Mövzu №3. Antik dövr fəlsəfəsi.
Antik dövr fəlsəfəsi təqribən min illik dövrü əhatə edib üç böyük mərhələyə bölünür:
I. Sokrataqədərkilər;
II. Klassik dövr (Sokrat, Platon, Aristotel);
III. Ellin-Roma fəlsəfəsi.
I. Sokrataqədərkilər.
1. Milet məktəbi. Fales (təq. m.ö.624-547) Milet məktəbinin banisi və yunanların ilk filosofu hesab olunur. Varlı ailədə doğulmuş, ticarətlə məşğul olarkən dövrün inkişaf etmiş sivilizasiya mərkəzlərinə, o cümlədən Misir, Babilistan və Finikiyaya səfərlər etmiş, müxtəlif sahələrə aid elmi biliklərə yiyələnmişdir.
Fales təlimini ilk baxışda bir az qəribə və bir az da sadəlövh görünən belə bir mühakiməyə gətirmək olar: hər şey sudur (və yaxud, hər şey sudan yaranıb). Lakin Falesin fəlsəfi təlimindən miras qaldığı heç bir şübhə doğurmayan bu mühakiməyə filosof və fəlsəfə tarixçiləri ciddi diqqət yetirmişlər. Belə mühakiməyə gəlmək Falesdən köhnə mifoloji dünyagörüşü ilə dövrün yaşanan sosial inqilabının tələblərinə cavab verəcək yeni elmi təfəkkürün sintezini tələb edirdi.
Falesin ikinci əsas fəlsəfi müddəası belə səslənir: “dünya canlıdır və Allahlarla doludur”. Burada həyat və hərəkətin mənbəyi qismində can haqqında qədim təsəvvürlər əksini tapır. Daş(maqnit) cəzb etdiyi dəmir parçasını hərəkətə gətirir və yaxud özü ona doğru hərəkət edir, deməli daş özü-özünü hərəkətə gətirirsə cana malik olmalıdır. Çünki, can canlılara məxsus olan hərəkətliyin mənbəyidir. Müddəanın ikinci hissəsi ilə bağlı bunları söyləmək olar: o dövrdə geniş yayılmış təsəvvürlərə can hər şeyə qarışıb; ola bilər ki, buradan çıxış edən Fales hesab edib ki, hər şey Allahlarla doludur. Oxşar fikirlərə əsaslanaraq Falesin təlimini bəzən hilozoizm kimi xarakterizə edirlər.
Falesin astronomiya və həndəsə sahəsində də kəşfləri olmuşdur. Verilən məlumatlara görə ili 365 günə bölmüş, kölgənin uzunluğuna görə piramidaların hündürlüyünü ölçmüş, bir sıra həndəsi teoremləri (məs. bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqların bərabərliyi) isbat etmiş, m.ö. 28 may 585-ci ildə günəş tutulmasını öncədən söyləmiş, Yerin disk şəklində olub su üzərində sükunətdə qaldığını iddia etmişdir.
Fəlsəfə tarixində Falesin əsas xidməti, elmdən dünyagörüşü nəticələri çıxararaq mifoloji dünyagörüşü zamanın ruhuna cavab verən fəlsəfəyə çevirməsidir.
Milet məktəbinin ikinci böyük filosofu Anaksimandr (təq. m.ö. 610-546) Falesin dostu və şagirdi olmuşdur. Həyatı haqqında çox az məlumat qalıb. “Təbiət haqqında”, “Yerin təsviri”, “Tərpənməz ulduzlar haqqında”, “Sfera” adlı əsərlər yazmış, lakin onlar dövrümüzə gəlib çatmamışdır. İlk dəfə olaraq fəlsəfi əsəri nəsrlə yazmışdır.
Anaksimandr mürəkkəb naturfəlsəfi sistem yaratmışdır. Bu sistemdə Falesin toxunduğu bir çox problemlər konkret təcəssümünü tapmış, fəlsəfi dünyagörüşü və mücərrəd təfəkkürün inkişafında irəliyə doğru böyük addım atılmışdır. Dünyanı bütöv və vəhdətdə nəzərdən keçirən Anaksimandr bütün mövcudluğun əsası və ilkbaşlanğıcı olaraq konkret fiziki substansiyanı deyil, qeyri-müəyyən və ilk baxışda mücərrəd “hüdudsuzu” –“apeyron”u (άπειρον) götürmüşdür.
Antik dövrdə su, od, hava və torpaq kimi ünsürlərin bir-birinə çevrilməsi haqqında təsəvvürlərə əsaslanmaqla Anaksimandr fərz edə bilərdi ki, çevrilmə prosesində dörd ünsürün hamısı üçün ortaq və onlara eyni dərəcədə xas olan nəsə ümumi var. Çevrilmələri də məhz bu ünsür mümkün edir. İlkmaddənin apeyron olaraq (yəni hüdudsuz) qəbul edlməsi ilk növbədə onun keyfiyyət qeyri –müəyyənliyini, onda hansısa xassə və strukturun olmamasını göstərir. Lakin, apeyron eyni zamanda kəmiyyətcə hüdudsuzdur, sonsuzdur. Simplitsiyə görə, apeyronun kəmiyyətcə sonsuzluğu yaranma prosesinin əsasında duran ilkbaşlanğıcın tükənməməsi ilə əlaqədardır.
Anaksimandr külək, yağış, ildırım və göy gurultusu kimi meteoroloji hadisələrin səbəblərini aşkarlamağa çalışmış, Lakedemonda baş vermiş zəlzələni öncədən söyləmişdir.
Milet üçlüyünün sonuncusu Anaksimen (m.ö.585-528) Anaksimandrın şagirdi və dostu olub. Həyatı haqqında məlumat yox dərəcəsindədir. Anaksimen də sələflərinin ardınca ilkbaşlanğıc probleminin həllinə çalışmışdır. Lakin o, nə suyu, nə də ki, apeyronu qəbul etməmiş, ilkbaşlanğıc olaraq havanı götürmüşdür. Aristotel yazır ki: “Anaksimen ...havanın sudan əvvəl olduğunu təlim edir və onu sadə cisimlərin bütün digər başlanğıclarından üstün edir”. Simplitsi isə Teofrasta əsaslanaraq məlumat verir ki: “...Anaksimenə görə hər şeyin əsasında dayanan vahid və hüdüdsuzdur, lakin buna rəğmən onu qeyri –müəyyən yox, müəyyənlik kimi qəbul edir, onu hava adlandırır. O (yəni hava) əsasında dayandığı şeylərə uyğun olaraq seyrəkləşmə və sıxlaşma dərəcəsinə görə müxtəlif olur. Yəni o seyrəkləşərək od olur; qatılaşaraq külək, sonra bulud olur, daha artıq qatılaşaraq suya, sonra torpağa, daşa çevrilir”.
Havaya ilkbaşlanğıc “statusu” verilməsi, Anaksimenin həyatın mənbəyi olan nəfəsin müşahidəsi nəticəsində də törəyə bilərdi. Belə ki, onun canla hava arasında analogiya aparması da məlumdur. Bu Anaksimenin dövrümüzə gəlib çatmış və ona məxsusluğu şübhə doğurmayan yeganə fraqmentində də əksini tapır: “Hava olan canımızın bizi saxladığına bənzər olaraq, nəfəs və hava da bütün dünyanı əhatə edir”.
Anaksimenin təlimi yunan elmi-nəzəri təfəkkürünün sonrakı inkişafında əhəmiyyətli rol oynamış, onun ideyaları Pifaqor, Anaksaqor, Apolloniyalı Diogen və atomistlərə birbaşa təsir göstərmişdir. Anaksimenin fəlsəfə tarixində əsas xidməti odur ki, O, yaranma prosesinin keyfiyyət aspektini izah edərək, prosesı kəmiyyət dəyişmələrinə müncər etmişdir. Onun konsepsiyasından belə məlum olur ki, kainatın müxtəlif hissələri heç də fərqli şeylərdən əmələ gəlməmiş və bir –birindən yalnız özündə ilkbaşlanğıcdan, yəni, havadan az, və ya çox miqdarda saxlaması ilə fərqlənir.
Dostları ilə paylaş: |