Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə101/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   97   98   99   100   101   102   103   104   ...   187
fəlsəfə mühazirələr.doc 2

2.İrrasionalizm.

a) A.Şopenhauer. Hegelsonrası alman fəlsəfəsinin, o cümlədən irrasionalizmin ən görkəmli nümayəndələrindən biri və heç şübhəsiz ki, birincisi Artur Şopenhauer (1788-1860) olmuşdur. O fəlsəfi sistemini qurarkən Platon və Kanta, bir də Qədim hind fəlsəfəsinə əsaslanmışdır. Şopenhauerin əsas tənqid hədəfi Hegelin fəlsəfi sistemi olmuş, hətta onu “savadsız şarlatan”, “iqtidar sahiblərinin əlaltısı” adlandırmışdır. O, öz fəlsəfi təliminin əsas prinsiplərini otuz yaşında yazdığı “Dünya iradə və təsəvvür kimi” əsərində şərh etmişdir.

Xatırladaq ki, Hegelin fəlsəfi təliminə görə dünyabinasının əsasında zəka dayanır. Bəs onda bizim həyatımızda baş verən bütün hadisələr nə üçün öz zəkasızlığı ilə fərqlənir? – deyə Şopenhauer soruşur. Deməli zəka heç də ilkbaşlanğıc deyil. Məhz buradan çıxış edən Şopenhauer dünyanın əsasında zəka yox, iradənin durduğunu iddia edir. Dünya və həyatda baş verən zəkasızlıq, təsadüfilik, anlaşılmazlıqların səbəbi də budur. İradə isə arzu və instinktlərin, ehtiras və coşqunun, hiss və əhval-ruhiyyənin məcmusudur. İradə həm də təhtəlşüuri motivasiya, hesabatsız canatım, heç kim və heç nəyin nəzarət etmədiyi hərəkətlərdir. Ona nə üçün, nəyə görə, hansı səbəbdən, hansı məqsədlə kimi suallar yaddır. Onun üçün heç bir məqsəd, səbəb, motiv, nəticə və digər hansısa zəkalı əsas yoxdur. İradə üçün yeganə əsas elə öz varlığıdır. Məsələn, günəşə can ataraq mədəni bitkilərin inkişafına maneçilik törədən alaq otu hansısa zəkalı zərurəti əldə dəstəvuz edirmi? Əlbəttə ki, yox. O, yalnız ondakı kor həyat instinktinə, yaxud həyat əzminə söykənir.

Deməli Şopenhauerin ontologiyası –varlıq təlimi iradə haqqında təlimdir. Bu haqda filosof özü belə demişdir: “Mənim fəlsəfəmi bir ifadə ilə formulə etmək olar: dünya –iradənin özünüdərkidir”. Beləliklə, Şopenhauer iradəni mütləqləşdirir, onu dünyəvi proses kimi təfsir edir. İradə yaradıcı kortəbii qüvvənin, “həyat iradəsinin” (və ya “həyat əzminin”) təzahürüdür. Həyat əzmi təkcə canlı vücudlara –insan və heyvanlara yox, həm də üzvi və qeyri-üzvi təbiət hadisələrinə də xasdır.

Şopenhauerə görə Kantın “özündə şey” kimi təsvir etdiyi dünya başqa bir şey olmayıb elə iradədir. İradə həm xüsusi, həm də bütöv olanın özəyi, toxumudur. O təbiətdə fəaliyyətdə olan hər bir kortəbii qüvvədə təzahür edir. Lakin, o həmçinin insanın hər bir düşünülmüş hərəkətində də təzahür edir: birinci və ikincinin arasındakı fərq təzahür edənin mahiyyətində yox, onların təzahür etmə dərəcəsindədir. İradənin hər bir təzahürü digərindən fərqlənir, o bütün formalardan azaddır, səbəbsiz və qeyri-məhduddur.

Şopenhauer iki dünyanı fərqləndirir: səbəbiyyətin hökm sürdüyü hadisələr, təsəvvürlər dünyası; bütün başlanğıc, forma və məhdudiyyətlərdən azad real dünya –iradə dünyası. Fəlsəfənin əsas vəzifəsi də bu iki dünya arasındakı fərqi tədqiq etməkdir.

Şopenhauer fəlsəfəsinin əsas səciyyəvi xüsusiyyəti zəkanın, intellektin dəyərlərinin yenidən dəyərləndirilməsidir. Ona görə zəka, intellekt iradənin göstərişi ilə fəaliyyət göstərir, onun dəyərləri də əsas etibarı ilə iradənin məhsuludur. İnsan ilk növbədə iradəli, yalnız bundan sonra zəkalı, şüurlu, intellektli vücuddur.

Şopenhauer hesab edir ki, idrak ikili ola bilər: mücərrəd, yaxud reflektiv; intuitiv. O, intuitiv idraka üstünlük vermişdir. Fəlsəfənin vəzifəsi isə hadisələrin yox, şeylərin irrasional mahiyyətini dərk etməkdir. Mahiyyəti irrasional olan şeylərin dərki isə yalnız irrasional fəlsəfi intuisiya ilə mümkün ola bilər.

Şopenhauerin etik təlimi isə tam pessimistdir. O ciddi-cəhdlə insanın naqisliyini qeyd edir. Bəşəriyyət tarixi isə ölümcül yaralanmış bioloji növün asta-asta, lakin labüd ölmə prosesidir. Həyata, insana xas şəfqətlilik, faciəvilik qaçılmazdır. İnsanda maksimal əks olunan təhtəlşüuri arzu və istəklər (həyat əzmi), çoxsaylı tələbatlar gündəlik həyatın gerçəkilikləri –eqoizm, kin və aqressivlik, səfehlik, perspektivin yoxluğu və s. ilə toqquşur. İradə isə onların heç birini tam ödəməyə, yəni xoşbəxtliyə qadir deyil.

Şopenhauerə görə əsas etik prinsip, əxlaqın əsası şəfqət hissidir. O eqoizmlə birlikdə insan xarakterini təşkil edir. Eyni zamanda şəfqət insanın ədalət və insansevərlik kimi vacib fəzilətlərinin əsasıdır. İnsan əxlaqının əsasında, şəxsi həyatda asketizm (tərki-dünyalıq), digər insanlara münasibətdə isə altruizm (başqalara təmənnasız qayğı, özünü qurban vermə) dayanmalıdır. Şopenhauer dəyərləri yenidən dəyərləndirməyə məruz qoyaraq cəmiyyətin maddi tərəqqisinin əxlaqını tənqid etmiş, bu tərəqqinin insana baha başa gəldiyini vurğulamışdır.

Yaradıcılığının ilk dövrlərində Şopenhauerin fəlsəfi təlimi müasirləri tərəfindən etiraf edilməmişdir. Yalnız ömrünün son çağlarında, xüsusilə “Dünya iradə və təsəvvür kimi” əsərinin ikinci cildini yazdıqdan sonra böyük şöhrət qazanmışdır. Sonrakı dövrlərdə meydana gəlmiş “həyat fəlsəfəi”, intuitivizm, ekzistensializm kimi fəlsəfi cərəyanlar məhz Şopenhauerin fəlsəfi təlimindən qidalanmışdır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin