Emineh Pakravan Abbas Mirzə Editions Buchet / Chastet (Paris) 1973 İçindəkilər



Yüklə 1,09 Mb.
səhifə3/11
tarix03.02.2017
ölçüsü1,09 Mb.
#7379
1   2   3   4   5   6   7   8   9   10   11

Sisyanovun öldürülməsi
Bakının mühasirəsi uzun sürdü. Abbas Mirzə, Əhməd Xan Bəylərbəyi və sonradan İrəvanın müdafiəsinə göndərilən Hüseyn Xan Qacarı Abşeron tərəfindən Bakıya hücum etmələri üçün görəvləndirdi. Abşeron tərəfindən hücum Bakının fəthi üçün düşünülməmişdi, çünkü bu yolla Bakını fəth etmənin mümkün olmayacağını Abbas Mirzə bilirdi. Sadəcə düşməni məşğul etmək, digər tərəfdən, özü Bakıya girmək istəyirdi. Bu amacla Əhərdən Ərdəbilə doğru hərəkətə başladı. Məqsədi General Sisyanova arxadan həmlə etmək idi. O il qış fəsli çox sərt keçirdi. Ancaq Abbas Mirzənin ordusundan kimsə fərar etmədi. Bunun ən önəmli səbəbi əsgərlərin Abbas Mirzəyə olan sevgiləri və hörmətləri idi. Ərdəbil əskilərdən Səfəvi soyunun qalxış və yüksəliş məkanı olduğu üçün özəl bir ünə sahib idi. Ancaq böyük yolların qovşağı olmasına baxmayaraq o zaman bir yoxsul kəndi anımsatmaqda idi. Sadəcə Şeyx Səfi türbəsi ətrafında bir neçə kiçik dükanlar və evlər gözə çarpmaqda idi. Ərdəbildə Şahzadəni qəbul edəcək, ona uyğun heç bir evin olmadığı üçün Abbas Mirzəyə özəl bir çadır quruldu.

Bu arada Azərbaycan kəndlərini və şəhərlərini öz top atəşləri ilə məhv edib, Azərbaycanda umudsuzluq yaradan General Sisyanov ordusu ilə bir yerdə Bakıda alışılmamış bir qış soyuğu ilə qarşı-qaşıya idi. Bakı qalasının ətrafına yaxınlaşmışdı. Bakı, Xəzərin batısında Abşeron yarımadasında yerləşir. Xəzərin yam-yaşıl Güney sahilləri ilə müqayisədə Abşeron yarımadası qup-quru görünümü ilə səciyələnir. Sanki torpağı içəridən somuran bir maddə buraların bu tür quruluğuna və quraqlığına səbəb olurdu. Neft, bölgədə bulunan atəşpərəstlərin atəşkədələrinin sönməməsi üçün yarar sağlayırdı. Bölgə insanları isə nefti sevmir və onun sevimsiz qoxusundan bezmişdilər. Burada neftin qoxusundan sadəcə evlərdə bəzi həşəratın uzaqlaşması üçün istifadə edilirdi. Bakı, Sisyanovun ordusu tərəfindən hər yandan mühasirə altına alınmışdı.

Bütün Qafqaz xanları öz bağımsızlıqlarını sevirdilər. Fətəli Şahın onlara vergi dışında bağımsızlıqlarına xoş görü ilə baxması onların Qacar yanlılıqlarına səbəb olmuşdur. Rusiya xanlıqların bağımsızlığını tanımır və hər anlamda onların mərkəzə tabe olmalarını istəyirdi. Bu səbəbdən Bakı xanı bu savaşda Azərbaycan Ordusunun yanında bulunur və Abbas Mirzə ilə iş birliyi içində idi. Bu maddi çıxarların ötəsində ortaq tarixi xatirələr və dəyərlər bu xanları Rusiyadan daha çox Qacar dövlətinə yaxınlaşdırırdı.

Soyuq qış gecələrinin birində Bakı xanı Hüseynqulu Xanla Sisyanov arasında görüşün sağlanması üçün zaman bəlirlənmişdi. Xan və əmisi oğlu İbrahim Xan və bir də iki başqa əsilzadə bu görüşə çox hazırlıqlı gedirdilər. Qalanın dənizə tərəf açılan darvazasına tərəf yola düşdülər. Görüş üçün nəzərdə tutulan yerdə General Sisyanov və üç zabit silahlı vəziyətdə bəkləməkdəydilər. Mübahisələr başladı. Çox qısa zaman içində hər iki tərəf yüksək səslə danışmağa başladı. Bir neçə zəfərindən dolayı məmnun və məğrur olan Sisyanov onlardan qalanı təslim etmələrini istəyirdi. Başına çığrılmasına alışmamış Hüseynqulu Xan, əmisi oğlu İbrahim Xana öncədən aralarında anlaşdıqları işarə ilə atəş əmri verdi. Sisyanovun üç gürcü cangüdənləri güllələnib yerə sərələndilər. Sonra da Sisyanova atəş açıldı. Yaralı Sisyanovu qalanın içinə gətirib başını kəsdilər və zəfər ərməğanı kimi Abbas Mirzəyə göndərdilər ki, o da Fətəli Şaha göndərsin. Abbas Mirzə Sisyanovun başının bu şəkildə kəsilməsindən rahatsız olmuşdu. O, savaş kurallarının dəyişilməsindən yana idi. Azərbaycanda qorxu və fəlakət yaradan Sisyanovun öldürülməsi hər kəsi məmnun etmişdi.



Fransa -- Qacariyə münasibətləri
Giriş

Hindistana hücumun hazırlığı üçün bir çox məsuliyəti üstlənən birinci Fransa konsulu dost və müttəfiq olan Qacar dövlətindən arxayın olmaq istəyirdi. Bu üzdən də Birinci Konsul ayrıntılı şəkildə bilgi əldə etmək istəyirdi. Bu dönəmdə Fransanın Qacariyə ilə bağlı bilgiləri İstanbuldaki Fransanın Birinci Konsulluğu vasitəsi ilə sağlanırdı. Skalon adında bir fransız bəzirgan İstanbula varmadan bir neçə kərə Qacariyəyə getmişdi. Fransanın İstanbuldaki səfiri Marşal Bron onun aracılığı ilə bu dövlət haqqında bilgi əldə edə bilmişdi. Eləcə də Fransanın Bağdaddaki əski konsulu Rosso dolayısıyla da bir çox bilgi sağlamışdı. 1805-ci ildə birinci Konsul Şahla görüşmək üçün iki nümayəndə göndərdi. Bu iki nümayəndənin Şahla görüşlərinin gizlin qalması konusunda anlaşma sağlanmışdı. Ona görə bu nümayəndələrə Rusiya və İngiltərə casusları törədilə biləcək hər tür təhlükənin önlənməsi üçün tədbirlər alınmışdı. Fransa elçilərindən biri General Rumio idi. O, Hələb-Bağdad yolu ilə Qacariyəyə gəlməyi tərcih etdi. Bağdaddaki ingilis konsulluğu onun Qacariyəyə gedişindən xəbər tutmuş və onun ölkəyə girişini önləmək istədi. Ancaq Rumiyo bu əngəlləri aşaraq səfərinə davam etməyi başardı. 1805-ci ilin oktyabr ayında Tehrana çatdı. Rumionu Fətəli Şahın dərbarında çox hərarətlə qarşıladılar. Ancaq o dərbarda bir az umudsuzluq yaratdı. Çünkü yetkisi çox sınırlı idi. General Rumio Tehrana gəldikdən bir neçə həftə sonra xəstələndi. Onun xəstəliyini müalicə edəcək təbib bulunmadığı üçün ordaca da öldü. General Rumionun özəl qələm müdiri (katibi) olan Udre onun bütünqeydlərini Fransaya aparmağı başardı. Rumionun notlarında Fransanın Qacariyə yolu ilə Hindistana girmə planına işarələr edilmişdi.

Digər elçi isə ünlü şərqşünas Jauber idi. Jauber Misir savaşında Birinci Konsulun yanında bulunmuşdu. Bu elçi Azərbaycan yolu ilə getməyi tərcih etdi. Azərbaycanda ilk öncə Abbas Mirzə tərəfindən qəbul edildi. Bir neçə ay sonra Qacariyə və Fransa arasında yapılan Finknaştayn anlaşmasının gerçəkləşməsində onun böyük təsiri oldu. Finknaştayn anlaşmasından sonra Napoleon Bonopart General Gardanın başçılıq etdiyi heyyəti Fətəli Şahla görüşmək üçün Qacariyəyə göndərdi. Bu ittifaq anlaşmasına görə Fransa özünü Rusiya qarşısında savunabilməsi üçün Qacar dövlətinə hərbi yardım etməli idi. Lakin Rusiya və Fransa arasında imzalanan Tilsit barış anlaşması nədəni ilə bu ittifaqda qeyd olunanlar həyata keçmədi.

Bu ortamda İngiltərə önəmsəmədiyi Qacar dövləti ilə yaxın münasibət qurmağı planlamağa başladı. Qacariyə və Fransanı bir-birinə yaxınlaşdıran anlaşmalrın imzalanması Londonda və Kəlkətədə rahatsızlıq yaratmağa başlamışdı. O zaman Hindistanın hakimi olan Lord Minto, Con Molkolmu görəvləndirib, Qacariyəyə göndərdi. Ancaq Con Molkolm Buşəhrdən irəli gedə bilmədi. Çünkü o zaman Tehranda bulunan və Qacariyədə böyük etkisi olan General Gardan, Fətəli Şahı Molkolmu qəbul etməməsi konusunda razı salmışdı. Bu uğursuz səfərindən əsəbləşən Molkolm təhdidlər yağdıraraq Bəsrə körfəzi yolu ilə ölkəni tərk edib Kəlkətəyə getdi. Kəlkətədə Lord Montonu ikna etməyə çalışdı ki, Bəsrə körfəzində bir neçə adanı işğal etməsək Qacariyəyə yol tapa bilməyəcəyik. O, Fətəli Şahla görüşüb və anlaşma yapa bilmənin ancaq zor kullanmaq yolu ilə mümkün olduğu qənaətində idi. Hindistan hakimi Molkolmun bu önərisinə müsbət yanaşırdı. Lakin London hərbi müdaxilədən yana deyildi. London Harfurd Conzbrigezi görüşmələr yapmaq üçün Tehrana göndərdi. Əgər Rusiya-Fransa arasında barış anlaşması imzalanmasa idi, bu elçinin durumu necə olardı əcəba? O da Molkolm kimi mi qarşılanardı, yoxsa durum fərqli mi olardı?



Fransa - Qacariyə münasibətləri
1806-ci il may ayının əvvəllərində Amedee Jauber (Amade Juber) İstanbuldan Tehrana doğru hərəkət etdi. Xoy ovalığından keçən Jauber insanların, xüsusən kəndlilərin çox mutlu və sevincli olduğunu görürdü. Çünkü Abbas Mirzə bölgəni kürd quldurlarının hücumundan qurtarmış və kəndlərdə tarımın gəlişməsi üçün bir çox reformlar gerçəkləşdirmişdi. Kəndlilərdə və əkinçilərdə çalışmağa, əməyə olan həvəs açıq şəkildə sezilməkdə idi. Abbas Mirzənin bölgədə yaratdığı güvən və istiqrar çalışmaq üçün imkan yaratmışdı. Osmanlının Qacariyə ilə sınır postunun komandanı Jauberin qorunması üçün kürd cangüdənlər görəvləndirmişdi. Bu da Xoyda rahatsızlıq yaratmağa başladı. Bu üzdən də Xoyun darvazaları Jauberi gətirən karvana qarşı qapandı. Ancaq müsafirin, bəklədikləri fransız olduğunu duyunca durum dəyişdi. Jauber, Bonopartın öz əli ilə Fətəli Şaha yazdığı məktubu Tehrana gətirməkdə idi. Jauber türkcələrin Anadolu və Azərbaycan ağızları ilə rahat danışa bilirdi. Bu ləhcələrdən başqa fars dilində də çətinlik çəkmədən özünü ifadə edə bilirdi. Xoy hakimi Jauberin Abbas Mirzə ilə görüşməsini təklif etdi. Jauber də şöhrəti bütün Şərqi dolaşan bu şahzadə ilə həmən görüşmək istədiyini bildirdi. Jauber Abbas Mirzənin ruh halları və ordusunun durumu barədə mərkəzə bilgi verməklə mükəlləf idi. Onlar bərabərcə Mərəndə tərəf yola düşdülər.

Mərənddə dincəlmək üçün qısa sürə bulunan Jauber bu kiçik şəhərdə əcayib olaylarla rastlandı. Gənc adamlar əzbərdən şeir oxuyur və Batı haqqında Jauberden maraqlı sorular sorurdular. Jauber də onların bu davranışından xoşlanır və Mərənd hakimindən xahiş edirdi ki, insanların ona yaxınlaşmasını əngəlləməsin. Çünkü XİX əsrdə Jauber Qacariyə coğrafiyasının insanlarını və sosial psikolojisini tanımaq üçün gələn ilk rəsmi dövlət adamı idi. Bu üzdən də toplumun bütün davranışlarını, məşğuliyətlərini gözləmləyərək hərtərəfli bilgilərlə Fransaya dönmək istəyirdi.

Jauber bir neçə gündən sonra Mərənddən Təbrizə tərəf yola düşdü. Daha öncə Con Molkolmu müsafir edən Əhməd Xan Bəylərbəyi bu dəfə də çox böyük bir hörmətlə Jauberi qarşıladı. Jauber xatirələrində Təbrizin süfrə və yemək kültürü qarşısında heyrətləndiyini bir neçə dəfə israrla vurğulamaqdadır. Jauber xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli Xan barədə bu sözləri yazır: “Fətəli Xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil aldığını sanmışdım.”16 Jauber Abbas Mirzə ilə görüşmədiyi ana qədər bütün bunların Abbas Mirzənin yaratdığı nisbətən demokratik ortamın məhsulu olduğunu anlaya bilmirdi. Təbrizdə bir neçə gün istirahət edən Jauber bu şəhərdən ona qatılan bələdçisi ilə Ərdəbilə tərəf yola düşdü. Jauber bütün yol boyunca mövcud olan sabitliyin və istiqrarın səbəbini bələdçidən sorurdu. Bələdçi isə əskidən bu istiqrarın olmadığını və bütün bunların hamısı Şahzadənin iqtidarı sayəsində sağlanmışdır deyə cavab verirdi. Jauber yol boyunca bəzən tarlada çalışan bir kəndli ilə danışır və ondan Abbas Mirzə haqqında sorular sorurdu. Cavablar isə bir-birinə bənzəyirdi: “Tanrı onun ömrünü uzun etsin, kölgəsini başımızın üstündən əksik eləməsin, o olmasaydı Azərbaycanda gördüyünüz bu arxayınlıq olmazdı.”

Müsafir adam eyni zamanda Şahzadənin qardaşı Məhəmmədəli Mirzənin (Dövlətşahi) sərt şəkildə Abbas Mirzəni qısqanması haqda da bilgilər əldə edirdi.


***

Keçmişdə Abbas Mirzənin öyrətməni və indi isə vəziri olan Böyük Mirzə adı ilə bilinən İsa Fərahani Ərdəbildə özü üçün yaxşı bir iqamətgah təsis etmişdi. Jauber onun evində müsafir oldu və çox xoş qarşılandı. Bir gün keçdikdən sonra xəbər gəldi ki, Şahzadə Jauberi qəbul etmək üçün hazırdı.

