Emineh Pakravan Abbas Mirzə Editions Buchet / Chastet (Paris) 1973 İçindəkilər



Yüklə 1,09 Mb.
səhifə6/11
tarix03.02.2017
ölçüsü1,09 Mb.
#7379
1   2   3   4   5   6   7   8   9   10   11

Böyük sınaq
Giriş
Rusiyanın Şərqə doğru genişləmə siyasəti gec-tez Azərbaycan ordusu ilə yeni savaşları başladacaqdı. 1813-cü ildə Rusiyanın üstünlüyü ilə imzalanan Gülüstan antlaşması sadəcə savaşın müvəqqəti olaraq durmasına səbəb oldu. Ancaq 1825-ci ildə bu atəşkəs durumunu bir neçə il də ayaqda tutmaq mümkün idi. Savaşın 10-15 il ertələnməsi Şahzadənin öz reformlarıni Azərbaycanda tam gerçəkləşdirə bilməsi üçün bir şans idi. Bu üzdən də Şahzadə barışdan yana idi. Baxmayaraq ki, Gülüstan antlaşması onun qüruruna toxunmuşdu, lakin yenə də reformlar vasitəsi ilə güclənməyi tərcih etməkdə idi.

1826-cı ildə İmperator Birinci Aleksandrın ölümü ilə barışın davam etməsi üçün uyğun ortam yaranmışdı. İmperatorun gənc qardaşı Birinci Nikolay qanlı dekabr günləri olaraq bilinən böyük çatışmadan sonra iqtidara gəldi. Rusiyanın yeni imperatoru ilk çağlarda savaşdan yana deyildi. Özəlliklə onun iqtidara gəlişi ilə Yermolovun Qafqazdan geri çağrılacağı sanılırdı. Çünkü yeni imperator Yermolovu heç sevmirdi. Hətta ölən imperator zamanında da Yermolov Qafqaza hakim olmasını Arakçeyevə borclu idi. Arakçeyev, Birinci Aleksandra ən yaxın olan dövlət adamı idi.

Lakin zaman keçdikcə savaş qaçınılmaz bir duruma gəlməkdə idi. Həm də elə bir ortamda savaş qoxusu gəlməyə başlamışdı ki, Qacar dövlətinin dünyada heç bir müttəfiqi yox idi.

Böyük sınaq
1824-1825-ci illərdə Abbas Mirzə, Tehranda ona qarşı yönəlmiş müxaliflərin çox gücləndiklərini müşahidə etməkdə idi. Digər tərəfdən, Gülüstan müqaviləsində sınırlar qəti olaraq bəlli edilməmişdi. Göyçayla Ərdəbil arası tampon (neytral) bölgə kimi nəzərdə tutulmuşdu. Bu da Abbas Mirzəni çox narahat edirdi. Şahzadə sınırların bəlli olmasını istəyirdi. Lakin onun bu davranışı öz-özülüyündə daha güclü durumda olan Rusiyanın savaşı başlatması üçün bir bəhanə ola bilərdi. Şahzadə bunun fərqində idi. Abbas Mirzə bilirdi ki, ona qarşı şəxsi kin bəsləyən Qafqaz hakimi ilə müzakirəyə başlamaq çətin məsələdir. Abbas Mirzə Gürcüstana bir heyyət göndərib və Rus seçkinlərindən sınır məsələsini həll etmək üçün sərhədə gəlmələrini istədi. Şahzadənin göndərdiyi heyyət Tiflisdə öncə tərəddüdlə qarşılandı. Bu üzdən də bir neçə həftə heç bir rəsmi şəxslə görüşmədən bəkləmək məcburiyətində qaldı. Şahzadə Rusiyanın bu şəkildə davranacağını öncədən təxmin etmişdi. Lakin heyyətə tapşırıq vermişdi ki, görüşməkdə israrlı olsun. Nəhayət Qafqazın hakimi görüşə izn vermişdi.

Abbas Mirzə Rus rəsmilərinin sınıra gəldiyini duyduğunda öz rəsmilərini də Bağir Xanın başçılığı altında görüş üçün görəvləndirdi. Bağır Xan o zaman Azərbaycanda nizam-intizamdan sorumlu olan bir görəv başında idi. Şahzadə ona çox güvənirdi. O da ömrünün sonuna qədər Şahzadənin bu güvənini doğrultdu. Özəlliklə Rus rəsmilərinin can güvənliyinə Abbas Mirzə çox önəm verirdi. Çünkü Abbas Mirzəni sevməyən hər hansı bir xanın təxribatı iki ölkə arasındaki savaşı tezləşdirə bilərdi. Şahzadə onların can güvənlikləri ilə bağlı çox əndişəli idi. Bu səbəbdən özü də müzakirələrin gedəcəyi yerə yaxın olmaq istəyirdi. Şübhə oyandırmasın deyə Qaradağa ova çıxmağı bəhanə edib və müzakirələrin getdiyi Xudafərinə yaxınlaşdı.

Müzakirələrdən sonra Rus heyyətinə öz hörmətini bildirmək amacı ilə Şahzadə onları şikara dəvət etdi. Abbas Mirzə Qarabağın hakimi General Mədədovu da şikara dəvət etmişdi. Özəl həyatında çox qənaətcil olan Şahzadə yabancı müsafirlərinə çox əliaçıq davranırdı. Abbas Mirzə bütün Rus heyyəti üzvlərinə hədiyələr bağışladı. Rus heyəti Abbas Mirzəni daha güclü sanırdı və onun bu şəkildə barışdan yana olacağına inanmırdılar.

Abbas Mirzənin sülh uğrunda Rus qonaqlarına etdiyi bu xidmətlər Tehran tərəfindən yaxşı qarşılanmırdı. Bu müzakirələrdə dirək Tehrandan gəlmiş və müşahidəçilik görəvini yürüdən heyyət ən çox Abbas Mirzənin rəqibləri cərgəsindən idi. İntriqa uzmanlarından ibarət olan bu heyyət üzvləri Fətəli Şaha şayiə dolu bilgilər göndərdilər.


***
Hər il yay gəldiyində Fətəli Şah böyük ailəsi və bir çox saray adamları ilə bərabər Sultaniyəyə gəlirdi. Artıq iyirmi il idi ki, bu, Sultaniyəyə gəlmə bir gələnəyə dönüşmüşdü. Abbas Mirzə də hər il Sultaniyəyə gəlir və atasının dərbarında bir neçə həftə qalırdı. Şahzadə, başqa ordulardan disiplininə və üstünlüyünə görə fərqlənən öz ordusunu Şahın hüzurunda göstəri yapmaq üçün hazırlamışdı. Şahın ordusu ilə Azərbaycan ordusu yan-yana idi, ancaq bir-birinə qarışmırdı.

1825-ci ilin yayında Abbas Mirzə bir çox şeylərin dəyişdiyini hiss etdi. O, atasına anlatmaq istəyirdi ki, Rusiya ilə savaşa girmək bizə məğlubiyətdən başqa bir şey gətirməyəcək. Lakin Şah iliginç cavablar verirdi. Məsələn deyirdi ki, “sənin reformun budur mu? Cavanların əyninə fərqli paltar geyindirib, gecə-gündüz onlara idman etdirirsən. Adını da qoymusan islahat! Qərbdəki islahatlar da bu şəkildəmi oluşmuşdur? İnanmıram. Bu islahat ki bizə bu günə qədər heç bir şey verməmiş, heç bir müşkülümüzü həll etməmişdir.”

Şahın zehni, oğlunun gətirdiyi dəlilləri anlamaqdan çox uzaq idi. Şahzadə düşmənlərinin onunla atası arasında oluşdurduqları soyuqluğu aradan qaldıra bilmirdi. Atasını anlada bilsin, yanlış düşünməsini önləyə bilsin deyə rəqib qardaşlarının ordularına silah verirdi, onlara da yardım da bulunurdu.

Abbas Mirzə Təbrizə döndüyündə qaçınılmaz bir savaşın eşiyində olduğunu his edirdi. Bu üzdən də onun başkəndi və eləcə də Xoydaki savaş üsləri aktivləşməyə başlamışdı. Topların vəziyətindən tutmuş əsgərlərin özəl durumlarına qədər hər şeyin yoxlanılmasına əmr verdi. Payız gəldiyində isə sınır boyu gəziyə və araşdırmaya, sərhəd qalalarını yoxlamağa çıxdı. Bir daha şikar adı altında hərbi yoxlamasını gizlin saxlaya bildi. Bu yoxlamada böyük oğullarını və çox güvəndiyi bir neçə yaxınını da özü ilə bərabər aparmışdı. Bütün sınır boyunca gəzib yoxlama yaparaq, Osmanlı sərhəddinə yaxın olan Arıklı adında yerdə durdular. Abbas Mirzənin oğlu Cahangir Mirzə yarım əsrdən sonra bu xatirəsini qələmə alacaq və günbatan çağı Ağrı dağının zirvəsinə bərabərcə baxıb zövq aldıqlarını animsatacaqdır. Onlar Ordubadı, Naxcıvanı, Abbasabadı yoxladılar. General Paskeviçin yazdığına görə Abbas Mirzə, Abbasabad qalasını avropalı mühəndislərin təlimati ilə yaptırmışdı. Şahzadə İrəvanın güneyində yerləşən bu qalanı çox önəmsəyirdi. Qalanın qorunma və içəridə su sistemi də özünü müdafiə edə biləcək şəkildə idi. Şahzadə buradaki saxlunun (ordu biriminin) durumunu yoxlayıb, qalanın komutanı Abdulla Xandan bilgi aldı. Durumdan razı olduğunu bildirdi. Sonra da Sərdarabada keçdi.Sərdarabad İrəvan xanı Hüseyn Xan tərəfindən tikilmiş geniş hasarları, möhkəm divarları ilə səciyələnirdi. Bu hasarlar içindəki tarlalarda Bayəziddən və Qarsdan gələn ermənilər tarım işləri ilə uğraşırdılar. Hasarların içində həm də buğda anbarları var idi. Bu anbarlar İrəvan xanına məxsus idi. Sərdarabad İrəvana yaxın məsafədə olduğundan dolayı Şahzadə üçün önəmli strateji anlam daşımırdı. Abbas Mirzə yanındakılarla birgə İrəvana vardı. Bu varış Şahzadə üçün çox çətin idi, çünkü İrəvan hakiminin ondan xoşlanmadığını bilirdi. Ancaq bu mərkəzi də yoxlamaq zorunda idi. Digər tərəfdən, fikirləşirdi ki, bəlkə bir şəkildə bu savaş ərəfəsində İrəvan xanı ilə zahirən də olsa münasibətləri normallaşdıra bilər. Hüseyn Xan Avropadan gələn hər şeyə nifrət edirdi. Abbas Mirzə də Avropa yönümlü olduğu üçün onun bütün reformlarına qarşı idi.

Hüseyn Xan savaşdan yana idi. Savaşın başlaması üçün əlindən gələni edirdi. Cahangir Mirzə açıqca yazır ki, “atamdan eşitdim deyirdi ki, savaşın başlamasının və torpaqlarımızın itirilməsinin səbəbkarı Hüseyn Xan oldu”.

Hüseyn Xan bütün kuralları görməzlikdən gələrək İrəvana gələn Şahzadəni qarşılamaq yerinə xəstəliyini bəhanə edərək Arana istirahətə getmiş və əqrəbalarını qarşılamaya göndərmişdi. Şahzadə bu davranışın açıq bir ihanət olduğunun fərqində idi. Lakin bu kəz də həyatın ona öyrətdiyi səbir və dözümlə məsələni böyütməmək istədi. Böyütməmək istədi, çünkü böyük bir savaş ərəfəsində qarşı durmaları basdırmaq istəyirdi. Savaşın başlanacağını Hüseyn Xan da bilirdi. Heseyn Xan, Abbas Mirzənin savaşdan yana olmadığını da bilirdi. Hüseyn Xan çox şeyi bilirdi və bu üzdən bu şəkildə ədəbsiz davranmağa cəsarət edə bilmişdi.

Şahzadə durumu bir şəkildə düzəltmək zorunda idi. Bu üzdən də Hüseyn Xanla rastlandığında öncə onun əhvalını çox ciddi şəkildə sordu. Sonra da Hüseyn Xanın gözləmədiyi bir mövzudan söz açdı. Abbas Mirzə bu ziyarətin səbəbini bir xeyir iş olaraq açıqladı. Vəliəhd, Hüseyn Xanın qızını qardaşı oğullarından biri olan Mustafaqulu Mirzəyə istədi. Şah soyu ilə qohum olmaq Hüseyn Xan üçün bir imtiyaz idi. Hüseyn Xan bu olaydan çox mutlu olmuşdu. Bu məsələdən sonra Azərbaycanın güvənliyi haqqında danışmağa başladılar.

Şahzadə, Arazdan keçib yanındakılarla bərabər Təbrizə yola düşdü. Təbrizdə Rusiyanın nümayəndəsi Ambruje onun yolunu gözləməkdə idi. Ambruje Rusiyanın konsulundan Şahzadəyə bir məktub gətirmişdi. “Konsul” sözü ilk kəz olaraq eşidilməkdə idi. Konsul məktub vasitəsi ilə Birinci Aleksandrın ölümünü rəsmən Şahzadəyə bildirirdi.

Abbas Mirzə bir neçə ay Xoyda qalmaq qərarına gəldi. Çünkü Azərbaycan ordusunun ən önəmli hissələri Xoyda yerləşirdi. Şahzadənin oğulları bütün bu hərəkətlərdə onunla bərabərdilər. Abbas Mirzə Xoyda hiss etdi ki, oğullarının təhsili üçün diqqətsiz davranmışdır. Bu üzdən Şahzadə, dayısı Əmir Xan Sərdardan, onun çocuqlarına dərs verəcək uyğun birisni tapmasını istədi. Beləliklə Hacı Mirzə Ağası müəllim olaraq Şahzadənin ailəsinə daxil oldu. Bu kişi vasitəsi ilə Abbas Mirzənin çocuqları, xüsusən Məhəmməd Mirzə, cəhalət qaranlığına sürüklənəcəkdi. Bu mövzu üzərinə, yəni şahzadələrin təlim-tərbiyəsi ilə bağlı Cahangir Mirzə “Tarix-e no” (yeni tarix) kitabında bilgi verməkdədir.

Təkrar yay fəsli gəldi. Abbas Mirzə hər zamankından daha tez Şahın xidmətinə çağrıldı.

Artiq əski gələnəklərə xas olan bir törən yox idi. Gözə çarpan, ancaq hərbi hazırlıqlar idi. Şah, imperatorluğun müxtəlif yerlərindəki qəbilələrin də başçılarını çağırmışdı. Bunlar da öz süvariləri ilə sanki gövdə göstərməyə gəlmişdilər. Bütün bu gəlmələr bir intizamsızlıq oluşdurmuşdu. Lakin bütün bu dəstələr geri çəkilib və qara geyinmiş əzadarlılara yol verirdilər. Başkəndin xəbərləri ağızdan-ağıza dolaşırdı. İnsanlar sel kimi Şah Abduləzimin ziyarətinə axın edirdi. Tehranla Şah Abduləzimin arası insan axını ilə dolmuşdu. Şah savaşdan yana tavır qoymağa təhrik edilmişdi, lakin Azərbaycan ordusuna gərəkən yardımı və budcəni ayırmırdı. Azərbaycan ordusunun xərcini təmin etmək ancaq Azərbaycanın öz üzərinə düşürdü. Şahda etimadsızlıq da baş qaldırmışdı. Azərbaycan ordusuna nəzarət edəcək yüksək səviyədə təlim görməmiş bir qrup ayırmışdı. Bu inzibatsız qrup Azərbaycan ordusunun savaş yetənəyini artırmaq yerinə öz yersiz və yetərsiz əməlləri, müdaxilələri ilə azaldırdı. Durumu bu şəkildə görən Abbas Mirzənin xəyalları qaranlıqlara gömülürdü.

Şahın qohumu olan Allahyar Xan, yenicə Asəf-əd Dövlə ləqəbini almış və başvəzir olmuşdu. O da savaşdan yana tutumunu ortaya qoydu.. Onun kimi karakterlər daha çox din xadimlərinin verdikləri fətvalara görə davranırdılar. Din xadimləri fətva vermişdilər ki, savaşa qarşı çıxan kafirdir, dindən çıxmışdır və ölümü caizdir.

Abbas Mirzə atası ilə baş-başa söhbət etmək üçün fürsət əldə edə bilmədi. Abbas Mirzə savaşdan zərərli çıxacaqlarını bilirdi. Şahzadənin dostu Laçın Xan da bu sıralarda onun yanında idi. O da Şahın qəzəbini öz üzərinə çəkdi. Çünkü bu savaşın yersiz olduğunu açıqca söyləməkdən çəkinməmişdi. Şahzadənin ona olan hörmətini bilən saray yetkililəri və reform düşmənləri bilirdilər ki, Laçın Xan əslində Abbas Mirzənin baxışını ifadə etməkdədir.

Bu arada və bu gərgin durumda Şahzadə Mençikovun Tehrana gəldiyini öyrəndi. Tam yetkili olmayan Mençikov Rusiyada iqtidar dəyişikliyi xəbərini rəsmən Şaha duyurmaqla görəvli idi. Yeni iqtidar isə sınırlar mövzusunda müzakirəyə hazır olduğunu bildirirdi. Eyni zamanda Şah üçün böyük hədiyələr göndərilmişdi. Fətəli Şah öncə tərəddüd etdi ki, Rusiya elçisinin Sultaniyəyə gəlməsinə izn versin ya yox. Savaş duyğusu zehinlərdə tam alovlanmışdı. Şah din xadimləri tərəfindən gələn fətvaların təsirində qalmasaydı barışı tərcih edərdi. Savaş küləklərinin əsdiyi bir ortamda Məçikovu necə qəbul etmələri mövzusunda tərəddüd içində qalmışdılar.

