
ölçüsü1,09 Mb.
#7379
1   2   3   4   5   6   7   8   9   10   11

Qaradağ postu ona tapşırılan Şahzadələrdən birisi də o qədər diqqətsiz davranmışdı ki, o yerlər General Mədədovun partizanlarının və hərbi qruplarının hücumu üçün açıq qalmışdı. Mədədovun partizanları və hərbi qrupları Arazdan keçib, Əhərdə və Ərdəbildə əməliyat etmişdilər.

Payızdan etibarən savaş susqun və durğun şəkildə davam edirdi. Mədədovun ara-sıra hücumları savaşı ayaqda tuturdu. General Mədədovun kiçik çaplı bu hücumkarı bir növ nəbz yoxlama karakteri daşıyırdı. Bu o demək idi ki, Azərbaycanı böyük bir təhlükə təhdid etməkdədir. Çünkü artıq Gəncə savaşından sonra hər kəsdə rusların daha güclü olduğuna inam yaranmışdı. Mədədov bu kiçik həmlələri ilə Qacar tərəfinin hələ özünü toparlaya bilməmiş olduğunun qənaətinə varırdı. Bu da başqa böyük miqyaslı həmlə üçün ruslara fürsət verməkdə idi. Təbrizin təhdid altında olduğu fikri ortalıqda dolaşırdı. Bu üzdən də şəhərin müdafiəsi üçün bəzi önləmlər alınırdı. Digər tərəfdən, qış dolayısı ilə məzuniyətə buraxılan əsgərlər geri çağrıldılar. Lakin Mədədovun bu kiçik miqyaslı hücumlarının qarşısı alındı.

Mədədov çox maraqlı və qorxmaz bir karakterə sahib idi. Əslən Qarabağlı idi. Süvariliyi Qarabağda öyrənmişdi. Bu bölgənin adamı olduğu və bölgəni yaxşı tanıdığı üçün bir çox əməliyatlarda başarılı olurdu.

Təbrizin də təhdid edilməsi üzərinə Abbas Mirzə Şaha bir məktub yazdı. Bu məktubda Şeyx-ül Məluk və Seyf-ül Məluk kimi bəzi şahzadələrin öz postlarında gərəkli etina və özəni göstərməmələrindən şikayətlənirdi. Onların bu davranışlarının onda böyük şübhə doğurduğunu yazırdı. Gələcək, Abbas Mirzənin haqlılığını isbatlayacaqdı. Baxmayaraq ki, onun bu məktubu Tehranda ona qarşı yeni nifrət və kinlərin ortaya çıxmasına nədən oldu. Abbas Mirzənin rəqibləri onu Şahın nəzərindən salmaq üçün uyğun bəhanə tapa bilmirdilər. Söylədikləri dəlillər Şahı təsirləndirə bilmirdi. Şah öz hesablamasında Abbas Mirzəyə olan ehtiyacını onların söylədikləri ilə ölçürdü və bu hesablamada Abbas Mirzənin ağırlığı ortaya çıxırdı. Ancaq Şahzadənin rəqibləri Abbas Mirzəyə qarşı Şahı təsirləndirə biləcək ən uyğun bəhanəni tapmışdılar. Onlar müxtəlif yollarla Şaha çatdırdılar ki, Abbas Mirzə mərkəzin nəzarətindən uzaq olmaq üçün Azərbaycandan heç yerə çıxmır. Bu, Şahı etkiləyəcək ən güclü bəhanə idi. Onlar bilirdilər ki, balıq sudan kənarda yaşaya bilmədiyi kimi Abbas Mirzə də Azərbaycandan kənarda ölü kimi bir şey olacaqdır. Abbas Mirzənin qərbləşmə reformlarını durdurmanın ən uyğun yolu onu Azərbaycandan ayırmaq idi. Çünkü başqa vilayətlərdə Şahzadə bir neçə səbəb üzündən bu reformlarını gerçəkləşdirə bilməzdi: Birinci ona görə ki, Abbas Mirzə heç bir Qacariyə vilayətinə Azərbaycan qədər içdən və könüldən bağlı deyildi. İkinci, ona görə ki, heç bir vilayət Azərbaycan qədər Abbas Mirzəni qəbul etməzdi. Üçüncü, ona görə ki, Azərbaycanda yarımçıq buraxıb gedəcəyi reformları başqa vilayətdə gerçəkləşdirə bilməsi zaman və imkan baxımından mümkün deyildi.


***
Bahar gəlmək üzrə idi. Düşmən yeni bir savaş üçün hazırlıq görürdü. Çox qısa bir zaman içində Üçkilsəni işğal etdilər. Bu da İrəvanı mühasirəyə almanın ilk işarəsi idi. Abbas Mirzə sürətli bir şəkildə ordusunu nizamlamaqla məşğul idi. Üçkilsənin işğal olunması Şahın ağlında Abbas Mirzəyə qarşı yaranan şübhəni ortadan qaldırmışdı. Çünkü ruslara qarşı Abbas Mirzəni əvəz edə biləcək kimsə yox idi. Abbas Mirzə ta çocuqluğundan Azərbaycanda böyümüş və bu ölkə ilə özdeşləşmişdi. Şahda yeni bir həyəcan yaranmışdı. Qarşıdan gələn yayı Sultaniyədə deyil, savaş sınırlarına yaxın bir yerdə keçirmək istəyirdi.

