Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
25
MÖVZU 15.
Çıxan protezlərdə buraxılan səhvlər, onların aradan qaldırılması.
Çıxan lövhəli protezin sınma səbəbləri təmiri.
Çıxan protezin uzun müddət sahibinə xidmət etməsi vacib şərtlərdən biridir. Bunun üçün
protezləmə tələb olunan qaydalara riayət etməklə aparılmalıdır.
Çıxan protezləmədə bir sıra səhvlərə yol verilir ki, bu da gələcək protezin keyfiyyətini azaldır.
Əsasən, həkim və diş texniki tərəfindən olmaqla 2 qrup səhvlər var.
Həkimin buraxdığı səhvlər aşağıdakılardır: ağız boşluğunun protezləməyə hazırlanma
qaydalarının pozulması, protezin konstruksiyasının, fiksasiya növünün düzgün seçilməməsi, okklüziya
xəttinin əyriliyi, ölçünün keyfiyyətsiz olması, ölçü materialının selikli qişanın atrofiya dərəcəsi nəzərə
alınmadan seçilməsi, alveol çıxıntıların və sərt damağın sümük çıxıntılarının izolyasiya qaydalarına
əməl edilməməsi və s.
Protezdən uzun müddət istifadə etməyin mühüm şərtlərindən biri ölçünün keyfiyyətli olmasıdır.
Ölçünün dəqiq olmaması protezin öz yatağına dəqiq oturmamasının və keyfiyyətsiz olmasının
səbəblərindən biridir.
Ölçünün və modelin hər cür korreksiyası protezin öz yatağına uyğun olmamasına, funksional
effektsizliyinə və sınmasına səbəb olur.
Mərkəzi okklüziyanın təyin olunması düzgün aparılmaması da protezin sınmasına şərait yaradır.
Texnikin buraxdığı səhvlər bunlardır: gipslə alınmış ölçünün hissələri düzgün yığılmadıqda,
tutuşdurulmadıqda və yapışdırılmadıqda işçi modelin dəqiq alınmaması, elastiki ölçü materialından
modelin vaxtında tökülməməsi, klammerin protez bazisində düzgün yerləşdirilməməsi və s.
Həm diş texniki, həm də həkim tərəfindən klammerlərin dəfələrlə əyilməsi onun sınmasına səbəb
olur. Protez bazisinin qalınlığının bərabər olmaması da səhv hesab olunur. Bazisin qalınlığını bərabər
modelləşdirmək, lakin təbii dişlər nahiyəsində onun tez-tez sınmasını nəzərə alaraq, burada bazisi bir
qədər qalın etmək lazımdır. Bazisin qalınlığı elə olmalıdır ki, protez kövrək olmasın, elastikliyini
saxlasın, xəstəyə az əziyyət versin, yəni üst çənə də 1,5-2 mm, alt çənə də 2-2,5 mm olmalıdır.
Monomerlə polimer arasındakı nisbətin, eləcə də plastik kütlə xəmirinin yerləşməsi və
polimerizasiya rejimi zamanı onun qarışdırılması zamanı qaydaların pozulması da gələcək protezin
keyfiyyətini azaldır. Mum protez küvetdə sıxıldıqdan sonra dərhal qaynar suya salınarsa və ya 40-50
dəq saxlandıqdan sonra tez soyutmaq üçün soyuq suya salınarsa, belə protezdə xırda məsamələr əmələ
gəlir ki, bu da protezin tez sınmasına səbəb olur. Küveti soyuq suya salıb temperaturu tədricən
qaynama dərəcəsinə çatdırmaq lazımdır.
Protezin struktur möhkəmliyinin saxlanmasında hazır protezin işlənməsi prosesinin də böyük
əhəmiyyəti var. Protezin soyumamış küvetdən çıxarıb işlədikdə və cilaladıqda o, deformasiyaya
uğraya bilər.
Bütün qaydalara riayət etdikdə lövhəli protezlərin vaxtından əvvəl sınmasının qarşısı alınır və
protezin işlədilməsi müddəti artır.
Çıxan protezin sınmasının bir sıra səbəbləri var. Bunlar 5 qrupa bölünür:
1. Bazis materiallarının fiziki-kimyəvi və mexaniki xassələrinin çatışmamazlığı
2. Protez hazırlanmasının müxtəlif mərhələlərində diş texniki tərəfindən buraxılan səhvlər. Bu
səhvlərə ölçü hissələrinin düzgün yapışdırılmaması və qeyri-dəqiq işçi modelin alınması; alveol çıxıntı
və sərt damağın sümük çıxıntılarının düzgün izolyasiya edilməməsi nəticəsində balansın əmələ
gəlməsi, klammerlərin protez bazisində düzgün yerləşdirilməməsi, bazis qalınlığının eyni bərabərdə
olmaması, mumun düzgün əridilməməsi, monomer və polimer münasibətlərinin pozulması, plastmasın
polimerləşdirmə rejiminin və işlənmənin düzgün aparılması aiddir.
3. Həkim tərəfindən müxtəlif mərhələlərdə buraxılan səhvlər - ölçünün düzgün alınmaması,
sümük çıxıntılarının qeyri-dəqiq izolyasiyası, süni dişlərin qapanmasındakı səhvlərin aradan
qaldırılması.
|