Savaşlar bölümü
Giriş
Gürcüstan Şahı İkinci Erkli ölkəsini avropalaşdırmaq amacıyla Rusiya ilə birləşməyi planlaşdırırdı. 1783-cü ildə bir anlaşma ilə Gürcüstan Rusiyaya təslim oldu. Bu anlaşma olmasaydı belə yenə də Doğuya doğru genişləməyi öz önəmli stratejisi kimi bəlirləyən Rusiya Gürcüstanı işğal edəcəkdi. Çünkü Gürcüstan Rusiyanın Doğuya və Güneyə doğru genişləmə yolunun önünü kəsmişdi. İkinci Erklinin zamanında Gürcüstanda bu birləşməyə qarşı çıxan böyük bir qrup ortaya çıxdı. Onlar Qacariyədən yardım umur və bu dövlətə yaxınlaşırdılar. Gürcüstanın ə´yan və əşraflarından oluşan bu grup Mələkə Durucanın ətrafında birləşirdilər. Bir neçə şahzadə və şahzadə xanımlar da bu qrupa qatıldılar, çünkü bu soy özlərini daha mədəni, soylu bilir və mədəniyət aləminə yeni girən ruslara barbar kimi baxırdılar. Gürcüstanda bir tərəfdən vəliəhd Qorgin4 kimi adamlar Batı mədəniyətinin heyranı olduqları üçün Rusiya vasitəsi ilə Batıya açılmaq istəyirdilər, digər tərəfdən də Mələkə Durucan kimiləri də öz bağımsızlıqlarından yanaydılar.5 Ağaməhəmməd Xan, Gürcüstanı işğal etdiyində Erkli yaşlı və qocalmış birisi idi. Ağaməhəmməd Xanın Gürcüstana saldırısı zamanı İmperatorisa Yekaterinadan gürcülərə yardım gəlmədi. Qısa zaman fərqliliyi ilə ortaya çıxan Yekaterinanın, Ağaməhəmməd Xanın ve Erklinin ölümləri bölgədəki dəngələri alt-üst etdi. Hər şeyin yenidən əyarlanma zərurəti ortaya çıxdı. Ancaq Çar Birinci Pavel, Gürcüstanın XII şahı Qorgin və onun oğlu Davud da siyasət səhnəsindən çox tez kənarlaşdılar. Bu üzdən də Gürcüstan Mələkəsi Qacariyə ilə yaxınlaşma siyasətini təqib etməyə başladı. Şahzadə Aleksandr, Təhmurəs və onların bir neçə qardaşlarının oğulları Qarabağ xanları ilə səmimi münasibət qurub, heç bir çətinliklə rastlanmadan Gürcüstandan Qacariyəyə gəldilər. Fətəli Şah Gürcüstanın bölgədəki steratejik önəmini düşünərək Gürcüstan heyyəti ilə sıcaq davranılmasını əmr etdi. Digər tərəfdən, gürcü mənşəli olub da rus ordusunda eyitilən Sisyanovun davranışları Qacar dövlətini rahatsız etməkdə idi. Fətəli Şah, başvəzir Mirzə Şəfi´yə əmr etdi ki, Sisyanova barışcıl, ancaq eyni zamanda bir az da təhdidcil bir məktub yazıb göndərsin. Məktubun mətni özət olaraq bu içərikdə idi:
“Erklinin evladlarını rahat buraxın və canişin təyinetmə məsələsində bizimlə də məsləhətləşin. Gürcüstanda təkbaşınıza davranma kimi bir niyyətiniz olsa, töküləcək qanlara görə Siz məsuliyət daşıyacaqsınız.”6
1803-cü il idi. Sisyanov bu məktuba cavab vermədi. Qısa bir sürədən sonra Gəncəyə hücum etdi. Gəncəni top atəşinə tutdu. Bir neçə kiçik ihanətlər istisna olmaqla Gəncəlilər gerçəkdən böyük şücaət və qəhrəmanlıqla Gəncəni qoruyurdular, lakin rus ordusunun hərbi üstünlüyü qarşısında məğlub oldular. Rus ordusu Gəncəyə girməyi başardı. Cavad Xanın siyasi həyatına Sisyanov son qoydu.
Fətəli Şah, Sisyanovun bu hərəkəti və rus ordusunun güclü topxana üstünlüyü qarşısında nə edəcəyi haqda düşünməyə, əndişənlənməyə başladı. Ağlına ilk gələn bu oldu ki, ingilislərdən savaş teknolojisi və yardım almaq lazımdır. Ancaq ingilislər ən azından o zaman dilimində Qacarları heç düşünmürdülər. Bu üzdən də ilk dəfə olaraq Napoleonla ittifağa girmə fikri alternativsiz plan kimi ortaya çıxdı.
On il sürən savaşların başlaması
1804-cü ildə Tehranın çevrəsində böyük bir ordu toplanmışdı. Bu dəfə sadəcə bir neçə xanların qiyamını yatırmaq söz konusu deyildi, həm də xarici düşmənə qarşı savaş hazırlığı gedirdi. Bu düşmənin güclü olduğu haqda bir çox söz söhbət dolaşmaqda idi. Şah bu ordunun komutanlığını Abbas Mirzəyə həvalə etdi. O zaman Fətəli Şah yüksək səslə konuşaraq, onu tac-taxtın varisi e´lan etdi. Bunun səbəbi sadəcə Ağaməhəmməd Xan tərəfindən qoyulmuş “Qacar yasası” deyildi. Abbas Mirzə öz ləyaqəti və başarıları ilə atasının güvənini və rəğbətini qazanmışdı. Azərbaycan, Qacar dövləti üçün çox əhəmiyyət daşımaqda idi. Azərbaycanda sevimli bir dövlət adamı olan Abbas Mirzə ilə hər kəs, o cümlədən Fətəli Şah da hesablaşmaq zorunda idi. O il Abbas Mirzə, Növruz bayramı münasibəti ilə bölgələrdən gələn hədiyələri padşaha sunmaqla görəvlənmişdi. Bu tür törələr və törənlər Doğu ölkələrində batılıların anlaya bilməyəcəkləri qədər önəmlidir. Şah digər oğullarına da Abbas Mirzəyə ehtiram göstərmələrinə əmr etdi. Ancaq Abbas Mirzəni qısqanan bəzi şahzadələr içlərindəki həsədi zorla boğaraq Abbas Mirzə qarşısında boyun əyməyə məcbur oldular.
Şah, Abbas Mirzənin rəhbərliyi altında hazırlanmış ordunu yoxlayıb, paradını izlərkən böyük bir sevinc və mutluluq içində idi. Rus ordusunun şöhrəti ilə ilgili duyduğu söz-söhbətlər bu ordunu gördükdən sonra artıq onu etkiləmirdi. Özəlliklə Azərbaycan ordusunun komutanı Abbas Mirzənin, atasına və ölkəsinə sədaqətlə bağlı olması Şah üçün ayrıca bir güvən qaynağı idi.
Ordunun Azərbaycana doğru hərəkəti sırasında yol boyunca on minlərcə insan Abbas Mirzəni uğurlayır, ona başarılı olması üçün Tanrıdan yardımçı olmasını diləyirdilər. Abbas Mirzənin Azərbaycanda yayğınlaşan sayqınlığı üzündən bu ordunun tam əksəriyətini Azərbaycanlılar təşkil etmişdi. Abbas Mirzə bu kəz ayrı bir hisslə Azərbaycana gəlirdi. Bu dəfə özünü Azərbaycana həsr etməyə hazırlaşırdı. Çünkü Sisyanovun Azərbaycanın göbəyi sayılan Gəncəni işğal etməsi onun qüruruna toxunmuşdu. Azərbaycana doğru səfərində Abbas Mirzəyə 60 min nəfərlik ordu eşlik edirdi. Üç gün yol getdikdən sonra Abbas Mirzənin ordusu Qəzvinin darvazasına çatdı. Qəzvinin elbayı olan Şahzadə Məhəmməd Mirzə içindəki qısqanclığı gizləyərək Qəzvin əhalisi ilə bir yerdə Abbas Mirzənin istiqbalına vardı. Abbas Mirzə Təbrizə həmən çatmaq istədiyi üçün zaman itirmədən Qəzvindən ayrıldı.
Şah, ordunun dərhal Arazı keçib ruslara savaş açmasını istəyirdi. Abbas Mirzə də atasının bu iradəsini gerçəkləşdirməkdə qərarlı idi. Yalnız Abbas Mirzə Təbrizdə qısa bir sürəliyinə qalmalı idi, çünkü Azərbaycandan onun ordusuna qatılacaq minlərcə insan sıraya düzülmüşdü. Bu dəfə artıq Abbas Mirzə başqaları tərəfindən kontrol edilən yeniyetmə bir gənc deyildi. O, artıq savaşlarda təcrübə qazanmış yetişkin bir hərbçi, savaşçı idi. Abbas Mirzə Təbrizə çatdıqdan sonra bütün səyyahların xatirə kitablarında övülən bu şəhəri gəzməyə, dolaşmağa başladı. Səlcuqlar dönəmindən qalan qala divarları Abbas Mirzənin diqqətini cəlb edirdi. Abbas Mirzə Təbrizdə hər gün məşvərət şurasını öz çadırında toplayırdı. Arazın o tayından gələn bilgiləri, xəbərləri dəyərləndirirdilər. Abbas Mirzənin Təbriz şəhərinə diqqət yetirməsi və şəhərin abadlaşması üçün əmrlər verməsi, özəlliklə tacirləri və bəzirganları sevindirməkdə idi. Hətta Abbas Mirzənin Təbrizə olan bu sevgisini görən bəzi bəzirganlar Təbrizin ticarət həyatı haqqında Şahzadəyə bilgilər verir və bir zamanlar Ağdəniz bəzirganlarının Təbriz bazarında təmsilçiləri olduğunu söyləyirdilər. Yalnız bütün bunların hamısı Şah Abbas Səfəvi dönəmində yox edilmiş, İsfahana daşınmışdır. Digər tərəfdən, dəprəmlər də Təbrizin geri qalmasına səbəb olmuşdur. Bu zəlzələlərin birində Göy Məscidin tağının ortadan dəlindiyini çəkinərək söyləyirdilər. Çəkinərək söyləyirdilər, çünkü Göy Məscid Sünni Qara Qoyunlular zamanında yapılmışdı. Hər kəs Abbas Mirzənin Şiə hissinin qəzəbinə tuş olmaqdan qorxurdu. Lakin Abbas Mirzə üçün Şiə-Sünni deyə bir problem heç olmadı və kimsə ondan bu haqda bir tərs davranışa tanıq olmadı. Bu səfər zamanı Abbas Mirzə Azərbaycanın Bəylərbəyi7 Əhməd Müqəddəmlə tanış və dost olmağı başardı. Yaşlanmış Bəylərbəyi Qacar dövlətinin qurulmasında əməyi keçmiş, bir neçə savaşa da qatılmışdı. Abbas Mirzə Bəylərbəyinin savaş təcrübələrindən, bilgilərindən yararlanmaq istəyirdi. Bəylərbəyi silah kolleksionunu Abbas Mirzəyə göstərdi. Kolleksionda gözəl səliqəylə yapılmış türlü-türlü qılınclar, yüngül atəşli silahlar var idi.8 Bəylərbəyi ömrünün sonuna qədər Abbas Mirzəyə xidmətdə bulundu.
***
Baharın sonları idi və Araz çayı hələ də daşqın suları ilə axmaqda idi. İlk dəfə bir çocuq olaraq Araz çayını görən Abbas Mirzə bu dəfə bir sərkərdə, bir komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı.
Xudafərin körpüsünün üstündən ordu Arazın o tayına keçməyə başladı. Ordu, Qarabağın Dadabəyli adında bir bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas Mirzə ordunun öndə gələn isimləri ilə bir yerdə durum dəyərləndirməsi yapdı. Casusların rus ordusu ilə ilgili gətirdikləri bilgiləri onlarla paylaşdı.
General Sisyanov bölgədə kiçik xanları bir-birinin canına salır, onları bir birləri ilə savaşdıraraq zəif düşürürdü. Sisyanovun ən önəmli hədəflərindən biri müsəlmanlar və xristiyanlar arasında düşmənlik yaratmaq idi. Bu şəkildə erməniləri və gürcüləri özünə cəlb edə bilər deyə, düşünürdü.
İrəvandan gələn xəbərlər heç də iç açıcı deyildi. Hər kəs heyrət içində idi ki, nədən Şah İrəvanın hakimi Məhəmməd Xanı görəvindən almamışdır. Məhəmməd Xanın ruslarla bərabər çalışması konusunda Abbas Mirzəyə bilgilər gəlirdi. Məhəmməd Xan rus ordusunun İrəvanın ətrafında yerləşməsinə izn vermişdi.
Gürcü şahzadələr Aleksandr Mirzə və Təhmurəs Mirzə Abbas Mirzəni ziyarət etmək üçün Dadabəyliyə gəldilər. Bu arada Quba və Dərbənd xanı Şeyx Əli Xan, Lənkəran xanı Surxay Xan, Baki xanı Hüseynqulu Xan və Talış xanı Mustafa Xan Abbas Mirzəyə xoş görü ilə yanaşırdılar. Eyni zamanda Xəzəryanı xanlıqların gürcü əyanlarının qızları ilə evlilikləri və yaxşı münasibətləri səbəbi ilə gürcü şahzadələr Azərbaycanda rahat dolaşa bilirdilər. Onların can güvənliklərindən xanlıqların orduları sorumlu idi. 9
Abbas Mirzə Gəncə konusunda çox əndişəli idi. Keçən il ruslar tərəfindən topa tutularaq istilaya uğramış Gəncəni geri alma haqqında düşünüb dururdu. Lakin Gəncəni geri almaq asan bir iş deyildi. Abbas Mirzənin casusları Gəncə saxlusunda (ordunun barındığı yer) çoxlu Rusiya ordusunun və təchizatın olduğu barədə xəbərlər gətirirdilər. Bu üzdən də Gəncəyə nə şəkildə hücum edəcəyi haqqında ordu kurmayları ilə məsləhətləşir, gələn xəbərləri dəyərləndirirdi.
İrəvan hakimi Məhəmməd Xanın yanlış yönləndirməsi ilə Azərbaycanın köçəriləri Osmanlı torpaqlarına köç edir, mal-davarlarını Azərbaycandan çıxarıb Anadoluya sövq edirdilər. Çünkü İrəvan hakimi Məhəmməd Xan şayiə yaymışdı ki, ruslar qalib gələcək və sonra da onların mal davarlarını əllərindən alacaqdır. Məhəmməd Xanın bu şayiəsinin inandırıcı olması üçün Qars elbayı da ona yardımçı olmaqda idi. Çünkü o da bu var dövlətin Anadoluya axışmasından yana idi.
Abbas Mirzə, Mehdiqulu Xan Dollunu Qars elbayı ilə müzakirə üçün görəvləndirdi. Mehdiqulu Xan Dolluya bu səfərdə 600 silahlı kişi eşlik edirdi. Mehdiqulu Xan Dollunun atlılarını görən Osmanlı ordusu həmən savaş durumuna gətirildi. Mehdiqulu Xanla Qars elbayı (valisi) olan Osmanlı paşası türk dilində danışıb, anlaşırdılar. Paşa “Hər iki tərəfdə müsəlman Türk deyilik mi” deyə sorur və davam edirdi ki, nədən buraxmırsınız buradan ta Ərzuruma qədər uzanan otlaqlıqlardan köçərilər yararlansınlar? Ancaq Mehdiqulu Xanın “Bizim köçəriləri öz torpaqlarınıza çəkmə fəaliyətlərinizdən vaz keçin!” uyarısı gəldikdən sonra Osmanlı paşası nəsihət vermə tutumunu dəyişdirmək zorunda qaldı. Osmanlı paşası bir Sünni fanatik olduğu üçün Şiələrə xoş görü ilə baxmırdı.
Mehdiqulu Xan bir çox köçəriləri Azərbaycana geri gətirmək üçün Qars elbayı ilə anlaşdılar. Mehdiquluxan Dollunun bir çox köçərilərlə bərabər Azərbaycana döndüyü zaman Sisyanov öz güclü və disiplinli ordusu ilə İrəvana doğru hərəkət etməyə başlamışdı. Sürüləri Azərbaycana gətirən Mehdiqulu Xan özünü sürətlə rus ordusu ilə isti savaşa başlamış olan Abbas Mirzəyə çatdırmağa çalışırdı.
Bu savaş çox amansız bir savaşa dönüşdü və yalnız hər iki tərəfin yorğun düşmələri ilə durduruldu. Sisyanov Üçkilsə10yə doğru geri çekilmək zorunda qaldı. Ancaq Sisyanov ordusunu geri çəkərkən daima Abbas Mirzənin vur-qaççı savaş qrupları tərəfindən hücümlara məruz qaldı. Abbas Mirzə müntəzəm savaşçıların yanı sıra Qarabağ və Qafqaz meşələrində və dağlarında savaşmaq üçün partizan qrupları da təşkil etmişdi. Partizanların hücumlarının yanı sıra Şahzadə Abbas Mirzə öz ordusu ilə də Sisyanovu təqib etməyə başladı. Şahzadənin bu təqibdən hədəfi, Sisyanovun toparlanmasına imkan verməmək idi. Bu şəkildə Şahzadə Təbrizdən gəlməkdə olan ordunun da ona qatılması ilə Sisyanova son zərbəni endirib, sonra da Gəncəni ruslardan geri almanı planlamışdı. Ancaq Abbas Mirzə İrəvan hakimi Məhəmməd Xanın ihanətindən qorxduğu üçün ordunun bir bölümünə ona nəzarət etmək üçün İrəvanda qalmasına əmr verdi. Bu üzdən də yaşlı Mirzə Şəfi və bəylərbəyi Əhməd Müqəddəmin İrəvanda qalmalarını istədi.
Üçkilsənin önündə qızğın savaş başladı. Sisyanov topxanasına atəş əmri verdi. Ancaq Abbas Mirzənin cəbhənin ön sıralarında savaşması Azərbaycan ordusuna böyük ruh yüksəkliyi vermişdi. Baş komutanın bu şəkildə savaşması Azərbaycan Ordusunda ölümdən qorxma hissini yox etmişdi. Şahsevən və Xocavənd süvarilər bu savaşda elə bir cəsarət göstərdilər ki, bütün ölkədə dildən-dilə düşdü. Abbas Mirzə ordusunun ölümdən qorxmamasını görən rus ordusu qorxmağa başlamış, ruh düşgünlüyünə uğramışdı. Sisyanov ordusunu üç qismə ayırmışdı. Şahsevənlər üçüncü gün rus ordusunun topxanasını susdurmağı başardı. Üçüncü gün üç qismə ayrılmış rus ordusunun bir-biri ilə olan irtibatları kəsildi. Yalnız süvarilərin hücumu hesabına rus topları atəşinin susdurulduğu nəzərə alındığında Abbas Mirzənin nə qədər doğru taktika izlədiyi bəlli olur. Bu qələbə Azərbaycanda o qədər heysiyət yaratdı ki, hətta İrəvan hakimi Məhəmməd Xanı belə umutsuzluğa mübtəla etdi. İrəvan hakimi bu dəfə haqqında yaranmış şübhələri ortadan qaldırmağa çalışdı. Bu zəfər münasibəti ilə Abbas Mirzəyə çatması üçün Mirzə Şəfiyə hədiyələr gətirdi. Rus ordusu ilə irtibatı kəsilməyə başlayan Məhəmməd Xan bu dəfə Abbas Mirzəyə yaxınlaşmağa başlamışdı. Abbas Mirzə isə onu cəzalandırmaq fikrində deyildi. Çünkü belə bir işə girişsə idi, bölgədə iç savaş çıxardı, Sisyanov isə bundan yararlana bilərdi. Ancaq İrəvan hakiminin bu tərz davranışından istifadə edən Abbas Mirzə ordunu İrəvanın yaxınlığındaki Qarabulağa yerləşdirməyə başladı. İrəvan hakimi Abbas Mirzənin bu hərəkətindən narahat olsa da, ancaq edə biləcəyi bir iş yox idi. İrəvan tam Abbas Mirzənin ordusunun mühasirəsinə keçdi. Bu sırada partizan savaşları hər iki tərəfdə davam edirdi. Bu əməliyat sırasında gürcü şahzadələr Aleksandr və Təhmurəs Abbas Mirzəyə yardım etdilər.
Bu savaş zamanı Abbas Mirzə acı bir gerçəyi dərk etməyə başlamışdı. Abbas Mirzə hiss edirdi ki, artıq bu biçim savaşların zamanı keçmiş və onun ordusunda böyük teknoloji əksikliklər var. Abbas Mirzə teknoloji savaş haqqında öz bilgisizliyini də hiss edərək çox əndişələnməyə başlamışdı. Sonraki savaşlarda rahatca qələbə əldə edə bilməyəcəyi haqda əndişələnirdi. Abbas Mirzənin ordusu modern hərbi imkanlardan məhrum idi, bu da Abbas Mirzənin dərin rahatsızlığına səbəb olurdu. Bu qüsuru Abbas Mirzə necə ortadan qaldıra bilərdi? Qərblə münasibətə girməkdən başqa ikinci alternativ var mi? deyə düşünürdü. İlk dəfə rastlandığı və qalib olduğu savaş Abbas Mirzənin bütün düşüncəsini dəyişdirmişdi. O, öz ordusunu yeni silahlarla təchiz etməyi düşünürdü. Artıq klassik türdə hərb zamanının bitdiyini bu savaşda anladı. Sisyanovun savaş taktikasını bəyənir, onun silah baxımından üstün olduğunu görürdü. Abbas Mirzə hiss edirdi ki, yeni savaş tekniyi və taktikası haqqında heç bir bilgiyə sahib deyil.
1804-cü ilin yayında Fətəli Şah, Sultaniyə ovalığında oturaq salmışdı. Bu ovalıq çox görünümlü və sevimli bir məkan idi. Təbrizlə Tehranı bir-birinə bağlayan yolun üstündə yerləşir. Sonralar ordu saxlusuna və barınağına çevrilən bu ovalıq öncələr Şahın dincəldiyi və əyləndiyi məkan kimi istifadə edilmişdir. Bəzi Qacar üzrə uzman olanlar da belə düşünürlər ki, get-gedə Azərbaycanda ünlüləşən, sayqı qazanan Abbas Mirzə yavaş-yavaş Fətəli Şahın qayğılanmasına səbəb olduğu üçün Azərbaycana daha yaxın bir məkanda yerləşmək istəyirdi ki, Abbas Mirzənin reformlarından və etdikləri işlərindən dərhal xəbərdar olsun. Sultaniyə ovalığı moğullar zamanında boyük ticarət mərkəzi olan bir şəhər olmuş. Fətəli Şah yenə də bu əski böyük ticarət mərkəzi olan Sultaniyəni öz keçmişinə qovuşdurmaq istəyirdi, lakin olayların axışı buna imkan verməmişdir. Bu illər ərzində Sultaniyə başkənd kimi olmuşdu. Bir çox yabancı elçilər və digər müsafirlər burada ağırlanırdılar.
Fətəli Şah, Qafqaz uğrunda savaşların çox zor olduğu haqda Abbas Mirzədən gələn bilgiləri dəyərləndirdikdən sonra Xorasanda İsmayıl Xan Damğaninin komandanlığında olan süvari ordunun Azərbaycana gəlməsi, Abbas Mirzəyə qatılmasını istədi. Özü də saray adamları, ə´yanları və dövlət ərkanı ilə bərabər Qarabağa yola düşdü.
Savaşlardan yorğun düşmüş Abbas Mirzənin ordusu, yardımçı güc onlara ulaşdıqdan və Şahın gəlişini duyduqdan sonra hərəkətləndi, həyəcana gəldi. Padşah Qarabağa varmadan öncə Abbas Mirzə İrəvanın ətrafında bulunan rus birliklərinə hücum edib, onları tamamı ilə bölgədən uzaqlaşdırdı. Şahın çadırı İrəvan və Üçkilsə arasında uyğun və güvənli bir yerdə quruldu. Padşahın bölgəyə gəlişi durumu dəyişdirmişdi. Bölgə xanları öz hədiyələri ilə Şahın qəbuluna girmək və hörmətlərini bildirmək üçün ad yazdırır, görüş üçün zaman alırdılar. Şahın görüşünə gələn önəmli adamlardan biri də Üçkilsədə məşhur erməni din adamı kimi tanınan Beterk Daod idi. Beterk Daod bütün ermənilərin üzərində mənəvi otoritəyə sahib idi. Beterk, çevrəsini bürüyən cahil insanlara rəğmən oxumuş və bilgili bir insan idi. Bir çox səfərlərdə bulunmuş, Avropada olmuş və tarix konusunda bilgili sayılan birisi idi. Peterk yanındaki keşişlər heyyəti ilə Fətəli Şahla görüşdü. Şah, Peterkdən Avropa ölkələri haqqında bilgilər alır, sorular sorurdu və bu da Peterkin çox xoşuna gəlirdi. Çünkü Şah onun huzuruna gələn kimsə ilə bu qədər danışmamış, kimsəni bu qədər dəyərləndirməmişdi. Fətəli Şah, özəlliklə Fransa və Napoleon Bonopart haqqında daha çox sorular sorurdu. Çünkü Con Molkolm fransızları yırtıcı və vəfasız insanlar olaraq padşaha tanıtmışdı. Ancaq Napoleon Misiri fəth edə bilməsə belə, yenə də onun Avropadaki qələbələri və ünü Fətəli Şahı çox ilgiləndirirdi. Digər tərəfdən də ruslara qarşı bir Avropa ölkəsi ilə ittifağa girməkdən yana idi. Beterkin fransızlar və gənc Napoleon haqqında anlatdıqları Con Molkolmun anlatdıqları ilə uyğun gəlmirdi. Şah Fransa haqqında fərqli və olumlu bilgilər əldə edirdi.11
Abbas Mirzə də çox diqqətlə Peterkin anlatdıqlarına qulaq asırdı. Fətəli Şahın diqqət etmədiyi və ya önəmsəmədiyi bir şey də Şahzadənin diqqətindən yayınmırdı. O da reform məsələsi idi. Gənc Şahzadə Avropadaki reformların mahiyyəti ilə ilgilənirdi. Şahzadə, Fransa haqqında daha ayrıntılı bilgilər əldə etmək üçün sonradan Peterki qəbuluna çağırmışdı. Çünkü Hindistan əmirləri haqqında eşitdikləri xəbərlər də onun üçün maraqlı idi. Abbas Mirzə eşitmişdi ki, Hindistan əmirləri ordularını modernizə etmək üçün fransız albaylarını ölkələrinə dəvət etmişlər. Abbas Mirzənin oğlu Cahangir Mirzə öz xatirələrində atasının ermənilərlə çox xoşgörülü davrandığını, onların inanclarına hörmət etdiyini yazır.12
1804-cü ilin yayı çox böyük hadisələr baş vermədən sona ərdi. Şahın Qarabağda bulunduğu müddətcə baxmayaraq ki, Abbas Mirzə komandan idi, ancaq atasının güvənliyinin tam sağlanması üçün bir əsgər kimi gecələr postlara baş çəkirdi. Qarabağın sərin və sehirli gecələrində bəzən də atası ilə həmsöhbət olmaq üçün fürsət arayır və ağlındaki gerçəkləşdirmək istədəyi reformlarla bağlı atasının nəbzini yoxlamağı başarırdı. Çünkü Tehranda şahın ətrafını sarmış din adamları Abbas Mirzənin Batı yönümlü tutum və davranışını eleştirməyə başlamış və kafirlər kimi davranması konusunda xoşa gəlməyən sözlər söylədilər. Hər tür yeniliyə və dəyişimə qapalı olan Şah isə bu söyləntiləri dinləmiş, ancaq münasibət bildirməmişdi. Din xadimləri və Abbas Mirzənin rəqibi olan qardaşları onun yenilik çağrışdıran hər tür davranışı və Batı yönümlü tutumu ilə bağlı xoşa gəlməyən mizahlar düzəldib, toplumun içində yayırdılar. Onlar Azərbaycandan başlayaraq bütün ölkəni öz otoritəsi və təsiri altına alan Abbas Mirzənin şəxsiyətini aşağılamağa çalışırdılar. Şah ölkədə mənəvi otoritə sahibi olan din adamları ilə hesablaşırdı. Ancaq Şah, evladlarının içində ən çox Abbas Mirzəyə güvənirdi. Abbas Mirzə ağlındaki planlar barədə dərin bilgi vermədən atasının ölkədəki yeniləşmə məsələsinə necə baxdığını öyrənmək istəyirdi.
Abbas Mirzə bəzən də bu qaranlıq və səssiz gecələrdə uzaqlardan, Qarabağın kəndlərindən, örüşlərindən gələn sehirli səslərə uzun-uzun qulaq asırdı. Hansısa bir çobanın söylədiyi nəğmə və ya bir kənd evindən, bir tarladan gələn şərqilərə xüsusi bir zövqlə qulaq asırdı. Hətta gözətçilərinə əmr etmişdi ki, bir Qarabağlı çocuq uzaqlarda şərqi söylərkən yuxuda olsa belə onu oyatsınlar. Abbas Mirzə ətrafındakıları uzaqlaşdıraraq bir qayaya söykənib bu sehirli səslərə qulaq asırdı. Şahzadə bu səslərdən etkilənərək çevrəsindəkilərə bir arzusunu söyləmişdi. O, yardımçılarına “Şuşanı ələ keçirib orada istiqrar sağladıqdan sonra bir musiqi ocağı qurmaq istəyirəm”,13 demişdi. Şahzadənin ruh hallarına təsir edən bu səslər onda sənət haqqında fikir sahibi olma imkanı da yaradacaqdı.
Baharda Qarabağa gələn Şah, yayı burada keçirib, payızda Abbas Mirzə ilə bərabər başkəndə döndü. Bu səfərdə ən böyük qələbə İrəvan məsələsinin həlli olmuşdur. Rus ordusu İrəvanın çevrəsindən uzaqlaşdırılmış, İrəvan hakimi də Padşaha öz vəfadarlığını bildirmişdi. Fətəli Şah başqa xanların endişələnmələrinə səbəb olmasın deyə, İrəvan hakimini görəvindən almağı və İrəvana yeni hakim təyinetmə işini ertələmişdi. Şah bu səfərdə Abbas Mirzənin verdiyi bilgilər işığında anladı ki, Rusiya ilə savaşmaq rahat deyil. Bu şəkildə gedərsə, Gürcüstanı və o bölgələri saxlaya bilməyəcəklər. Bu üzdən də Abbas Mirzənin “Batıdan bir müttəfiq bulalım və bunun üçün ən uyğun olanı Fransadır, çünkü Fransa Rusiya ilə savaşa başlamış” görüşünə olumlu baxırdı. Bu üzdən də Şah məktub yazaraq bir erməni vasitəsi ilə Fransanın İstanbulda yerləşən baş konsulluğuna göndərdi. Şahın Bonoparta yaxınlaşma düşüncəsi ilə eş zamanda Bonopart da Hindistana girmək üçün bu coğrafiyada bir müttəfiq aramaqda idi.
Abbas Mirzə öz reformlarını Azərbaycanda gerçəkləşdirmək üçün Azərbaycan ordusu komutanlığı ilə yetinməməkdə idi. O, həm də bütün Azərbaycanın hakimi olma statusunu da atasından almaq istəyirdi. Bu statusu aldıqdan sonra ilk arzusu Təbrizi onarmaq idi. Şah, oğlunun bu arzusundan xəbərdar idi. Abbas Mirzə İrəvanda olduğu qədər Şahla irtibat qura bilmirdi. Bu dönəmdə 20 yaşında olan Abbas Mirzə artıq yetişkin sərkərdə, diplomat kimi bir karakterə sahib idi. Saraydaki onunla bağlı dedi-qoduları yaxından duyan Abbas Mirzə atasının onun bu istəyi ilə razılaşmayacağı qənaətinə varmışdı. Sarayda hər kəsin özünə məxsus bilgi əldə etmə qaynağı var idi. Abbas Mirzə içini qorxu ilə dolduran bir məlumat əldə etdi. Abbas Mirzəyə xəbər gəldi ki, Şah İrəvana yollanmaqda olan ordunun komandanlığını özü üstlənmək niyyətindədir və Abbas Mirzəni da vəzirlərlə bərabər Tehranda ölkənin yönətiminə buraxmaq istəyir. Abbas Mirzə anladı ki, belə getsə o, Azərbaycandan həmişəlik ayrıla bilər. Azərbaycanla bağlı bütün arzu və istəkləri bərbad olar. Abbas Mirzə ömrü boyunca atasının iradəsinə qarşı çıxmadı. Ancaq anlayanda ki, atası onun üçün Loristanda bir ovçuluq əyləncəsi düzənləmiş içini iztirab sarmağa başladı. Abbas Mirzə din adamlarının və rəqiblərinin atasını etkilədiklərini anlamışdı. Din xadimləri və rəqiblər anlamışdılar ki, Abbas Mirzə məsələsini həll etmək üçün yalnız bircə yol var. O da Abbas Mirzənin bir şəkildə Azərbaycandan ayrılmasıdır. Çünkü Azərbaycandan ayrılan Abbas Mirzənin bütün reform manevrləri də öz-özünə ləğv ediləcəkdir. Abbas Mirzə üçün Azərbaycandan ayrılış ölüm kimi bir şey idi. Çünkü onu bu səviyələrə gətirən Azərbaycan xalqı olmuş və o da Azərbaycana könüldən bağlanmışdı. Azərbaycansız bir əyləncə Abbas Mirzə üçün anlamsız idi. Şahın Abbas Mirzəyə olan məhəbbətində və sevgisində bir dəyişiklik olmamışdı, lakin şah sarayda da nifaq və qarşıdurma istəmirdi.
Qacar sarayının özəl bir süfrə mədəniyəti var idi. Gözəl qadınlar Padşahın yemək işləri ilə məşğul olurdular. Bu qadınlar böyük yemək sarayının özəl xidmətçiləri idilər. Burada Padşah, şahzadələr, digər şah ailəsinə mənsub insanlar və bəzi məhrəm adamlar yemək yeyirdilər. Şahdan bir istəyi olan şahzadələr daima bu anı bəklərdilər ki, arzularını atalarına bildirsinlər.14
Bu şam yeməyinin birində Şah, Abbas Mirzənin çox dalğın və ruhən düşgün göründüyünü hiss etdi. 1805-ci ilin sevimli bahar günlərində Abbas Mirzənin ruhunu saran və onu yorğun göstərən bir şey var idi. Bu durumu həftələr öncə sezmiş olan Şah, sanki bunun səbəbini bilirmiş kimi Abbas Mirzənin dalğınlığı haqda heç nə sormurdu. Lakin o gecə ən çox sevdiyi oğlunun bu qədər dalğınlığı onu bir ata olaraq etkiləməyə başlamışdı və nədən bu qədər dalğın olduğunu sordu. Abbas Mirzə sonsuz bir ədəb və ehtiramla atasının hüzurunda göz yaşları ilə bu sözləri söylədi: “Ata, məni Azərbaycandan ayırmayın lütfən. Məni Azərbaycandan ayıracaqsınızsa, o zaman fərman verin məni öldürsünlər. Çünkü mənim üçün Azərbaycandan ayrı qalmaqla ölümün heç bir fərqi yoxdur. Lütfən məni Azərbaycandan ayırmayın.”15
Abbas Mirzənin bu sədaqəti atasını çox etkilədi. Atasının da gözləri dolmuşdu. Fətəli Şah; “Səni Azərbaycandan ayırmayacağam” dedi. İlk kəz olaraq bu anda Abbas Mirzə atasından bir istəkdə bulundu və “Ata, mənə Azərbaycanın hakimliyini də verin lütfən”-dedi. Şah bütün saray dedi-qodularına rəğmən Abbas Mirzənin sədaqəti qarşısında yenik düşdü və onun bu istəyi ilə də razılaşdı. Beləliklə, Abbas Mirzə həm də Azərbaycanın elbayı oldu.