Savaşın ağır xərci Azərbaycanın belini bükməkdə idi. Maliyat və vergiləri artırmaq lazım idi. Abbas Mirzə məcburən bu işə getmək zorunda idi. Baxmayaraq ki, vergiləri artırmaq Abbas Mirzənin başlatdığı reform sürəcinə qarşı idi. Lakin Şahzadənin başqa çixiş yolu yox idi. O, Azərbaycanı qorumaq üçün yenə də Azərbaycana arxalanmalı, Azərbaycan əhalisinə dayanmalı idi. Jamse Morier (Cemz Moryer)in yazdığından belə anlaşılır ki, Abbas Mirzə Şahın Azərbaycana gəlməsinə qətiyən sevinmirmiş, həm də üzülürmüş. Çünkü Azərbaycan ordusunun xərcini təmin etməkdə zorluq çəkən Abbas Mirzə Şahın və çevrəsindəki böyük ekipin və dəstələrin də xərcini Azərbaycanlıların üzərinə yükləməli idi. Bu üzdən də hər dəfə Şahın Azərbaycana gəlişini duyduğunda onun üzgün olduğu bütün davranışlarından bəlli olurmuş. Bu dəlilə görə də atasına bir məktub yazaraq Şahənşahın yerinə yardımçı orduların Azərbaycana gəlməsi daha faydalı olur və savaşın gedişinə olumlu etki göstərir deyə mülahizələrdə bulundu. Şahzadə Şahın bu il də Sultaniyədə istirahət etməsini arzu edirdi. Bu məktublar Fətəli Şahı əsəbləşdirir və oğluna qarşı şübhələrin təkrar güclənməsinə səbəb olurdu. Şah zənn edirdi ki, Abbas Mirzə artıq özünü Azərbaycan padşahı kimi aparmağa başlamışdır. Bu nədənlə də onun Azərbaycana gəlişini istəməməkdədir.



Şah öz ordu birimləri ilə tələsik bir vəziyyətdə Təbrizə yola düşdü. Şah o günə qədər heç ağzına almadığı sözləri danışır və şübhələrini açıqca söyləyirdi. Bu da çevrədəkilərin şaşqınlığına səbəb olmuşdu. Şah deyirdi ki, eşitmişəm Abbas Mirzə ruslarla gizlincə danışığa başlamış. Hər kəs düşünürdü ki, Şah Təbrizə doğru bu alışılmadıq sürətli hərəkəti ilə Abbas Mirzəni ruslarla birləşib mərkəzə qarşı əməliyata keçmədən öncə yuvasında basmaq istəyir.

Abbas Mirzə atasının başqa bir dönəmə mənsub olduğunu düşünürdü. Bu əski yönətim şəkli ilə gəlişməkdə olan rus ordusunun qarşısında müqavimət etmək olmaz deyə düşünürdü. Qacar dövlətində avropalılarla geniş miqyaslı münasibətdə olan ilk şəxs Abbas Mirzə idi. Şahzadə avropalılar vasitəsi ilə konkret vətən anlayışını öyrənmiş və dinlərin uydurduğu osbtrakt insan tipinin ötəsində vətəndaş insan tipini düşünürmüş. Azərbaycan insanlarına sadəcə vergi ödəməsi gərəkən bir arac və Tanrı bəndəsi kimi baxmir, həm də onlara birər vətəndaş, ancaq və ancaq Azərbaycana aid insanlar kimi baxmağa başlamışdı. Abbas Mirzənin bu vətəndaşlıq anlayışı sadəcə Azərbaycanı ehtiva etməkdə idi. Çünkü başqa vilayətlərlə onun əlaqəsi yox idi. Başqa vilayətləri başqa şahzadələr idarə edirdi. Abbas Mirzə avropalı müşavirlərindən bir çox teknik və hərbi bilgi öyrənmişdi, lakin öyrəndiyi ilk mənəvi dəyər siyasi, iqtisadi, ictimai və tarixi içəriyi olan vətən sevgisi və milli coğrafiya idi. 1789-ci il Böyük Fransa inqilabı bütün Qərbdə milli dövlət anlayışını ortaya qoymuşdu. Bu devrimin gətirdiyi ulusçuluq duyğusu özəlliklə Frana ordusu tərəfindən həmən özümsəndi. Fransa ordusunda güclü bir milliyətçilik şüuru və duyğusu dalğalanmaqda idi. Bu üzdən də Fransanın ordusuna mənsub olan albaylar və digər görəvli şəxslər istər-istəməz bu düşüncəni də özləri ilə bərabər getdiyi ölkələrə aparırdılar. Qərbin gəlişməsinin səbəblərini irtibatda olduğu qərblilərdən öyrənməyə çalışan Abbas Mirzə milli dövlət anlayışı haqqında da fransız albaylardan bir çox şeylər öyrənmiş, bu haqda onlara sorular yönəltmiş və onun düşüncəsini alt-üst edəcək cavablar almışdı. Şahzadə Fransada 1789-ci ildə baş verən inqilabın mahiyəti və amacı haqda bir çox bilgilər edinmişdi. Bütün çocuqluq xatirələri ilə Azərbaycana bağlı olan Şahzadə Qərb modeli milliyətçilik fikrini bildikdən sonra, sadəcə duyğu planında deyil, həm də şüur planında Azərbaycana bağlanırdı. Azərbaycan onun üçün Qacar vilayətlərinin hər hansi biri kimi deyildi. O, batılılardan aldığı, mənimsədiyi görüşləri Azərbaycanda tətbiq etməyə çalışırdı. Azərbaycanlılara dindaş insanlar kimi baxmırdı, çünkü dində vətəndaş anlayışı yoxdur. Dində vətəndaş yoxdur, insan vardır, mücərrəd insan tipini rəmzləşdirməkdə, çağrışdırmaqdadır dinlər. Cümhuriyətçilik və sekular düşüncəni dünya tarixinə gətirən Böyük Fransa inqilabının istəkləri Abbas Mirzəni uzun-uzun düşündürməkdə idi. Şahzadə hiss edirdi ki, həqiqətən də Azərbaycan insanı onun üçün İslam dininin təlqin etdiyi hər hansı bir insan deyildir. O, Azərbaycan insanının onun qəlbində və şüurunda bir ayrıcalıq daşıdığını duymaqda idi. Bu hiss onda sövqi təbii şəkildə yaranmış, əmələ gəlmişdi. Şahzadə hiss edirdi ki, Qacar imperatorluğu başqa yerlərdə torpaq itirərkən dərin bir rahatsızlıq hissi keçirməməkdədir. Ancaq Azərbaycanın başına gələn ən kiçik fəlakət belə onun ruhunu sarsıdırdı. Şahzadə keçirdiyi bu hissləri fransızlardan aldığı ulusçuluq fəlsəfəsi ilə təfsir etməyə çalışırdı. Nədən Azərbaycan onun üçün bu qədər ayrıcalıq daşımaqda idi? Onunla irtibatda olan fransız hərbçilər öz xatirələrində Şahzadənin 1789-ci il Fransa devriminin ulusçuluq mahiyəti ilə daha çox ilgiləndiyini, bu haqda daha çox sorular sorduğunu yazmaqdalar. O, Azərbaycan insanına konkret vətəndaş kimi baxırdı. Bu ayrıcalıq isə vətəndaşlıq məfhumunu idrak edə bilməyən və ya mənafelərinin xətərə girməsi dolayısı ilə dərk etmək istəməyən din xadimlərini və digər çevrələri çilədən çıxarır, çox rahatsız edirdi. Şahzadənin Azərbaycana bu qədər bağlılığı Fətəli Şahı belə şübhələndirirdi. Şah düşünürdü ki, Abbas Mirzənin qərblilərlə bu qədər özəl və uzun məşvərətlərinə bəlkə də izn verməməli imiş. İstər Şahzadənin qərbli özəl həkiminin, istərsə də onunla irtibatda olan batılı elçilərin, hərbçilərin və diplomatların verdikləri verilərə görə O, Azərbaycanın sadəcə bir vilayət olaraq görünməsindən rahatsızlıq duymaqda imiş. Abbas Mirzə Azərbaycanın tarixi statusunun dəyişilməsindən yana imiş. Şahzadə Azərbaycanı vətən olaraq görür və Azərbaycanlılara da vətəndaş kimi baxırdı. Bu üzdən də bu vətənin insanlarının vergilərini Tehrana vermək istəmir, atasının anlamsız ağır xərcləri üçün xərcləmək istəmirdi.

Şah öz qəlbinin dərinliyində Abbas Mirzənin xain olacağına inanmırdı, ancaq ağlında baş qaldırmış bu şübhəni də söyləməkdən geri qalmırdı. Şah, Təbrizə varmadan Ucan yolu ilə Xoya tərəf sürətlə hərəkətinə davam etdi. Abbas Mirzə təkrar atasının gəlməməsi üçün bir daha bəzi istəklərdə bulundu, lakin Şahın gəlməkdə israrlı olduğunu bildiyində təslim olmaqdan başqa çarə görmürdü. Atasını qarşılamaq üçün şəhəri tərk etdi. Yenə də Şaha vardığında atından enib Şahın qarşısında diz çöküb alnını Şahın atının ayağının altındaki torpağa qoydu. Şahın Azərbaycana gəlişi Abbas Mirzəni çox üzmüşdü. Çünkü bu gəliş keçmişdəki kimi yenə də məğlubiyət üçün şərait yaradacaqdı.

