Hazır protezin təhvili. Buraxılan səhvlərin təhlili. Hissəvi çıxan protezlərin
mənfi və müsbət cəhətləri.
Protezin təhvili vacib mərhələlərdəndir. Hazır protezi həkim hərtərəfli nəzərdən keçirməlidir.
Gözlə görünən çıxıntılar, nahamarlıqlar aşkar edildikdə, onları ləğv etmək lazımdır. Sonra protez su ilə
yuyaraq ağız boşluğuna daxil edilir. Çox vaxt protezlər təhvil verilən gün çatışmamazlığın olmasını
aşkar etmək mümkün olmur. Həmin gun təkcə protezdəki kobud səhvləri aşkar edib, aradan qaldırmaq
olar. Protezin korreksiyasını isə xəstə ondan bir neçə gün istifadə etdikdən sonra aparmaq lazımdır.
Həkimin buraxdığı səhvlər: ağız boşluğunun protezləməyə hazırlanma qaydalarının pozulması,
protezin konstrursiyasının fiksasiya növünün düzgün seçilməməsi, okklüziya xəttinin əyriliyi, ölçünün
keyfiyyətsiz olması, ölçu materialının selikli qişanın atrofiya dərəcəsi nəzərə alınmadan seçilməsi,
alveol çıxıntıların və sərt damağın sümük çıxıntılarının izolyasiya qaydalarına əməl edilməməsi və s.
Mərkəzi okklüziyanın düzgün təyin olunmaması da protezin funksional effektsizliyinə və sınmasına
səbəb olur.
Texnikin buraxdığı səhvlər: gipslə alınmış ölçünün hissələri düzgün yığılmadıqda,
tutuşdurulmadıqda və yapışdırılmadıqda, işçi modelin dəqiq alınmaması, modelin vaxtında
tökülməməsi (elastik ölçü materialdan), klammerin protez bazisində düzgün yerləşdirilməməsi və s.
Protez bazisinin qalınlığının bərabər olmaması da buraxılan səhvlərdəndir. Bazisin qalınlığı elə
olmalıdır ki, protez kövrək olmasın, elastikliyini saxlasın, xəstəyə əziyyət verməsin, yəni üst çənədə
1,5-2 mm, alt çənədə 2-2,5 mm olmalıdır. Monomer polimerin nisbətinin düzgün götürülməməsi,
polimerizasiya rejiminin pozulması protezin keyfiyyətini azaldır. Mum kompozisiyası dərhal qaynar
suya salınarsa, polimerizasiyadan sonra protez soyuq suya salınarsa protezdə xırda məsamələr əmələ
gəlir, bu da protezin tez sınmasına səbəb olur. Küveti soyuq suya salıb, temperaturu tədricən qaynama
dərəcəsinə catdırmaq lazımdır. Protezin keyfiyyətli olmasi üçün, protezin işlənməsi prosesinə də
böyuk əhəmiyyət vermək lazımdı. Protezi soyumamış çıxarıb işlədikdə və cilaladıqda o,
deformasiyaya uğrayır.
|