Fənn: Azərbaycan tarixi Şöbə: “Tibb bacısı işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 77 MÖVZU 31 Cənubi Azərbaycan 1920-1930-cu illərdə 1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Cənubi Azərbaycan rus qoşunlarının işğalı
altında idi. Çarizmin devrilməsi Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının canlanmasına şərait
yaratdı. Müharibə dövründə baş verən ümumi iqtisadi böhran və əhalinin vəziyyətinin ağırlaşması,
xarici işğalçıların ağalığı və hökumətin ölkəni fəlakətdən xilas etməyə qadir ola bilməməsi İranda, o
cümlədən Cənubi Azərbaycanda xalqın narazılığına, tez-tez baş verən həyəcanlara səbəb olmuşdu.
Cənubi Azərbaycanda əhalinin çıxışlarına əsas siyasi orqan-İran Demokrat Partiyasının (İDP)
əyalət komitəsi istiqamət verirdi. Azərbaycan əyalət komitəsi bu təşkilatın mətbuat orqanı kimi
«Təcəddüd» («Yeniləşmə») qəzetini nəşr etməyə başladı. Qəzetin ilk nömrəsi (fars dilində) 1917-ci il
aprelin-9-da çıxdı.
1917-ci il mayın 1-dən başlayaraq Təbrizdə mitinq və nümayişlər keçirilməyə başladı. 1917-ci il
avqustun 24-də Təbrizdə İDP-nin əyalət komitəsinin konfransı açıldı. 480 nümayəndə iştirak edirdi.
Konfrans Azərbaycan Demokrat Partiyasını (ADP) müstəqil elan etdi. Şeyx Məhəmməd Xiyabani
başda olmaqla onun Mərkəzi Komitəsini seçdi. ADP-nin fəaliyyət dairəsi genişləndi. Astara, Miyanə
və b. şəhərlərdə, kəndlərdə və Bakıda partiyanın təşkilatları yarandı.
1918-ci ilin noyabrında Türkiyə Cənubi Azərbaycanda yerləşdirdiyi 9-cu ordusunu buradan
çıxartdıqdan sonra ingilislər yenidən İranın şimal-qərbini ələ keçirdilər.
1919-cu il avqustun 9-da İranı İngiltərədən tam asılı hala salan saziş bağlanması Cənubi
Azərbaycanda genişlənən milli-azadlıq hərakatının yeni pilləyə qalxmasına təkan verdi. Əyalətdə
ingilis imperialistlərinə və İran hökumətinə qarşı mübarizə şiddətləndi.
1920-ci il aprelin 7-də Təbrizdə üsyan başlandı. Ümumi sayı iki minə yaxın olan süvari və
piyada kazak dəstələrindən başqa Təbrizdəki silahlı qüwələrin hamısı üsyana qoşuldu. Üsyana
rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) yaradıldı. Qiyami və Şeyx Məhəmməd Xiyabani
başçılıq edirdi.
Təbrizdə üsyan qalib gəldi. Hakimiyyət İİH-nin əlinə keçdi. Xiyabani İranın daxilindən və
xaricindən olunan bir sıra hərbi yardım təkliflərini rədd etdi. Müəyyən hadisələr buna səbəb olmuşdu.
Xiyabaninin bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi «çarizmin o biri üzü» adlandırdı.
Xiyabani başda olmaqla hərəkatın əsas tələbi İranı demokratik respublikaya çevirməklə onun
tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. İranın əsas Qanununauyğun
olaraq Əyalət Ənciməni yaradılması haqqında müraciəti Tehran qəbul etmədi. Hakimiyyətin yerlərdə
demokratların əlinə keçməsi ilə iyunun 24-də muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli
Hökumət (MH) yaratdı. Xiyabaninin rəis seçildiyi Milli Hökumət iyunun 24-də mərkəzi dövlət
idarələrinin yerləşdiyi və vəliəhdin iqamətgahı olan binaya-Ala Qapıya köçürüldü.
Yerli icraiyyə orqanı olan Milli Hökumət demokratik respublika qaydalarına əsaslanırdı. Milli
Hökumətin tərkibinə ADP-nin üzvlərindən 20 nəfər daxil idi. Onlar əsasən ticarət burjuaziyasının və
ya bir qismi Xiyabani kimi ticarət burjuaziyası ilə bağlı olan ziyalı təbəqəsinə mənsub idi. MH kənd
təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, hərbi işlər və s. sahələrdə islahatlar və b. tədbirlər həyata
keçirməyə başladı, bu sahələr üzrə idarə və nazirliklər yaratdı. Lakin torpaq məsələsi məhdud şəkildə
həll edildi. Layihədə təkcə dövlət torpaqlarının kəndlilər arasında bölünməsi nəzərdə tutulurdu ki,
onlar da əkin üçün yararlı olan sahənin yalnız 4 faizini təşkil edirdi. Torpağın əsas hissəsi isə
mülkədarların, ruhanilərin və qismən ruhani idarələrinin əlində toplanmışdı.