b) Sartr: mütləq azadlıq və mütləq məsuliyyət. Fransız ekzistensializminin ən görkəmli nümayəndəsi Jan-Pol Sartr (1905-1980) olmuşdur. O təkcə filosof kimi deyil, yazıçı, dramaturq kimi də şöhrət qazanmışdır. 1964-cü ildə ona verilmiş Nobel mükafatından imtina etmişdir.
Sartr üçün insan mövcudluğunun fizioloji əsaslarına neqativ münasibət səciyyəvidir. Onun məşhur romanlarından birinin “Ögümə” adlanması da təsadüfi deyil. Romanda XVIII əsrdə yaşamış görkəmli xadimin bioqrafiyasını yazarkən həyatın mənasızlığını anlayan insanın gündəliyi əksini tapır. Ətraf gerçəkliyi dəyişmək gücündə olmadığı üçün o ögümə hissini yaşayır; finalda qəhrəman belə bir nəticəyə gəlir ki, mövcudluğu düşünülmüş etməyin yeganə üsulu yaradıcılıqdır. Bu səbəbdən də o roman yazmalıdır. Sartrın fikrincə yaradıcılıq hansısa mənaya malik olan yeganə məsuliyyətdir. Çünki, məhz yaradıcılıq insanı təbii, maddi varlıqdan yüksəyə qaldırır. Təbiət mürtəce, aqressivdir. İnsan varlığının fizioloji əsasları (biz qida haqqında düşünürük, qidanın həzm olunmasından asılıyıq və s.) insanı alçaldır. Sartr onu insan şəxsiyyətindən mötərizə xaricinə çıxarır. Düşünən mövcudluğunun orqanizminin fizioloji funksiyalarından (bir qayda olaraq qeyri-estetik və alçaldıcı) asılı olması fikri ögümə yaradır. Təbiətin tələblərinə tabe olan insan öz unikallığını itirir. Çünki bütün insanların təbii tələbatları oxşardır. Əgər yalnız fizioloji tələbatlar ardınca qaçarsa bütün insanlar bir-birindən fərqlənməyəcək.
Bütün bununla birlikdə insan dünyada olan hər şeydən fərqlənir, çünki o yalnız təbiətə, fiziologiyaya “gətirilmir”. Esselərinin birində Sartr ekzistensializmin mahiyyətini belə formulə edir: insan üçün “mövcudluq mahiyyətdən öndədir”. Bu nə deməkdir? Kitab, stol, mebel və s. hazırlanmamışdan öncə onların mahiyyəti (Platon bu mahiyyəti ideya, Aristotel isə forma adlandırırdı) bəlli olur. Yəni əşyaların mahiyyəti onların mövcudluğundan öndədir. İnsanda isə hər şey əksinə baş verir: “insan əvvəlcə mövcud olur... dünyaya gəlir və yalnız sonra mahiyyət müəyyənləşir... O sonradan insan olur və yalnız onun öz-özünü yaratdığı qədər insan olur”. Belə çıxır ki, “insan –mamır, kif və ya gül kələm olmaq əvəzinə öz məxsusi həyatını yaşayan niyyətdir”.
Biz özümüz özümüzü yaradırıq. Əgər mövcudluq mahiyyətdən öndə gəlirsə, deməli, insan nə olduğu, hansı şəxsiyyətə çevrildiyi üçün tam məsuliyyət daşıyır. Həm də o təkcə özünə görə məsuliyyət daşımır. O “bütün insanlar üçün məsuliyyət daşıyır”. Nə üçün? Sartrın fikrinə görə hər bir həyati situasiyada insanın necə davranması üçün həmişə seçimi olur. Deməli, bizim bu və ya digər hərəkətə, davranış qaydasını qəbul etməyə məcbur etmiş şəraitə istinad etməyimiz yalnız bəhanədir. Biz azadıq, biz davranışımızı özümüz seçirik, deməli bizimlə baş verən hər şeyə görə məsuliyyət daşıyırıq. Belə çıxır ki, insan təkcə özünü yox, həm də ətraf dünyanı yaradır: çünki o bütün etdiklər və öz həyatı ilə müəyyən dəyərləri “təbliğ edir”.
Ekzistensializmin populyarlaşmasının digər vacib səbəbi bu fəlsəfi cərəyanın azadlığa böyük əhəmiyyət verməsidir. Sartra görə biz həmişə azadıq, azad olmaq isə özün olmaqdır, “insan azad olmağa məhkumdur”. Azadlıq insan üçün təkcə xoşbəxtlik yox, həm də ağır yükdür: bəzən çox asandır ki, hər şeyi sənin əvəzinə həll etsinlər. O zaman seçim edərkən şübhələnməyə və əzab çəkməyə ehtiyac yoxdur. Lakin, əgər insan şəxsiyyətdirsə azadlıq yükünü daşımalıdır. O öz azadlıq yükündən imtina edə bilər, özü özü olmağa son qoyaraq “hamı kimi” ola bilər. Lakin bu ona, özündən təkrarolunmaz fərdiyyət kimi imtina bahasına başa gələ bilər. Sartr özünün, Kantdan fərqli qəti imperativini belə formulə etmişdir: Öz azadlığından faydalan ki, özün ola biləsən.
Dostları ilə paylaş: |