Mençikovu qəbuletmə məsələsi həm ilginç, həm də gülünc bir şəklə dönüşmüşdü. Qərara gəlindi ki, orta bir vəziyətdə Mençikovu qəbul etsinlər: Mençikov yabancılara məxsus qarşılama törəni olmadan Şah tərəfindən qəbul edildi. Bu üzdən də Rusiya imperatorunun öz dəst xətti ilə yazılmış məktubu dirək Şahın öz əlinə verə bilmədi. Bu səbəbdən də Şahın onu qəbul etməsi elçi üçün önəmsizləşirdi. Rusiya elçisi vəzirlərlə müzakirə etmək zorunda buraxıldı. Abbas Mirzə bu arada bu məsxərə durum qarşısında gülməmək üçün özünü zorla tuturdu. Abbas Mirzə ilə Mençikovun müzakirələrinə şahid olan Cahangir Mirzə yazır ki, Rus şahzadəsi ən barışcıl davranışlarda bulunmaqda idi. Hətta rus şahzadəsi Abbas Mirzəyə TalışMuğanın tamamən geri qaytarılması və´dində də bulunmuşdu. Ortam get gedə gərginləşirdi. Bu durumu görən şahzadə Mençikov dərhal geri dönub vəziyyəti Moskovaya bildirməyə tələsdi.

İngilis tarixçi Vatson yazır ki, “Mençikovun gətirdiyi bahalı və dəyərli hədiyələr Sultaniyədə qalmışdı. Şah, elçidən dirək olaraq qəbul etmədiyi bu hədiyələri Mençikov getdikdən sonra öz sarayına daşıtdırır ki, sonradan Abbas Mirzə onların dəyərini Rusiyaya öz hesabından ödəyir.”37

Abbas Mirzə də dərhal Təbrizə geri döndü. Artıq savaşın başlanacağına əmin olan Şahzadə, ancaq Azərbaycan ordusunun vəziyətini gözdən keçirməklə məşğul oldu.

Özəlliklə mal-mülkləri Gülüstan antlaşmasından sonra Rusiyanın işğalına məruz qaldığından Təbrizə qaçan xanlar bu savaşın həmən başlamasından yanaydılar. Onlar belə hesab edirdilər ki, Qacar dövləti qalib gələcək və bunlar da öz mülklərinə dönəcəklər. Fətəli Şah tərəfindən təsdiqlənən savaş planında hər bir xan öz dəstələri ilə ruslara qalmış mülkləri doğrultusunda hücuma başlayacaqdı. Bu üzdən də Mirmustafa Xanın oğlu Mirhəsən Xan Ərdəbildən Lənkərana doğru hərəkətə başladı. Söhrab Xan Gürcinin də iki alayı ona yardım amacı ilə görəvləndirildi. Şahzadə Şeyx-ül Məluk iki top alayı ilə Ərakdan Muğana tərəf hərəkət etdi. O, Mustafa Şirvaniyə, Hüseyn Xan və Hacı Xana ilhaq olmalı idi. Mustafa Şirvani, Hüseyn Xan və Hacı Xan Şəki xanının oğullarıydı. Onların da atalarının mülklü ruslar tərəfindən işğal edilmişdi.

Quba, Bakı, Şuşa xanlıqları üçün də bu şəkildə planlar hazırlandı. Sərdar Hüseyn Xan, Aleksandr Mirzə ilə əməkdaşlıq etmək mükəlləfiyətində idi. O, Şorgöl* nahiyəsindən Tiflisə doğru getməli və Ları** qalasında onlarla birləşməli idi.

Abbas Mirzə artıq savaşın qapıda olduğunu görürdü. Lakin din xadimlərinin ordunun içində çığır-bağır salaraq cəhad çağrılarında bulunmaları onu çox rahatsız edirdi. Çünkü bu tür davranış Azərbaycan ordusunun nizam intizamını pozurdu. Abbas Mirzə öz əsgərlərinə və onların eyitim səviyəsinə din xadimlərindən daha çox inanırdı. Şahzadəyə görə din görəvlilərinin bu tür təbliğatları orduda heç bir ruh yüksəkliyi yarada bilmir, tərsinə ordunun disiplinini pozmaqda idi. Şahzadə din xadimlərinin söylədikləri bu boş lafların düşmənin teknolojisinə qarşı təsirsiz olacağı inancında idi. Bu üzdən də Avropalı bir hərbi mütəxsis onun üçün ölkə mollalarının hamısından dəyərli, önəmli idi. Digər tərəfdən, Şahın Azərbaycan ordusuna müdaxilə etməsi Abbas Mirzəni çox incidirdi. Şah, Abbas Mirzəyə qarşı açıq şəkildə düşmənlik edən oğulları; Şeyx-ül Müluk Mirzə və İsmayıl Mirzəni Azərbaycan ordusunun yardımına göndərdi. Abbas Mirzə bilirdi ki, onlar onu kontrol etmək məqsədi ilə göndərilmişlər. Abbas Mirzə bilirdi ki, uzun müddət sarayda ona qarşı edilən intriqalar və fitnələr artıq öz nəticəsini verməkdədir. Azərbaycan ordusu səviyəsində eyitilməmiş bu alaylar yardım yerinə Abbas Mirzənin ordusunun savaş qabiliyətini düşürür və ümumi bir inzibatsızlıq yaratmaqdaydılar. Şah, ölkənin bütün ordularını sınıra yerləşdirib sonra da özü Ərdəbildə savaşın gedişinə nəzarət etmək istəyirdi.

Rusların zülmündən bezmiş işğal edilmiş torpaqların sakinləri öz əski zalım xanlarını gördüklərində sevinir və onları qardaşları kimi bağırlarına basırdılar. Yalnız bu insanların ruslara qarşı hərəkətlənməsi sınır bölgələrində sayları az olan rus ordusunun fərarına səbəb olurdu. Sınır postlar rus əsgərlərindən bu şəkildə boşalmışdı. Lakin bunlar çox rahat əldə edilən cüzi zəfərlər idi. Bu xəbərləri eşidən bir çox xanlarda və Şahda böyük zəfər umudu yaranırdı. Lakin Abbas Mirzə çox əndişəli idi. Çünkü O bilirdi ki, bu zəfərlər savaşsız əldə edilmişdir. Rus ordusunun teknolojik üstünlüyündən xəbərdar idi. Şahzadə savaşın zamansız başlanmasından rahatsız idi. Bu savaş onu zəfərə götürəcək savaşa bənzəmirdi. Çünkü onun orduda və Azərbaycanın ekonomik həyatında gerçəkləşdirmək istədiyi islahatlar yarımçıq qalmış, sonuca varmamışdı.

Abbas Mirzənin iki oğlu Cahangir Mirzə və Bəhram Mirzə də öz alayları ilə bu savaşa qatılacaqdılar. Ruslar özlərini toparlayıb və böyük bir hücuma başladılar. Rusların bu hücumundan hər kəs zərər gördü. Ruslar Araz çayını keçmək istəyirdi, lakin qarşısında Azərbaycan ordusunu görüb güclü dirənişlə rastlanırdı. Bu arada rusların dəqiq top atəşləri Azərbaycan ordusuna və digər alaylara ağır ziyan verməkdə idi.

Rusların ən önəmli gücləri Arazın üç ağaclığında yerləşən Kərsi adında bir yerdə idi. Rusların iki alayı Temmuz ayında kəşfiyat karakterli əməliyata başladı. Onlar bütün Qarabağda partizan savaşları edən birimlərlə qarşılaşacaqlarını sanırdılar, lakin qarşılarında Azərbaycan ordusunu gördülər. Azərbaycan ordusu olduğunu da topların səsindən anladılar. Bu şəkildə səliqəli top savaşı və intizamlı ordu bütün Qacariyədə Azərbaycan ordusuna məxsus idi. Bunlar Abbas Mirzənin ordudaki reformlarının və modernizasiyonunun ürünü idi.

Azərbaycan ordusunun topxanası düşmənin irtibat sistemini pozmuş və arxadan gələn yardımı əngəlləmişdi. Azərbaycan topxanası düşmənin arxa cəbhəsindəki hədəfləri tam isabətlə atəş altına almışdı. Bu da rus piyadələri ilə savaşda üstünlüyün Azərbaycan ordusunda olmasını sağlamaqda idi. Digər şahzadələr də Fətəli Şahın dirək komandanlığı altında müxtəlif yerlərdə savaşa başlamışdılar.

O günkü savaşda Azərbaycan ordusu irəliləməyə başladı. Abbas Mirzə əmr etmişdi ki, əsirlərlə pis davranılmasın. Lakin bir neçə Azərbaycan ordusu mənsubları həyəcana qapılıb rusların başını kəsmişdilər. Abbas Mirzə qəti şəkildə bildirdi ki, bundan sonra kim əsir başı kəsəcək olsa güllələnəcəkdir. Eyni gün min rus əsgəri əsir alındı. Bu savaş uzun sürmədi. Çünkü rus birlikləri də bu tərəflərdə az idi. Bu ərazilər rahat ələ keçirildi. Abbas Mirzə ilk kəz olaraq oğullarını da bu savaşa qatmışdı. Buna görə də sevinirdi. Çünkü onları hər zaman savaşçı olaraq görmək istəmişdi. Eyni gün bir çapar sürətlə Ərdəbilə varıb və Azərbaycan ordusunun irəliləməsi haqda Şaha bilgi verdi. Abbas Mirzə əsirlərlə nə qədər xoş rəftar etsə də, onların Ərdəbilə göndərilməsini əngəlləyə bilmədi. Şah əsirlərin Ərdəbilə göndərilməsini istəmişdi və yenə də onların başları kəsilə bilərdi.

Abbas Mirzə rusların buraxıb qaçdıqları iki qəbzə topu gördüyündə çox sevinmişdı. Mükəmməl imkanı olan bu topların ağzını düşmənə tərəf çevirdilər.

Şahzadənin ordusunun bulunduğu məkana yaxın bir yerdə Hacı Bəylər38 oturmaqda idi. Hacı Bəylər kiçik bir bölgənin xanı idi. Əslində onun sahib olduğu yer İbrahim Xanın oğlu Mehdiqulu Xana mənsub idi. Mehdiquluxan Təbrizə mühacirət etdikdən sonra Hacı Bəylər oranı qəsb etmişdi. Rusların yenilməzliyininə güvənərək mühacir xanların ərazilərini ələ keçirib və ruslarla iş birliyi yapan bu xan Azərbaycan ordusunun qələbəsindən qorxuya düşmüşdü. Özəlliklə də Şeyx-ül Məlukun xidmətində olan Mehdiqulu Xan qardaşları ilə birlikdə öz torpaqlarına geri dönməkdəydilər. Rusların Qarabağdan uzaqlaşmasını görən Hacı Bəylər, Abbas Mirzənin yanında bulunmaq amacı ilə neçə yüz süvarisini Şahzadəyə təqdim etdi. Özəlliklə rus əsir əsgərlərinin Ərdəbilə göndərilməsini öz gözü ilə gördüyü üçün bütün ümidləri suya düşmüş kimi bir halı var idi. Hacı Bəylər, Mehdiquluxanın qarşısında özünü qorumaq üçün biricik qurtuluş yolu kimi Abbas Mirzəyə yaxınlaşmağı görürdü. Abbas Mirzə də Azərbaycan ordusunun ona və verə biləcəyi bilgilərə olan ehtiyacı nəzərə alaraq onunla sərt davranmadı.

Şah, Şuşanın fəth edilməsi üçün əmr vermişdi. Ağaməhəmməd Xanın da bu şəhərdə ölməsi və ya öldürülməsi Şuşanın işğal edilməsi zordur fikrini yaratmışdı. Digər tərəfdən, Qarabağın açarı olan bu şəhərin fəthi Qacar dövləti üçün çox önəm daşımaqda idi. Ancaq geri çəkilən rus ordusununda bu şəhərdə yerləşdiyi xəbəri gəlirdi. Ruslar Şuşanı qorumaq üçün buraya böyük güc sövq etmişdi.

Azərbaycan ordusunun Kərsidəki qələbəsi Şaha çox umutlar təlqin etməyə başlamışdı. Şah qarşıdan gələn qışı Şuşada keçirmək istəyirdi. Lakin Abbas Mirzə başqa tür düşünürdü. O öncə Gəncəyə hücum etmək istəyirdi. 1803-cü ildən etibarən Cavad Xanın məğlubiyətindən sonra rusların əlində olan Gəncədə böyük hərbi güc barınmaqda idi. Şahzadə, Gəncənin ələ keçirilməsi ilə eyni zamanda rusların bölgədə böyük itkiyə və məğlubiyətə məruz qalacağı düşüncəsində idi. Rusiya Gəncədəki hərbi üs vasitəsi ilə bütün bölgələrə yardım göndərə bilirdi. Abbas Mirzə bu şəhəri həmən ələ keçirmək istəyirdi.

Şahzadənin ağlından keçəni öyrənən Hacı Bəylər iki gün boyunca Abbas Mirzəni ikna etməyə çalışdı ki, Şuşanı almaq Gəncəni almaqdan daha rahatdır, indi Şuşanı savunacaq önəmli ordu yoxdur, ilk öncə Şuşanın alınması məsləhətdir deyə söylənib durdu. Hacı Bəylər Şuşa sakinləri ilə də təmasda olduğunu iddia edirdi. Ona görə Şahzadə hücuma başladığında şəhərin içində də ayaqlanma olacaqmış. 39

Şahzadə bir tərəfdən Şahın iradəsi üzərə, digər tərəfdən, çevrəsinin təlqini nədəni ilə öncə Şuşaya hücum etməklə razılaşdı. Ordu Şuşaya doğru hərəkət etdi. Şuşanın mühasirəsinin uzun sürəcəyi düşünüldüyü üçün böyük sursat və ərzaq daşınmaqda idi. Heç şübhəsiz ki, bu hərəkətlilik Şuşada bulunan rus ordusunun gözündən qaçmırdı. Günlər keçdi, ancaq möhkəm qalalarla qorunan bu şəhərdəki ruslardan Azərbaycan ordusuna qarşı heç bir hərəkət və top atəşı görünmədi. Şahzadə Şuşaya hücum etmək üçün tələsmirdi. Düşünürdü ki, Şuşa əhalisinin də daxildə uyğun zamanda ayaqlanması şəhərin fəthini asanlaşdıracaqdır. Bu səbəbdən də dayısı Əmir Xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona qatılacaq olan dayısının başçılığındaki Xoydan gələn ordu ilə bərabər Gəncəyə hücum etməyi planlamışdı. Böyük oğlunu səkkiz min nəfərlik piyadənin sərkərdəsi olan Əmir Xanın yardımçılığına təyin etdi. İki min ordu ilə Şahzadəyə qatılan Mərəndin hakimi Nəzərəli Xana Gəncəyə hücum etmək üçün hazır bəkləməsinə əmr etdi. Ruslardan qalmış doqquz qəbzə topun dərhal təmir edilib işlərliyinin sağlanmasını istədi.

Bu üç kişini önəmli postlara təyin etməsi müxtəlif səbəblər üzündən yaxşı nəticə verməyəcəkdi. Lakin bu sonuçlar haqda Şahzadə öncədən təsbitdə bulunamazdı. Digər tərəfdən, tərcih ediləcək başqa güvəniləcək şəxslər yox idi.

Hacı Bəylərin yaratdığı Şuşa əhalisinin üsyan umudu yavaş-yavaş suya düşürdü. Əhalinin ayaqlanma məsələsindən heç əsər əlamət yox idi. Bu üzdən Şahzadə Şuşanın tam mühasirəsinin gerçəkləşməsi amacıyla şəhərin çevrəsində xəndək qazılmasına əmr etdi. Şeyx-ül Məluk Mirzə, Yusif Topçu, Kəngərli qəbiləsinin rəisi Ehsan Xan cəbhənin müxtəlif yerlərində bu işlərdən sorumlu idilər.

Şahzadənin çevrəsində hər kəs zəfərdən danışırdı. Kərsi savaşından sonra rusların savaşma cəsarəti olmayacağı haqda sözlər dolaşırdı. Mülkləri Rusiyanın istilasında qalmış xanlar bu savaşa daha çox umud bağlamışdılar. Sərdar Hüseyn Xan və İskəndər Gürci birlikdə Qarakilsədə və Başaparanda rusları məğlub edib geri püskürtmüşdülər. Rusların etirafına görə Gürcüstanda hər an ayaqlanma baş verə bilərdi. Lənkəran təkrar fəth edilmişdi. Bakı sularında buğda yükü daşıyan iki gəmi ələ keçirilmişdi. Ancaq Gəncə hər an Şahzadənin fikrini məşğul etməkdə idi. Şahzadə bilirdi ki, Gəncə ələ keçirilməyənə qədər rusların böyük həmlə təhlükəsini gözləmək lazımdır.

Cəbhədə müxtəlif şayiələr gəzirdi. Rusiya imperatoru bu məğlubiyətdən dolayı çox əsəbləşmiş və Yermolovu görəvindən almışdır. Onun yerinə başqa bir general təyin edilmişdir. Təzə Qafqaz hakimi imperatorun barış siyasətindən yana idi.

Bu arada Şuşanın mühasirəsinə aid işlər davam etməkdə idi. Qala divarlarının altında xəndək qazmaq çox çətin idi. Məhərrəm ayının gəlməsi və yas törənlərinin başlaması belə, xəndək qazma işini əngəlləmədi. Bu arada iki din xadimi öz dini təbliğatlarına davam edirdilər. Bunlar Molla Əhməd NəraqiAxund Molla Məhəmməd Muğani idi. Bu iki şəxs əyinlərindəki qara paltarla ordunun içində dolaşıb və cəhad təbliğatı edirdilər. Bu savaşın müsəlmanlarla kafirlər arasında olduğu haqda təbliğat aparırdılar. Ancaq Abbas Mirzə din xadimlərinin bu tür davranışlarından kəsinliklə xoşlanmırdı. O bilirdi ki, bu təbliğatlarla rus topları qarşısında müqavimət göstərmək olmaz. O, dini xurafatın təbliği yerinə batılılaşmağı, Batı teknolojisini mənimsəməyi tərcih edirdi.

Bu sırada çaparlar Başvəzir Allahyar Asəf-əd Dövlənin gəldiyini duyurdular. Başvəzir Damğandan və Simnandan yardımçı güc gətirmişdi. Abbas Mirzə, yaltaqlıqda üstad olan və intriqa uzmanı bu vəzirdən heç xoşlanmırdı. Başvəzirin ona qarşı etdiyi bütün düşmənçilikdən xəbərdar idi. Başvəzir nə savaş taktikasından anlayır, nə də savaşçı idi. Sadəcə onun ən böyük amacı gördükləri işləri ilə şahın rzasını, diqqət və hörmətini qazanmaq idi. Ayağının tozu ilə çatan Başvəzir əsəbləşdi ki, sürətlə davranılmır. Başvəzir düşünürdü ki, tam onun gəlişi sırasında Şuşa ələ keçirilərsə Şahın yanında daha da etibar qazanmış olur. Başvəzirin bu tür davranışına Abbas Mirzə müdaxilə etdi. Hər kəsin gözünün önündə onların münasibətləri pozuldu. Ancaq mühasirə işi get gedə təkmilləşirdi. Sentyabrın (eylülün) ortalarında Şuşaya girmə planlaşdırılmışdı. Ancaq Şəmkirdən gələn məğlubiyət xəbəri çox olumsuz təsir göstərməyə başladı. Bu xəbər Şahzadənin sentyabrın ortasına bəlirlədiyi Şuşaya hücum planını alt-üst etdi. Carçılar ordunun dəyişik yerlərində dolaşıb və hücum gününün dəyişdiyini söyləyirdilər.

Cahangir Mirzə bu xəbəri duyduğunda çaparaq atasının olduğu çadıra gəldi. Abbas Mirzənin çadırı dövlət yetkililəri ilə dolu idi. Asəf-əd Dövlə, Mustovfi-ul Məmalikdən həmlənin gecikməsinin səbəbini sorurdu. Onun bu davranışı Şahzadənin hüzurunda çox yersiz və ədəbsiz hərəkət kimi görünürdü. Şahzadə Məhəmmədəli Mirzənin göndərdiyi məktubu Başvəzir Asəf-əd Dövləyə verib və yüksək səslə oxumasını istədi. Başvəzir məktubu oxuduqca rəngi üzündən qaçır və heyrətini gizlədə bilmirdi. Məhəmməd Mirzə məktubda yazmışdı ki, onun səkkiz minlik ordusu Gəncənin yaxınlığında Şəmkirdə General Mədədovun ordusu ilə savaşa girmişdir. Zaman keçdikcə bu savaşda Məhəmməd Mirzənin məğlub olma xəbəri də Abbas Mirzəyə gəlmişdir. Məhəmməd Mirzənin Şəmsəddinlu çobanlarından aldığı bilgiləri yanlış dəyərləndirməsi onun məğlubiyətinə səbəb olmuşdur. Bəlkə də bu çobanlar ruslar tərəfindən alınmış və onların istədikləri bilgiləri Məhəmməd Mirzəyə vermişdilər. Çobanların dediklərinə görə rusların o bölgədə böyük birimləri olmamış və sadəcə Tiflis ermənilərindən olan kiçik bir alay varmış.

Məhəmməd Mirzə dəyısı Əmir Sərdarla birlikdə bu veriləri doğru dürüst dəyərləndirmədən ordunu Şəmkirə doğru yönəldərlər. Rus ordusunun başında duran General Mədədov anladı ki, onlar bu hesabsız həmlələri ilə böyük xətaya yol vermişlər. Bu üzdən böyük bir hiyləyə əl atdı: əsas ordusunu və topxanasını saxlularda gizlin saxlayaraq kiçik bir bölümü Məhəmməd Mirzənin həmlə etdiyi yerə sövq etdi. Bu savaşda öncə zahirən Qacarların üstün olduqları görünürdü. Məhəmməd Mirzənin əsgərləri zəfərin qazanıldığını zənn edib, özlərini yaralı, əsir rus əsgərlərinin üstünə atıb, onların başlarını kəsib özləri ilə götürürdülər ki, gətirib Şaha verib ödül alsınlar. Bu şəkildə ordunu bir intizamsızlıq sarmış oldu.

Mədədov bu fürsətdən istifadə edərək gizlin qalan ordusuna hücum və toplara atəş əmri verdi. Məhəmməd Mirzənin ordusuna qorxudan vəlvələ düşməyə başladı. Məhəmməd Mirzənin dayısı Əmir Xan top gülləsindən yara alıb öldü. Onun ölümü orduda düş qırıqlığı yaratdı. Məhəmməd Mirzə orduda yaranmış dağınıqlığı nə qədər bərpa etməyə çalışsa da düşmənin güclü top atəşi buna imkan vermirdi. Məhəmməd Mirzə məğlub oldu. Onun topları da təxrib edildi. Şahzadə Məhəmməd Mirzənin özü də az qala əsir düşəcəkdi ki, bir neçə xidmətçisinin hesabına qurtuldu. Şəmkirdəki məğlubiyət Gəncədəki rus ordsunun geniş əməliyata başlamasına imkan yaradırdı.


***
Təhlükəli bir durum yaranmışdı. Abbas Mirzə düşündü ki, Şuşanın mühasirəsini buraxıb və təcili savunma sisteminə keçməlidir. Təcili olaraq toplanan hərbi şurada Şuşanın mühasirəsindən vaz keçilməsi haqda öz dəlillərini ortaya qoydu. Şurada çox gərgin və qəti söhbət edirdi. Onun qətiəti və qərarlılığı, hətta Başvəzir Asəf-əd Dövləni də səssiz qalmağa zorladı. Özəlliklə Şəmkirdə məğlub edilib və intizamı, düzəni pozulan ordunun o şəkildə geri dönüb Şahın gözünə görünüb onu ümidsizliyə uğratmasına da müsaidə etmədi. Şahzadə Şuşanın geri alınacağı ilə ilgili ayrı bir zaman hücuma keçilməsi haqda qətiətlə danışdı. Abbas Mirzənin bu qərarlılığı qarşısında Başvəzir öz nifrətini içində boğaraq səssiz qalmağı tərcih etdi. Xüsusən eşidən də ki, Şah Arazın sahillərinə yaxınlaşmışdır, Başvəzir daha çox narahat olurdu. Çünkü o, Şahdan ayrılıb Şuşaya doğru hərəkət etdiyində Şaha xoş xəbərlərlə dönəcəyini vəd etmişdi. Şuşanın mühasirəsinin gecikdiyini görən Fətəli Şah şəxsən əməliyat mərkəzinə yaxınlaşmaq və əməliyatı kontrol etmək istəmişdi.

Azərbaycan ordusu Gəncəyə doğru irəliləyişində yerli əhalilərin əngəlləmələri ilə rastlandı. Çoxu ermənilərdən olan bu əhalinin heç şübhəsiz ki, öncədən ruslar tərəfindən alınmaları, Şahzadəyə qarşı təxribat ünsürü kimi kullanılmaları söz konusu olmuşdur. Ermənilər ruslar tərəfindən donatılmış silahlarla Şahzadənin ordusuna qarşı savaşmağa başlamışdılar. Bu da ordunun sürətli şəkildə yer dəyişdirməsinə mane olurdu. Lakin bu dəstələri zərərsizləşdirmək Azərbaycan ordusu üçün çətin iş deyildi. Azərbaycan ordusu Gəncəyə doğru irəlilədiyi ərəfədə Şahzadəyə qorxunc bir xəbər gətirdilər: Gəncə qalasını savunmaqla görəvli olan Mərənd hakimi Nəzərəli Xan öz alayını oradan geri çəkib və Şahzadə Məhəmməd Mirzənin ordusu bulunan yerə getmişdir.

Artıq rusların qarşısında duracaq bir alay qalmamışdır. Azərbaycan ordusunun gəlişindən umutlanan Gəncə əhalisi yavaş-yavaş umutsuzluğa düşməkdə idilər. Şəhərin bir çox məhəllələrindən və kəndlərdən insanlar dəstə-dəstə nalə və fəryad edərək Araz çayına doğru, Azərbaycan ordusunun bulunduğu zənn edilən yerlərə qaçırdılar. Nəzərəli Xanın bu ihanəti Abbas Mirzəni çilədən çıxarmışdı. Bu üzdən də dərhal Nəzərəli Xanın onun hüzuruna gətirilməsini əmr etdi. Şahzadə onun rütbələrini alaraq arxası üstə çullu bir eşşəyin üstünə bağlanmasını istədi. Nəzərəli Mirzəni hər yerdə, xüsusən başçısı olduğu öz alayının içində dolaşdırıb və aşağılayırdılar. Eşşəyin başını çəkən adam məsxərə ilə “Şah gəldi” deyə bağırırdı. Sonra da Abbas Mirzə, Nəzərəli Xanı Mərəndə göndərdi. Mərəndə bir məktub yazaraq Nəzərəli Xanın öldürülməsini əmr etdi. Nəzərəli Xan Mərənddə cəlladlar tərəfindən boğulub öldürüldü. Sonradan böyük sınaqda Nəzərəli Xanın oğulları intiqam hissi ilə bəzi işlər görəcəklərdi.

Abbas Mirzənin ordusu Tərtərdə yerləşmişdi. Abbas Mirzə Tərtərdə hərbi Şuranın çağrılmasını istədi. Bu şurada Başvəzir, Qulamhüseyn Xan Sipəhdar, Azərbaycan və digər vilayət ordularına mənsub mənsəb sahibləri iştirak edirdilər. Şahzadə Cahangir Mirzə və Şahzadə Bəhmən Mirzə də bu şuraya qatılmaqdaydılar. Dərhal bir qərara gəlinməli idi. Əldə edilən xəbərlərə görə Rusiyanın yeni Qafqaz hakimi böyük bir ordu ilə əməliyat səhnəsinə yaxınlaşmaqda imiş. Hələ bu yeni Rus komandirinin adı bəlli deyildi. Lakin əsgərlərinə olan üstün münasibəti dildən-dilə düşmüşdü. Qafqazdaki rus əsgərlərinin yeməklərində və geyimlərində yenilik sağlanmışdı. Abbas Mirzə, onun əsgərlərinə verdiyi önəm konusunda bilgi aldığı zaman anladı ki, gerçək bir savaş komutanı ilə qarşı-qarşıyadır. Bu da Şahzadəni dərindən əndişələndirməyə başladı. Hərbi Şurada bir neçə sual öz cavabını axtarırdı. Gəncəyə həmlə edilsin mi? Əgər Gəncəyə həmlə edilər və Gəncəni almaq mümkün olmaz, Qacar orduları məğlub olarsa, o zaman Qarabağdan geri çəkilmək zorunlu olacaqdır. Bəlkə geri dönüb Şuşanın fəthi üçün bütün güclərini səfərbər etsinlər deyə sorular Hərbi Şurada ortaya qoyulur və cavabını arayırdı. Başqa bir yol da var idi və bu yol daha rasional görünürdü. Heç bir hücuma başlamadan möhkəm müdafiə sisteminə keçilməli və düşmənin həmləsini bəkləməli idilər. Digər tərəfdən, bu bəkləmənin yanı sıra partizan savaşları üçün eyitilmiş savaşçılarla düşmənə vur-qaç taktikasını uyqulayaraq onu zəiflətmək də bir çıxış yolu kimi ortaya qoyulurdu. Lakin çoğunluq bu şəkil savaşa qarşı idi. Başvəzir israrla savaşdan yana olduğunu söyləyir və savaş meydanında düşməni məğlub etmək gərəkir deyə basdırıb dururdu.

Abbas Mirzə Avropalı müşavirlərinin söylədiklərini xatırlayırdı. Avropalı danışmanları ona bir neçə kərə söyləmişdilər ki, heç bir zaman Avropa üsuluna yenicə alışdırmaq istədiyin ordunu Avropa sistemi ilə donatılmış, Avropa teknolojisi ilə təchiz edilmiş bir ordu ilə savaşa soxma! Məhəmməd Xan Əmir Şahzadənin zaman qazanma təklifini dəstəkləyirdi. Lakin Hərbi Şuraya belə, nüfuz etmiş onun düşmənləri Şaha yanliş bilgilər verməyə davam etməkdə idilər. Abbas Mirzə bu gedişlə Şah tərəfindən xainlik suçu ilə damğalana bilər qorxusu ilə öz iradəsini Hərbi Şurada tətbiq edə bilmədi. Başvəzirin təklifləri qarşısında Şahzadə təslim olmaq zorunda qaldı. Hərbi Şurada qirx minlik ordu müxtəlif alaylara ayrıldı və hər alayın da komutanları bəlli oldu. Başvəzir Asəf-əd Dövlə Sipəhdarla birlikdə Ərak ordusuna komutanlıq edəcəkdilər. Şahzadə Şeyx-ül Məluk Qaradağ, Mərənd və Mazəndəran alaylarının komutanlığını üstləndi, ona 12 qəbzə də top verildi. Abbas Mirzənin böyük oğlu Məhəmməd Mirzə ən seçkin alaylara komutan təyin edildi. Minbaşılıq rütbəsinə yüksələn İbrahim Xan Bakui 2000 nəfərlik ordu ilə ön cəbhədən hücum edəcəkdi. Bəhmən Mirzə başqa bir alaya fərman verəcəkdi. Bəhmən Mirzənin süvariləri Avşarlardan oluşmaqda idi. Cahangir Mirzə atasının əski dostu Əhməd Xan Müqəddəmin oğulları ilə bərabər Marağa alayını kontrol edəcəkdilər. Əhməd Xanın oğulları minbaşı Cəfərqulu Xan və yenə də minbaşı Hüseyn Xan Paşai Azərbaycan ordusunun ən başarılı komutanlarından idilər. Zillül Sultanın oğlu Məhəmmədhüseyn Mirzə müxtəlif birimlərlə ordunun arxasında zəxirə və dəstək güc kimi qalacaqdı. Bir çox görəvlər paylaşıldı. Həmədan alayının Tüfəngçi birimlərinin komutanlığı Həmədanlı Qaragözlülərə tapşırıldı. Məhəmməd Xan Əmirnizamla Yusif Xan Gürciyə də topxananın komutanlığı verildi.

Abbas Mirzə öz ordusunu Tərtər çayının sahillərindən Gəncəyə tərəf sövq etməyə başladı. Gəncənin iki ağaclığında yerləşdi. Kəşfiyatçı və vur-qaç birimləri rus ordusunun bir ağaclığına qədər yaxınlaşmışdı.

Bu arada Rus ordusunun Qafqaz üzrə hakimi Abbas Mirzə üçün də bəlli olmuşdur. Adının ətrafında miflər dolaşan bu şəxs general Paskeviç idi. Paskeviç Qafqazda Yermolovu əvəz etməkdə idi.

İki ordu bir-birindən 2-3 ağaç məsafədə Gəncə savaş meydanında qarşı-qarşıya idi. Paskeviç möhkəm səngərlər inşa etdirərək ordusunu hər tür qafil hücuma qarşı qoya bilmişdi. Digər yandan rus ordusu yaxşı qidalanır, yaxşı ərzaqla təmin olunurdu. Rus ordusu sükunət içində savaş əmri bəkləməkdə idi. Ancaq bəzi xəbərlər Paskeviçin riyaziyatçı qafasını qarışdırırdı. Məsələn Şəmsəddinlu qəbiləsinin çobanları Paskeviçə İrəvan xanının Çaldır dağlarından keçdiyini söyləmişdilər. Ancaq sürətli araşdırmalar nəticəsində bu xəbərin doğru olmadığı bəlli oldu. Fəqət bu xəbər doğru olsaydı belə, General Paskeviç öz planından vaz keçməyəcəkdi. Çünkü o bilirdi ki, savaşın taleyi Abbas Mirzə ilə olan dirək toqquşmadan asılı olacaqdır. Sentyabr* (Eylül) ayının 12-dən 13-nə keçən gecə ruslara sədaqəti ilə bilinən bir erməni Paskeviçə xəbər gətirdi ki, Şahzadə bu gecə səhərə yaxın hücuma başlayacaqdır. Əcəba bu şəkildə ansızın, qəfilcə həmlə etmək Abbas Mirzəninmı planı olmuş? Yalnız bu şəlikdə bir plan dildən dilə düşməmək şərti ilə məqbul və uğurlu olabilərdi. Sonraki Qacariyə-Rusiya münasibətlərini çox dərindən etkiləyən bu savaşın bir çox yönü bəlirsiz olaraq qalmaqdadır. Yağmurun yağdığı bir gecədə, şumlanmış torpaqlarda ansızın həmlə edib düşməni mühasirəyə almaq mümkünmü idi?

Cahangir Mirzənin verdiyi məlumata görə Abbas Mirzə son anda qərarını dəyişdirmək istəyirmiş. Lakin bu məlumat yetərli deyil və bu yanlış taktiyə bəraət qazandıra bilmir. Bəzi alaylar gecənin qaranlığında yollarını azıb və başqa səmtə tərəf yürümüşlər. Nəm torpaq və zığ irəliləməni əngəlləyirdi. Yolunu azmış bəzi alaylar qarşı-qarşıya gələrək irəliləməni əngəlləyir və bir birinə girərək intizamsızlıq yaradırdı. Gün doğduğunda istiqamətlər bəlli oldu. Yorğun düşmüş əsgərlər atəş yaxıb və özlərini qurutmaq istəyirdilər. Yağmur altında islanmış silahlarını qurutmaq və silmək zorundaydılar.

Rus qərargahında ordunun durumu bambaşqa idi. İsti bir yeməkdən sonra yaxşıca istirahət etmiş əsgərlər təblin səsi ilə meydanda toplaşdılar. Qısa sürədən sonra Şahzadənin də ordusunda təbillərin gurultusu eşidilməyə başlandı.

Rus ordusu iyirmi mindən artiq inzibatlı nəfərə sahib idi. Bunların içində yaxşı təlim görmüş qazaqlar da var idi.

Rus kəşfiyatçıları xəbər gətirdilər ki, Abbas Mirzənin ordusunu görmüşlər. Kəşfiyatçılar hətta Şahzadənin ordusunun sayı haqda da bilgi verdilər. On səkkiz alaydan və hər bir alayın min nəfərdən oluşduğunu qeyd edirdilər. Aralıqlarla üç və ya dörd qəbzə top nəzərdə tutulmuşdu. Arxada ehtiyatda olan yüngül topxanalarla bərabər Şahzadənin özəl qvardiyası yerləşmişdı. Təqribən iyirmi min süvari iki cinahda mövqe tutmuşdu.40

1826-cı il sentyabr ayının 15-ci gününün sabahı idi. Uzun intizardan sonra savaş saat doqquzda başladı. Gəncə savaşında iştirak edən Cahangir Mirzənin söylədiklərini olduğu kimi burada gətiririk:

“Rus ordusunun saldatları və topxanası Qacar orduları ilə qarşı-qarşıya durmuşdu. Qacar dövlətinin rəmzi olan, üzərində günəş və aslan rəsmi olan bayraq Şahzadənin başının üstündə dalğalanırdı. Baş keşikçi Məhəhmməd Əmin Xan Qacar öz nəfərləri ilə Şahzadəni qorumaqla görəvli olduğu üçün ordunun mərkəzində sakin idi. Rus sərdara Abbas Mirzənin bulunduğu yer məlum olmuşdu. Abbas Mirzənin bayraqların altında olduğu Paskeviç tərəfindən təsbit edilmişdi. Bu üzdən də bütün top atışlarını və saldatların hücumunun o mərkəzə doğru olmasını istəmişdi. Bu arada bəlli oldu ki, rus ordusu tutduğu pozisyonu dəyişdirmədən savunma durumunda qalacaqdır. Qacar orduları da ya hücuma keçməli, ya da bəkləməli idi ki, rusların təpkisini öyrənsinlər. Böyük ehtimala görə on gün də Qacar ordusu bəkləyəcək olsaydı, rus ordusu yenə də pozisyonunu dəyişdirməyəcəkdi.



Şahzadə orduya hücum əmri verdi. Savaş və hücum təbilləri və zurna çalındı. Piyadələr öndə yavaş-yavaş ruslara qarşı yürüməyə başladı. Marağa alayının on iki qəbzə topu ordunun mərkəzində hazır durumda idi. Digər on iki qəbzə böyük top Şahzadə ilə Məhəmməd Xan Əmirnizamın dirək əmirləri altında idi. Şahzadədən əmr gəlmədən atış haqları yox idi. İki ordunun bu qədər bir-birinə yaxınlaşmasına rəğmən ruslar tərəfindən heç bir təpki görünməməkdə idi. Abbas Mirzə toplara atış əmri verdi. Topların atışının yanı sıra Mirzə Əli Gəraylının əmrindəki süvarilər hücuma başlayıb və rus süvarilərinin düzənini pozdular. Bu anda rusların da topları atışa başladı. Ruslar Abbas Mirzənin durduğu yeri təsbit edib və bütün mərmilərini o yerə atırdılar. Hədəfləri Şahzadə və ordunun qəlbi olan mərkəzi dağıtmaq idi. Bu zaman Şahzadədən mənə bir əmr gəldi. Bizim alay toplarını sürətlə irəli çəkib və güllələrin ruslara çatacağı yerdə yerləşdirib və dərhal atışa başlamalıydıq. Silahlı piyadələrimizlə ruslarla döş-döşə savaşmalıydıq. Şahzadənin duaçısı olan bu bəndə də alayımla bərabər atlardan enib baş komandirin əmrini uyqulamağa başladıq. Mənim alayım sürətli bir hücuma başlayıb saldatlarla artıq tam üz-üzə silah və süngü savaşına başlamışdı. Rus toplarının güllələri bizim başımızın üstündən keçib Şahzadənin bulunduğu yerə isabət edirdi. Abbas Mirzə bu durumu gördüyündə Asəf-əd Dövlənin ordusunun önündə rusların olmadığını öyrənib və onları köməyə çağırdı. Asəf-əd Dövlə ağır davrandığı və sürətlə özünü yetişdirmək istəmədiyi üçün Şahzadə savaş meydanının sağ tərəfinə çəkilmək zorunda qaldi. Şahzadənin savaş meydanının sağ tərəfinə çəkilməsinə rəğmən rus topxanaları daha sürətli və ardı kəsilməz bir şəkildə ordunun mərkəzini hədəf alaraq atışlarını davam edirdi. Rus toplarının atəşi altında düzənini itirən Avşar və Marağa alayları yavaş yavaş-savaş qabiliyətlərini itirirdilər. Bu vəziyyəti müşahidə edən ruslar ön cəbhədə savaşan əsgərlərə yardım göndərdilər. İki min saldat Marağa topxanasını almaq üçün hücum etdilər. Hamısı birdən “hura” çəkərək Marağa alayını mühasirə etməyə başladılar. Marağa alayı komutanının bir saldat tərəfindən öncə qolları kəsildi və sonra ürəyinə bir güllə sıxılaraq öldürüldü. Sonra da Marağa alayının bayraqdarları hədəf alınaraq öldürüldülər. Qoruyucum mənə xəbər gətirdi ki, arxamızdakı alaylarımız məğlub edilmiş və bizim bu az sayda nəfərlərimizlə savaşmağımızın anlamı yoxdur. Əgər bizim toplarımız da işdən düşsə hamımız ruslar tərəfindən əsir alınacağıq. Mən tabeimdə olan orduya geri çəkilmə əmri verdim. Geri çəkildiyimizdə gördüm ki, arxada olan bütün nəfərlərimiz qaçmışlar. Mənim də atımı xidmətçim minmiş və qaçmışdır. Əgər ilk hücumda rus süvariləri darmadağın edilməsə idi, bu savaşdan bir nəfərimiz belə diri çixmayacaqdıq. Bu savaşda iki qəbzə top düşmənə qalsa da qalanlarını geri çəkə bildik. Şahzadə mənim atımın xidmətçi tərəfindən qaçırıldığını öyrəndiyində iyirmi süvari ilə bir yədək atı mənim ya cənazəmi ya da canımı savaş meydanından qurtarmaq üçün görəvləndirmişdi. Mən bu yədək at vasitəsi ilə özümü savaş meydanından qurtardım. Bir təpənin başında Şahzadə ilə görüşdüm.”41

Cahangir Mirzə dəvam edir ki, təpənin başında rus ordusunun Qacar ordularını təqib etdiyini görürdük. Sanki ovçu ovu təqib edərcəsinə bizimkilər təqib edilirdilər. Ordunu saran umudsuzluq səbəbi ilə fərarların da sayı çoxalmışdı. Bir neçə top gülləsi də qaçanların arxasınca sıxışdırıldı, lakin artıq təqib də durdurulmuşdu.

Şahzadə öz oğulları və məğlub ordusu ilə Araza doğru geri çəkilməyə başladı. Bütün topları savaş meydanından çıxarmağı başarmışdılar, ancaq yolda iki qəbzə top bataqlığa batdı. Şahzadə, Uğurlu Xanın süvarilərinə bu topları bataqlıqdan çıxarmalarına əmr etdi. Gəncə savaşının başlanğıcından beş yüz nəfərlik bir Tatar süvarisi çevrədə dolaşmaqda idi. Hansi tərəf qalib gəlsə idi ona qatılmağı gözləyirdilər. Bu 500 süvari indi məğlub tərəfi təqib etməyə və onlardan bac almaq üçün hücuma başlamışdı. Bilirdilər ki, bu məğlub tərəfdən bir şey əldə edə bilərlər. Bu Tatar süvarilər iki batmış toplarla uğraşan Uğurlu Xan və süvarilərinin əllərini bağlayıb ödül almaq üçün ruslara apardılar.

Abbas Mirzə Arazdan keçdikdən sonra ordunun Bəhramlı adında bir təpədə durmasını istədi. Abbas Mirzə burada ordunu düzənə tabe etmək istəyirdi. Müxtəlif yerlərə qaçmiş əsgərlər də gəlirdilər. Ancaq Şahzadənin sağlığının yerində olmadığı açıqca görünürdü. Ölümcül bir səssizlik Abbas Mirzənin ruhunu və vücudunu sarmışdı. Elə bir durumda idi ki, ordu komutanlarının bir-birləri ilə yüksək səslə nəzakətsiz davranmalarına belə laqeyd idi. Bu ortamda Abbas Mirzə savaşla ilgili bir raport yazıb Şaha göndərdi. Bu raportda mindən artıq ölü və dörd mindən artıq əsir haqqında bilgi verilirdi.

Əsir düşənlərin çoxu Asəf-əd Dövlənin komutanlığında olan Ərak alayından idi. Asəf-əd Dövlə bu alaydan gərəkli məqamda istifadə edəməmiş və savaşın nəticəsini gözləməyə başlamışdı ki, qərarını savaşın gedişinə görə versin. Şahzadənin ordusu isə fərar etməyə başladığı zaman bu alay da qaçmağa çalışaraq dağlıq yolla özlərini Naxcıvana çatdırmağa cəhd etmişdilər. Lakin Mədədov casusları vasitəsi ilə onların fərar istiqamətini öyrənib çoxunu əsir almışdı.
***
Məğlubiyət xəbərini duyan Fətəli Şah Abbas Mirzəni hüzuruna çağırdı. Şahzadə, Bəhramludaki ordunun başçılığını Məhəmməd Xan Əmir Nizama tapşırıb oğulları ilə bərabər neçə yüz nəfərlik güvənlik süvariləri ilə yola düşdü. Asəf-əd Dövlə Süpəhdar da onlarla birgə yollandı.

Yermolov oktyabrin (ekimin) 22-də yazırdı ki, Şah Əhərdədir. Abbas Mirzə, Şahın yanına gedir və dağılmış ordusunu təkrar bir düzənə tabe etməyə çalışır.

Təqribən bir ay Gəncə savaşından keçməkdə idi. Bu müddət ərzində Abbas Mirzənin ordusu isti bir yemək yeməmişdi. Çünkü geri çəkilmə sürəci doğru-dürüst yeməyin hazırlanmasına əngəl olmuşdu. Digər tərəfdən, məğlubiyət duyğusunu yaşayan orduda sıcaq yemək yemə zövqü də yox idi. Lakin Abbas Mirzənin dərdi bunlardan da böyük idi. Rusların istilasına uğrayan bir çox kəndlərin əhalisi çocuqları ilə bir yerdə fərar edirdilər. Onların çoxu, özəlliklə çocuqlar yolda aclarından ölürdü. Şahzadənin gözlərinin önündə insanlar dəstə-dəstə saldatların zülmündən Arazın bu tərəfinə doğru qaçırdı, Azərbaycan ordusunun baş komutanı, Azərbaycan hökmdarı Abbas Mirzədən yardım diləyirdilər. Bir çox kəndlilərin qizları saldatlar tərəfindən təcavüzə məruz qalır və bir çox gənc qizlar da təcavüz qorxusundan özlərini yaxır və ya dəyişik yollarla intihar edirdilər. Bu hadisələri eşidən Şahzadə danışmağa belə söz tapa bilmirdi. Bütün bu olaylar Onu dərindən sarsıdırdı. Azərbaycan ordusundan imdad diləyən bu bədbəxt insanlara Abbas Mirzə yardımçı ola bilmədiyi üçün çox üzülürdü. Şahzadə öz yeməyini də əsgərlərin yeməyi səviyəsinə endirmişdi. Heç bir özəl ov ətini qəbul etmirdi və əsgərlərindən fərqlənmək istəmirdi.

Şah, Ərdəbilə yaxın bir məkan olan Şaməsbi* adında bir yerdə bulunmaqda idi. Şaməsbidə bir hərbi şura düzənləndi və Abbas Mirzənin təkrar Araz sahilinə geri dönməsi qərarlaşdırıldı. Təkrar yeni komutanların təyini üçün yeni qərarlar verildi. Şeyx-ül Məluk Mirzə və Həsən Xan Talış, Xəzər dənizini qorumaqla görəvləndilər. Həsən Xan İrəvanı qorumaqla əmirləndi.

Rus ordusunun bu zəfəri imperatoru həvəsləndirmişdi. Rus İmperatoru Yermolova belə bir məktub yazdı: “İrəvanı ələ keçirmə fürsətini qaçırmamalıyıq. İstər savaş yolu ilə istərsə də İrəvan hakimini para ilə almaq yolu ilə İrəvanı ələ keçirməliyik”. Onlar Sərdar Hüseyn Xanın ruh halını yaxşı bilirdilər. Lakin Hüseyn Xan rusların altun təklifləri qarşısında təslim olmamışdı.

Abbas Mirzə bu savaşı istəməmişdi. Şahzadəyə görə bu savaş doğru zamanlanmamışdır. Bu savaş hərb taktikasından heç bir şey bilməyən, sadəcə cəhad əmri kimi rahat fətva verməyi başaran din xadimlərinin, Şahzadənin rəqiblərinin istəkləri üzərinə baş vermişdi. Sanki onlar bu savaşın məğlubiyətlə sonuclanacağını bilirlərmişcəsinə hərəkət etmişdilər. Savaşa hazırlıq zamanı hər kəs Abbas Mirzənin savaşdan yana olmadığını açıqca görmüş, sezmişdi. Artıq Tehran mollalarının və Abbas Mirzənin düşmənləri kimi davranan şahzadələrin Abbas Mirzə ilə mübarizə etmək üçün əllərinə yaxşı bəhanələr düşmüşdü. Abbas Mirzənin çox güvəndiyi və nisbətən modernləşmiş Azərbaycan ordusunun məğlubiyəti Şahzadənin qardaşlarını və din xadimlərini sevindirməkdə idi. Bu məğlubiyət Abbas Mirzənin reformlarına və Qərbləşmə yönündəki islahatlarına böyük zərbə endirmişdi. Digər tərəfdən, Abbas Mirzə xanların da söylədiklərinin boş lafdan başqa bir şey olmadığını sezdi. Yalnız öz torpaqlarına geri dönmək üçün savaşan bu xanlar rusları güclü gördüklərində bu istəklərindən vaz keçməyə başlamış və bu kəz Fətəli Şaha sadəcə İslam Dünyasının padşahı kimi baxmışdılar. Bəzi xanlara da ruslar tərəfindən öz ərazilərində yerləşdiriləcəkləri konusunda xəbər gəlmişdi. Quba xanı Əhməd Xan, Bakı xanı Hüseynqulu Xan, Şirvan xanı Mustafa Xan öz sübatsızlıqlarını çox tez ortaya qoydular. Lakin məğlubiyət acısı, əldən getmiş torpaqların sevdası, rusların təkrar irəliləmə ehtimalı Şahzadənin iç dünyasında savaş istəyini artırırdı. Ancaq Şahzadə özünü yalnız hiss etməyə başlamışdı. Onun planlı və daha gəlişmiş ordu ilə savaşa başlamasına Tehranın “mənəvi” hakimləri olan mollalar tərəfindən izn verilməyəcəyini hiss edirdi. Fətəli Şah məcburən din xadimlərinin fikirləri ilə bu dəfə daha çox hesablaşmalı idi. Çünkü beləcə bu məğlubiyətin acısını unutmaq üçün onların otoritəsindən yararlana bilərdi. Din xadimlərinin fikrincə məğlubiyətin səbəbi Abbas Mirzənin kafir ölkələrə məxsus olan islahatları Azərbaycanda gerçəkləşdirməsi idi.

Şəki Xanı Hüseyn Xan kiçik bir savaşda ruslar tərəfindən öldürülmüşdü. Onun cibindən Şahzadənin bütün xanlıqlara yazdığı bir məktub çıxmışdı. Şahzadə bu məktubda yazırdı: “Məndən sorursunuz ki, savaşdan əlimi çəkmişəm? Xeyir, savaş mənim üçün hələ bundan belə başlayır.” Gerçəkdən Rusiya Abbas Mirzəni hər zaman böyük bir təhdid ünsürü kimi görürdü. Məğlubiyətdən sonra Rusiya istihbaratının “Abbas Mirzə, Xüdafərin civarında iyirmi beş minlik ordu düzənləmişdir” raportu bu təhdidin açıq örnəyidir.

Ancaq böyük bir ehtimala görə Rusiya Şahzadənin maliyə sıxıntısı haqqında bilgili imiş. Bu bölgənin ağır keçən qışında Azərbaycan ordusunun ehtiyaclarını və yeməyini təmin etmək çətin bir iş idi. Bu üzdən də Şahzadə bir çox piyadə nəfərlərinin evlərinə dönmələrini istədi. Şahzadə onların baharda geri dönəcəklərinə güvənirdi. Yalnız süvarilər vasitəsi ilə hərbi məşqləri davam etmək istəyirdi. Savaşın ağırlığı dolayısıyla Azərbaycan əyalətinin budcəsi boşalmışdı. Abbas Mirzə ordunun azuqəsinin istehsalına nəzarət etmək üçün bir neçə həftəliyinə Təbrizə getdi.

Gəncə və Qarabağdan gələn qaçqınlar kütləsi qida problemini daha da şiddətləndirirdi. Gəncə və Qarabağ kəndləri, demək olar ki, öz sakinlərindən boşalmışdı. Rus adını duyduqlarında kəndlilərin canına qorxu düşürdü. Bəzən də bu qaçqın kütlələr çarəsizlikdən xanların vədlərinə inanıb, onların arxasınca gedirdilər. Abbas Mirzə bir an belə bu qaçqınların durumuna etinasız qalmırdı. Qışın başladığı bir ərəfədə ayaq yalın, əyinlərində yar-yamaqlı köhnə paltarlarla Araz boyunca dağılmış olan bu qaçqınların vəziyəti Abbas Mirzəni çox rahatsız edirdi.

Bütün bu problemlərin ötəsində Abbas Mirzə bir də ailəsindəki müşküllərlə üz-üzə idi. Vəliəhdlik adayı olan böyük oğlu Məhəmməd Mirzə əskidən öyrətməni olmuş yalançı dərviş Hacı Mirzə Ağasının təsirinə düşərək, xürafata sövq edilmişdi. Məhəmməd Mirzə Avropadan gələn hər şeyə nifrət edirdi. Avropadan gələn yeni paltarları öncə suya çəkdirib, qusl verdirib sonra geyinirdi. Dərvişin yönləndirməsi ilə riyazətə çəkilmiş və çox yemək yeməyi ilə bilinən Məhəmməd Mirzə, yalnız çörək və sirkə yeməklə yetinirdi. O, dərvişin etkisi altında qalaraq öncə təsəvvüfi davranışa, sonra da xürafata yönləndirilmişdi. Abbas Mirzə düşünürdü ki, əcəba Məhəmməd Mirzənin vəliəhd və tac-taxtın varisi olması üçün israr etməlidirmi? Digər yandan, Abbas Mirzənin daimi eşi və vəliəhdin anası Şahzadə xanım, Ələsgər Xan vasitəsi ilə Məhəmməd Mirzənin vəliəhd edilməsi haqda bəzi işlər görürdü ki, onun bu işlərinin yaxşı olmayan nəticələrini öndəki səhifələrdə görəcəyik.


***
Abbas Mirzənin qardaşı oğlu Şeyx-ül Məluk, Talış bölgəsində ona tapşırılan postu tərk etmişdi. Özünü tələm-tələsik Tehrana dönməkdə olan Şaha çatdırmaq istəyirdi ki, onu postda saxlamağa çalışan Məhəmməd Xan Qaragözlüdən Ona şikayət etsin. Şah özü də artıq bu məğlubiyətdən sonra savaşdan bezmişdi. Şah buyruq verdi ki, qadinlarından biri olan Nuşafərin Zenganda onun istiqbalına gəlsin.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin