Tibbi fərdi mühafizə vasitələri kimi müxtəlif radioprotektorlardan, antidotlardan, bakteriya əleyhinə vasitələrdən, ağrı kəsici, yanıq və yaralar üçün müxtəlif dərmanlardan istifadə olunur. Bunlardan bəziləri Aİ-2 fərdi apteçkasında cəmləşdirilib.
Radioprotektorlar ionlaşdırıcı şüalanmanın təsirinə qarşı orqanizmin mühafizə qabiliyyətini artıran, şüa xəstəliyinin kliniki gedişatının ağırlığını azaldan dərman vəsaitləridir. Bunlara yod preparatları (kalium yodid, stabil yod), çistamin və s. aiddirlər.
Antidotlar orqanizmə daxil olmuş zəhərləyici maddələrin zərərsizləşdirilməsi üçün tətbiq olunan maddələrdir. Hal-hazırda bir çox zəhərləyici maddələrə qarşı anditotlar mövcuddur. Məsələn, fosfor-üzvi maddələrə qarşı afin, atropin, safalen, taren, sianidlərə qarşı propilnitrit, amilnitrit istifadə olunur.
Bakteriyalar əleyhinə spesifik mühafizə vasitələrinə vaksinlər, anatoksinlər, zərdablar, bakteriofoqlar, antibiotiklər aiddirlər.
Vaksinlər və anatoksinlər peyvənd vasitəsilə orqanizmə keçirilməklə orqanizmdə yoluxucu xəstəliklərə qarşı immunitet yaradan xüsusi preparatlardır. Taun, sarı qızdırma, səpmə tif, tülyaremiya, bruselloz, sibir yarası və s. xəstəliklərə qarşı tətbiq olunurlar.
Anatoksinlərimmunogen xassəsini saxlayan, zəhərli xassəsini isə itirmiş toksinlərdir. Difteriya və s. xəstəliklərə qarşı tətbiq olunurlar.
Zərdab preparatları yoluxucu xəstəliyə yoluxmanın qarşısını tez bir zamanda alan effektiv vəsaitdir. Botulin və viruslar əleyhinə tətbiq olunan zərdablar hal-hazırda ən effektiv müalicə vasitələridir.
Bakteriofaqlar bakteriyanı məhv edən viruslardır. Xolera və digər yoluxucu xəstəliklərə qarşı tətbiq olunurlar.
Antibiotiklər yoluxucu xəstəliklərin törədicilərinə, inkişafına qarşı ttbiq olunan dərman preparatlarıdır.
Tabel üzrə tibbi fərdi mühafizə vasitələrinə Aİ-2 fərdi apteçkası, fərdi sarğı paketi, İPP-8, İPP-10 kimya əleyhinə fərdi paketlər aiddirlər.
Fərdi apteçka Aİ-2 zəhərləyici və kimyəvi təhlükəli zəhərli maddələrin, ionlaşdırıcı şüalanmanın, bioloji (bakterioloji) vəsaitlərin təsirlərinin azaldılması, profilaktikası, zədələnmə zamanı ilk tibbi (özünə və qarşılıqlı) köməyin göstərilməsi üçündür. Dərman vasitələri plastmas qutuda və onlar üçün təyin olunmuş yuvalarda yerləşdirilir.
İPP-8, İPP-10 fərdi paketlər insanın dəri örtüyünün açıq hissələrinin, əleyhqazın üz hissəsinin və geyimin dəriyə toxunan yerlərinin deqazasiysı üçündür. Zarin, zoman və ipritlə zəhərlənmədə istifadə olunurlar.
İPP-8 kimyaya qarşı fərdi paket şüşə flakondan (həcmi 135 ml-dir), 4 ədəd tənzif tampondan və 1 ədəd hermetik kisədən ibarətdir. Çəkisi 320 qramdır.
Kimyaya qarşı fərdi paket İPP-10 deşicisi olan qapaqdan və metal balondan ibarətdir.
Çəkisi 240 q, həcmi 160 ml-dir.
Fərdi sarğı paketi yaraların və yanıqların sarınması üçün tətbiq olunur.