Şah şan-şöhrəti dünyada dolaşan Abbas Mirzənin onun qarşısında bu şəkildə davranmasından çox razı görünürdü. Abbas Mirzə ayağa qalxıb gözləri atasının gözlərinə sataşdığında Şahın bütün şübhələri ortadan qalxmışdı. O sədaqətli gözlər yalan söyləmirdi. Şah, Şahzadəyə səmimi və gülücük dolu bir işarə edərək bərabərcə yola düşdülər. Bir az öncəyə qədər Şahın içini yaxan şübhələrdən əsər qalmamışdı.

Sonra da uzun-uzun söhbət etdilər. Abbas Mirzə bütün durumu təfərrüatı ilə atasına anlatmağa başladı. Şahzadələrin öz postlarında böyük səhvlərə yol verdiklərini və bu üzdən də bu səhvlərdən düşmənin istifadə etdiyini söylədi. Bəlkə də daha uzun və günlərcə danışmaq istərdi, lakin cəbhələrdən gələn xəbərlər Abbas Mirzəni önləm almağa məcbur etdi.

Qafqaz hakimi İrəvanı mühasirə etməkdə qərarlı idi. 1827-ci ilin yayında bölgədə bir yolxucu xəstəlik yayğınlaşmışdı. Bu üzdən Rusiya İrəvanın mühasirəsini ertələmişdi. Ancaq Qafqaz hakimi, yardımçı ordu çatar-çatmaz İrəvanı mühasirə etməkdə qərarlı idi. Bu zaman Paskeviç qərargahını Naxcıvana daşımışdı.
***

Cahangir Mirzənin Səlyanı və bu civarda olan kiçik kəndləri müvəqqəti olaraq ələ keçirməsi bir az ruh yüksəkliyi yaratmışdı.

Araz və Kür çayı dənizə tökülmədən öncə bir-birinə qovuşub güclü bir çay oluşdururlar. Suyun dənizə qovuşduğu yerdə çayın şirin suyu ilə Xəzərin şor suyu arasında kiçik bir yarımada oluşmuşdur. O zaman düşmən yalnız dəniz yolu ilə bu yarımada ilə irtibat qura bilirdi. Bu mərkəz rusların çox önəmli üslərindən biri idi. Çünkü Həştərxandan gələn yük və xüsusən buğda yüklü gəmilər burada ləngər salır, yüklərini boşaldırdı. Bu yeri işğal edən ruslar oranın Azərbaycan ordusu tərəfindən saldırıya uğrayacağını zənn etmədiyi üçün zəif bir saxlunu bu mərkəzin qorunması üçün saxlamışdılar. Cahangir Mirzə bu mövzunu bildi və oraya hücum etmək istədi. Bir gecə öz nəfərlərini təchizatları ilə bir neçə qayığa mindirib o mərkəzə doğru yola düşdü. Cahangir Mirzənin nəfərlərinin güllə səsinə oyanan neçə yüz nəfərdən ibarət olan rus saxlusu oraya böyük bir ordunun hücum etdiyini zənn edib dəniz yolu ilə fərar etdi. Cahangir Mirzə bir neçə həftəliyinə bu mərkəzi öz əlində bulundurdu. Səlyan bir il öncə Qacar ordularının geri çəkilməsi ilə ruslar tərəfindən işğal edilmişdi. Ancaq Səlyan əhalisi Cahangir Mirzədən və nəfərlərindən istiqbal etdilər.

Şahın şübhələri qısa sürəliyinə ortadan qalxmışdı. Fətəli Şah yanında bulundurduğu böyük ordunu Abbas Mirzənin əmrinə vermək istəmirdi. Bu böyük ordu belə həssas bir dönəmdə çox ciddi işlər görə bilərdi. Ancaq Azərbaycan ordusunun işinə qarışmağı da özünə rəva bilirdi. Bununla da məğlubiyəti qətiləşdirirdi.

Abbas Mirzə barıt və digər savaş vəsilələrinin istehsalına nəzarət etmək üçün dərhal Təbrizə getməli idi. Təbrizdə də bir çox nizamsızlıqla və intriqalarla rastlanırdı. Şahzadə sarayının ən önəmli adlarından biri Ələsgər Xan hər fürsətdə özünə var dövlət toplamaqla məşğul olur və buna görə də hər tür intriqadan və fürsətdən yararlanmağa çalışırdı. Naxcıvanın iki ağaclığında yerləşən Abbasabadın komutanlığını Ehsan Xana vermişdi. Ehsan Xanın bu işlər üçün bir yetənəyi yox idi.

Abbasabad qalası Şahzadə üçün çox önəm daşımaqda idi. Çünkü onun savunma sistemi fransızlar tərəfindən donatılmışdı. Düşmən ordusu Azərbaycanın içlərinə tərəf irəliləyə bilməsi üçün bu qaladan keçməli idi. Abbasabad qalasına yönəlik təhdidi nəzərə alan Abbas Mirzə bu qalanın savunması ilə bağlı bir denəmə yapmaq istədi. Ümdə nəfərlərini xətərə soxmaq istəməyən Abbas Mirzə bir neçə piyadə alay, süvarisi və dörd qəbzə topla (hamısı bir yerdə 10.000 nəfərlik ordu) Abbasabadın yaxınlığında yerləşmiş rus alaylarını mühasirəyə almaq istədi. Plan belə idi ki, öncə bir neçə dəstə kəşfiyat amacı ilə gecənin qaranlığından istifadə edib rus qərargahına yaxınlaşacaq, sonra ruslar onları təqib etdiyində Abbas Mirzə başqa istiqamətdən hücuma başlayacaqdı. Araz çayının o tərəfində nisbətən geniş olan Gəçlər adında bir düzənlik vardı. Hər tərəfi açıq olan Gəçlər düzənliyi Abbasabad qalasının hər tərəfdən görünməsini sağlayırdı. Bu üzdən də rus saxlusu Azərbaycan alaylarının hərəkətlərini kontrol altına ala bilirdi. Qarşı tərəfdə bu düzənlik təpələrlə sınırlanırdı. Şahzadə öz komutanları ilə bu təpələrin arxasında qazılmış xəndəklərdə yerləşdilər. Alaylar isə təpələrin müxtəlif yerlərində səngər tutdular. Uyğun zamanı gözləməkdə idilər. Öncə bu planın istənildiyi kimi yürüdüyü sanılırdı. Ruslar Azərbaycan ordusunun kəşfiyat dəstələrini təqib etməyə başladılar. Beş rus alayı Arazı keçıb onları təqibə başladı.



Abbas Mirzə kiçik qardaşlarından biri olan Əlinağı Mirzəni öz yanında bulundurmaqda idi. Abbas Mirzə bu qardaşı ilə çox yaxın idi və ona bir çox mövzular haqqında danışır, danışdıqca da özünü rahat hiss edirdi. Asəf-əd Dövlə Əlinağı Mirzənin da onların yanında olmasını Şahdan istəmiş, Şah da izn vermişdi. Şübhəsiz ki, Əlinağı Mirzə gizlincə Şaha bilgilər ötürürdü. Yayın istisi dözülməz vəziyətə çatmışdı. Bu yay istisində onlar öz planlarının qaydasında gedəcəyini düşünürdülər. Ancaq Abbas Mirzə və çevrəsindəki komutanlar düşündülər ki, Abbasabad qalasının hakimi Ehsan Xanı da plandan xəbərdar etmələri gərəkir. Lakin Ehsan Xan Abbasabad qalasının hakimliyini Şahzadə sarayının böyük xocası Ələsgər Xanın vasitəçiliyi ilə almışdı. O, bu postda uzun zaman qalacağına inanmırdı, bu üzdən də düşməndən bir ödüllər almaq fikrində idi. Ehsan Xanın bilməsi zəruri olmayan bir çox hərbi sirlər haqqında çox bilgi birikdirmişdi. Ehsan Xan gizlincə bir çapar göndərib və Abbas Mirzənin bütün planlarını Paskeviçə çatdırdı. Qalanın bütün savunma sistemi haqda düşmənə bilgi verdi. Özəlliklə bu savaşda Abbas Mirzənin şəxsən iştirak edəcəyi haqda da bilgi verdi.42

Rus alayları Azərbaycan ordusuna mənsub kəşfiyat dəstələrini təqib etməkdə idi. Artıq rus ordusu Şahzadənin bütün planları haqda bilgi sahibi idi. Bu səbəbdən General Aristov Naxcıvandan yola düşüb və yardıma gəldi. General Aristov çox böyük bir təchizatla gəlmişdi. Çayın bu tərəfindən o tərəfinə körpü sala biləcək bütün təchizatı ilə gəlmişdi. Rus alayları Azərbaycan kəşfiyat dəstələrini təqib edərkən Abbas Mirzə ilə qarşılaşacaqlarını və arxadan da General Aristovun onlara yardıma gələcəyini bilirdi. Çox keçməmişdi ki, rus topxanası Gəçlər düzəngahını atəş altına aldı. General Aristovun qüvvələri Calalbulaq dərəsindən keçdiyi üçün rus tarixçilər bu savaşın adını Calalbulaq olaraq yazmışlar. Lakin biz Cahangir Mirzənin yazdığı bilgiləri daha doğru olaraq bilirik və bu savaşın adını “Yeni tarix”də olduğu kimi Gəçlər olaraq yazırıq. Abbas Mirzənin əsas hədəfi rusları Abbasabad çevrəsindən uzaqlaşdırmaq olduğu üçün buraya çox birlik sövq etməmişdi. Bir ingilis tarixçi yazır ki, bu savaşda Asəf-əd Dövlə fərar etdi və öz əmrində olan alayını da geri çəkdi. Abbas Mirzə geriyə çəkilmə zorunluluğunu duyduğunda bu işi fərar şəklində deyil, bir intizamla etmək istədi. Piyadələr və özəl qvardiya Şahzadənin çevrəsində idi, lakin düşmənin amansız top atəşi onlara savaşmaq imkanı vermirdi. Abbas Mirzənin əsir alınması üçün ruslar çox münasib fürsət yaxalamışdılar. Qazaqlar geri çəkilməkdə olan Abbas Mirzəni bir neçə dəfə mühasirəyə aldılar. Şahzadənin yanında bulundurduğu bayraqdarlarından bəziləri öldü və bəziləri də əsir düşdü. Abbas Mirzə əsir düşməməsi üçün atdan enib və piyadələri ilə bir yerdə düşmənlə savaşa başladı. Şahzadənin piyadələrə qatılması piyadə nəfərlərdə ruh yüksəkliyi yaratmışdı. Onlar Şahzadəni qorumaq üçün ölüm-dirim savaşına girmişdilər. Rus piyadələri ilə Azərbaycan ordusunun piyadələri iç içə girmiş və süngülərlə savaşırdılar. Artıq Abbas Mirzə savaşın tam ortasında idi və Azərbaycan piyadələrinin məğlubiyəti durumunda Şahzadə ya öldürüləcək ya da əsir alınacaqdı. Abbas Mirzə biricik qurtuluş yolunu son nəfəsinə qədər savaşmaqda görməkdə idi. Bir çıxış yolu var idi, o da rus piyadələrini məğlub edib geri püskürtmək. Şahzadə artıq qılıncı və tüfəngi ilə savaşırdı. Şahzadənin özəl qvardiyası onu nə qədər qorumağa çalışsalar da artıq iş bu durumu aşmışdı. Şahzadə hər kəsə son nəfəsinə qədər savaş əmri vermişdi və özü də artıq bir əsgər kimi savaşırdı. Bir neçə dəfə şahzadəni hədəf alan düşmən gülləsinə və qılıncına onun fədailəri gövdələrini sipər etdilər. Asəf-əd Dövlənin fərar etməsinə, Azərbaycan ordusuna yardımın gəlməməsinə rəğmən, zaman keçdikcə rus piyadələrinin sayı azalırdı. Sanki Başvəzir və başqaları da bu savaşda Şahzadənin əsir düşməsindən yanaydılar. Şahzadənin əsgər kimi savaşa qatılması Azərbaycan ordusunun gücünü və savaş qabiliyətini hədsiz dərəcədə yüksəltmişdi. Sonralar bu savaşla ilgili xatirələrini yazan General Paskeviç əsas hədəflərinin Şahzadəni əsir almaq olduğunu söyləyəcəkdi. Lakin Şahzadənin Azərbaycan ordusunun piyadələri ilə bir yerdə başarılı savaşları düşmənin bu hədəfə çatmasını önləmişdir. Şahzadənin əsir alınması üçün lazımı bilgiləri, Şahzadənin hansı istiqamətdə olduğunu Ehsan Xan ruslara çatdırmışdı. Çox sayda piyadələrinin ölümünü görən ruslar hücumu durdurmaq zorunda qaldılar.
***
Bu ağır savaşdan sonra geri dönən Abbas Mirzəni sevindirən bir şey vardısa, o da Xoyun civarındaki Çorusda qoyub getdiyi ordunun yerində olması idi. Çorusda gözətçilər hətta təkbaşına gələn nəfərə belə giriş izni vermirdilər. Şahzadə gələnə qədər hətta dövlət rəsmilərini belə içəri buraxmamışdılar. Şahzadə gəldiyində isə ehtiram göstərgəsi olaraq böyük bir istiqballa içəri alındı.

Bir neçə gündən sonra Abbas Mirzə üzücü xəbərlər aldı. Ruslar Abbasabad qalasının qarşısında başqa bir savunma qalası təşkil etmişdilər. Ehsan Xanın xəyanəti bəlli olmuşdu. O öz xəyanətini çox ustalıqla yerinə yetirmişdi. O, Abbas Mirzəyə sadiq olan mənsəb sahiblərini qaladan uzaqda saxlamağı başarmışdı. Qalanın boşalmasına əmr vermiş və düşmənin hücumu və qalanı işğalı üçün uyğun zəmin yaratmış və sonra da etdiklərini düşmənə xəbər vermişdi. Ehsan Xanın bu xəyanətinə Kəngərli alayı da qatılmış və iş birliyi ilə ihanət etmişdilər.

Abbasabad məğlubiyəti Qacar-Rus savaşının karakterində, gedişində böyük bir dönüşün olduğunu isbatladı.

Bu sıralarda rus ordusunun qərargahına bir diplomatik mərkəz də əkləndi. Bu diplomatik mərkəzin başında Qriboyedov adında bir şəxs durmaqda idi. Qriboyedov şair və ədib birisi idi. Qriboyedovun Qafqaz hərbi üssündə diplomat seçilməsini buna bağlayırdılar ki, onun qadını Rusiyanın müttəfiqi olan gürcü əyanlarından birinin qızı imiş.

Qriboyedov bir heyətlə Xoya glib və bu savaşın anlamsız olduğu haqda öz fikirlərini söyləmişdi. O, barış planını da özü ilə bərabər gətirmişdi və bu planı da Xoyda açıqladı. Bu plana görə Arazın quzeyindəki ərazilər ruslara buraxılmalı, Qacar dövləti savaş suçlusu olaraq yeddi yüz min tümən qızıl para ödəməli idi. Bu qədər məbləğin rus barış planında yer alması Fətəli Şahı çox rahatsız etmişdi, o, gedən ərazilərdən daha çox bu məbləğ konusunda əndişələnirdi.

Şah, budcəsinə bu qədər ziyanın gəlməsindən çox əsəbləşmişdi. Lakin rədd cavabı vermədən əvvəl böyük şuranın təcili toplanmasını istədi. Rəqib şahzadələr və digər dövlət böyükləri yenə də bu fürsətdən yararlanaraq Şahı Abbas Mirzəyə qarşı qoymağa çalışdılar. Lakin bütün bunlara rəğmən Abbas Mirzəni da böyük şuraya çağırdılar. İrəvan hakimi Sərdar Hüseyn Xan da böyük şurada bulunmaqda idi. Sərdar Hüseyn Xan İrəvanın ruslara buraxılmasına qəti şəkildə etiraz edirdi.

Sərdar Hüseyn Xan yaşlanmasına rəğmən İrəvanı savunacağında qərarlı idi. O, qardaşı Sərdar Həsən Sarı Aslanla bərabər İrəvanın gəlişməsinə əmək sərf etmişdi. İndi onu bu rahatlıqla ruslara buraxmaq istəmirdi. Lakin artıq Hüseyn Xan savaş və savunma tekniyi baxımından çox geri qalmışdı. Güclü rus ordusunun qarşısında İrəvanı savuna biləcəkləri sanılmırdı. Sərdar Hüseyn Xan İrəvanı rus ordusu qarşısında savuna biləcəkləri haqda Şahı razı salmağı başarmış, Qriboyedova rədd cavabı verilməsini rica etmişdi. Bu toplantı müddətincə Abbas Mirzə səssiz qalmağı tərcih etdi. Onun solğun rəngi çox əzab çəkdiyini göstərirdi. Bilirdi ki, artıq atasının güvənini itirmişdir. Bilirdi ki, artıq Azərbaycan ordusunu təmin edəcək maddi gücü qalmamışdır və ordunun ibtidai ehtiyaclarını bərtərəf etməkdə belə zorluq çəkməkdə idi. Məğlubiyətlər və özəlliklə Abbas Mirzənin daha çox Təbrizdən kənarda olması və Azərbaycanın mərkəzinə nəzarət edə bilməməsi Təbrizin budcəsinin boşalmasına səbəb olmuşdur. Abbas Mirzə dəima yollarda idi, savaşlarda və alaylara nəzarət hərəkətliliyində idi. Bu üzdən də ürətimə (istehsala) nəzarət edə bilmirdi. Artıq nizamsızlıq Azərbaycanı sarmış durumda idi. Özəlliklə Şahzadənin məğlubiyətləri bu kaosu daha da artırırdı. Abbas Mirzə artıq hiss edirdi ki, Azərbaycan ordusu ilə böyük savaşlara qatılması mümkün olmayacaq. Həm budcə yoxluğu həm də Azərbaycandaki ruh düşkünlüyü bu intizamsızlığı get-gedə artırırdı. Digər tərəfdən, Rusiya gündən günə güclənir və işğalçılıq meyllərini artırırdı.

Abbas Mirzə başından bəri başlanmasını istəmədiyi savaşın suçlusu kimi təqdim olunurdu. Abbas Mirzə Hüseyn Xanın söylədiklərinə qatılmırdı. O bilirdi ki, İrəvan rusların uzun müddətli mühasirəsi və hücumu qarşısında müqavimət göstərə bilməz. Ancaq İrəvanın Azərbaycandan ayrılıb ruslara verilməsini də öz savaşçı qüruruna sığdıra bilmirdi. Bu üzdən də içini böyük bir dərd sarmışdı. Bütün ruhu ilə bağlı olduğu Azərbaycanın parçalanmasını görürdü. Bu yurdun bötövləşməsi üçün nə qədər savaşsa və canını təhlükələrə atsa da müvəffəq ola bilməmişdi. Müvəffəq ola bilməyəcəyini də gördüyündə içini sarmış bu fəlakəti ancaq səssizlik içində daşıyırdı. Abbas Mirzə bilirdi ki, Rusiya Fətəli Şahın rədd cavabını eşitdiyində İrəvanın mühasirə işinə başlayacaqdır. Sadəcə bu mühasirə Rusiyanın hazırlaşmasına görə bir az gecikə bilərdi, ancaq başlayacağı yüzdə yüz idi. Abbas Mirzə düşünürdü ki, özü də rusların imkanlarından bərxurdar olsaydı bütün Qafqazı Azərbaycana qatardı. Abbas Mirzə bundan sonra Rusiya ilə olacaq hər bir savaşın məğlubiyətlə sonuclanacağına inanırdı. Çünkü bölgənin ən böyük savaş imkanına sahib olan Azərbaycan ordusu həm intizam, həm də mali imkan olaraq çökmüşdü.

Şah Rusiyanın elçilərini rədd cavabı ilə yola saldı. Şah böyük bir qətiətsizliklə savaşdan yana olduğunu və ya savaş durumunun davam etməsini istəyirdi.

Xəzərin sahilində yerləşən Səlyan adlı kiçik bir kəndin Cahangir Mirzə tərəfindən geri alınması böyük həyəcanla və abartılaraq təbliğ edilir, Abbasabad məğlubiyətini ört-basdır eləmək üçün kullanılırdı. Səlyanı geri alan komutanlar ödülləndirilsələr də lakin hərbdən anlayan hər kəs bilirdi ki, Səlyan uzun müddət Azərbaycan ordusunun kontrolunda qala bilməz. Bu üzdən Cahangir Mirzə öz ordusu ilə bir yerdə ruslar tərəfindən əsir alınmasın deyə Abbas Mirzədən əmr gəldi ki, Ərdəbilə doğru geri çəkilsin. Səlyan Azərbaycan ordusundan tamamən boşaldıldı.

Barış müzakirələri durdurulmuş, savaş təkrar başlamaq üzrə idi. Abbas Mirzə artıq Tehrandan heç bir maddı yardım ala bilmirdi. Hər şey cığırından çıxmışdı. Şahzadə əsgərlərinin qarnını zorla doyururdu. Düşündü ki, rusların ərzaq üssü olan Üçkilsəyə ani bir hücum edərsə ordusunun ehtiyacını oradan əldə edə bilər. Bir zamanlar Üçkilsədə Fətəli Şaha və Abbas Mirzəyə Napoleon Bonopartın qələbələrindən danışan və Abbas Mirzəyə ruslarla savaşmaq üçün fransa ilə ittifaqı önərən erməni keşişi artıq rusların yanında yer almış və Azərbaycan ordusuna qarşı öz nifrətini ortaya qoymağa başlamışdı.

Abbas Mirzə bu ən son əməliyatını bir şans olaraq denəmək istəyirdi. Bu üzdən də ən yaxşı və inanılır nəfərlərini, komutanlarını bu hücuma hazırladı. 5000 nəfər piyadə və 5000 nəfər də AvşarŞahsevən ellərindən oluşan süvari təşkil etdi. İyirmi səkkiz top da bu hücumda kullanılacaqdı.

Abbas Mirzə Üçkilsəyə doğru irəlilədiyində bəklədiyi qarşıdurma Üçkilsənin səkkiz ağaclığında gerçəkləşdi. Abbas Mirzə, General şahzadə Dolqorukinin komutanlığını etdiyi birimlə qarşılaşdı. Savaş öncə cüzi şəkildə başladı. Ancaq zaman keçdikcə daha geniş miqyasda və hər tərəfli davam etdi. Şahzadə Dolqorukinin yaxın əqrəbası olan bir rus albayı öldürüldü. Generalın öz dizini də güllə dəldi. Şahzadə Dolqorukini kilsənin içinə apardılar. General Karkufeski top atışlarının səsini Üçkilsənin sağ tərəfindən eşitmişdi. Bir neçə alayla topların yerləşdiyi tərəfə sürətli bir hücuma başladı. Bu hücum savaşın iki istiqamətdə geniş miqyasda davam etməsinə səbəb oldu. Bu üzdən də Abaran* savaşı olaraq bilinən bu savaşı tarixçilər eyni anda iki savaş kimi tanımlarlar. Günün sonuna dək üstünluk Azərbaycan ordusunda idi. General Dolqorukinin yaralanmasından başqa bir çox rus albayları öldürülmüş, yaralanmış və bir çox saldat əsir alındı. Düşmən əsgərlərinin cəsədləri savaş meydanını doldurmuşdu. Azərbaycan ordusunda qələbə sevincinin çağlamasına qarşın Şahzadə çox da mutlu gürünmürdü. Bilirdi ki, bu qələbənin aqibəti yoxdur. O, rus ordusunun qarşılıq verəcəyinə əmin idi. Digər tərəfdən, maliyə qaynağının olmaması üzündən, ordusunun uzun zaman savaşa qatlaşa bilməyəcəyini bilirdi.

General Karkufeskinin düşərgəsində bir şayiə yayılmağa başlamışdı. Söyləntilərə görə Abbas Mirzə Üçkilsəni mühasirəyə alıb və Gürcüstana da hücum edəcəkmiş. Gürcüstan müxaliflərini də yanına alıb və Gürcülərin üsyanına dəstək verəcəkmiş. Çünkü Baqratiyon Şahzadələrindən bir neçəsinin Abbas Mirzənin yanında olduqları bəlli idi.



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin