Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
69
MÖVZU 15.
Çıxan protezlərdə işlədilən klammerlər və onların növləri haqqında anlayış.
Klammerlərin hazırlanma texnologiyası.
Klammerlər protezi ağız boşluğunda saxlayan və fiksasiya edən ən geniş yayılmış vasitədir.
1. Materialına görə klammerlər bölünür:
- Metal
- Plastmas
- Metal-plastmas
2. Yerləşməsinə görə klammerlər bölünür:
- Diş
- Damaq (pelot)
- Diş-damaq
3. Formasına görə klammerlər bölünür:
- Dairəvi
- Yarımdairəvi
- Lentşəkilli
4. Hazırlanma metoduna görə klammerlər bölünür:
- Ştamplanmış
- Əyilmiş
- Tökmə
5. Funksiyasına görə klammerlər bölünür:
- Tutucu
- Dayaq
- Dayaq-tutucu
6. Diş əhatəsinə görə klammerlər bölünür:
- Birçiyinli
- İkiçiyinli
- İkiqat
- Halqaşəkilli
- Çox şaxəli
- Aşırma
7. Bazisə birləşməsinə görə klammerlər bölünür:
- Stabil
- Labil
- Yarımlabil.
Klammerlər əymə və tökmə metodu ilə xrom-nikel, xrom-kobalt və qızıl-platin ərintilərindən
hazırlanır. Birçiyinli klammer - çiyindən, cisimdən və çıxıntıdan ibarətdir. Bu klammerlərin çiyni
dayaq dişin vestibulyar səthi tərəfdən ekvatorla dişəti arasını əhatə edir. Klammerin çiyni mümkün
qədər çox nöqtədə dişlə təmasda olmalıdır. Sakitlik vəziyyətində dişə təzyiq etməməlidir, çiynin sonu
cilalanmış və dairəvi formalı olmalıdır. Klammerin cismi dişin yan səthində ekvator, diş cərgəsi
deffektinə doğru yönəlmiş olur. Klammer cismi nə qədər çox ifadə olunarsa, o bir o qədər elastik olur
və dayaq dişinə az təsir edir. Klammer çıxıntısı alveol çıxıntısına paralel olaraq, süni dişin altında
protez bazisinə daxil edilir. Bu zaman o, alveol çıxıntının ortasından 1,0-1,5 mm içəriyə doğru yerləşib
klammeri protez bazisinə birləşdirir.
Klammer formalı və krampon kəlbətinlərlə dişin gips modeli üzərində əyilir. Məftilin ucu, yeyə
və ya nadfillə dairəvi forma verilərək hamarlanır. Formalı kəlbətinlə klammerin çiyni elə əyilir ki, o,
dişətinə dəymədən diş boynu xəttini təkrar edərək ekvatorun vestibulyar səthini əhatə etsin. Çeynəmə
səthinə və ya kəsici kənara çataraq, klammer cisminin əvvəlini əmələ gətirən II əyrilik yaradılır. III
əyrilik II əyriliyə nəzərən düz bucaq altında formalaşdırılır və alveol çıxıntının dişsiz sahəsi boyunca
protez bazisində süni dişlərin altına yönəldilir. Əgər standart klammer yoxdursa, çıxıntının ucu çəkiclə
hamarlanır və yeyə ilə üzərində çıxıntılar yaradılır.
|