Bu dönəmdən etibarən Abbas Mirzənin əsl həyatı başladı. Azərbaycan onun evinə dönüşdü. Azərbaycan onun düşüncələrini, istəklərini uyqulamaq (tətbiq etmək) istədiyi mərkəzə dönüşmüşdü. Elə ki, ömrünün sonlarında tale onu başqa yerə, Xorasana apardığında qürbət hissi canını sıxmağa başlayacaqdı. Abbas Mirzə Azərbaycanda ilk öncə hərbi islahatlara başladı.
Şah, baharın sonlarında təkrar Sultaniyəyə, Abbas Mirzə isə yeni görəvləri ilə Qarabağa gəldi. Bu dəfəki səfərində Azərbaycanın digər yerlərini də görsün deyə yolunu Qaradağdan saldı. Xudafərin körpüsündən keçərək Qarabağa vardı. Abbas Mirzə hər şeydən öncə əski İrəvan xanı kimi onu rahatsız edən bir xanla hesablaşmaq fikrində idi. Ruslarla iş birliyi içində olan İbrahim Xəlil Cavanşirin rəftarı onu rahatsız etməkdə idi. İbrahim Xan Qarabağda əsgəri birlik toplayaraq kiçik bir ordu düzəltmiş və ruslardan da yardım istəmişdi. Amma ruslar ona tam dəstək verməmiş, sadəcə neçə yüz eyitilmiş, ancaq qazaq olmayan süvarilərlə onun istəyinə cavab vermişdi. Rusların eyitilmiş əsgəri birliklərinə qazaq deyirdilər. Ancaq rusların qazaqlardan başqa qazaqlar qədər tam eyitilməmiş birlikləri də var idi. İbrahim Xəlil Xan Cavanşirin oğlu bu birliklərin başını çəkirdi. O, Abbas Mirzənin yolunu Xudafərindən keçərkən kəsib və onunla savaşmaq istəyirdi. Abbas Mirzə Xudafərin körpüsündən keçər-keçməz savaş başladı. Ancaq Abbas Mirzə bu zəif ordunu həmən məğlub edib dağıtdı. Bu zəif birlik dağıldıqdan sonra Abbas Mirzə öz ordusunu iki sütun şəklində Şuşaya doğru yönləndirdi. Bu on il sürən savaş sürəsincə və sonralar da bütün savaş yolları Şuşadan keçir və bəzən də Gəncəyə yönəlirdi. Bu savaş da bir irəliləyiş olmadan davam edirdi. Yəni ormanlığın içində pusuya durub və uyğun zamanlarda qarşı tərəfə zərbə endirilirdi.
Gəncliyinin ilk çağlarında hər kəsə rahatca və çox tez inanan Şahzadə yavaş-yavaş etimadsızlıq dərsi öyrənmiş və siyasiləşmişdi. Dərbənd, Quba və Lənkəran xanlıqları vəfadarlıq peymanlarını yeniləyirdilər. Lakin nə zamana qədər? Mustafa Xan Şirvani yenidən ruslara üz tutmuşdu. Baqratiyon şahzadələrinin vəfadarlıqlarına rəğmən Gürcüstanda Rusiya yanlıları güclənməyə başlamışdı. İrəvanın hakimi Məhəmməd Xan təkrar düşmənlə gizlin irtibata girmişdi. Açıqcasına rusların müttəfiqi olan Cəfər Xan Dənbəli vasitəçilik rolunu oynayırdı.
Gəncədə bulunan işğalçı rus ordusunun komandanı Kutlerovski rus ordusunun məğlubiyətini eşitdikdən və Abbas Mirzənin Qarabağın kilid nöqtəsi olan Şuşanı mühasirə etməyə hazırlaşdiğını bildikdən sonra Qarabağdaki rus ordusunun və müttəfiqlərinin yardımına gəldi. Altı gün şiddətlə davam edən bir savaş başladı. Ruslar bir qəbristanlıqda səngər tutmuşdular. Bu savaşda Abbas Mirzənin önəmli komutanlarından biri olan Sadiq Xan Qacar ağır yaralandı. Bir çox Azərbaycan ordusuna mənsub insanlar öldülər ya da yaralandılar. Hər iki tərəf yorulmuş və savaş yavaşımışdı. Bu fürsətdən istifadə edən Kutlerovski ordusunu Tərtərə tərəf çəkməyə başladı. Bu an Gəncəni geri almaq üçün önəmli bir fürsət yaranmışdı. İki il öncə Gəncəni işğal edən ruslar bölgəni yağmalamış və insanları bezdirmişdilər. Bu arada Abbas Mirzənin şöhrəti bütün Azərbaycanda yayılmışdı. Gəncəlilər də onun gəlişini bəkləyir, Abbas Mirzəyə yardımçı olmaq üçün hazır idilər. Abbas Mirzəyə bütün Azərbaycan məzlumlarının hamisi və işğalçılardan intiqam alan bir şəxsiyət kimi baxılırdı. O, bu fürsəti dəyərləndimək amacı ilə Şuşanın muhasirəsini yarımçıq buraxıb Gəncəni ələ keçirmək üçün bu şəhərə tərəf hərəkət etdi. Gəncəyə yaxınlaşdıqca minlərcə rus zülmündən bezmiş kəndlilər Abbas Mirzənin ordusuna qatılmaq üçün can atır, başvuruda bulunurdular. Ancaq Fətəli şah Şuşanın alınmasında israrlı idi. Şahzadə və Şah arasındaki bilgi alış-verişi zamanın itirilməsinə səbəb oldu. Bu fürsətdən yararlanan Kutlerovski yardımçı güc gətirib və güclü topxana oluşdurmağa nail oldu. Fürsət qaçırılmışdı. Abbas Mirzə anladı ki, geri çəkilməkdən başqa çarə yoxdur. Çünkü hərbi sursat olaraq özündən daha güclü olan bir ordu ilə savaşa girmək məğlubiyətdən başqa bir nəticə verməzdi. Bu da xalqın Abbas Mirzəyə olan güvənini zədələrdi. Baxmayaraq ki, Abbas Mirzə ordunun səssizcə geri çəkilməsini əmr etmişdi, ancaq ordunun geri çəkilməsi duyulduqdan sonra dəstə-dəstə insanlar nalə və fəryad edərək Azərbaycan ordusuna tərəf hərəkət etdilər. Abbas Mirzəyə yalvarırdılar ki, onları da özü ilə aparsın və rus ordusunun istilasına buraxmasın. Amma düşmən çox güclü idi və ağır silahlarla donatılmışdı. Abbas Mirzə bilirdi ki, bu insaların istəklərinə dalıb, qalıb savaşacaq olursa, bütün ordunu qırğına verə bilər. Bu üzdən də geri çəkilməkdən başqa bir çarə yox idi. Abbas Mirzə bu geri çəkilmə mərhələsində başqa bir önəmli hadisəyə də tanıq oldu. Bir neçə gün öncə qələbə uğrunda ölümə hazır olan ordusu, geriçəkilmə əmri gəldikdən sonra xəyal qırıqlığına uğramış və ordudan qaçmağa başlamışdılar. Bəzi bölgə xanları da bu geriçəkilmədən istifadə edərək ruslarla açıq şəkildə iş birliyinə girmişdilər. Hətta ordunun içində ihanət edənlər ortaya çıxmağa başlamışdı. İsti temmuz günləri idi. Abbas Mirzə yorğun ordusu ilə bərabər açıq və heç bir ağaclığı olmayan bir yerdə oturaq saldı. İçməsi üçün yenicə içəcək gətirmişdilər ki, qəfildən açılan bir güllə Abbas Mirzənin ayağına isabət etdi. Abbas Mirzənin ayağını sıyırıb keçən güllə ordu da daha da ruh düşgünlüyü yaratdı. Abbas Mirzə təmkinlə ayağını sarıtdıraraq ata minib və ordunun geri çəkilməyə davam etməsini istədi. İrəvandan sonra yolda təhdid ünsürü olaraq bir hadisənin olacağı bəklənməməkdə idi. Şahzadə, qaçqınları Arazın o tərəfinə keçirməklə Pirqulu Xan Qacarı görəvləndirdi. Karvan Gəncənin ətrafını tərk etdikdən üç həftə sonra Xudafərin körpüsünə çatdı. Abbas Mirzə müdafiə sistemini gücləndirmək amacı ilə bir neçə gün İrəvanda qaldı. Sonra da ordusunun Əhərdə oturaq salmasını istədi. Abbas Mirzə geri çəkilirkən İsmayıl Damğanini ordunun önəmli bir bölümü ilə Sisyanovla savaşmağa göndərmişdi. İsmayıl Damğani ani hücumu ilə Sisyanovu Tərtərə tərəf geri püskürtdü. Beləliklə Şuşa və rus ordusundan oluşan hərbi saxlusu (ordunun barındığı geniş yer) çevrədən qopuq şəkildə təcrid durumuna düşdü. Ancaq Kür çayının iki ağaclığında Abbas Mirzəyə vəfadarlığı ilə bilinən Pirqulu Xan az qala Mustafa Xan Şirvaninin tələsinə düşmüşdü. Mustafa Xan Şirvani, Abbas Mirzə geriçəkilmə qərarı aldıqdan sonra açıq şəkildə rusların tərəfinə keçmişdi.
Bu olaylarla eyni zamanda rus hərbi gəmiləri Ənzəlini ələ keçirərək şəhərin sahilində ləngər atırdı. Yalnız bütün Gilan əhalisi silaha sarılaraq ruslarla savaşa başladı. Ruslar burada qalmanın böyük bədəli ola bilər hesabını yapdıqları üçün gəmilərinin yönünü Bakıya tərəf çevirdilər. Abbas Mirzə Bakının düşmən tərəfindən mühasirəyə alındığı və şəhərin qəhrəmanca dirəndiyi xəbərini aldı. Amma bu həssas dönəmlərdə Abbas Mirzə öz islahatlarına başlamışdı. Azərbaycanda tarımın gəlişməsi, şəhərlərin vəziyətinin düzəlməsi üçün heç bir fürsəti nə olursa olsun qaçırmamağa çalışırdı.
Abbas Mirzə rus əsirləri ilə də insan kimi davranılması yönündə əmr verdi. Kəsik rus başı gətirib ödül alma gələnəyini yasaqladı. Bu da belə davranışlara alışmamış bəzi çevrələri şaşırırdı. Abbas Mirzənin bu tür davranışı əsirlərdə ona qarşı sempati oyadırdı. Əsirlər bir diləkçə yazaraq Abbas Mirzənin onların nümayəndələrini qəbul etməsini istədilər. Abbas Mirzə əsirləri təmsil edən heyyəti qəbul etdi. Onlar bu görüşdə Abbas Mirzənin yanında yer alıb, təcrübələrini Azərbaycan ordusuna öyrətmək və ruslara qarşı savaşmaq istəyirdilər. Əslində bu əsirlərin çoxu soy olaraq rus olmayan, ancaq Rusiya istilasında bulunan millətlərə mənsub idilər. Abbas Mirzə onların bu istəklərini qəbul etdi. Beləliklə rus ordusunda təlim almış əsirlərdən bir alay oluşdu. Əsirlərdən oluşan bu alay Abbas Mirzəyə reformlarını ilkin olaraq orduda gerçəkləşdirmək üçün böyük yardımda bulundular. Bu əsirlərin içində Polonyalı, Tatar, gürcü və digər xalqların nümayəndələri də var idi. Bunların çoxu böyük bir vəfadarlıq hissi ilə Abbas Mirzəyə sadiq qaldılar. Hətta onlardan bəziləri ömürlərinin sonuna qədər Abbas Mirzədən ayrılmadılar.
Dostları ilə paylaş: |