Qiymətlərin artım sürətinə görə:
- Mötədil inflyasiya – qiymətlərin orta illik artım tempinin 5-10% olması ilə müşayət olunan qiymətlərin tədricən qalxmasıdır.
- Çaparaq inflyasiya – qiymətlərin orta illik artım tempinin 10-50% olması ilə müşayət olunan qiymətlərin birdən-birə qalxmasıdır.
- Hiperinflyasiya – qiymətlərin artım tempi 100%-dən artıq olduqda, qiymətlərin çox yüksək templə artmasıdır. (BVF hiperinflyasiyanı qiymətlərin ayda 50% qalxması kimi müəyyənləşdirmişdir)
2. Yaranma üsuluna görə:
- İnzibati inflyasiya – qiymətlərin inzibati yolla idarə edilməsindən qalxmasıdır.
- Xərclər inflyasiyası – istehsal faktorlarına, əsasən istehsal resurslarına qiymətlərin qalxması, bunun nəticəsində tədavül və istehsal xərclərinin artması və onlarla birgə istehsal olunan malların qiymətlərinin qalxmasıdır.
- Tələb inflyasiyası – tələbin təklifdən çox olması nəticəsində qiymətlərin qalxmasıdır
- Təklif inflyasiyası – istehsal resurslarının tam istifadə olunmaması şəraitində istehsal xərclərinin qalxması ilə nəticələnən qiymətlərin qalxmasıdır.
- İdxal inflyasiyası – xarici faktorların təsiri nəticəsində; məsələn, ölkəyə həddən çox xarici valyuta axını və import qiymətlərinin qalxması ilə yaranan inflyasiyadır. Belə ki, xaricdən axıb gələn valyuta ölkənin mərkəzi bankı tərəfindən milli valyutaya dəyişdirilir və bu zaman məcburiyyət qarşısında arxasında əmtəə kütləsi olmayan əlavə milli valyuta emissiya edilir.
- Kredit inflyasiyası – hədsiz kredit ekspansiyasının yaratdığı inflyasiyadır. Kredit ekspansiyası dedikdə, uzun və qisamüddətli kreditləşmənin miqyasının genişlənməsindən söhbət gedir.
3. Təzahür formalarına görə:
- Açıq – istehlak mallarının və istehsal resurslarının sərbəst şəkildə qiymətlərinin qalxması ilə yaranan inflyasiyadır.
- Qapalı – dövlətin qiymətləri əvvəlki səviyyədə saxlamaq arzusu ilə müşayət olunan əmtəə qıtlığından yaranan inflyasiya. Bu zaman malların açıq bazardan qapalı bazara keçməsi baş verir ki, burada da qiymətlər aydın məsələdir ki, artır.
İnflyasiyanın təsnifləşdirilməsi sxem şəklində aşağıdakı kimi göstərilə bilər:
Aydın məsələdir ki, inflyasiya dərhal ölkənin iqtisadi və sosial inkişafına öz mənfi təsirini göstərir. İnflyasiya faktorları ilə mübarizə üçün dövlət özünün iqtisadiyyatın dövlət tənzimlənməsinin kompleks tədbirlərini daha dəqiq desək, antiinflyasiya siyasətini həyata keçirir. Bu siyasətin iki istiqaməti mövcuddur ki, onlar aşğıdakılardır:
-
deflyasiya siyasəti;
-
gəlirlər siyasəti.
Deflyasiya siyasəti – bu pul tələbinə qarşı pul-kredit və vergi mexanizmi vasitəsilə, dövlət xərclərinin aşağı salınması, yenidənmaliyyələşdirmə dərəcələrinin qaldırılması, vergi prosesinin təzyiqinin güclənməsi və pul kütləsinin məhdudlaşdırılmasına tərəf yönəldilən bir mexanizmdir. Deflyasiya siyasətinin yerinə yetirilməsinin əsas xüsusiyyəti iqtisadiyyatda böhran hallarının yaranması və iqtisadi artımın ləngiməsidir.
Gəlirlər siyasəti – bu siyasət qiymətlər və əmək haqqlarına qarşı, onların tam doldurulması və yaxud da artırılmasına məhdudiyyətlərin qoyulması ilə baş verən paralel nəzarətdən ibarətdir.
Antiinflyasiya siyasətinin variantlarından istifadə ölkədəki vəziyyət və müəyyən mərhələdəki cəmiyyət qanunauyğunluqlarından asılıdır. Əgər məqsəd iqtisadi artımın qarşısını almaqdırsa bu zaman deflyasiya siyasəti həyata keçirilir. Əksinə, iqtisadi artımı stimullaşdırmaq lazım gəldikdə isə gəlirlər siyasətindən istifadə olunur. Elə hallar da olur ki, inflyasiya ilə mübarizə məqsədilə paralel olaraq hər iki antiinflyasiya siyasətindən istifadə oluna bilər.
İnflyasiyanın təsnifləşdirilməsi
Mötədil inflyasiyası
Qiymətlərin artım sürətinə görə
Çaparaq inflyasiyası
Hiper inflyasiyası
Xərclər inflyasiyası
İnzibati inflyasiya
Tələb inflyasiyası
Yaranma üsuluna görə
Təklif inflyasiyası
Kredit inflyasiyası
İdxal inflyasiyası
Açıq inflyasiyası
Təzahür formalarına
Qapalı inflyasiyası
6. Pul islahatları
Pul tədavülünün inflyasiya proseslərinin vəziyyətindən asılı olan əsas sabitləşmə formaları pul islahatları və antiinflyasiya siyasətidir.
Müharibələrdən sonrakı dövrlərdən iqtisadiyyatın bərpasının əsas üsulu olan pul tədavülünün sabitləşməsi aşağıdakı metodların köməyi ilə həyata keçirilirdi:
- nullifikasiya;
- revalvasiya;
- devalvasiya;
- denominasiya.
Nullifikasiya – güclü surətdə qiymətdən düşmüş pul vahidinin ləğv edilməsi və yeni valyutanın tədavülə buraxılması deməkdir.
Revalvasiya – pul vahidinin əvvəlki qızıl məzmununun bərpa olunması deməkdir. Məsələn, birinci dünya müharibəsindən sonra 1925-1928-ci illərin pul islahatları zamanı İngiltərədə funt sterlinqin müharibədən əvvəlki qızıl məzmunu bərpa olundu.
Devalvasiya – pul vahidinin qızıl məzmununun düşməsi, ikinci dünya müharibəsindən sonra isə milli valyutanın xarici valyutaya nisbətən rəsmi məzənnəsinin və qızıl məzmununun aşağı düşməsidir.
Denominasiya – “sıfırların pozulması” metodudur, daha dəqiq desək, qiymət miqyasının möhkəmlənməsidir. Məsələn, Braziliyada 1988-ci ildə yeridilən yeni pul vahidi əvvəlki 1000 pul vahidi ekvivalentinə bərabər idi. Denominasiya, həmçinin Rusiyada da 1998-ci ildə rublun 1:1000 nisbətində denominasiyası baş vermişdi. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın – manatın denominasiyası həyata keçirilmişdir. Fərmana əsasən yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.
Mövzu 12. Nağd və nağdsız pul hesablaşmaları
P l a n
1. Nağd və nağdsız pul hesablaşmalarının mahiyyəti.
2. Hesablaşma (cari, ssuda) hesabının açılması və tərəflərin öhdəlikləri.
3. Nağdsız hesablaşmaların formaları. Ödəmə tapşırığı ilə hesablaşma və planlı ödəmə.
4. Çeklərlə hesablaşma.
5. Akkreditivlərlə hesablaşma. Planlı ödəmə.
6. Ödəmə tələbnaməsi (aksept).
ƏDƏBİYYAT
1. R.M.Rzayevin redaktorluğu ilə. Pul kredit və banklar, Bakı-2000.
1. Nağd və nağdsız pul hesablaşmalarının mahiyyəti.
İstehsal prosesini həyata keçirən hər bir müəssisə müvafiq müəssisə və təşkilatlarla arası kəsilməz əlaqədə olur. Onlar mal material qiymətliləri əldə edir, istehsal etdiyi məhsulu reallaşdırır, fəhlə və qulluqçulara əmək haqqı verir, büdcəyə ödəmələri həyata keçirir, kreditdən istifadə edir və onu geri qaytarır. Bütün bu proseslər pul hesablaşmaları vasitəsilə və ya bilavasitə pulun iştirakı ilə həyata keçirilir.
Dövlətin, müəssisə və təşkilatların əhali ilə hesablaşmaları, əhali qrupları arasındakı hesablaşmalar, müəssisə və təşkilatlar arasındakı hesablaşmaların bir qismi nağdı pulların iştirakı ilə yəni nağd qaydada aparılır. Nağdsız hesablaşmaların inkişafı pul tədavülü üçün böyük əhəmiyyət kəsb edir, belə ki, nağdsız hesablaşmaların əsas məqsədi ödəmə dövriyyəsində nəğdi pulu əvəz etməkdir. Nağdsız hesablaşmalar pul vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsinə kömək edir, material fondlarının hərəkətinə nəzarəti təmin edir, tədavüldə olan pulların həcminin azalmasına, pul tədavülü xərclərinin aşağı salınmasına, müvəqqəti sərbəst pul vəsaitlərinin banklarda cəmləşməsinə və onlardan kredit resursları kimi istifadəyə şərait yaradır.
Nağdsız hesablaşmalar sisteminin qarşısına qoyulan tələblər hesablaşmaların müəyyən prinsiplər əsasında aparılmasını tələb edir.
Nağdsız hesablaşmalar əsasən aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
1. Bütün müəssisə və təşkilatlar özlərinin pul vəsaitlərini əsasən onlar üçün bankda açılmış hesablarda saxlamalıdırlar və nağdsız hesablaşmalar həmin hesab vasitəsi ilə aparılmalıdır.
2. Hesablardan ödənişlər hesab sahibinin razılığı və ya sərəncamı ilə onun müəyyən etdiyi növbəlilik əsasında hesabdakı vəsait müqabilində aparılmalıdır. Bu zaman ödənişlərin ləngidilməsinə imkan verilməməlidir.
3. Nağdsız hesablaşmalar tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş formalarda aparılmalıdır və s.
2. Hesablaşma (cari, ssuda) hesabının açılması və tərəflərin öhdəlikləri.
Pul vəsaitlərinin saxlanılması və onlar vasitəsi ilə nağdsız hesablaşmaların aparılması üçün bankda müəssisə və təşkilatlara hesablaşma hesabı və ya cari hesab açılır.
Mülkiyyət formasından asılı olmayaraq kommersiya fəaliyyəti ilə məşğul olub, hüquqi şəxs statusuna malik olan müəssisə və təşkilatlara hesablaşma hesabı açılır. Hesablaşma hesabı olan müəssisə və təşkilat hüquqi şəxs hesab edilərək bütün ödənişlərin ödənilməsində iştirak edərək, bank ilə sərbəst kredit münasibətinə girmək hüququna malikdir.
Kommersiya fəaliyyəti ilə məşğul olmayan müəssisə və təşkilatlara bankda cari hesab açılır. Hesablaşma hesabı və cari hesabda müəssisəyə məxsus olan xüsusi vəsaitlər saxlanılır. Cari hesab sahibi hesablaşma hesab sahibinə nisbətən vəsaitdən məhdud çərçivədə, yəni smeta daxilində istifadə edə bilər. Borc vəsaitlərinin uçotunu aparmaq üçün bank, bankdan borc almaq hüququna malik olan müəssisələrə ssuda hesabları açır.
Hesablaşma hesabı və cari hesabın açılma qaydası Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti” haqqında qanunla müəyyənləşdirilmişdir.
Hesablaşma hesabının açılması üçün kommersiya bankına aşağıdakı sənədlər təqdim edilməlidir:
- müəyyən olunmuş formada ərizə;
- müəssisənin dövlət qeydiyyatından keçməsi haqda sənəd;
- müəssisənin yaradılması haqda təsis müqaviləsi;
- nizamnamənin surəti;
- müəssisə direktorunun səlahiyyətini təsdiq edən sənəd;
- müəssisənin baş mühasibinin səlahiyyətini təsdiq edən sənəd;
- birinci vəzifəli şəxslərin imzaları və müəssisənin möhür nümunəsi olan iki kartoçka;
- vergilər idarəsinin müəssisəni vergiyə cəlb etmək üçün uçota qəbul edilməsi haqda arayış;
- müəssisənin DSMF-də uçota götürülməsi haqda arayış;
- statistika orqanlarının qeydiyyat kartoçkası.