O zaman 21 yaşında olan Abbas Mirzə yaraşıqlı paltar geyinməkdən zövq alırdı. Özəlliklə də yabancılarla görüşərkən ən sevdiyi paltarını geyinərdi. Jauber onu Xorasan xalısının üstündə oturmuş və əynində çox yaraşıqlı geyim varkən görmüş oldu. Qılıncının qınındaki ziynətlər par par parıldayırdı. Qonağı çox böyük hörmətlə qarşılayan Abbas Mirzə Jauberlə türk dilində danişmağa, tanışmağa başladı. Abbas Mirzə bütün Qacarlara xas olan bir məharətlə türk dilində fikirlərini daha rahat anlada bilirdi. Türk dilində gözəl bir səliqə ilə danişmaq bütün Qacarlara məxsus bir özəllik idi. Şərqlilərin məhrum olduğu dinləmə, qulaqasma qabiliyətinin tərsinə olaraq Abbas Mirzədə çox böyük qulaqasma yetənəyi var idi. Avropa ilə ilgili sorduğu sorulara geniş cavablar istəyir və diqqətlə bu rəsmi müsafiri dinləyirdi. Danışma əsnasında Jauber, Abbas Mirzəni İrəvandaki qələbəsindən dolayı təbrik edərkən, Şahzadə sevinmək yerinə bir az kədərli göründü. Abas Mirzə bir az susqunluqdan və dalğınlıqdan sonra ürəyini bu yabancıya açmağa başladı ki, Azərbaycan ordusunun bütün fədakarlıqlarına rəğmən rusların teknolojik üstünlüyü amansızca mənim ordumu darma-dağın edir. Bundan dolayı da qəlbini və ruhunu dərin bir kədərin sardığını etiraf etdi. Abbas Mirzə çox acı çəkərək bu sözləri söylədi: “Hansi şəhəri almışam? Utancımdan ordumun üzünə baxacaq halım yox. Hansı intiqamı almışam? Hələ rus ordusu Azərbaycanın bir çox bölgələrini əlində bulundurmaqdadır. Rus gəmiləri Xəzərdə sərbəstcə cövlan edir. Nədən biz teknoloji istehsal edə bilmirik, bunun səbəbi nədir, ey yabancı, danış. Niyə biz beləyik? Məgər günəş Doğudan doğub və öncə bizim başımızı isitmirmi? O zaman nədən bizim insanların başı çalışmır, nədən? Cavab ver, ey yabancı, bağrım çatlayır. Azərbaycanın bir bölümü və Xəzər dənizi işğal altındadır. Nə etməliyəm ki, biz də Sizin kimi imkanlardan bərxurdar olaq? Fransa ordusunun durumunu bildikdən sonra anladım ki, rus ordusu onun qarşısında acizdir. Ancaq mənim reformlarımı Tehranda əngəlləyirlər. Sizin üstünlüyünüzün və bizim zəifliyimizin səbəbi nədir? Nədən Siz hər an tərəqqi edir, biz isə cəhalət içində donub qalmışıq? Nədən Sizin gələcəklə bağlı planlarınız var, lakin biz isə gələcək haqqında heç düşünmürük? Məgər Tanrı bütün insanlara ağıl verməyibdir? Biz niyə ağlımızdan istifadə edə bilmir, ağlımızı özümüzlə bərabər məzara aparır, məzara gömürük. Danış, yabancı adam, danış. Söylə, mən necə Azərbaycanı bu cəhalət girdabından qurtara bilərəm?”17

Abbas Mirzənin bu gərgin söhbətini Jauber heyrətlə dinlədi və bu kükrəyən gənc adamın qarşısında, ancaq susub daha sonra danışmağı tərcih etdi.

Sonraki günlərdə Napoleonun elçisi Şahzadə ilə bir çox mövzular haqqında danışdı.

Abbas Mirzə bir çox ədəbi, tarixi, fiqhi kitablar oxumuşdu. Oxuduğu kitablar içində rusların qalxınmasını sağlayan Böyük Pyotrun həyatı onu çox maraqlandırırdı. Düşünürdü ki, məmləkətinin qalxınması üçün Böyük Pyotr kimi bütün keçmiş dəyərlərin, ənənələrin üstünə qələm mi çəkmək lazımdır? Ölkənin gəlişməsini önləyən bu törələrmi əcəba, deyə sorular sorur və cavab bula bilmirdi. Qafasında dolaşan bu saysız soruların içindən gerçəkləşdirmək istədiyi islahatlar üçün uyğun yollar axtarırdı. Böyük Pyotrun özəlliklə “Saqqal devrimi”ni ilginç bulmaqda idi. Böyük Pyotrun Rusiyanın modernləşməsini sağlamaq üçün gerçəkləşdirdiyi devrimlərdən biri də saqqal devrimi idi. Böyük Pyotr fərman çıxardı ki, saqqalını qırxmayan hər kəsə şallaq vurulsun. Bitli-birəli saqqalların yerini təmiz surətlər almağa başladı. Abbas Mirzə bu davranışı sayqı ilə qarşılayırdı. Lakin onda saqqal inqilabı kimi bir olayı gerçəkləşdirmə gücü yox idi. Çünkü Böyük Pyotrun Rusiyasında Qacariyədə olduğu kimi din xadimlərinin otoritəsi söz konusu deyildi. Qacariyədə və İslam Dünyasında ilahiyata xidmət etməyən elm məqbul sayılmır və küfr damğası alırdı. Abbas Mirzə bilirdi ki, saqqalla ilgili bircə söz danışsa din xadimləri tərəfindən həmən təkfir ediləcək, mürtəd olaraq duyurulacaqdı. Bu kimi devrimləri gerçəkləşdirmək üçün daha böyük yetkiyə, Böyük Pyotr qədər bir yetkiyə sahib olmaq lazım idi. Qacariyədə bir nömrəli yetkili şəxs, şah olmaq lazım idi. Abbas Mirzə bu kimi təməl reformlarını unutmadan daha sonra gerçəkləşdirməyi planlamışdı. Şahzadə zahirlə batinin bir biri ilə sıx əlaqədə olduğunu düşünürdü. Yəni saqqal məsələsi zahirən bəsit və zahiri bir məsələ idi, lakin bunun ardınca yeni düşüncələrin də ortaya çıxacağına əmin idi. Şahzadəyə görə Qacariyədə yayğın olan bu zahir, çalışqan, yaratqan bir batinin daşıyıcısı və göstərgəsi olamazdı. Bu zahir tənbəlliyin, geriliyin, ətalətin göstərgəsi idi. Bu qiyafət dəyişilməyincə düşüncələrin də dəyişilməyəcəyinə inanırdı. Yeni və Batı sayağı bir insan tipini oluşdurmaq istəyirdi. Görüşdüyü bütün Avropalı şəxslərin tər-təmiz surətləri, zahiri görünüşləri, səliqəli, yaraşıqlı və yığcam geyimləri Şahzadəni heyran qoyurdu. Nədən biz də bu şəkildə təmiz bir görünümə sahib olmayalım deyə düşünürdü. Düşünürdü, ancaq din xadimlərinin və qeyri-insani törələrin hər tür düşüncəyə və təmizliyə qarşı olduğunu da bilirdi. Yalnız bu qiyafət devrimini yavaş-yavaş öncə orduda yaratmaq istəyir, sonra da zamanı gəldiyində bütün ölkəyə uyqulamaq niyyətində idi. Mövcud kültür və ortam düşüncə və fikir düşməni idi.

Jauber bu gənc Şahzadənin zəkası və istedadı qarşısında heyran qalmışdı. Özəlliklə Abbas Mirzə fransız yazar Fenlonun “Telemak adında romanı haqda Jaubere soru sorduğunda o, heyrətdən şaşqınlığını gizlədə bilmirdi. Demək ki, gənc Şahzadə Batı tipli reformu ölkəsində həyata keçirmək üçün Batını bütün ayrıntıları ilə tanımağa özən göstərmişdir. Lakin kimsə onun bu romanı nə zaman və hansı dildə oxuduğu haqda bilgi sahibi deyildi. 18

Jauber başardığı qədər Şahzadənin bütün sorularına ayrıntılı şəkildə cavab verməyə çalışır və onun tarixi misyonunun çox önəmli olduğu haqda da təlqinlərdə bulunurdu. Çünkü Qacariyə ilə geniş ittifağa hazırlaşan Fransa, Abbas Mirzənin daha da güclü olmasından yana idi. Fransa Orta Doğuda, Qafqazlarda ruslara qarşı öz planlarını gerçəkləşdirməsi və Hindistanda öz amacına çata bilməsi üçün Abbas Mirzə kimi güclü bir karakterı axtarmaqda idi. İngiltərə və Rusiya ilə rəqib olan Fransa üçün Abbas Mirzənin geniş dünyagörüşlü şəxsiyəti lazımlı idi. Abbas Mirzə Jauberin Misir savaşında olduğunu bildiyi üçün bu savaş haqqında geniş bilgi öyrənmək istəyirdi. Jauber bu arada Şahzadənin din konusundaki görüşündən də heyrətlənmişdi. Abbas Mirzə fanatik Doğu dincilərinin davranışlarına və xoşgörüsüzlüklərinə rəğmən xristiyanlığa da olumlu yanaşmaqda idi. Şahzadə cahilanə dini təəssübkeşlikdən uzaq idi.

Ərdəbil Şahzadənin orada bulunuşu səbəbilə yeni bir canlanmaya səhnə olmuşdu. türk dilində rahatca danişa bilən Jauber insanlarla ilişki qurmaqda heç bir çətinliklə rastlanmırdı.Bu üzdən də Abbas Mirzədən başqa digər yetkili şəxsiyətlərlə də görüşürdü. Hətta Kəşmirdən və Lahurdan gələn dərvişlərlə də görüşürdü. Ərdəbildə bütün qapılar sərgərdan din adamları üçün açıq idi. Çünkü Ərdəbil əhalisində bu sərgərdan din adamları dərvişlərin, həyatın çətin çağlarında insanlara yardımçı ola biləcəklərinə inam var idi. Kimsə bu dərvişlərin cadu və sehir güclərinin şeytandan, yoxsa tanrıdan qaynaqlandığı konusunda soru sormazdı. Çünkü soru sormaq düşüncənin işidir, bu dərvişlər isə zatən düşüncəsizliyin ortaya çıxardığı tiplər idi. Abbas Mirzə, bu kimi bütün Səfəvi mirası olan cəhaləti ortadan qaldırmaq, özəlliklə otoritəsi altında olan Azərbaycandan dışlamaq istəyirdi. Lakin iki səbəb üzündən susmağı tərcih edirdi: 1. Tehranda din adamları Abbas Mirzənin kafir ölkələrə meyllənməsindən, avropalılar kimi davranmasından rahatsız idilər. Daima bu haqda Fətəli Şahı uyarırdılar. Ölkədə mənəvi otoritəni və fətva haqlarını əllərində bulunduran din adamları ilə Fətəli Şah hesablaşırdı. Abbas Mirzə düşünürdü ki, Azərbaycanda dini reformlara başlarsa mərkəzin etiraz səsi yüksələcək və rəqib qardaşları da bu fürsətdən yararlanıb onun yetkilərinin daralması üçün əllərindən gələni edəcəklər. Abbas Mirzə Tehran mollalarına qarşı öncə Azərbaycan mollalarını öz yanında bulundurub və onlardan yardım almaq istəyirdi. Ancaq bütün bunların hamısı dərin bir gizlilik içində edilməli idi, çünkü bu qədər ciddi bir iş ifşa olunsaydı Şahın şübhələnməsinə səbəb ola bilərdi. 2. Bu cəhalət sadəcə Azərbaycanla sınırlı deyil, Səfəvi imperatorluğunun hakim olduğu coğrafiyanın bir çox yerlərində yayğın idi. Bu üzdən də daha geniş bir yetki və səlahiyətlə bu xurafatla mübarizə aparmaq lazım idi. Bu qədər geniş miqyaslı reformlar üçün Şahzadə deyil, Şah olmaq gərəkirdi. Abbas Mirzə bu amac uğrunda Nadir Şahın yapdığı işləri və məzhəbi reformları haqda bilgi əldə etmişdi. Bu səbəbdən də bu sahədə görmək istədiklərini ağlında gizli saxlayaraq padşah olacağı zamana ertələdi.*

Jauber, Ərdəbili tərk edib Tehrana yola düşmədən öncə Abbas Mirzənin ordusunun paradını izlədi. Şahzadə çılğın bir atın üstündə məğrurca oturmuş və çox rahatca heyvanı kontrol edə bilirdi. Parad bitdikdən sonra Jauber Abbas Mirzənin çadırına çağrıldı. Abbas Mirzə öz ordusunun durumu haqda mütəxəssis bir yabancıdan gerçək bilgi öyrənmək istəyirdi. Jauber süvarilərin yaxşı hazırlandığı haqda fikirlərini söylədikdən sonra ordunun ümumi durumu haqqında da fikrini bildirərək bir intizamsızlığın var olduğunu qeyd etdi. Abbas Mirzə üçün Jauberin fikirləri çox önəmli idi, çünkü bu, sadəcə bir parad nümayişindən ibarət deyildi. Abbas Mirzə savaşa hazırlaşırdı.

Jauber, Napoleonun mesajını Fətəli Şaha çatdırmaqla yükümlü idi. Bu üzdən də Şahzadədən ayrılıb və başkəndə yola düşmək zorunda idi. Abbas Mirzə özü qanağın yola salınma işlərinə nəzarət etdi. At üstündə oturan Abbas Mirzə, Jauberi yola salib və özü də savaşa getdi. Bu, şahzadə ilə Jauberin ilk və son görüşü oldu. Ancaq aralarında yaranan dostluq əlaqələri hər iki şəxs arasında hörmətlə qorunub saxlanıldı.

Jauber, Xalxal yolu ilə Tehrana yola düşdü. Zəngana girərkən, bu şəhərin bazarı onun diqqətini cəlb etdi. Zənganın qapalı bazarına müştərilər sel kimi axın edirdi. Avşar ellərinin köçəriləri öz keçələrini, yunlarını satıb qumaş, silah alırdılar. Zəngandan keçdikdən sonra əski Sultaniyə şəhərinin qalıqları ilə rastlandı. Bu əski şəhərin qalıqlarından birisi də Xudabəndəlunun məzarı idi. Fətəli Şah bu əski Moğul şəhərini yenidən onarıb, bərpa edəcəyindən danışırdı. Bu üzdən də əski divarların sökülməsini və orada dincəlməsi üçün təpələrin başında imarətlərin tikilməsin istədi. Jauber Qəzvində Məhəmmədəli Mirzənin vəziri Baba Xanın möhtəşəm saraynıda bulunduğunu da yazmaqdadır. O zaman Şahzadə Dövlətşahi Kirmanşahda bulunmaqda idi. Həziran ayının əvvəllərində Jauber Tehrana vararkən, bu şəhər istidən sanki boğulmaqda idi. Başkəndin 3 ağaclığında yabancı qonaqların qarşılanması üçün özəl bir yer nəzərdə tutulmuşdu. Jauberi qarşılayan xanların və əyanların paltarlarındaki ziynətlər günəşin ışınları altında par-par parıldayırdı. Bunlar Napoleonun özəl elçisini bu qədər sadə libas içində gördüklərində heyrət edirdilər. Onu bu şəkildə təcəssüm etməmişdilər. Tehranda Jauberi gözəl bir sarayda yerləşdirdilər.

Şahla görüş zamanı gəlmişdi. Fətəli Şah bir neçə pilləsi olan bir taxtda oturmuşdu. Jauberin Şahla məsafəsi çox olduğundan onun üzünü görə bilmirdi. Qəbul törəninin sədri ayaqqabısını çıxarıb başını əyərək Şahın hüzurunda dayanıb dedi: “Ey Şah humayun, ey yer üzünün ən böyük şahı, ey zillüllah (Tanrının kölgəsi), Fransanın elçisi, Fransa xalqının ərbabını təmsil edən şəxs Sizinlə görüşmək istəyir. O, öz ərbabı tərəfindən Sizə bir məktub və hədiyə olaraq da cəvahirat gətirmişdir.”

Şah, “xoş gəlmişdir”-dedi. Şahın bu ifadəsindən sonra vəzirlərdən biri Jauberə yaxınlaşdı. Ona pillələri göstərib və irəli doğru yavaş-yavaş yürüməsini istədi. Taxtın yanında Şahın üç gənc oğlu və bir neçə xidmətçi dayanmışdı. Jauber diz çöküb padşahı salamladı. Napoleonun məktubunu altunla toxunmuş çantasından çıxarıb, altun bir tabağın içinə qoyaraq Şaha sundu. Padşah Jauberin türkcə və farsca bilməsindən məmnun idi. Çünkü tərcüməçiyə ehtiyac olmadan danışa biləcəkdilər. Bu üzdən də rəsmi törənin sona ərməsindən sonra bağçada baş-başa bərabərcə gəzindilər. Lakin bütün bu hərarətli qarşılanmaya rəğmən Tehranın isti havası Jauberin zövqünə uyğun gəlmədi. Jauber çox ağır bir xəstəliyə və qızdırmaya yaxalandı. Şahın özəl həkimləri onun müalicəsinə çalışırdılar. Padşah Jauberi Tehrandan uzaqlaşdırıb və dincəlməsi, müalicə olması üçün Sultaniyədəki sarayına göndərdi. Xəstəlik durumu nisbətən yaxşılaşan Jauber Sultaniyədə Qacariyə ilə Fransa arasındaki müttəfiqlik anlaşmasına imza atdı. Jauber üçün vida mərasimi düzənlənirken Şahın özəl həkiminə onunla sınıra qədər getməsi əmr edildi. Jauber sınırı keçdikdən sonra Şahın özəl həkimi rahat nəfəs aldı. Çünkü Şah ona “Jauberin sağlığından sən sorumlusan, o öləcək olursa, sən də öləcəksən, bunu bilmiş ol. Bu üzdən də çox diqqətli ol, diqqətlə davran.”, demişdi.

Fətəli Şah sarayın önəmli adamlarından biri olan Mirzə Rzaquluxan adında bir şəxsi Qacar dövlətini təmsil edən diplomat kimi Fransa imperatoru ilə görüşmək üçün görəvləndirdi. Mirzə Rzaquluxan Qəzvində Məhəmmədəli Mirzənin vəzirliyini etmişdi. Bu elçi yola düşüb Jaubere çatdı. Jauberlə bərabər Napoleonun bulunduğu Finkinaştayna qədər getdilər. Mirzə Rzaquluxan Finkinaştaynda qaldı. Anlaşmanın ayrıntılı şəkildə hazırlanıb imzalanması üçün bəklədi. Bu anlaşmaya görə Fransa, Rusiyanın işğal etdiyi torpaqları, özəlliklə Gürcüstanı geri almaq üçün Qacariyəyə yardım edəcəkdı. Bu görüşdə bulunan ünlü rəssam Deyvid, Qacariyə heyyətinin imperatorla görüşünü rəsm etmişdir. Bu tabloda Asiya və Avropanın kültürü və davranış tərzləri açıqca sezilməkdədir. Tabloda Qacar dövlətinin təmsilçisi ağır və qaba hərəkətlərlə imperatora doğru irəliləməkdədir, çünkü əynindəki paltarı əl ayağına dolaşmaqda və onun sərbəst hərəkətini önləməkdədir. Tabloda imperatoru çevrələyən yaraşıqlı, uzunboylu zabitlərin surətlərində bir məsxərə gülüşü görünür. Heyrət içində bu qədər qaba geyimli heyyəti seyr edən saray adamları onları gülüşləri ilə məsxərə etməkdən də geri qalmırlar. Çevrədən onlara qarşı yönəlmiş aşağılayıcı baxışların altında əzilən heyyət istər-istəməz bir aşağılıq kompleksinə qapılmış kimi görünməkdələr. Bu qədər çağdaş mədəniyətin ortasında özlərini necə idarə etmələrini sanki bilmirlərmişcəsinə bir görünüm rəsm edilmişdir.

Rusiya ilə Fransa arasında sülh müqaviləsi bağlandıqdan sonra Fransa Qacariyə ilə olan anlaşmalara sadiq qalmadı.

Sisyanovun öldürülüşündən sonra Qacar və Rusiya arasındakı şiddətli düşmənçilik gizlin şəkildə davam edirdi. Bu düşmənçilik bəzən kiçik çaplı silahlı toqquşmalarla davam edirdi.

Jauberin Təbriz və Tehranı ziyarət etdiyi dönəmlərdə Qacar dövlətinin durumu Bağdad və Bayəzid paşaları ilə yaranan gərgin vəziyyət səbəbi ilə çox ağır idi. Ortamı gərginləşdirən kürd məsələsi idi. Bölgədə problem yaradan kürd əşirətlərinin rəhbərlərindən birisi Fətəli Şah tərəfindən himayə edilməkdə idi. Bu kürd, Fətəli Şaha sığınmış Şah da onun ölkədə yaşamasına izn vermişdi. Bu da Fətəli Şahın Bağdadla ilgili gizlin iddiasını ifşa etməkdə idi. Fətəli Şaha görə Bağdad Qacariyənin bir hissəsi olmalı idi. Bu torpaqları öz ölkəsinə qatmaq üçün daima uyğun fürsət axtarırdı və Şahın bu arzusu haqda Osmanlı, özəlliklə Bağdad paşası xəbərdar idi. İraq cəbhəsində Osmanlı ordusu ilə Qacar Ordusu arasında ciddi savaşlar olmuşdu. Bu savaşda Məhəmmədəli Mirzə zəfər qazanaraq şöhrətini də ölkədə yayğınlaşdırmışdı. Bayəzid cəbhəsində isə kiçik çaplı qarşıdurmalar olmuşdu.

Abbas Mirzə Gürcüstan və Osmanlı sınırı arasında yerləşən Ağoğlan kəndində xəbərdar oldu ki, General Sisyanovun yerinə Marşal Qudeviç təyin edilmişdir. Bu xəbərin anlamı o idi ki Rusiya ilə savaş yeni bir mərhələyə girmək üzrədir. Tehranda Rusiya ilə savaşdan yana mövqe yox idi. Ordunun ağır xərci Fətəli Şahı rahatsız edirdi. Lakin Rusiya ilə savaşmaqda qərarlı olan Abbas Mirzə öz hesabına ordunu ayaqda tutmaq zorunda qalmışdı. Tam bu sırada Abbas Mirzəyə və Tehrana xəbər gəldi ki, bir Rus hərbi birimi Qacariyəyə girmişdir. Artıq mərkəz də məcburən Abbas Mirzəyə dəstək vermək zorunda qalmışdı. Abbas Mirzə düşmənin təərrüzünü durdurmaq üçün Ağoğlandan hərəkətə başladı. İki ordu Xankəndində qarşı-qarşıya gəldi. İki gün ağır savaşdan sonra Abbas Mirzə Xudafərin körpüsünə tərəf geri çəkilmək məcburiyətində qaldı.

Durum bu şəkildə olduğunda Abbas Mirzə əski düşmənlərlə ittifaqa girmək istədi. Xüsusən Şuşanın xanı İbrahim Xəlillə əski münasibətləri unudub dostluq ilişkiləri qurmaq fikrinə düşdü. Bunun üçün də Tehranda atasının qadını olan İbrahim Xəlil Cavanşirin qızı Ağabacı xanımı devrəyə soxmaq istədi. Abbas Mirzə bu vəsilə ilə İbrahim Xəlillə yaxın münasibət qurmağı başardı. Hələ də bakirə qaldığı söylənilən Fətəli Şahın eşi Ağabacı xanım atası ilə Abbas Mirzənin aralarındaki düşmənçilik hisslərinin yatışdırılması üçün çox böyük rol üstlənmişdi. Digər tərəfdən, ruslar bu xanlıqlara müttəfiq kimi deyil, öz vassalları kimi baxırdılar. Bu da xanlıqların ruslardan uzaqlaşıb Abbas Mirzəyə yaxaınlaşmalarına səbəb olurdu. Rusların bu şəkildə davranmalarına özəlliklə də Sisyanovun Bakı xanlığı tərəfindən öldürülməsi səbəb olmaqda idi. İbrahim Xəlil gizlincə Abbas Mirzəyə xəbər göndərdi ki, “Şuşaya hücum etsəniz şəhərin darvazlarını üzünüzə açacağıq.” Lakin ruslar tərəfindən dəstəklənən Xanın yaxınlarından birisi bu xəbəri duydu və rusların yardımı ilə İbrahim Xəlili Şuşadan qaçmağa məcbur etdi. Bu hadisədən xəbərdar olan Abbas Mirzə, İbrahim Xəlil Xanın yardımına getdi. Ancaq Xudafərin körpüsündən çox uzaqlaşmamışdı ki, gözlənilməz bir hadisə ilə qarşılaşdı. Təqribən yüz kişilik süvari yas içində İbrahim Xəlilin cənazəsini Xudafərinə doğru daşıyırdı. Yaşlanmış Xan bütün ailə üzvləri ilə bir yerdə öldürülmüşdü. Rusların xanlarla bu şəkildə davranmaları digər xanlıqları qorxuya salmışdı. Artıq onlar açıq şəkildə Abbas Mirzənin o yurdlara hücum etməsini istəyirdilər. Ləzgi xanlığı kimi bəzi xanlıqlar isə təhlükəni yaxın hiss etdikləri üçün, həmən başdan Abbas Mirzəyə sığınmış və Təbrizə yerləşmişdilər.

Şahzadə, demək olar ki, bütün vaxtını Ağoğlan, Dədəbəyli və digər bu kimi hərbi düşərgələrdə keçirirdi. Təbrizdə olduğu zaman isə islahatlarına davam edirdi. Onun bu reform əməlini heç bir hadisə əngəlləyə bilmirdi. Həftədə bir dəfə Azərbaycan əhalisinin şikayətlərini qəbul edirdi. Hər bir Azərbaycanlının onunla rahatca əlaqəyə girə bilməsi üçün fərman imzalamışdı. Fəlakətli yaşayış haqqında eşitdiyi bütün xəbərlər Azərbaycanın çox ağır vəziyyətdə olduğunu göstərirdi. Abbas Mirzə Azərbaycanı bu fəlakətdən necə qurtara biləcəyə haqda düşünür və ətrafındakılardan Azərbaycan haqqında daha dərin bilgi vermələrini istəyirdi. Abbas Mirzə ilk dəfə olaraq bütün Azərbaycan Bəylərbəyi haqqında fərman imzaladı. Bu fərmana görə heç bir Bəylərbəyi rəyyətini incitməməli və onunla insan kimi davranmalı, onun haqlarına hörmət etməlidir. Bu əmrin Bəylərbəylərinə yazılı olaraq çatdırılmasından başqa, Abbas Mirzə əmr etdi ki, bu fərmanı carçılar bütün bölgələrdə insanlara duyursunlar və söyləsinlər ki, hər bir rəyyətin gəlib Şahzadənin yardımçılarına və ya hətta dirək özünə şikayət etmə haqqı var.19 Bu üzdən də bəzi bəylərbəyləri için-için Abbas Mirzəyə nifrət edirdilər. Ancaq bu nifrətlərini içlərində boğurdular, çünkü bilirdilər ki, Şahzadə, Fətəli Şah tərəfindən sevilməkdədir və Şah onun sözləri ilə hesablaşmaqdadır. Xüsusən də rusların yeni taktikaları Abbas Mirzənin önəmini Şahın yanında daha da yüksəltmişdi. Bir çox Bəylərbəyi Abbas Mirzənin qardaşları ilə gizlin təmassa keçərək, onu ortadan qaldırmağı planlayırdılar. Ancaq geniş xalq kütləsi Abbas Mirzədən yana idi. Ən önəmlisi də bu idi ki, Azərbaycan xalqı Şahla bərabər onun da başına and içirdilər və “Şahın, Şahzadənin başına and olsun”20,- deyərək Şahzadəyə olan sonsuz hörmətlərini dilə gətiridilər.

Abbas Mirzənin bir davranışı haqda bir neçə yabancı müəllif bu şəkildə yazmışlar: Abbas Mirzə hərbi düşərgələrinin birindən Təbrizə dönərkən buradaki sarayında insanların yas içində olduqlarını gördü. Nədən belə olduqlarını sorduğunda cavab verdilər ki, iki kiçik oğlunuz xəstələnib ölmüşdür. Abbas Mirzə aldırış etmədən onlara qızaraq dedi ki, ağlayacağımı mı sanırsınız? Tanrıya and olsun ki, əgər mənə xəbər versəydiniz ki, iki əsgərin ölmüşdür ağlardım. Ancaq bu kiçik çocuqların böyüdüklərində əsgər ola biləcəkləri bəllimi idi? Tanrının iradəsinə təslim olmaq zorundayıq.

Abbas Mirzənin bu tür davranışı hadisəyə tanıq olan yabancıları şaşırtmışdı.

Digər bir hadisəni də Jauber öz xatirələrində bu şəkildə yazmaqdadır: “Abbas Mirzə Azərbaycanın ünlü ailələrindən birinin oğlu ilə çox yaxın dostluq edirdi. Nəzərəli bəy olaraq bilinən bu şəxs Şahzadənin sarayında ən önəmli və sözükeçən şəxsiyətlərdən biri idi. Nəzərəli bəy çox yaraşıqlı və cəsur birisi idi. Özəlliklə onun cəsarəti Abbas Mirzə üçün çox əhəmiyət daşımaqda idi. Şahzadə ən yorğun çağlarında ürəyini ona açar və kimsəyə danışmadığı, danışmaq istəmədiyi gizlin planlarını ona söyləyərdi. Cəsur Nəzərəli bəy də yaxşı bir dinləyici olduğu üçün Abbas Mirzənin hörmətini qazanmışdı. Bəlkə də elə buna görə Nəzərəli bəy Şahzadənin onun bəzi kötü davranışlarına göz yumacağını sanmışdı. Bu üzdən, bəzən gizlin əyyaşlığından da qalmırdı. Bir gün Nəzərəli bəy yarısından çoxu erməni olan bir kənddən keçərkən hamamdan çıxan bir erməni gözəlinə gözləri sataşdı. Erməni qızları müsəlman qadınları kimi özlərini qara və qaranlıq çadranın altında gizlətmirdilər. Bu səbəbdən də onların gözəlliklərini görmək və vurulmaq Azərbaycan gəncləri üçün rahat bir iş idi. Nəzərəli bəy qız haqqında araşdırma yapdırdı və öyrəndi ki, hələ ərə getməyibdir. Bu da onun qızla ilgili sərbəst davranmasına imkan verirdi. Qızın evini öyrənib onu öz çadırına qaçırmağı planladı. Qızı zorla çadırına gətirdi. Qızın fikri, istəyi ilə hesablaşmadan onunla bərabər oldu. Nəzərəli bəy sərxoş vəziyyətdə erməni qızı ilə bərabər olduqdan sonra yuxuya dalar. Erməni qızı bu fürsətdən istifadə edərək çadırdan qaçar. Qızın atası Abbas Mirzəyə şikayət edər. Abbas Mirzə arxadaşının bu əməlindən çox rahatsız olar. Digər tərəfdən, Şahzadə xristiyan azınlığa çox sayqı göstərməkdə idi. Nəzərəli bəyin öldürülməsi haqda fərman verər. Nəzərəli bəyin yaxınları nə qədər yalvarsalar da Abbas Mirzəni qərarından vaz keçirə bilməzlər. Nəzərəli bu davranışının hesabını həyatı bahasına ödəmiş olar.21

***

1807-ci il baharının başlanğıcında Gardane heyyətinin gəlməsindən bir az əvvəl, Qafqaz rus ordusunun komandanı və Gürcüstanın hakimi Marşal Qudeviç, Stipanov adında bir nümayəndəsini Qacariyəyə göndərdi. Stipanov Qudeviçin barış mesajını Tehrana ilətməklə mükəlləf idi. Bu elçi Təbriz yolu ilə Tehrana gedəcəkdi. Bu üzdən də rusların yeni siyasəti ilə tanış olmaq üçün Abbas Mirzə səbirsizliklə onun yolunu gözləyirdi. Stipanov həm Şahzadə həm Şah üçün böyük hədiyələr gətirmişdi. Lakin Abbas Mirzə, Qudeviçin təklifləri ilə tanış olduqdan sonra çox narahat oldu. Çox sayqı və hörmətlə yazılan məktub içəriyindən dolayı Abbas Mirzəni çox qızdırmışdı. Məktubun mətni çox ədəblə Marşal Qudeviçin üstünlüyündən danışırdı. Çox qapalı şəkildə Fətəli Şaha duyurulurdu ki, onun üçün heç bir qələbə yolu yoxdur. Ən yaxşısı budur ki, Şah barış anlaşmasına imza atsın. Məktubda bəzi ərazilər də tələb olunurdu. Lakin Qacar dövlətinin on il sonra məcburən qəbul edəcəyi müqavilələrlə müqayisə də çox ılımlı və yumuşaq idi. Xarici ölkələrin elçiləri ilə çox hörmətlə rəftar edən Abbas Mirzə qəzəbini gizlədə bilməyib və bu məktubda qeyd olunanların bizim tərəfimizdən qəbul edilməsi mümkün deyildir, dedi. Stipanov Tehrana yollanırkən, Abbas Mirzə atasına özəl bir çapar göndərdi. Çapar, Stipanovdan daha əvvəl Tehrana çatıb və Şahzadənin mesajını Şaha çatdırdı. Abbas Mirzə atasından xahiş etmişdi ki, məktubda qeyd olunanlarla razılaşmasın. Ya da anlaşmalara Qacar dövlətinin də tələbləri yerləşdirilsin. Tehranda Stipanovu çox yaxşı qarşıladılar. Lakin Şah anlaşmaya soyuq yanaşdı. Stipanov anladı ki, Qacar dövlətinin istəkləri haqda danışmaq onun yetkisi dışındadır. Bu üzdən də geriyə dönüş üçün izn istədi. Şah Stipanovun gətirdiyi təkliflər qarşısında tərdid içində idi. Lakin Abbas Mirzə açıq şəkildə savaşdan yana idi.



O baharda savaş olmadı. Stipanovun görüşündən sonra sadəcə gizlin bir düşmənlik var idi. Qacar dərbarında həm savaşdan, həm də barışdan yana olanlar umutlarını Fransa ilə olan ittifağa bağlamışdılar.

***


Gardane heyyəti gəlmədən öncə Fransa ordusunda yarbay mühəndis olan Buntan, Doğu dilləri uzmanı olan tərcüməçisi ilə bir yerdə Abbas Mirzə ilə görüşmək üçün Fransa dövləti tərəfindən görəvlənmişdi. General Gardan isə öz heyyəti ilə gəldikdən sonra mühəndis yarbay Lami və piyadə mütəxəssisi yarbay Verdiye, Şahzadənin xidmətində olmaqla görəvləndirildilər.Bunlar Abbas Mirzənin ordusunu Qərb üsuluna görə eyitməli idilər. Fransa hərbçilərinin teknikləri ilə tanış olan Abbas Mirzə anladı ki, özü də modern savaş haqqında heç bir şey bilməməkdədir və hər şeyi yenidən öyrənməlidir. Fransız zabitlər daima sayqi ilə Şahzadəni öz xatirələrində xatırlamışlar. Onlar səltənət nəslindən olan bu şagirdlərinin səmimiyətini israrla söyləmiş və Batı savaş tekniyini öyrənmək üçün nə qədər sadə bir əsgər kimi özən göstərdiyini yazmışlar. Abbas Mirzə sadə əsgərləri ilə bərabər və bir yerdə fransız zabitlərinin təlimlərinə və hərbi dərslərinə qatılırmış. Abbas Mirzə bu təlimlər müddətincə Qacar ordusunun nə qədər geridə qaldığını duyur və ordusunun modernləşməsi üçün hər bir fədakarlığa hazır olduğunu göstərirdi. Çünkü Abbas Mirzə his edirdi ki, ordusunun mövcud səviyəsi ilə Azərbaycanı rus ordusuna qarşı qoruya bilməyəcək.

Şübhəsiz ki, Gardanenın (Qardan) məmuriyətinin ilk illəri Abbas Mirzənin ən mutlu illərindən sayılırdı. Savaş tekniyi və teknolojisi ilə bağlı oyrəndiyi yeniliklər onu çox mutlu edirdi. Abbas Mirzə ən istedadlı savaşçılarını xəritə elmini öyrənməklə görəvləndirdi. Özü də bu xəritə ilə ilgili dərslərə qatılır və böyük bir zövq və gələcəyə olan inancı ilə ordu mənsublarını oyrənməyə təşviq edirdi. Ən yaxşı öyrənən və gələcəyin hərbçi öyrətmənləri olacaq olan zabitlərini ödülləndirirdi. Saatlarca yarbay Lamidən riyaziyat öyrənirdi.

Atəşkəsə rəğmən savaş durumu davam etməkdə idi. Abbas Mirzə fransız dostları ilə Qarabağı, Ərdəbili və Aranı dolaşırdı. Bəzən Araz boyunca at çapırdılar və səhər erkəndən Ağrı dağının zirvəsini aydınladan günəşi seyr edirdilər. Bəzən də Gölçə* (Göyçə) gölünün ətrafında istirahət edirdilər. Yalnız bu gəzintilər əyləncə amacı ilə yapılmamaqda idi. Onlar savaşın savunma və hücum yerlərini təsbit edir, topların haralarda yerləşəcəyini dəqiqləşdirirdilər. İrəvan qalasının savunma sistemini gəlişdirirdilər. Bu arada Qacariyəyə gələrkən yolda xəstələnib ölən fransız yarbay Bernarın Abbas Mirzəni yaxından görmə istəyini də zabitlər Şahzadəyə söyləyirdilər. Beləliklə Abbas Mirzə ilə fransız hərb uzmanları arasındaki ilişkilər gerçək dostluq münasibətlərinə dönüşməkdə idi. Abbas Mirzə Təbrizin dışında olan fransız uzmanlarla da ilgilənirdi.

1808-ci ilin yayının son ayında General Gardane bütün heyyəti ilə bərabər Şahın Sultaniyədəki ordusuna qatıldılar. Sultaniyədə yapılacaq olan manevraya böyük bir ordu qatılmaqda idi. Bütün saray adamları və dövlət yetkililəri bu manevranı seyr etmək üçün gəlmiş və münasib yerlərdə çadır qurmuşdular, hər kəs öz yerini təsbit etmişdi. Qadınlar üçün ayrıca bir köşk nəzərdə tutulmuşdu. Şahın böyük köşkü gənc və gözəl xanımların rəsmləri ilə bərabər savaş səhnələri ilə də süslənmişdi. Ancaq Şahın sevdiyi mənsəb sahibi olan oğullarının rəsimləri hər yerdə görünürdü.22 Bu manevrada İsmayıl bəy adlı bir süvarinin çox sürətlə hərəkət etməsi hər kəsi heyran qoymuşdu. Abbas Mirzənin ordusunda görəvli olan İsmayıl bəy haqqında fransız zabitlər Fransaya bilgi vermişdilər. Sultaniyədəki bu göstəri Qacar ordusu tarixində ilk möhtəşəm və Qərb üsuluna uyğun manevra idi.

O ilin baharında Baron Doverd adında yarırəsmi bir elçi gəlmişdi. Bu elçi öncəki il Stipanovun gətirdiyi barış anlaşmasını təkrar gətirmişdi. General Gardanın istəyi üzərinə onu hörmətlə qarşıladılar. Abbas Mirzənin sərt tutumu üzərinə Gardan, Şaha təklif etdi ki, bu haqda danışıqlar Parisdəki rus elçisi Kont Tolstoy ilə o zaman Parisdə bulunan və Qacar dövlətini təmsil edən Əsgərxan arasında yürüsün. Gardan Şaha təlqin edirdi ki, Qacariyənin müttəfiqi olan Fransa imperatorluğunun nəzarətində yürüdülən müzakirələr pis nəticə verməz. Şah, Gardanın bu təklifini bütünü ilə qəbul etdi və qərara alındı ki, bu təklif General Qudeviç vasitəsi ilə Sen-Petersburqa çatdırılsın. Petersburqdan cavab gələnə qədər atəşkəs haqqında da anlaşma sağlandı.

Şahın Fransa imperatorluğuna bağladığı umutlara rəğmən üfüq qaranlıq görünməyə başlamışdı. Qacariyə ilə ilgili Fransadan çox az xəbərlər gəlirdi. Napoleon başqa savaşlara hazırlaşırdı və Qacariyəyə ilgi azalmışdı. Digər tərəfdən, Con Molkolm təkrar Şahla görüşmək istəmişdi. Lakin General Gardan onun Tehrana gəlməsinə etiraz etmiş və Şah da Fransa ilə olan münasibətlər uzun vədədə ölkənin yararınadır deyə onun etirazını qəbul etmişdi. Con Molkolm Şahın bu davranışından dolayı Hindistanın hökmranı Lord Mintodan Bəsrə körfəzinə hücum və Qəşəm adasını işğal etməsini istəmişdi. Bu xəbər Şahı çox rahatsız etməyə başladı. Lakin Napoleon bu adalarla ilgili planlar hazırlamışdı. Fransa imperatoru bu adaları Hindistana ordu yeritmək üçün üs kimi kullanmaq istəyirdi.

Qacariyənin Parisdəki nümayəndəsi geri döndükdən bir neçə həftə sonra gərgin durum yaranmışdı. Gardan heyyəti vəzirlərlə olan münasibətləri vasitəsi ilə Şahın onlara qarşı qızqın olduğunu sezmişdi. Başvəzir Mirzə Şəfi daima yumşaq və dostca davranışlarını qoruyub saxlayır, Padşahın da sakin olması üçün əlindən gələni edirdi. Bu vəzirin Fransa heyyəti ilə çox xoş davranması üzündən Gardan heyyəti ona “Fransızların atası” ləqəbini vermişdi. Mirzə Şəfi əski düşməni Hacı İbrahim Şirazinin məktəbində öyrənmişdi ki, daima Hind Kompaniyasından qorxub, çəkinsin. Çünkü bütün Hindistanı və qismən də Çini ələ keçirən bu kompaniyanin arxasında ingiltərə xarici siyasəti və ordusunun olduğunu bilməkdə idi. Bu üzdən də necə olursa olsun sadəcə ruslara qarşı deyil, həm də İngiltərəyə qarşı Fransa ittifaqının ayaqda durmasından yana idi. Digər tərəfdən, Osmanlının Fransa yetkililərinə öz torpaqlarından gəliş-gediş üçün izn verməməsi də Qacar dövlətinin Fransa ilə irtibatını çətinləşdirmişdi. Çünkü kürd məsələsi üzündən Bağdad paşası ilə aralarındaki anlaşmazlıq sürməkdə idi.

Bu ərəfədə 1808-ci ilin oktyabr ayında Rusiyadan bəklənən cavab gəldi. General Qudeviçin elçisi Tehrana gəldi və Moskovanın cavabını Şaha çatdırdı. Moskova, General Gardanın danışıqlar elçilər vasitəsi ilə Parisdə yürüsün təklifini rədd etmişdi. Elçi bu mesajın yanı sıra Abbas Mirzəyə da Qudeviçin özəl mesajını gətirmiş və öncə Təbrizdən keçərkən bu mesajı Şahzadəyə vermişdi. Qudeviçin bu məktubu bir az təhdidkar üslubla yazılmışdı. Bu da Abbas Mirzəni çox əsəbləşdirmişdi. Bəlkə də Qafqazın hökmdarı Qacarıyədə olub bitənlərdən xəbərdar idi və bilirdi ki, Abbas Mirzənin iradəsinə rəğmən Şah savaşdan yana deyildir. Şaha görə savaş başlanacağı təqdirdə onun budcəsini təmin etmək çətin olacaqdır.

Şahzadə hələ diplomasinin incəlikləri haqda bilgi sahibi deyildi. Harda öz istəyini gizlin saxlayıb və harda açıq tərzdə deməsi haqda hələ təcrübə əldə etməmişdi. Bu səbəbdən də Azərbaycanın bir bölümündən vaz keçməsini istəyən Qudeviçin məktubunu cırıb, o şəkildə də atasına göndərdi. Lakin nə olursa-olsun barışın sağlanmasından yana olan General Gardan kağızın cırıqlarını bir-birinə yapışdırıb, oxunar hala gətirib və Şaha çatmasını sağladı. General Gardan, Qudeviçə çox nəzakətli biçimdə bir məktub yazaraq qeyd etdi ki, Fətəli Şahın Fransanın müttəfiqi olması unudulmamalıdır. Bu səbəbdən də Qacar dövlətinə qarşı Rusiyanın genış çaplı hərbi əməliyatı Napoleon tərəfindən xoşgörü ilə qarşılanmayacaqdır. Gardan məktubunu Qodoviçə göndərmədən əvvəl Abbas Mirzəyə bir çapar göndərdi və onun barışa qarşı heç bir davranışda bulunmamasını rica etdi. Bu arada Şahzadə əsas hərbi üssü olan Xoya çəkilmişdi. Abbas Mirzə burada savaş üçün hazırlıq işləri görürdü. Ancaq atası ona bir məktub yazaraq Xoydan kənara çıxmaması konusunda onu uyardı. Gardan, Şahın barışdan yana olmasını dəstəkləyirdi. Çünkü ona görə Qacar ordusu hələ gərəkən səviyədə eyitilməmiş və savaş çıxacağı təqdirdə ruslara qarşı başarılı ola bilməyəcəyi qənaətində idi. Abbas Mirzə bütün hallarda atasının əmrini yerinə gətirirdi. Bu, öz iradəsinə və istəyinə qarşı olsa belə yenə də atasından gələn əmri tətbiq edirdi.

Şahzadənin müdaxiləsi olmadan savaş başladı. Bir il öncədən İrəvana hakim təyin edilən Hüseyn Xanın ordusu ruslar tərəfindən saldırıya uğradı. Sonra da ruslar İrəvanın yaxınlığında bir kəndi işğal etdilər. Savaş yanlısı olan Abbas Mirzə üçün artıq savaşa başlama bəhanəsi yaranmışdı. Atasına xəbər göndərdi ki, Xoydan Araza doğru hərəkətə başlamış və Naxcıvanda yerləşməyi planlamışdır.

Eyni zamanda Tehrana xəbər gəldi ki, Sent James sarayının fövqəladə nümayəndəsi Sir Ford Conzbrigz Buşəhrə gəlmişdir. Bu adam 20 il öncə bütün öz Şərq şünaslıq bilgilərini və var dövlətini ölkəsinin ixtiyarına buraxmışdı. 20 il əvvəl Zəndiyə əmirləri tərəfindən səmimiyətlə qəbul edilmiş və İngiltərənin Bəsrə körfəzində ticarət mərkəzləri açma istəyi yönündə başarılı işlər görmüşdü. O, sakit və səbirli xasiyəti dolayısıyla Con Molkolmdan çox fərqlənirdi.

Bir çox əyalət xanları Şahın İngiltərə ilə isti münasibət qurmasından yanaydılar. Hərbi savunma işlərindən məsul olan İsmayıl bəy bu konuda ən önəmli şəxsiyətlərdən idi. İnsanı şaşırdan hadisələrdən birisi də budur ki, Fransaya qarşı müxalifət edənlərin içində Rzaquluxan da görünməkdədir. Bu şəxs Finknayştaynda Qacar dövlətini təmsil etməkdə idi. Orada buna ən yüksək düzeydə hörmət göstərilmiş Napoleon tərəfindən qəbul edilmişdir. Şah qəti qərarını vermiş və ingiltərə elçisinin Tehrana gəlişini qəbul etmişdi.

***

Talehin axarı Birincı Napoleonu öz arxasınca sürükləməkdə idi. Fransanın siyasi həyatında böyük çalxantılar meydana çıxmaqda idi. Bu üzdən də Napoleon sadəcə müttəfiqliklə ilgili məsuliyətini deyil, həm də çox uzaqlarda xidmət edən fransız yetkililərini, elçiləri də düşünəməz duruma gəlmişdi. Gardan heyyətinin son həftələri çox kədərli oldu. Baxmayaraq ki, General özünü Fətəli Şah qarşısında suçlu kimi his edirdi, lakin öz imperatorunu savunmaqdan da geri qalmırdı. Bütün gücünü ittifaqın dağılmaması üçün səfərbər etmişdi. Noyabrın sonlarında Gardanın istəyi üzərinə İsfahanda yapılmış 30 top arabasını Tehrana gətirdilər. Gardan hər olasılığa görə bu top arabaların Şahın rəqiblərinin əlində qalmamasını istəyirdi. Tehranın darvazlarına yaxınlaşanda topların mühəndisi yarbay Faviye toplara atəş əmri verdi. Gardan heyyəti, saraydakıların Qacariyənin məhsulu olan top atəşlərinin səsini duyduqlarında sevinəcəklərini sanmışdı. Lakın heç bir təqdirlə qarşılaşmadan böyük bir etinasızlıq içində şəhərə daxil oldular.



Azərbaycandan çox umutsuz xəbərlər gəlməkdə idi. Bir neçə kəndi işğal edən Qudeviç İrəvanı mühasirə etməyə hazırlaşırdı. Lakın İrəvanın fransızlar tərəfindən ciddi savunma sistemi ilə donatıldığını duyub, bu işdən vaz keçmişdi. Bir neçə kiçik savaşlar Qacarların xeyirinə başa çatmış, bir neçə kəsik Rus başı Şaha hədiyə olaraq göndərilmişdi. Şah da bundan çox sevinmişdi. Fransızların hərbi bəsirətləri üzündən rusların İrəvana girə bilməmələri bir daha Tehranda Gardan heyyətinə sempati yaratmağa başlamışdı. Noyabrın sonlarında xəbər gəldi ki, Naxcıvan civarında böyük bir savaş başlamış və burada Şahzadə özü komandanlığı yürütmüşdür. Abbas Mirzə ilə bağlı savaş xəttindən gələn bir xəbər Şahı çox narahat etmişdi. Gələn xəbərlərə görə Şahzadə öz canını qorumamaqda imiş. Şahzadənin atına güllə isabət edir, at ölür və Şahzadə piyadələrlə bərabər hücuma başlayır. Bu anda Şahzadəyə xəbər gəlir ki, topxananın komutanı öldürülmüşdür. Ordunun toplarının susması düşmənin üstünlüyünə səbəb olmuşdur. Bu vəziyyəti görən Şahzadə özünü topxanaya çatdırmağı başarmış və topların komutanlığını öz üzərinə götürmüş, düşmən səngərlərini atəşə tutmuşdur.

Sir Harford Conz Şirazdan Tehrana doğru gəlməkdə idi. Gardan, heyyəti ilə bərabər ölkəni tərk etmək üçün Şahdan izn istədi. Şah onlara etdikləri işlərindən dolayı təşəkkür edib və getmələri üçün izn verdi. Heyyət 1809-cu il fevral ayının 17-də Tehranı tərk edib, mart ayının 9-da Təbrizə çatdı. Fransa heyyətinin ölkədən ayrılışı Abbas Mirzəni çox narahat etmişdi. Digər tərəfdən, İngiltərə ilə başlanan müzakirələrin gedişini diqqətlə izləməkdə idi. Onların nə kimi təkliflərlə gəldiklərini, nələr gətirdiklərini maraq edirdi. Abbas Mirzə Təbrizdə dost olduqları Fransa heyyətini çox böyük hörmətlə qarşıladı. Onlar Abbas Mirzənin surətindəki üzgünlüyü açıqca sezməkdəydilər. Şahzadə ordusunu toplarla donatmış fransız heyyətinin ölkədən ayrılışına çox üzülürdü. Qısa bir sürə Təbrizdə qalan Gardan heyyəti Xoya doğru hərəkət etdi.

Gardan heyyətinin ayrılışı ilə Fransa və Qacariyə dostluğu sarsılsa da sonradan təkrar güclənəcəkdi. Bir sürə sonra daha mücəhhəz bir heyyət Qacariyəni ziyarət edəcək və Qacariyədə savaş və hərbi disiplinin gəlişməsinə yardımçı olacaqlardı.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin