Bu məqsədlə aşağıdakı işlərin görülməsi vacibdir: 1) Hər bir ölkə müvafiq elmi-tədqiqatlar və "ekoloji büdcəyə" dair beynəlxalq razılaşmalar əsasında qlobal ekoloji prob-lemlərin həllinə öz töhfəsini verməli, birinci növbədə ehtiyat-lara qənaət etmək və tullantısız texnologiyadan istifadə etməli, əhalinin təsərrüfat fəaliyyəti üzərində ekoloji nəzarəti gücləndirməlidir; 2) Insanla təbiət arasındakı qarşılıqlı əlaqənin "münaqişəli" xarakteri onda təzahür edir ki, onun malik olduğu ehtiyatlar iqtisadi və demoqrafik artım üçün nəinki imkan yaradır, həm də ilkin şərait hazırlayır. Indi artımın iqtisadi hüdudları real həqiqətə çevrilmişdir. Çünki bu artım artıq təkrar istehsalı mümkün olmayan (neft, qaz, dəmir filizi və s.) xammal və enerji ehtiyatlarından daha çox istifadə edilməsi hesabına təmin oluna bilməz. Bu isə təbii ehtiyatlardan istifadə edilməsinə yeni, mütərəqqi metodla yanaşılmasını tələb edir; 3) Bəşəriyyətin qarşısında yeni texnoloji mədəniyyət formalaşdırmaq vəzifəsi durur ki, bu da öz mahiyyətinə görə ekologiyanın qorunmasına xidmət etməlidir. Burada tullantısız texnologiyanın köməyilə istehsalla təbiət arasındakı "antaqonizmi" yumşaltaq, sonra isə ləğv etmək və təbii ehtiyatlardan səmərəli istifadə etmək olar. Tullantının olması labüd deyildir, bu yalnız texno-logiyanın təkmil olmamasının nəticəsidir. Hər bir texno-logiyanın tarixcəsini izlədikdə məlum olur ki, onun tətbiqi zamanı meydana çıxan tullantılar gec və ya tez yeni texnoloji proseslərdə qiymətli ilkin materiallara çevrilir. Aydındır ki, bu cür texnologiyanın tətbiqi ilk dövrlərdə əlavə xərc tələb edir və bunlar sonradan ödənilir. Lakin yeni texnologiya olduqca vacibdir və onun tətbiqinə xüsusi diqqət yetirilməlidir.
Bəşər sivilizasiyasının daha da inkişaf etməsi və istehsalın artması enerji və xammal problemindən daha çox asılı olur. Onun kəskinləşməsi təkcə təbii ehtiyatların fiziki cəhətdən məhdud olması ilə deyil, həm də onların mənim-sənilməsində istifadə olunan texniki və iqtisadi şəraitdə baş verən dəyişikliklərlə əlaqədardır. Lakin qlobal problem-lərin iqtisadi aspektləri təkcə son onilliklər ərzində təkrar istehsalı mümkün olmayan faydalı qazıntılardan, xüsusilə də ənənəvi enerji ehtiyatlarından geniş miqyasda istifadə olunması ilə əlaqədar deyildir. Həmçinin yer kürəsində təbii ehtiyatların son dərəcə qeyri-bərabər yerləşməsi ilə məhdud-laşmır. Son dövrlərdə dünya bazarlarında qiymətlərdə, xüsusilə də neftin qiymətində baş verən dəyişikliklər neft istehsal edən ölkələrin bu çox qiymətli sərvətindən intensiv istifadə edilməsinə səbəb olmuşdur.
Energetika problemi həm ekologiya, həm də inkişaf etməkdə olan ölkələrin geriliyinin aradan qaldırılması ilə əlaqədardır. Hazırda hər nəfərə görə enerji istehlakı Afrika ölkələrinə nisbətən inkişaf etmiş ölkələrdə təqribən 80 dəfə çoxdur. Inkişaf etməkdə olan ölkələrdə hər nəfərə görə enerji istehlakını inkişaf etmiş ölkələrin səviyyəsinə çatdır-maq üçün dünyada enerji istehsalını bir neçə dəfə artırmaq lazımdır. Bununla birlikdə inkişaf etmiş ölkələrin özlərinin də enerjiyə olan tələbatının artdığını nəzərə almaq gərəkdir. Bəşəriyyətin bol və ucuz enerji ilə təmin edilməsi vəzifəsi gələcəkdə bütün ölkələrin birgə səyi ilə geniş tədqiqat işləri aparılmasını, habelə yeni enerji mənbələrindən (günəş, geotermal sulardan, dəniz qabarmasından istifadə etməklə alınan enerji və s.) istifadə olunmasını zəruri edir.