Hesablaşma hesabından ödənişlər hesablaşma prinsiplərinə uyğun olaraq hesab sahibinin sərəncamı və ya razılığı ilə hesabdakı sərbəst pul vəsaiti müqabilində aparılır.
Hesablaşma hesabının açılması hesablaşma-kassa xidməti haqqında bank ilə müştəri arasında müqavilə imzalamaq deməkdir. Bu zaman bank müştəriyə kompleks kassa hesablaşma xidməti göstərməsi haqda öhdəçilik qəbul edir. Bank hesablaşmalarının aparılması, pul və hesablaşma çeklərinin verilməsi, şəxsi hesablardan çıxarışın verilməsi; müştərinin hesabına daxil olan bütün pul vəsaitlərinin qorunub saxlanması; müştərinin ilkin tələbi əsasında pulların verilməsi və müştərinin əməliyyatları üzrə kommersiya sirrinin saxlanması öhdəliyini qəbul edir.
Müştəri isə öz növbəsində öz pullarının imkan daxilində tamamilə bankda saxlanacağı; kassa və hesablaşma əməliyyatlarını nizamlaşdıran normativ sənədlərin tələblərinə əməl edəcəyi, lazımi hesabat sənədlərinin banka vaxtlı-vaxtında təqdim edəcəyi öhdəliyini qəbul edir.
Müştərilərə hesablaşma-kassa xidməti ödənişli əsaslarla aparıldığından müqavilədə xidmətlərin dəyəri və onun ödənilmə qaydası ayrıca göstərilməlidir.
Müqavilədə habelə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi haqqında məsuliyyət də nəzərdə tutulur.
Bankın müştəriləri arasındakı hesablaşmalar banklar arasındakı hesablaşma kimi meydana çıxır. Banklararası hesablaşmalar nağdsız hesablaşmaların əsasını təşkil edir. Belə hesablaşmalar müştərilərə ayrı-ayrı banklar vasitəsilə xidmət göstərildikdə meydana çıxır. Banklar arasındakı bu hesablaşmalar korrespondent (müxbir) münasibətləri adlanır. Korrespondent hesabları vasitəsilə banklararası hesablaşmaların qeyri-mərkəzləşdirilmiş və mərkəzləşdirilmiş iki variantı mövcuddur.
Qeyri-mərkəzləşdirilmiş banklararası hesablaşmalar kommersiya banklarının bir-biri ilə korrespondent münasibətlərinə əsaslanır.
Mərkəzləşdirilmiş banklararası hesablaşmalar isə Milli Bankda açılan korrespondent hesablar vasitəsi ilə aparılır.
Respublikamızda banklararası hesablaşmaların ikinci variantından – mərkəzləşdirilmiş qaydadan istifadə edilir. Bu məqsədlə Milli Bankın nəzdində zonalar üzrə hesablaşma-kassa mərkəzləri (HKM) yaradılmışdır. Hesablaşma kassa mərkəzlərində bu mərkəzin üzvü olan banklara korrespondent hesab açılır. Bu hesabdan ödənişlər hesabda olan vəsaitlər müqabilində aparılır. Bankın müxbir hesabında vəsait olmadıqda ödənişi Milli Bank nisbətən yüksək faizlə kredit (overdraft) hesabına apara bilər. Nağdsız hesablaşmaların iqtisadi bazasını maddi istehsal təşkil edir.
İqtisadi məzmununa görə nağdsız hesablaşmalar əmtəə və qeyri-əmtəə xarakterli olurlar. Əmtəə xarakterli hesablaşmalar təsərrüfat təşkilatları arasında aparılır və nağdsız hesablaşmalar sisteminin ¾ hissəsinə qədərini təşkil edir.
Qeyri-əmtəə xarakterli hesablaşmalarda əsas yeri büdcə ilə hesablaşmalar; bank ssudaların alınması, ödənilməsi, ssudalara görə faizlər üzrə hesablaşmalar, cərimələr, əlavələr və s. təşkil edir.
Satıcıların və alıcıların hesablarının yerləşdiyi yerdən asılı olaraq hesablaşmalar şəhərlərarası (kənar şəhərli) və şəhər daxili (yerli) hesablaşmalara bölünür.
Müxtəlif yaşayış məntəqələrində yerləşən, bu səbəbdən də müxtəlif yerlərdə yerləşən bankların xidmətindən istifadə olunmaqla aparılan hesablaşmalar şəhərlərarası (kənar şəhərli) hesablaşma adlanır.
Bir yaşayış məntəqəsində yerləşən və eyni bankın və ya həmin məntəqədə yerləşən müxtəlif bankların xidmətindən istifadə etməklə aparılan hesablaşmalar şəhər daxili hesablaşma adlanır.
Nağdsız hesablaşmaların aparılma formaları seçilən zaman hesablaşma iştirakçılarının yerləşdiyi yer xüsusi əhəmiyyət kəsb edir.
3. Nağdsız hesablaşmaların formaları. Ödəmə tapşırığı ilə hesablaşma və planlı ödəmə.
Nağdsız hesablaşmaların təşkili prinsiplərinə görə hər bir müəssisə özünə uyğun, onun mənafeyinə cavab verən hesablaşma formasından istifadə edə bilər. Bu barədə heç bir kənar tərəfin o cümlədən bankların təsiri olmadan müqavilə imzalanır və tərəflər arasında hesablaşmalar ilə əlaqədar iddialar bankların iştirakı olmadan tərəflərin özləri vasitəsi ilə həll edilir.
Bütün nağdsız hesablaşmalar müvafiq sənədlər vasitəsi ilə aparılır. Həmin sənədlər dövlət standartları səviyyəsində olub əməliyyatın mahiyyətini açıqlamalıdır. Nağdsız hesablaşmaların formaları əsasən hesablaşmalarda tətbiq olunan sənədin adı ilə adlandırılır.
Nağdsız hesablaşmalar zamanı:
- ödəmə tapşırıqlarından;
- çeklərdən;
- akkreditivlərdən;
- ödəmə-tələbnamə tapşırıqlarından istifadə edilir.
Nağdsız hesablaşmalarda istifadə olunan sənədlər dövlət standartlarına cavab verməli və hesablaşma haqqında tam təsəvvür yaratmalıdır. Bunun üçün bütün sənədlər aşağıdakı əsas rekvizitlərə malik olmalıdır:
1. Hesablaşma sənədinin adı.
2. Hesablaşma sənədinin yazılma tarixi və nömrəsi.
3. Ödəyicinin adı, onun bankdakı hesab nömrəsi, onun bankının adı və kodu.
4. Satıcı təşkilatın adı, onun bankdakı hesabının nömrəsi, onun bankının adı və kodu.
5. Ödənişin təyinatı, yəni nə məqsəd daşıması.
6. Ödənişin məbləği yazı və rəqəmlə.
Bütün hesablaşma sənədinin birinci nüsxəsində bankdakı hesab üzrə məbləğlərə sərəncam vermək hüququ olan şəxslərin imzası ilə yanaşı müəssisənin möhürü olmalıdır. Vəsait ödəyicinin hesabından yalnız sənədin birinci nüsxəsi əsasında silinir.
Hüquqi şəxs tərəfindən filiallar, nümayəndəliklər, şöbələr vasitəsi ilə həyata keçirilən əməliyyatlar üzrə təqdim olunan hesablaşma sənədləri həmin hüquqi şəxsin vəkil etdiyi şəxslər tərəfindən imzalanır.
Hazırda nağdsız hesablaşmaların ən geniş yayılmış forması ödəmə tapşırıqları ilə olan hesablaşmalardır.
Ödəmə tapşırığı – bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğdə vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsilə həm şəhər daxili, həm də kənar şəhərli hesablaşmalar aparılır.
Hesablaşmalarda ödəmə tapşırığından istifadə imkanı genişdir. Belə ki, həm əmtəə əməliyyatları, həm də qeyri-əmtəə əməliyyatları üzrə olan hesablaşmalarda ödəmə tapşırığından istifadə etmək mümkündür.
Ödəmə tapşırıqları bank tərəfindən qəbul edilmiş formada xüsusi bankda texniki vəsaitdən istifadə olunmaqla 4 nüsxədə tərtib edilir:
I nüsxə ödəyici bankda vəsaitin silinməsinə əsas verən sənəd kimi qəbul edilir və həmin bankda saxlanılır.
IV nüsxə ödəmə tapşırıqlarının icra olunmağa tələb edilməsini təsdiq edən sənəd kimi ödəmə tapşırıqları verən müəssisəyə qaytarılır və qəbz rolunu oynayır.
II, III nüsxə isə satıcıya xidmət edən banka göndərilir.
Bu zaman ikinci nüsxədən vəsaitlərin satıcının hesabına daxil edilməsini təsdiq edən sənəd kimi istifadə olunur və bankın gündəlik sənədlərində saxlanılır.
III nüsxə isə satıcının hesabında əməliyyatların aparılmasını təsdiq edən sənəd kimi şəxsi hesabdan çıxarışla birlikdə satıcı təşkilata verilir. Ödəmə tapşırıqları icra üçün onun hesabındakı vəsait ödənişə tam təminat verdikdə qəbul edilir. Yəni, ödəyicinin hesabındakı vəsaitlər ödənişi tam təmin etməzsə və yaxud onun hesabında vəsait olmazsa, ödəmə tapşırıqları bank tərəfindən icra üçün qəbul edilmir. Bank ilə hesab sahibi arasında ödəmə tapşırığının icraya qəbul edilməsi haqda başqa şərt də müəyyən oluna bilər. Bu halda sənədlər icra üçün həmin şərt daxilində qəbul edilir. Məsələn, ödəyici təşkilat bankda ssuda almaq hüququna malik olarsa, ödəniş bank ssudası hesabına aparıla bilər. Yəni, sənədin təqdim olunma tarixinə, müəssisənin hesabında vəsait olmazsa, lakin müəssisə bankdan kredit almaq imkanına malik olarsa, ödəmə tapşırığı bank tərəfindən icra üçün qəbul edilə bilər.
Ödəmə tapşırıqları yazıldığı gündən üç təqvim günü müddətinə etibarlıdır (yazıldığı gün nəzərə alınmır). Yəni, üç gün ərzində müəssisə onu banka təqdim edə bilər. Ödəmə tapşırıqları ilə hesablaşma zamanı hesablaşma sənədlərinin hərəkət sxemini aşağıdakı kimi göstərmək olar:
Bu o deməkdir ki, məhsulların yola salınmasını, xidmətlərin göstərilməsini və ya işlərin görülməsini təsdiq edən sənədlər alıcı təşkilata təqdim olunur. Alıcı təşkilat təqdim olunan sənədə müvafiq məbləğə ödəmə tapşırığı tərtib edərək özünə xidmət edən bank şöbəsinə təqdim edir. Bank həmin sənədin qanuniliyinə əmin olduqdan sonra ödəmə tapşırığını müvafiq hesablarda əks olunmaq üçün özünə xidmət edən hesablaşma-kassa mərkəzinə göndərir.
Hesablaşma kassa mərkəzi qəbul etdiyi sənədlər üzrə ödəniş aparır. Ödəmə tapşırığında göstərilən məbləği ödəyici təşkilata xidmət edən bankın hesabından silərək, satıcı banka xidmət edən kassa-hesablaşma mərkəzinə köçürür, yəni aviza göndərir. Satıcıya xidmət edən kassa hesablaşma mərkəzi həmin viza əsasında satıcıya xidmət edən bankın müxbir hesabına vəsait daxil edir. Daha sonra vəsaitlər bankın müxbir hesabından silinərək, satıcının hesabına daxil edilir və satıcıya vəsaitlərin köçürülməsini təsdiq edən ödəmə tapşırığının 3-cü nüsxə ilə birlikdə şəxsi hesabdan çıxarış təqdim olunur.
Ödəmə tapşırıqlarından eyni zamanda hesablaşmaları müntəzəm xarakter daşıyan müəssisələr arasında tətbiq olunan planlı ödəniş qaydasında aparılan hesablaşmalarda da istifadə olunur. Bu zaman hesablaşmalar hər yola salınan mal üzrə deyil, müəyyən olunmuş tarixlərdə dövri olaraq vəsait köçürmək yolu ilə həyata keçirilir. Planlı ödəniş qaydasında hesablaşmalardan bir-biri ilə müntəzəm əlaqədə olan müəssisələrin hesablaşmalarında istifadə olunur. Məsələn, ticarət təşkilatları ilə ticarətə hər gün və ya günaşırı mal verən təşkilatlar arasında və ya hər gün yanacaqdan istifadə edən müəssisə ilə yanacaq verən müəssisə arasındakı planlı ödəniş qaydasında hesablaşmalar mütərəqqi hesablaşma qaydası hesab olunur. Belə ki, hesablaşmalar malın göndərilməsindən asılı olmayaraq aparılır. Belə qayda eyni zamanda hesablaşmaları sadələşdirir və qarşılıqlı debitor, kreditor borclarının yaranmasına imkan vermir. Tərəflər arasında bağlanan müqavilələr əsasında tərəflər bir-birinə mal göndərişini davam etdirir. Ödəyici təşkilat isə tərəflər arasında razılaşdırılmış müddətlərdə, eləcə də hər ayın sonuncu günü ödəniş aparır. Axırıncı gün ödəniş ilə göndərilmiş mal məbləği müqayisə edilir və borclu tərəf öz borcunu ödəməli olur. Yəni satıcı az mal göndəribsə, gələcək mal göndərişində onu nəzərə alır. Ödəyici təşkilat az ödəyibsə, ödəmə tapşırığı vasitəsi ilə həmin kəsiri ödəməli olur. Bütün ara müddətdə, yəni müəyyən olunmuş dövrlərdə satıcıların hesabına vəsaitlərin daxil edilməsi ödəmə tapşırıqları vasitəsilə keçirilir. Digər ödəmələrdən fərqli olaraq ödənişin səbəbləri göstərilən qrafada “planlı ödəniş” sözü yazılır.
4. Çeklərlə hesablaşma
Hazırki şəraitdə nağdsız hesablaşmaların bir forması da çeklər ilə hesablaşmadır. Çek ödəyicinin onun hesabından müəyyən məbləğin ödənilməsi haqqında öz bankına verdiyi yazılı sərəncamdır. Çeklərin pul və hesablaşma çekləri forması mövcuddur. Pul çeklərdən müəssisənin hesabından nəğdi pulun alınması üçün istifadə edilir. Əmək haqqına, təsərrüfat ehtiyaclarına, ezamiyyə xərclərinə, pensiya, təqaüd verilməsinə və eləcə də kənd təsərrüfatı məhsullarının satın alınması üçün banklardan nəğdi pulun alınması pul çekləri vasitəsi ilə aparılır. Hesablaşma çekləri isə nağdsız hesablaşmaların bir forması kimi tətbiq olunur və hesablaşma çeki dedikdə ödəyicinin onun hesabından müəyyən məbləğin silinib, başqa müəssisənin hesabına köçürülməsi haqqında banka verdiyi yazılı sərəncam başa düşülür. Hesablaşma çekləri ödəmə tapşırıqları kimi ödəyici təşkilat tərəfindən tərtib olunur və öz bankına ödəniş üçün təqdim olunur.
Çeklərlə hesablaşma zamanı çek verən, çek doldurulduqdan sonra çek alanla birlikdə həmin çekin benifisiar banka (hesabına müəyyən məbləğdə pul köçürən benifisiara xidmət göstərən bank) təqdim edir. Çekin məbləğinin qalığa uyğun-olub olmaması benifisiar bank tərəfindən möhürlə təsdiq edilir. Deməli çekin düzgünlüyü benifisiar bankda yoxlanılır.
Çeklər ilə hesablaşma zamanı sənəd dövriyyəsi aşağıdakı kimi həyata keçirilir. Mal material qiymətlisi alan müəssisə hesablaşma çeki yazaraq onu mal satana təqdim edir. Çekdə; ödəniş məbləği; (yazı və rəqəmlər) ödəniş alanın adı; çekin yazıldığı yer; ödənişin aparılma tarixi göstərilməlidir. Yazılmış çek, çek verənin imza və möhürü ilə rəsmiləşdirilir.
Dostları ilə paylaş: |