Firmadaxili planlaşdırmanın prinsipləri Planlaşdırmanın prinsipləri müəssisələrdə planlı fəaliyyətin xarakterini və məzmununu müəyyən edir. Planlaşdırmanın prinsiplərinə düzgün riayət edilməsi firmanın səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaradır.
Planlaşdırmanın beş əsas prinsipi vardır: vəhdətlik, fasiləsizlik, çeviklik, dəqiqlik və iştirak.
Vəhdətlik prinsipi planlaşdırmanın sistemli xarakter daşımasını nəzərdə tutur. “Sistem” anlayışı elementlərin məcmusunun mövcudluğu, onların arasında qarşılıqlı əlaqə, sistemin elementlərinin vahid inkişaf istiqamətinin olması, davranışın ümumi məqsədə yönəlməsi deməkdir. “Sistem” anlayışının əsas təşkiledicilərini firmadaxili planlaşdırmada əks etdirmək üçün “koordinasiya” və “inteqrasiya” kateqoriyalarından istifadə etmək olar.
Müəssisədə planlaşdırmanın elementləri ona daxil olan ayrı-ayrı bölmələrdir. Bölmələr arasında qarşılıqlı əlaqə üfüqi səviyyədə, yəni funksional bölmələr səviyyəsində koordinasiya əsasında həyata keçirilir. Plan fəaliyyətinin vahid istiqaməti, bütün elementlərin məqsədlərinin ümumiliyi bölmələrin şaquli vəhdətliyi, onların inteqrasiyası çərçivəsində mümkün olur.
Ayrı-ayrı funksional bölmələrin plan fəaliyyətinin koordinasiyası onda ifadə olunur ki,
təşkilatın heç bir hissəsinin fəaliyyətini effektiv planlaşdırmaq olmaz, əgər belə planlaşdırma həmin səviyyənin ayrı-ayrı vahidlərinin fəaliyyətinin planlaşdırılması ilə əlaqələndirilməyibsə;
bölmələrdən birinin planlarında hər cür dəyişiklik digər bölmələrin planlarında mütləq əks etdirilməlidir.
Beləliklə, qarşılıqlı əlaqə və eyni zamanda – müəssisədə planlaşdırmanın koordinasiyasının başlıca əlamətidir.
Plan fəaliyyətinin inteqrasiyası nəzərdə tutur ki, müəssisədə planlaşdırma prosesi müxtəlif cür mövcuddur, hər bir ayrıca plan firmanın ümumi strategiyası əsasında işlənib hazırlanır. Müəssisədə hazırlanan bütün planlar sadəcə sənədlərin toplusu, məcmusu deyil, onların qarşılıqlı əlaqəli sistemidir.